Facemark-ın 1 yaşı oldu

“Qaraqutu”dan “Face of Marketing”ə çevrilən 1 illik yol

21 oktyabr sevilən, oxunan marketinq portalı olan Facemarkın yaranmasının 1 ili tamam olur. Düz 1 il öncə, 21 oktyabr 2011-ci ildə Facemark saytı rəsmi fəaliyyətə başladığını elan etdi. Rəsmi səhifəsinin açılması ilə yanaşı eyni zamanda saytın facebook səhifəsi də açıldı. Bu günkü tarix 21 oktyabr 2012 və demək ki, tarixin bu ana 1 illik Facemark adlı vərəqi var. Nədən başlayım yazmağa tam bilmirəm. Çox sevincli, qürurluyam, amma bir o qədər də məsuliyyətin verdiyi yükün altında hiss edirəm özümü. Sayt haqqında ilk fikirlərin beyində dolaşdığı ərəfələrdə yaxın dostum Anara demişdim ki, vaxt gələcək indi sənə dediklərimi bir tarix kimi hardasa ya mən yazacam, ya da kimsə yazacaq. Göründüyü kimi özüm yazası oldum)). İndi sadəcə içimdən bu bir ildə nələr oldu onu paylaşmaq gəlir.

İdeya necə yarandı?

Öncə yazdığım bir yazıdadediyim kimi marketinqə ani keçid etmişdim və o gündən də onun xəstəsi olmuşdum. Təbii ki, o vaxtlar marketinqlə bağlı böyük boşluq var idi. Universitet dönəmində və hərbi xidmətdən sonrakı dönəmdə bu boşluğu fərqli-fərqli yollar və mənbələrdən istifadə etməklə doldurmağa çalışırdıq. Lakin bir müddət gəldi ki, istər marketinqə aid mənbələrdə, istərsə də bu bu işlə məşğul olanlar arasında meydan boşluğu olduğunu hiss etdim və dediyim kimi sadəcə bir gecədə “mən marketinq portalı yaradacam və onu ölkənin daxilində və kənarında ən oxunan marketinq saytına çevirəcəm” dedim öz-özümə. Həyatda özümü ideyaları uğruna çox prinsipial biri kimi tanıyıram və nə olur-olsun istədiyimi almağı, qopartmağı, əldə etməyi sevirəm, proses özü mənə zövq verir, çünki daha çox proses adamı hesab edirəm özümü. 2011-ci ilin mart ayından yaxın ətrafımla müzakirələrə başladım və nəhayət bu işi dostum Anarla sözdən kağıza, konkret işə keçirmək qərarına gəldik. Tofiq Bəhramov adına stadionun yanındakı sakit bir çayxanaya əlimizdə qələm və 3-4 A4 vərəqləri ilə yollandıq. Yazının ən sonundakı şəkillər o tip görüşlərdən birində saytın ideyasının beyində cızılmasının müzakirəsindən olan görüntülərdir. Bu gün onların hər birini sadəcə arxiv üçün saxlayıram. Kağızlardan gördüyünüz kimi may ayında konkret saytın sxemini hazırlamışdım. Ən çox bölmə adları və digər adlarda daha çox mili, daha çox yaradıcı adlardan istifadə etmək istəyirdim, bunun üçün də xeyli düşünməli olurdum. Nəhayət bir neçə görüş, müzakirə və qırğınlardan sonra sxemi hazır etdik. Maraqlı orasıdır ki, sayta xəbəri necə yığacağıq, necə bir mövqeləndirmə edəcəyik, iş prinsipi necə olacaq qətiyyən düşünmürdüm. Sadəcə tez bir müddətdə pul tapıb saytı hazır etmək istəyirdik.

Qaraqutu necə Facemark oldu?

Aşağıdakı şəkillərdən də gördüyünüz kimi saytın adını ilk öncə “Qaraqutu” olaraq düşünmüşdüm. Bunun da maraqlı bir tarixi var. Universitetdə ən sevdiyim marketinq müəllimlərimdən biri həmişə deyərdi ki, marketinqi daha yaxşı bilmək üçün müştərinin bütün qərarlarına təsir edən beynindəki qaraqutunun içində nələr gizləndiyini bilmək lazımdır. Və bu söz yadımda qalmışdı. Bütün dostlarım bu adın neqativ təəssürat yarada biləcəyini desələr də israr edirdim. Hətta domeyni belə almışdım, o ad üzərinə logo belə hazırlatdırmışdım. Şəkildə o loqonu da görə bilərsiniz. Facemark isə saytın içində sadəcə bir bölmə adı idi. Bu bölmənin də təyinatı şirkətlərin marketinq şöbələrində çalışanların bütün məlumatlarının olduğu bir yer idi. Bir növ ancaq marketinqdə çalışanların “facebook”u kimi. Adını Face of Marketinq sözünün qısaltması olan Facemark qoymuşdum. Bu ad üstündə bir xeyli düşünməyim heç yadımdan çıxmır. Sonradan bu bölməni yaratmağın çətin olması və bundan da başqa dostlarımın da təsiri ilə Qaraqutu deyil, saytda bölmələrindən biri olan Facemarkın ana ad olmasına qərar verdik. Bu arada deyim kimi Qaraqutu adından imtina etməmdə fikrinə həmişə hörmətlə yanaşdığım Orxan Cuvarlının da rolu oldu. Qaraqutu üçün maraqlı sloqan da vermişdi, Orxan – Qaraqutu Marketinqdən Yazır.   Sonunda Facemark sözünün üstündə durduq, sloqanımız isə Face of Marketing oldu. İşdən sonra bütün günü ancaq bu haqda fikirləşirdim, çox iddialı və israrlı idim hər şeyin ən yüksək səviyyədə olması üçün.

Necə deyərlər ən qısa müddətdə Face of Marketing olmaq istəyirdik. Qısa vaxt ərzində logo, saytın ana və bölmə dizaynları hazır oldu, proqram təminatı yazıldı, testlər edildi. Bu iş məni həm dizayner, həm veb proqramçı, həm kopirayter etmişdi az qala. May ayında başlayan aktiv işlər iyulun sonunda bitdi və avqust ayını tamamilə texniki hissənin hazırlanmasına sərf edəcəkdik. Test edə-edə, bir az da texniki səbəblərdən gecikə-gecikə gəlib oktyabr ayını haqladıq.

İlk iş təkcə Facemark üçün yox, Azərbaycan üçün ilk oldu

İş müddətində tez-tez rastlaşdığım bir məsələ vardı. Bir də görürdün jurnal çıxmamış onun prays listini gətirib gəlirdilər ki, reklam ver. Bu məni çox əsəbiləşdirirdi. Düşünürdüm ki, necə olacağını bilmədiyim, görmədiyim bir şeyə niyə reklam verim ki, niyə oxuyum ki. Saytı açma ərəfəsində də ən çox bu haqda düşünürdüm. Nə edim ki, saytın açılışı hansısa önəmli bir aktivliklə başlasın. Qismətdənmi, xoşbəxtlikdənmi o ərəfədə Kainat hazırlıq mərkəzinin rəhbəri, həm də keçmiş müəllimim olan İlqar müəllimlə görüşdüm və görüşdə Azərbaycanda ilk dəfə məntiq olimpiadası keçirmək qərarına gəldik. Olimpiadanın marektinq dəstəyini Facemark olaraq biz göstərəcəkdik. Qısa müddətdə sayta lazımı əlavələri edib bu işi tam hazır vəziyyətə gətirdik. Və beləcə Facemarkın ilk marketinq aktivliyi həm də Azərbaycanda ilk olan məntiq olimpiadasının keçirilməsi ilə başladı. 5000-ə yaxın insan Facemark vasitəsilə olimpiada üçün qeydiyyatdan keçmişdi.

Sayt isə yavaş-yavaş inkişaf edirdi. İşdən sonra demək olar ki, səhərə kimi yazılar tərcümə edir, şirkətlərə müraciətlər edirdik ki, saytda lazımlı informasiyalar yerləşdirə bilək. Bu haqda çox uzun yazmaq istəmirəm, sadəcə əməyi keçən hər kəsə sonsuz təşəkkürlərimi bildirmək istəyirəm. Çox uzun danışmayıb sadəcə aşağıda Sizə Facemark olaraq gördüyümüz bəzi işləri sadalamaq istəyirəm. Bütün bunlar 1 il ərzində gərgin əməyin nəticəsi olaraq ortaya çıxmışdı.

1 ildə 12 beynəlxalq reklam festivalının Azərbaycan üzrə partnyoru, 4 böyük yerli marketinq aktivliyinin isə təşkilatçısı olduq.

Yuxarıda yazdığım kimi ilk olaraq Azərbaycanda ilk dəfə məntiq olimpiadasına marketinq və təşkilati dəstək göstərdik.

Daha sonra 1 il öncə dostum Anarla bir yerdə iştirak etdiyim Brandmarkerbeynəlxalq marketinq konfransının Azərbaycan nümayəndəliyini aldıq. Azərbaycandan 35 nəfər İstanbulda 1 həftə ərzində keçirilən konfransda Facemark vasitəsilə iştirak etdi. Bu Facemarkın ilk xarici partnyorluğu idi. Adımız partnyor olaraq dünya divi marketinq portalları ilə yanaşı yazılırdı artıq.
Bundan əlavə Praqa Beynəlxalq Reklam Festivalı (PİAF), Fransada keçirilən Cannes Lions Reklam Festivalı, Kreaktiv yarışması, Latviyada keçirilən Golden Hammer reklam festivalı, Kiyevdə keçirilən Kiyev Beynəlxalq Reklam Festivalı (KİAF), Londonda keçirilən London Beynəlxalq Mükafatı (LİA), Moskvada keçirilən Red Apple Moskva Beynəlxalq Marketinq və Reklam Festivalının partnyoru olduq, keçirilən beynəlxalq konfransların böyük əksəriyyətində Azərbaycandan nümayəndə kimi iştirak etdik, dünyada baş verən önəmli marketinq xəbərlərini Azərbaycan oxucuları ilə bölüşdük.

Xüsusi qeyd etmək istədiyim daha bir məqam isə dünyada futbol marketinqinə aid yeganə qurum – “SoccerEx”lə bağlıdır. Uzun danışıqlardan sonra bu qurumun da Azərbaycan nümayəndəsi ola bildik və SoccerEx-in bütün beynəlxalq tədbirlərinə Facemark olaraq dəvət aldıq. Eyni zamanda bildirim ki, Siz yuxarıda sadaladığım festivalların saytlarında Facemarkın partnyor kimi qeyd edildiyini də görə bilərsiniz.

Yerli marketinq aktivliklərindən isə Kreaktiv və İdeal Məntiq olimpiadasından sonra Facemarkın facebook səhifəsində yenə ilk dəfə marketinq suallarının da əhatə olunduğu Biləndəradlı yarışma düzənlədik. 1 ay ərzində minlərlə facebook istifadəçisi maraqlı oyunda iştirak etdi, qaliblər dəyərli hədiyyələr qazandılar. İlklərə imza atmağı çox sevən Facemark növbəti dəfə isə Azərbaycanda yenə ilk olan praktiki marketinq təlimləri Marketing AİR üçün meydan oldu. Bu təlimlərin də təşkilati və marketinq dəstəyi məhz Facemark oldu.

Daha 3 beynəlxalq reklam festivalının Azərbaycanda yeganə rəsmi təmsilçisi olmaq istiqamətində isə danışıqlar gedir. Tam həll olunmadığı üçün adlarını açıqlamıram, amma marketinqi sevən hər kəs üçün maraqlı olacağına əminəm.

Bu arada xatırladım ki, saytımızın facebook səhifəsi də bu 1 ildə az yol qət etmədi. Hazırda marketinqə aid Azərbaycanın ən böyük facebook səhifəsinin 35000-dən çox fanı var. Hər gün yüzlərlə insan səhifədə fərqli formada aktivliklərin şahidi olub müzakirələrdə iştirak edir.

1 il 1 cümlə ilə

Facemark 1 il öncə Azərbaycanda marketinqin inkişafı adına fəaliyyətə başlayıb bu gündə o missiyanı sevə-sevə, böyük sevinc və qürur hissi ilə çiynində daşımağa hazır olan, ətrafındakılardan fərqli olaraq hər kəsə açıq olan, hər kəsə faydalı ola biləcək məlumatlarla bu işi sevənlərə öyrətmək deyil, paylaşmağı əsas prinsip qəbul edən, gördüyü işin doğruluğuna əmin olan, bu yolda qətiyyətlə addımlayan və bu işi bacara biləcəyinə çox inanan Azərbaycan marketinqində yeni güc deyil, gücə güc qatan bir meydandır.
Sonda Facemarkın inkişafında əməyi olanlara sonsuz minnətdarlığımı bildirirəm. Facemark Sizinlə və oxucuları ilə bu qədər güclüdür, bunu unutmayın.


Face of Marketing olma diləyi ilə


Facemarkın ilk sxeminin cızıldığı şəkillərə baxmaq üçün bu alboma keçin – Facemark belə yarandı

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Münasibət 0 Comments

Təbiət kimi ol!

Təbiətin yeni ili novruzdur, yazdır. İnsanlar onu fərqli tarixlərdə qeyd edir. Amma bu faktı dəyişdirmir. Təbiət qanunları onunla razılaşmayan insanlara dönə-dönə, göstərə-göstərə öz mövcudiyyətini minillərdir sübut edir. Təbiət qanunlarına hərə

Köşə yazıları 0 Comments

Oxucularımıza 1 illik hesabatımız

Diqqətlə oturub düşünəndə 1 ilin belə tez gəlib çatması məni bir az kövrəltdi deyə bilərəm. Çünki həqiqətən 1 ilin arxasında bizə görə çox böyük əziyyətləri vardı. 1 il sonra Sizə

Münasibət 0 Comments

İtirmək qorxusu (II hissə)

İnsanda itirmək qorxusu yaradan səbəblərdən danışırdıq. Xüsusən bunu ölkəni tərk edən qruplar üzərindən təhlil edirdik. Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz – http://hunaltay.com/itirmək-qorxusu-i-hissə/ 3. Hüquq sisteminə “ilişmək” qorxusu Bəli, bir çoxları

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın