“Çıxılmaz vəziyyətdən çıxış yolu girişdədir”

“Çıxılmaz vəziyyətdən çıxış yolu girişdədir”

İctimai tv-də Yasamal hadisəsinin səbəb və nəticələrinə dair 1 saatlıq verilişi diqqətlə izlədim. Sonda Erkin Qədirlinin”çıxılmaz vəziyyətdə çıxış yolu girişdədir” fikri çox xoşuma gəldi. Bilmirəm öz sözüdür ya yox, amma çox yerində deyilmiş ifadədir. Son zaman baş verənləri olduğu kimi çox qəşəng izah edir. O fikirdən ilhamlanaraq istədim bu mövzuya mən də münasibət bildirim.

Fırından çıxan çörəyin xəmirini özümüz yoğurmuşuq. Niyə və nəyə təəccüblənirsiniz?!

Bu virus tibbi cəhətdən necə ki, müxtəlif xəstəliyi olan adamlarda özünü ağır göstərir, mövcud xəstəliyi daha da şiddətləndirirsə, sosial-ictimai cəhətdən də eyni effekti verir. Yəni sosial-ictimai problemləri də çılpaqlığı ilə üzə çıxarır.

Bir az açıqlama verim. Camaatın içində yığılıb qalmış, qalaqlanmış etiraz var. Lakin ümumi etirazların böyük əksəriyyəti siyasi yox, sosial problemlərdən doğan etirazlardır. Sosial-iqtisadi problemləri dilə gətirənləri isə bir yol tapıb “müxalifətçi” çıxarırlar deyə çox adam ümumiyyətlə susur. Gündəlik həyatımızda haqsızlıq, məmur özbaşınalığı, bürokratiya, biveclik ilə bağlı özümüz, yaxınlarımız, dost-tanışlarımızın şahid olduğu neçə-neçə hadisələrin heç birini “uca səslə” demək üçün meydan yoxdur. Üstəlik problemin “güclünün” xeyrinə həll olması qısa fasilələrlə cücərən ümidləri tamamilə məhv edir. Cəmiyyəti silkələyən neqativ hadisələrin olması nə qədər pisdirsə, onların cəzasız qalması, “yüngül cəzalanması” da bir o qədər pisdir. Uzun sözün qısası, son 1-2 ildə baş verən hadisələr fonunda insanların inamında ciddi sarsılma var. Bu inamsızlığı da ən kiçik sosial-mədəni etirazdan belə “dağ düzəldən”, “xarici qara qüvvə” çıxardan, “müxalifətçi” damğası vurmaqla öz səriştəsizliyini ört-basdır etməyə çalışan bəzi məmurlar yaradıb. Odur ki, insanları qınamayın, xalq gördüyünə inanır. Nə göstərilibsə, dinməz, söyləməz oturub izləyib, öz aləmində təhlil edib hansısa qənaətə gəlib, amma bunu heç kimlə bölüşməyib. Və ya bölüşməkdən qorxub, içində saxlayıb.

Yasamal hadisəsi fonunda kütlənin reaksiyası da məhz həmin hadisənin özünə deyil. Səbəbləri daha dərindədir. Başqa-başqa hadisələrdən qalaqlanmış etirazlar hardansa özünə bir yol tapan kimi çölə vurur. Bu arada onu da mütləq qeyd edim ki, polisin başına zibil atmağı kəksin şəkildə pisləyirəm. Səbəb nə olur-olsun, bu çox qeyri-etik addımdır. Orada baş verənlər də anlıq emosional qoşulma nəticəsində baş verib. Məncə, politoloqlar, sosioloqlar əsl həqiqəti üzə çıxarmaq istəyirlərsə, hadisənin mahiyyətinə enməlidirlər. Halbuki onun baş vermə formasını günlərdir şərh edib özlərini yorurlar.

Xalqa qarşı danlaq, “öyüd-nəsihət” tonunu yığışdırmaq lazımdır

Məmur xalqa xidmət etməlidir, heç bir halda ondan üstün deyil, onun qazandığı hər şey xalqın sayəsindədir. Aldığı əmək haqqı belə xalqın ödədiyi vergilərdən yaranıb. Amma gördüyümüz nədir?! Bir balaca əlinə imkan düşən fürsətdən istifadə edib mənimsəyir, qanunu pozur, korrupsiyaya yol verir. Nəticədə həmin adamın özü bilərək və ya bilməyərək narazı kütlənin sayının həndəsi silsilə ilə artmasına “şərait yaradır”. Məsələn, gün ərzində yolda yol hərəkət qaydalarına riayət etməyən AA seriyalı maşınlara çoxumuz şahid olmuşuq. Hamının gözünün önündə qaydanı pozur, nə bilim qırmızıdan keçir, qoşa xətti tapdalayır, əks yola çıxıb üstünə gəlir, hələ bir səni borclu da çıxarır və s. Belə hallara təkcə dövlət maşınlarında deyil, məmurlara, onların ailə üzvlərinə aid avtomobillərdə də rast gəlmək olar. Təbii ki, bunları hamıya şamil etmək olmaz, aralarında vicdanla xidmət edənləri də az deyil. Qısası, bütün bunlar camaatın gözü qarşısında gündəlik baş verir. İndi durub necə xalqı inandırmaq olar ki, məmurlarımız qanunları pozmur, xalqa da hörmətləri sonsuzdur. Yaxşı ki, indi ASAN Xidmət var. Ona qədər isə dövlət idarələrində ən kiçik laborant belə vətəndaşla əmr tonunda danışır, lüzumsuz yerə saatlarla gözlədir, get-gələ salırdılar. Məktəbdə pul yığ, dövlət xəstəxanalarında hər şeyə pul ver, sonra da çıx de ki, təhsildə və səhiyyədə rüşvət yoxdur, hər şey ödənişsizdir və s. Çox şey lazım deyil, hər rayon üzrə 5-6 adam ayırasan, buraxasan çayxanaların, nə bilim çay evlərinin, restoranların, ictimai yerlərin canına. İşləri ancaq camaat arasında danışılanlara qulaq asmaq ola. Bir həftə bəs edər ki, nəyin necə olduğu tam aydın olsun. 10 deyiləndən, danışılandan ən az 8-i düz çıxacaq. Özü də konkret adı, ünvanı ilə.

Deyilənlə edilənlər bir-birindən o qədər aralı qalır ki, insanlarda inam itir. Belə olanda nə baş verir? Xalq deyilənin tərsini etməyə meylli olur. Deyirsən, otur evdə çıxır çölə, maska tax deyirsən taxmır, şəhərdən kənara çıxmaq olmaz deyirsən, amma yenə də çıxır. Dərd orasıdır ki, durub desələr ki, “vse, ay camaat virus şükür Allaha ki, bitdi, bu bəladan xilas olduq” – onda da inanmayacaqlar. Deyəcəklər yox e, var, amma özləri gizlədirlər. Çünki o qədər aldanıblar ki, indi də hər daşın altından nəsə çıxartmağa çalışırlar. Yəni bu milləti qınamayın, bəylər. Bugün baxıram camaata “evdə qal” deyən ÜST rəsmisi özü Qubada dincəlir. Restoranlar işləməməlidir deyirlər, amma hansısa məmurun restoranında axşam vaxtı çal-çağır olur. Bu halda necə inam yaransın. Təbii olaraq inanmırlar ki, onların xeyrinə nəsə addım atıla bilər. Məsələn, fikirləşir ki, əgər kütləvi yığışmaq təhlükəlidirsə, onda filan icra başısının yaxını niyə özünə ad günü edir, o öz balasını məndən az istəmir ki! Deməli, virus zad yoxdur.

Başqa bir misal. Baxırsan ki, operativ qərargah rəsmisi çıxış edir. Çıxışın özü belə insanlarda qıcıq yaradır. Elə tonda, elə üz ifadəsi ilə danışır ki, adama elə gəlir ki, bu virusu camaat atışıb hardansa gətirib, bunlar da işlərini-güclərini atıb bizi xilas edirlər. Xilas etməməlidirlər sanki, amma edirlər. Minnət tonu açıq-aydın sezilir. Azdan-çoxdan 2-3 kitab oxumuş adam kimi deyirəm ki, o ifadə, o səs tonu, danışıq tərzi düz deyil.

Sosial mediada yayılan fikirlərin tam həqiqəti əks etdirməməsi haqqında da İTV-dəki verilişdə verilişdə danışıldı. Ümumən də tez-tez bu fikir ifadə edilir. Yaxşı deyək ki, sosial mediada səhv danışırlar, şayiə yayırlar. Hanı bəs ənənəvi media? Verilişdə də səsləndi, qonaqlar da demək olar təsdiqlədilər ki, ənənəvi media ölüb ağlıyanı yoxdur. Görün nə vəziyyətdir ki, qonaqlar ictimai tv-yə təşəkkür edirlər ki, sağ olun bizi yəni fərqli düşüncədə olanları dəvət edib belə həssas mövzunu müzakirə etməyə şərait yaradırsız. İnsanlar gündəlik baş verənləri televiziyalarda görməyəndə, həmin məcradan yavaş-yavaş uzaqlaşır. İllərdir həm televiziyalar, həm mətbuat xalq üçün yadlaşıb. Bunu qəbul etmək lazımdır. Bunu deyən hamı da müxalifətçi deyil, düşmən deyil. Mən məsələn, sadə bir vətəndaş kimi heç bir siyasi iddiası, siyasi məqsədi olmayan bir adam kimi bunları görürəm, dilə gətirirəm. Sevindirici haldır ki, bu yanaşma, yəni islahatların vacibliyi, xalq-dövlət yaxınlaşmasının zəruriliyi artıq hökümət rəsmiləri tərəfindən də dilə gətirilir. Xalq və məmurlar arasında emosional məsafə o qədər açılıb ki, indi deyəndə ki, sosial məsafə saxla onun tərsini edirlər.

Həmin o bir saatlıq verilişdə damğa söz elə “çıxılmaz vəziyyətdən çıxış yolu girişdədir” ifadəsi oldu. Girişi düz girməmişik, səhv girdiyimiz yola və yolda gördüklərimizə söyürük. Nə yolda, nə yoldakılarda problem var, problem girişdədir.

Girişdəki problemlər də nədir, niyə belə olub ona da öz baxış bucağımdan çalışdım ki, izah verim.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 410 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Fırından çıxan çörəyin xəmirini özümüz yoğurmuşuq. Niyə və nəyə təəccüblənirsiniz?!

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Sonanın uşaqları

Belə bənzətmələr haqqında çox eşitmisiniz. Hətta buna bənzər hadisələrlə uşaqlığınızdan tutmuş evlənənədək qarşılaşmısınız. Bir çoxları elə indi də qarşılaşır. Yəni, onları həmişə ˝Sonanın uşaqları˝ilə müqayisə ediblər, qorxudublar. Biri var yaxşı bilib

Sərbəst 0 Comments

Komikadze tələbələr

Əziz dostlar, ötən bloq yazılarımın birində, daha doğrusu ˝Heç mənə lazım da deyil˝ adlı bloqumda yazmışdım ki, artıq 2016-cı ildən ali məktəblərdə tədrisi dayandırıram. Daha doğrusu hələ bir müddətlik bu

Sərbəst 0 Comments

Məsuliyyətsiz anonim kütlə

Bugünlərdə Ali-Nino və Unibank keysi gündəm idi. Hamı yazırdı. Ən çox da yaza bilməyənlər yazırdı. Facebookda dost sayının çox olması da bir iş deyil. Onsuz da gün ərzində xəbər lentini

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın