Biznesdə kitabların yazmadığı şeylər (I hissə)

Biznesdə kitabların yazmadığı şeylər (I hissə)

Biznes təşəbbüskarlıq deməkdir. Mənə görə bu işin rasionallıqla əlaqəsi risk və emosionallıqla olan əlaqəsindən geri qalır. Təşəbbüskar adamlar çoxlu risklər edir, çox sınayıb təbii olaraq çox da təcrübə qazanır. Bəzən bu tip riskləri alan adamlarla söhbət Sizə bir kitabdan daha artıq fayda verər. Mən bu yazımda Sizinlə indiyədək ünsiyyətdə olduğum bir çox şəxslərdən sırf müzakirə əsnasında öyrəndiyim, yadda saxladıqlarımdan danışacam.

“Yastıq dəyişdirməklə bəxt dəyişməz”

Bir tanışım bəlli bir iş üçün uzun müddət işçi axtardığını, amma hər dəfə eyni cür işçilərin onun qarşısına çıxdığını deyirdi. Deyir bir müddət sonra başa düşdüm ki, problem hər dəfə eyni çıxan işçidə deyil, məndədir. Mənim işçi axtarma kriteriyam dəyişmədiyinə görə hərlənib-fırlanıb eyni adamları tapırdım. Buradan çıxan dərs odur ki, ilk öncə kriteriyalarınızı qaydaya salın, eyni kriteriya ilə fərqli bacarıqda olan adamlar tapmaq çətin olacaq. Türklərin bu haqda gözəl sözü var: “Yastıq dəyişdirməklə, bəxt dəyişməz” Yastıq yox, düşünən baş dəyişmədikcə, bəxt də dəyişmir. Həmişə qismətinizə qeyri-peşəkar insanlarla işləmək çıxıbsa, bir az da özünüzü təhlil etmənizdə fayda var.

Hər bir insan ən az ömründə bir dəfə tüpürüb getmək cəsarətini özündə hiss etməlidir

Bəli, necə deyərlər, sözün düşəcəyi yerdə sözünü deyil, yerini dəyiş. Bir şeydən şikayətlənib və düzəldə bilməyib uzun illər “səbr etmək” ən çox səbr edənin itən həyatına yazıqdır. Bu həyat onu bir təhər yola verəcək qədər uzun deyil. Mənə görə hər bir insan qarşı tərəfə professionallığı qədər xaratkerli olmasını da hiss etdirməlidir. Sadəcə burada çox incə məqam var. Xarakter eqo ilə eyniləşdirilməməlidir. Eqo başqa şeydir və çox hallarda insana ziyan verir. Xaraktersiz insan, mövqesiz insan həyatda olduğu kimi biznesdə də gülünc obyekti olur. İş həyatım boyu belə adamları az görməmişəm. Biznes yekunda əldə etdiklərinin səni xoşbəxt etməsi üçün vasitədir. Əgər elədirsə, Sizi xoşbəxt etməyən şeylərdən uzaq durmaq ən doğru yoldur. Hər bir insanın iş həyatında, idarə etmə tərzində, üstünlük verdiyi dəyərlərdə “qırmızı xətti” olmalıdır. O xətti keçəndən sən də keçməyi bacarmalısan. Mən öz iş həyatımda bunu bir neçə dəfə etmişəm. Ən son Kontakt Home-da çox böyük istəklə və sonun nə olacağını düşünmədən etmişəm. Bugün soyuq başla düşünürəm ki, nə yaxşı ki, o addımı atmışam. Məncə, o addımı atmasaydım özümə olan hörmətim də azalardı. Həyatda ən pis şey başqalarının deyil, insanın özünün öz gözündən düşməsidir. Bugün də və inşallah gələcəkdə də bu qayda mənim üçün dəyişilməz olacaq. Ətrafımı da çalışıram belə adamlarla zəngin edim. Məsələn, o vaxt dostumuz, AİR A-sı Anar keçmiş yüksək vəzifəsindən istefa verəndə də mən onun gözlərindəki “qərarından əminliyini” çox rahat görmüşdüm. Tarix özü sonradan sübut elədi ki, nə qədər düzgün addım atıb.

Ən böyük xəta xətadan sonra gələn addımlarda olur

Azərbaycanda şirkətlərin, eləcə də bir çox menecerlərin həyatında xətalar, böhranlı vəziyyətlər olduğunu görmüşük. Amma gəlin, razılaşaq ki, bu xətadan sonra atılan addımlar bəzən xətanın özünü kölgədə qoyub. Yaponların “5 dəfə Niyə” prinsipini yadınıza salın. Onlar bir problemi həll etmək istədilərmi özlərinə o problemə aid 5 dəfə NİYƏ sualını verirlər. Yalnız 5-ci niyədə problemin əsl kökünün yatdığına inanırlar. Bugün baxıram məsələn, Türkiyədə olan hadisələrdə 3 universitet bitirmiş adamlar da “gəlin dua edək düzəlsin” deyir. Allah eşqinə, dua ilə zibilini çıxartmadığın şeyin həllinə dua ilə necə nail ola bilərsən?!

Güvən yeməyin duzu qədər olmalıdır

Ən çox qarşılaşdığımız mənzərə – Güvəndiyin adamla işləyəcəksən. Sistemin olmadığı yerlərdə adətən “güvənli adamlar”a ehtiyac olur. Bizdə bəzən bu güvən anlayışını qohum ilə də qarışdırırlar. Güvənli, yəni qohumun. Gətir qoy başına, gecə də rahat yat. Ancaq praktika göstərir ki, güvən yeməyin duzu qədər olmalıdır. O duz yeməkdən çox olduqda və ya ən az yemək qədər olanda onu yemək qeyri-mümkün olur. Yeməyin özü ancaq GÜVƏN ola bilməz, elə olarsa, profesionallıq, bacarıq, komanda işləmək və s. kimi vacib xüsusiyyətlər ikinci planda qalır. Sistemi sevməyib rəhbəri sevən adamlar ən böyük pisliyi elə rəhbərin özünə edirlər. 

Bəzən də adamı ən güclü yerindən vururlar

Bütün kitablar yazır ki, zəif nöqtələrinizi görün və qapadın. İş həyatı isə bəzən tərsinin də doğru olduğunu göstərir. Məsələn, ən güclü tərəfiniz satış, dağıtım kanalınızdırsa, Sizi oradan vururlar. Özü istehsal edib satan firmalarla müqayisədə ancaq istehsal edən və ya ancaq satan firmalar daha çox uğurlu olur. Şirkəti güclü olduğu yerlər rahatladır. Dünya praktikasında bu artıq sübut olunub. Dünya məhsul, brend satır. Sizin hektarlarla əraziniz, böyük fabrikiniz, 20 000 işçiniz son məhsul güclü olmadıqca mənasızlaşır. İstehsal edib satan şirkətlərin saytına baxaq. Fəxr etdikləri şey 3000 hektar ərazidir, nəinki oradan çıxan çox keyfiyyətli məhsul. Deyir, yumurtadan danışmaq üçün toyuq olub yumurtalamağa ehtiyac yoxdur. Hər şeyi, zəncirin A-dan Z-dək olan hər şeyi Siz etməlisiniz deyə qayda yoxdur. Varsa da belə o qayda faydalı deyil. Olmayan şey, xarab olmaz. “Asset free” haqqında oxuyurdum bu yaxınlarda. Deyir bacardıqca özünüzü lüzumsuz “asset”lərdən xilas edin. UBER-ə baxaq. Minlərlə taksi alacağına, elə bir sistem qurur ki, hər kəs qoşulur, özü də risklərdən maksimum uzaq olur. Bir də Siz düşünün hər ölkədə UBER 3000 ədəd avtomobil alır. Al sənə problem. Problemin biri bir qəpikdən. İşin içindən çıxammazsan. Əvvəlki iş yerimdə 1 saatlıq iclasın böyük hissəsinin hansısa maşının avtoyumadan sui-istifadəsinə həsr olduğunun şahidi olmuşam. Halbuki o məsələ, şirkətin məqsədinə xidmət edən bəlkə də 100-cü elementdir. Asset deyəndə qulağa xoş gəlir, mən də elə deyim 🙂 Lazım deyil, “asset” qəbirstanlığı yaratmaq. Mümkün qədər xilas olmaq və o xidməti outsource etmək ən düzgün yoldur.

Riskin bədəli işə girərkən yatırdığın pul deyil, o işdən çıxarkən ödədiyindir

Deyək ki, 100 000 manat qoyub hansısa işə girirsiniz. Müqaviləli işçilər, illik yerli və beynəlxalq müqavilələr, mal-mülk alımı və s. olur. İş anidən batır. O zaman Siz müqaviləli işçinizə təzminat verməli olursunuz, müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyinizə görə cərimələr ödəyirsiniz, işi batırmamaq üçün kredit götürmüsünüz, onlar da ziyan olur, faizlər artır və s. Bir də ayılırsınız ki, 100 minlə girdiyiniz işin içindən 200 minlə çıxa bilmirsiniz.

Yalan danışanlar tez yorulur 🙂

Çünki yalan danışan adam eyni hadisəni beynində iki fərqli formada yadda saxlamaq məcburiyyətindədir. Ona görə də tez yorulur. Soruşursan, gec cavab verir, düşünə-düşünə danışır. Demək ki, nəsə yalan danışır, yalan danışmasa belə düz demir, susur və s. Biznesdə emosional menecerlər iş təcrübələri artdıqca daha rasional olurlar. Ən azı belə olmalıdır. Olmayıbsa, deməli hələ professionallığa bir-iki addım var. Yalançının şahidi yanında olar ifadəsi çox doğrudur. Atalar hərdən düz söz də deyir 🙂 Haqlı daim sakit və rahatdır.

Ardı var.

Müəllif hüquqları qorunmur, əksinə vəhşicəsinə pozulur 🙂

Facebook Comments

Həmçinin oxuya bilərsiniz

Biznes 0 Comments

Şəkilsiz yazılar seriyası #6 -Hərəkət düşüncələrimizin davamıdır

Henri Ford deyirdi ki, “bir şeyi edə biləcəyinizi və ya edə bilməyəcəyinizi düşünürsüzsə, haqlısınız”.   İnsan həqiqətən nə düşünürsə, hərəkətləri düşüncəsinin davamı olur. “Niyyətin hara mənzilin ora” misalı. Pozitiv düşünsək,

Biznes 0 Comments

İşdə düz bilinən səhvlər

İş karyeramın 17-ci ilindəyəm. Fərqli-fərqli sahələrdə yığılan təcrübə imkan verir ki, Azərbaycan reallığına uyğun iş mühitində formalaşmış stereotiplər haqqında bir-iki kəlmə də mən deyim. İşlədiyim bütün yerlərdə xoş olan və

Biznes 0 Comments

İşdə düz bilinən səhvlər – (video animasiya və səsləndirmə ilə)

Dəyərli Business Talks komandası və başda Kamran Tağıyev olmaqla təşəkkür edirəm ki, mənim bu yazımı video animasiya halında və səsləndirmə ilə birlikdə hazırlayıblar. Aşağıda Sizə həmin videonu təqdim edirəm; Facebook

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın