BOMBA qalibləri və nominantlarının təhlili

BOMBA qalibləri və nominantlarının təhlili

İlk dəfə keçirilən “Bomba” sosial media mükafatı barəsində daha öncə yazmışdım. Bir daha qeyd edim ki, Azərbaycanda biznes, marketinq, sosial media üzrə çox faydalı, lazımlı layihələrdən biridir. Ümidvaram ki, belə mükafatlandırma mərasimləri daha çox olar, şirkətlər və menecerlər üçün də əlavə motivasiya mənbəyi olar. Tək sosial mediada deyil, digər sektorlar üzrə də bu tip “yarış”lara ciddi ehtiyac var.

Eyni zamanda yazmışdım ki, belə tədbirlərdə hamı tərəfindən qəbul edilən “obyektivlik” olmur. Burada hərənin bir fikri olur. Bu fikirlərin hər birinə qulaq vermək lazımdır. Söylənilən fikirlər də türklər demiş “yapıcı” olmalıdır, dağıdıcı yox. Ona görə də Bomba haqqında ikinci bloq yazımda mən həm mükafatlandırma mərasimi, həm də mükafat alan şirkətlər barədə fikirlərimi Sizinlə bölüşəcəm. Tədbirin təşkilatçıları arasında dostlarımız var. Onlar da çox gözəl bilirlər ki, özünü sağlam tənqid inkişafa aparır.

Təşkilatçılıq özü bir ayrı “Bomba” idi

“Bomba” mükafat mərasimi açılışı, məkan, qonaqlar və ümumiyyətlə təşkilatçılıq yüksək səviyyədə idi. Bunu çəkilən şəkillərdən və videolardan da aydın şəkildə görmək olur. Aparıcılar DJ Fateh və İlkin Həsənliyə isə ayrıca təşəkkür düşür. Tədbiri standartlardan çox uzaq, səmimi, pozitiv ruhda saxladılar. Təcrübə və professionallıq öz sözünü dedi. Sizə səmimi deyim ki, Dj Fateh Media Fm-dən çıxandan səhərlər “pomidor-yumurta”ya da qulaq asmıram (asa bilmirəm). Aparıcıların həm özlərinin yumorları və mətnləri çox gözəl idi. Ümumiyyətlə çox qısa müddətdə hazırlıq başlandı, çox az komanda işlədi, amma təşkilatçılıqla bağlı nəticəni 5 ballıq şkala ilə götürsək yağlı 4 vermək olardı.

Qalibləri, iştirakçıları təhlil etsək…

17 nominasiya üzrə iştirakçılar var idi. Qısa-qısa təhlil edək. Əvvəlcə onu deyim ki, mükafatlandırma mərasimi ilk dəfə olduğundan mən olsam, bir qurumu / şəxsi bir nominasiyada istifadə edərdim. Çünki alternativlər o qədər də qıt deyildi. 

1. Sosial mediada ilin ən aktiv dövlət qurumu nominasiyasında ASAN Xidmət, Müdafiə Nazirliyi, Olimpiya Komitəsi var idi. Qalib Müdafiə Nazirliyi oldu. Bu arada qalibi elan etmək şərəfi mənə aid oldu. 2016-cı ildə aprel hadisələrində bir gündə MN fb səhifəsi 80 minə yaxın fan yığdı. Amma o gündən sonra ancaq rəsmi press-relizləri fb-də paylaşmaqla aktivlik etdilər. Sosial media səhifələrinə, istifadəçilərinə yönəlik şəkillər, məlumatların adaptasiyası edilmədi. Çox müsbət hal kimi xəbər saytları da artıq rəsmi facebook səhifəsinə istinad etməyə başladılar. Olimpiya komitəsi isə sosial mediada daha aktiv və sosial mediaya yönəlik işlər görürdü.

Mənə görə qalib ardıcıllığı – 1. Olimpiya Komitəsi 2. Asan Xidmət 3. Müdafiə Nazirliyi

2. İlin Youtube videosu nominasiyasında Oğlan Evi, Axırıncı Yol, Xoxan filmi və Səmra və Miri Yusif / Röya-nın mahnısı var idi. Mən münsiflərin yerinə olsaydım filmləri ilin youtube videosu nominasiyasında qoymazdım. Ümumiyyətlə bu nominasiyanın adı bir az ÇİY qalır. İlin youtube videosu – nəyə görə? baxış sayına? Ən çox danışılmasına / dinlənilməsinə ya nəyə görə? Filmlər orada ümumiyyətlə olmamalıydı. Hətta qalib Oğlan Evi – nin rejissoru da çıxışında bu məsələyə münasibətini bildirdi. Ümid edirəm növbəti dəfə bu nominasiyanın kriteriyalarına daha da aydınlıq gətiriləcək. O ki, qaldı Oğlan EVİ filminə – 2016-cı ildə mənim ən bəyəndiyim komediya filmi olub. Amma bu youtube-da qısa müddətdə 1 milyon baxışı başqa film keçib. Kinoları növbəti Bomba-da ayrı kateqoriyada birləşdirsələr, yaxşı olar.

3. İlin video bloggeri nominasiyasında Səma Abiyeva, Fərhad Aşurbəyli, Tural Yusifov, Taleh Yüzbəyov, Aysel Hüseynova var idi. Taleh Yüzbəyov qalib oldu. Mənə görə layiqli qələbə idi. Taleh Yüzbəyovun videoları bəsit yumor olmamaqla yanaşı, həm də çox paylaşılır. Üstəlik ən vacib olan xüsusiyyət – davamlılıq da Taleh bəydə var.

4. İlin mem sahibi nominatları Ceyhun Muradov, Asim İbrahimli, Əhməd kimi ol, Offside səhifəsi idi. Nominantlar arasında Offside-in Nene Bolasie memi həqiqətən layiq idi. 16000-dən də çox like gəlib bu memə. Əhməd kimi ol səhifəsini isə səhifə olaraq daxil etməzdim. Konkret hansısa mem olaraq daxil edərdim. Burada da bir az boşluq buraxılmışdı, məncə.

5. İlin tweeti nominasiyasında Narın Azərcell təbriki layiq idi. Bu həm də çox gözəl ənənənin başlanğıcı idi. Rəqiblər bir-birini təbrik edirdi. Əgər ənənə baxımından yanaşmasam o zaman mənim favoritim İlham Əkbərlinin tviti olardı.

6. İlin twitter istifadəçisi nominasiyasında Emin Əfəndi qalib oldu. Amma mənə görə bu sahədə Rəsul Zaidovdan aktiv və parallel kreativ yazan yox idi. Rəsul Zaidova şəriksiz birincilik verərdim. Yəqin münsiflərin bir çoxu o qədər də xəbərdar deyildilər tvitlərdən.

7. İlin bloggeri nominasiyasında Ramin Musayev, Həmid Həmidov, Vyaçeslav Sapunov, Azər Qərib, Aynur Güzel, İblondee var idi. Qalib Azər Qərib oldu. Prinsipcə nominantlar arasında razılaşmaq olar. Amma istər ilin video bloggeri, istər ilin bloggeri nominasiyalarında bir az kriteriya dəqiqləşdirməsi olsa yaxşı olardı. Daha çox eyni kateqoriya, istiqamət üzrə fəaliyyət göstərən namizədlər olsa, seçim daha obyektiv olardı.

8. İlin Facebook istifadəçisi nominasiyasında Səfa Mehdi, Azər Qərib, Rəvan Bəşirov, Davud Məmmədov var idi. Azər Qərib bu nominasiyada məncə, olmamalı idi heç. Azər bəy travel bloqerdir. Davud Məmmədov qalib oldu. Mənə görə də layiqli qələbə idi. Yenə də deyirəm bir adamı 2 nominasiyada mümkün qədər verməmək lazımdır.

9. İlin korporativ instagram səhifəsində Çələbi, İdeal, Nar, AFFA var idi. Çələbi və Affa-da qeyri-adi bir şey görmədim.  Qalib Çələbi oldu bu arada. Fan və engagement əsas kriteriya götürülürdüsə, o zaman qalib İdeal olmalı idi. Kreativliyi də qatsaq, Nar ola bilərdi.

10. İlin instagram şəkli nominasiyasında Orxan Aslanovun 2 fotosu, Orxan Rəhmanlı, Kəmalə Piriyeva, Rüstəm Məhərrəmovun fotoları vardı. Orxan Aslanovun şəkli qalib olmağa layiq idi, oldu da. Amma Orxanın 2 fotosunun nominantlar arasına düşməsi düz deyildi. Burada bir az aydın olmadı ki, hansı xüsusiyyətinə görə foto seçilir. Bomba ilə bağlı yadıma düşmüşkən deyim ki, aşağıda 3 tövsiyyəm də olacaq.

11. İlin instagram istifadəçisi nominasiyasında çox adam vardı. Hüseyn qalib oldu. Həqiqətən də Hüseyn instagram istifadəçisi olaraq çox aktivdir. Hüseynin həm də ilin video bloggeri olaraq nominant olması əslində düz deyildi. Bu nominasiyada isə yerində idi. Təbrik edirəm.

12. Sosial mediada ən aktiv idmançı nominasiyası ilə bağlı fikrim yoxdur. Çünki idmançıların elə də fərqli kontentlər paylaşdığına çox rastlamamışam. Ola da bilər ki, aktiv izləmirəm ondandır. Rafael seçilibsə, seçimə hörmətlə yanaşıb qalibi təbrik edirəm.

13. İlin facebook səhifəsi nominasiyasında mənim şəriksiz favoritim Bi Kısmat Çörəh səhifəsi idi. Heyf ki, qalib ola bilmədi. İki Başlı -nın səhifəsini izləmədiyimdən bir fikrim yoxdur. İstənilən halda qalibi təbrik edirəm. Amma hamınıza Bi Kısmat Çörəh-i oxumağı təklif edirəm, mən özüm də Xətainin təklifi ilə oxumuşam.

14. İlin korporativ facebook səhifəsi nominasiyasında isə 3 operatorun yan-yana olması mənə görə qəti düzgün deyildi. 2016-cı ildə Bakcell və Azercell çox zəif olub. ASAN Xidməti bir neçə nominasiyada istifadə etməzdim. AFFA, Kristal Abşeron və Azal-ı tam tuta bilmədim niyə buradadırlar. Mənim favoritim Nar və Kreki səhifələri idi.

15. Sosial Mediada ən aktiv ictimai fiqur nominasiyası çox maraqlı idi. İctimai fiqur sözü deyəndə münsiflər bilmirən nəyə görə seçim ediblər, amma ictimai həm də ictimai maraqlar üçün aktiv fəaliyyət göstərən biridir. Nominantlar arasında buna ən yaxın Tural Yusifov idi ki, o da qalib oldu. Ümumiyyətlə bu nominasiyanın seçim kriteriyası açıqlanmalıdır ki, sonra “xırmanda yabalaşma” olmasın.

16. Sosial mediada ən aktiv musiqiçi nominasiyasında Faiq Ağayev qalib oldu. Müğənniləri o qədər izləmədiyimdən bir fikrim yoxdur. Amma ara-sıra Faiq Ağayevin postları da qabağıma çıxır.

Sonda Bomba Akademiyasının təşkilatı komandasına acizanə tövsiyyəmi də bildirmək istərdim:

1. Gələcəkdə nominasiyalar üzrə qaliblərin seçim kriteriyaları verilsə, yaxşı olardı. Öncədən nəyə əsasən qalib seçiləcəyi bilinsə, fikir ayrılıqları bir xeyli azalar. Düzdür, 100% razı salmaq heç vaxt alınmayacaq, amma kriteriyalar da aydın olmalıdır.

2. İlk dəfə olduğu üçün bir az əyləncə qatılması normaldır. Amma istərdim ki, gələcəkdə Bomba mükafatı daha çox biznes mükafatı kimi tanınsın, mövqelənsin.

3. Nominantların ancaq google form-dakı nəticələrlə seçilməsi dəyişə bilər. Münsiflər də əlavələr etməlidir. İctimai rəy təbii olaraq nəzərə alınmalıdır. Vaxt azlığından insanların çoxu məsələn o formanı necə doldurmağı, haradan doldurmağı bilmirdi.

P.S.

Bax belə. 2017-ci il çox aktiv başlayıb. Bir yandan iqtisadi böhran, amma digər yandan da insanlarımızın intellektual ağırlıqlı aktivliyi artıb. Sonda intellekt qalib gələcək. Bu yolda əmin olun ki, yenicə bitmiş SatForum2017-nin də, elə Bomba-nın da özünəməxsus rolu var. Bütün bu tip aktivlikləri alqışlayır, zəhmət çəkən hər kəsə təşəkkürümü bildirirəm.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Bomba haqqında ikinci bloq yazımda mən həm mükafatlandırma mərasimi, həm də mükafat alan şirkətlər barədə fikirlərimi Sizinlə bölüşəcəm.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

Marketing AİR 12 başladı

Bəli, 12. Artınq neçənci dəfədir Marketing AİR haqqında yazdığımı unutmuşam. İlk dəfəsi yəqin ki, 6 il öncə, 2012 oktyabr ayında olub. Ən romantiki isə budur – 3 qaranın sirri 🙂

Tədbirlər 0 Comments

Marketerlərin Novruz görüşü baş tutdu

Bununla artıq 3-cü ildir ki, daha doğrusu Marketinq Azərbaycan qrupu yaranandan bu tərəfə hər il Novruz bayramında marketerlərin əyləncəli görüşünü edirik. İlk dəfə Dalida restoranında, sonra Şəki restoranı, son dəfə

Tədbirlər 0 Comments

MMMF2014-də bilməli və əməl etməli olduğumuz 14 fakt

Bu gün çox gözəl gündür. 28 may – Azərbaycanda Respublika Günüdür. Bu münasibətlə hər kəsi təbrik edirəm və tariximizlə qürur duyduğumu bildirmək istəyirəm. Keçək mövzuya. Artıq sabah, yəni 29 may

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın