Fəlsəfə niyə lazımdır?

Fəlsəfə niyə lazımdır?

Fəlsəfə ilə ilk tanışlığım universitet illərinə təsadüf edir. Qarışıq fikirlər, bir-birini təkzib edən mülahizələr, beyin yandıran ideyaların olduğu sahə kimi yadımda qalıb. Hətta yadımdadır o vaxt, fəlsəfə dərsində indi adını xatırlamadığım hansısa qaydanı müəllim çox izah etdi, amma kimsə başa düşmədi. Axırda durdu-durdu və qayıtdı ki, loru dildə deyirəm yadda saxlayın – “Qurbağa yaşıldır, xiyar da yaşıldır, deməli qurbağa da xiyardır”. İki fikirdən çıxan üçüncü fikir doğrudur nədir belə bir qayda idi.

Təbii ki, o vaxt fəlsəfənin imtahan xatirinə fənn kimi siyahıya salındığını düşünürdüm. Yəni tətbiq sahəsi haqqında təsəvvürüm yox idi. 6 il oxuyasan fəlsəfəni başa düşməyəsən. İndi anlayıram ki, qızıl kimi illəri necə küləyə vermişik. Hələ guya mən oxuyan idim, sosial çevrəm, aktivliyim çox idi. İllər bir-birini əvəz etdikcə, təhsilin nə qədər vacib, nə qədər xilaskar rolu oynadığını daha yaxşı başa düşürəm. Təhsil deyəndə böyük çıxır bəlkə də. Təhsil əslində insanlarda fikir, mülahizə irəli sürməni, müzakirə mədəniyyətini, insanın öz fikrinin olmasını, qısası düşünməyi öyrətməlidir. Biz isə teoremi başa düşmək əvəzinə əzbərləyirdik. Universitetdə hansısa tərifi onu yazan adamın yazdığı formada deməsən, bilmirsən deyirdilər. Mütləq idi ki, tərif necə yazılmışdısa, o formada da deyilərdi. Ona görə də universitet tələbəsinin üzünə mikrofon tutanda 3 cümləni dalbadal, səlist deyə bilmirdi. Hələ məktəb şagirdini demirəm. Ona görə oxuduqlarımızın çoxu yadımızda qalmayıb. Amma nə bilmək olar, bəlkə də təhsil elə öyrənilənlərin hamısı yaddan çıxandan sonra yerdə qalanlardır?!

Filip Stoksun “Philosophy: 100 esential thinkers” (Dünyanın 100 ən böyük mütəfəkkiri) kitabını yenicə oxuyub bitirdim. Kitabda eramızdan əvvəldən tutmuş günümüzə qədər dünyanın ən məşhur filosofları və onların fikirləri haqqında qısa məlumat verilir. Deməli, oxuyursan ki, biri deyir həqiqət sudur, digəri aradan 100 il keçir yazır ki, su nədi, onu deyən bilmir nə danışır, həqiqət nöqtədir. İnanın ki, kitabı oxuyub bitirənə qədər bir-birinin fikrini təkzib edən mülahizələr, fəlsəfi istiqamətlərin sayını-hesabını itirdim. Özümdə sual yarandı ki, bu fikirlər cəmiyyət və dövlətə necə faydalı ola bilər, və ya olub?! Sadalayım özünüz qiymət verin.

Dünya tarixinin ən önəmli hadisələri fəlsəfi baxışların sayəsində formalaşıb; 20-ci əsrin iki böyük super dövləti ABŞ və SSRİ Tom Paine və Karl Marksın fəlsəfi baxışları ilə idarə edilib. Qadınlara səsvermə hüququ Wollstonecraft-ın fikirlərindən sonra ciddiyə alınıb. İntibah dövrü Volterin adı ilə bağlıdır. Bir sözlə, fikir tarixi dünya tarixini yaradıb.

Amma bu hadisələr minlərlə fəlsəfəi cərəyanların toqquşması, inkişafı, bir-birini inkarı ilə mümkün olub. Filosofu bol olan dövlətlər daha yaxşı idarə edilib, daha sistemli, daha güclü olub. Tarixə kiçik ekskursiya etsək, görürük ki;

Miletli Fales (e.ə 620 – 540) qərb düşüncə tarixinin ilk təbiətşünası, analitik filosofu olub – yunan idi. O dünyanın sudan ibarət olduğu fikrini irəli sürmüşdü, az qala 18-ci əsrə qədər bu fikir fəlsəfədə özünə yer tapa bildi.

Pifaqor “həyatda doğru yeganə şey rəqəmlərdir” deyirdi – yunan idi. Reinkarnasiya, ölümdən sonrakı həyat, ruhun dəyişməsi və s. kimi mövzulara eramızdan əvvəl 4-cü əsrdə baş vurmuşdu.

Ksenefon dünya böyük bulanıq çamırdan ibarət idi deyirdi – yunan idi.

Heraklit həyatın od, su, torpaqdan ibarət olduğunu, dəyişməyən tək şeyin dəyişiklik olduğunu deyirdi – yunan idi.

Elealı Zenon dünyanın sonsuz sayda nöqtələrdən ibarət olduğunu deyirdi – italyan idi.

Sokrat “bilirəm ki, heç nə bilmirəm” deyirdi – yunan idi, Afinada doğulmuşdu. Əxlaq fəlsəfəsinin atası hesab edilir.

Platon qərb fəlsəfə tarixinin ən dərin iz buraxan mütəfəkkirlərindən idi. Aristotel astronomiya, siyasət elmi sahələrində əsərlərin müəllifi idi. Demokrit “dünya bölünməz atomlardan ibarətdir” deyirdi. Hamısı yunan idi.

Seneka ispan, Mark Avrelius, Qallileo Qalliley, Makiavelli italyan, modern astoronomiyanın banisi Kopernik polyak, Erasmus holland, Frensis Bekon, Tomas Hobbes, Con Lok, Stuart Mil, Darvin, Keyns, Bertrand Russel, Alan Turing ingilis, (hələ 17-ci əsrdə “hüququn üstünlüyü olmadan insan həyatı olduqca tənha, kasıb, əzazil və qısa olardı” demişdi), “düşünürəmsə, demək varam” fikrinin müəllifi Rene Dekart, Volter, Sartr, Kamyu, Durkhaym fransız, Spinoza, Eynşteyn yəhudi, Leybnits, Kant, Şiller, Hegel, Şopenhauer, Marks, Engels, Nitşe alman, Russo, iqtisadi fəlsəfənin banilərindən Adam Smit isveç, Tomas Paine, Çarlz Peirce amerikan, Ernst Mach, Zigmund Freyd avstraliyalı, Lenin, Trotski, Visotski rus, Levi Straus belçikalı, Karl Popper avstriyalı, Kurt Gödel çex idi.

Yuxarıdakı filosofların hamısı böyük universitetlərdə dərs deyirdilər, minlərlə tələbə yetişdirirdilər. Təbii ki, həmin tələbələr də sonradan idarəçilikdə yer alıb sağlam, inkişaf etmiş cəmiyyət qura bilirdilər. Ağıllarından yeri gələndə humanist ideyalar naminə, yeri gələndə dünyaya ağalıq etmək üçün istifadə edirdilər. Belə baxıram, düz də edirdilər. Kitabdan uzaq düşən, elmlə arasına süni əngəllər qoyan toplumun sonu yumşaq desək, başqalarının “ədalətinə” bağlıdır.

Keyns deyirdi ki, iqtisadi inkişaf dövründə dövlət xərclərini azaltmalı, iqtisadi geriləmə vaxtı isə dövlət xərcləri artırmalıdır ki, bəlli qrupların yaşaması üçün dövriyyədə pul olsun. Həmin dövrdə Azərbaycan adlanan coğrafi ərazidə qırğınlar gedirdi, dini xurafat at oynadırdı. Nitşe öləndə məşhur olduğunu bilmirdi. Nə bilim, başqa filosof istədiyi fikri isbat edə bilməyəndə intihar edirdi. Beləcə dünya inkişaf edib bugünlərə gəlib. Bir də dünyaya niyə gəlib niyə getdiyini bilmədən ömür sürənlər, hətta ömür sürən toplumlar var. Onlar sevmir, əvəzində cütləşirlər, yaşamır, sadəcə gəldiyi kimi də çıxıb gedirlər.

Bugün bizə mənasız gələn hansısa fikir gələcəyin ideoloji bünövrəsi ola bilər. Şəxsi inkişafımıza, dünya fikir tarixini öyrənməyə, həyatı daha mənalı yaşamağa can atmalıyıq. Karantin cəmiyyətin bütün mahiyyətini ortaya çıxardı. İnsanlar boşluqdan bilmədi nə etsin. O vaxt da yazmışdım ki, sən demə eyibimizi örtən elə iş imiş. Bir balaca boş vaxt tapan kimi bir yer tapıb “2 şiş kabab çəkməklə” vaxt öldürürük. Cahilliyin əsirinə çeviriləndə fəlakətin səbəbləri haqqında düşünməyi yox, müzakirə etməyi sevirik. Hadisələrin mahiyyəti, üç addım öncəsi, kökü haqqında özümüzü çox yormuruq. Mahiyyətə vara bilmədiyimizdəndir ki, hər gün bir gündəmlə baş qatmaq mümkün olur, nəyisə xatırladıb, nəyisə unutdurmaq rahatlaşır. Bir sözlə, çox yaxşı idarə edilən oluruq.

Gücüm artdıqca, ədalətim də artacaq deyirlər. Çalışın, güclü olun. Güc isə fiziki məfhum deyil, psixoloji-elmi əsaslarla mümkün olur. Dünya elmləri ilə yaxından tanış olmaq, bacardıqca onların olduğu yerlərə, mühitə can atmalıyıq. Onların heç biri alınmasa da, heç olmasa, özümüz bugünün rəqəmsal dünyasında əlçatan olan bir çox informasiyalarla yaxından tanış olmalıyıq. Əksi bir cəmiyyətin gələn-keçən hamı, hər şey tərəfindən “modern işağlı” ilə nəticələnəcək.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Əlimizin tərsi ilə itələdiyimiz cahilliyin əsirinə çeviriləndə fəlakətin səbəbləri haqqında düşünməyi yox, müzakirə etməyi sevirik. Hadisələrin mahiyyəti, üç addım öncəsi, kökü haqqında özümüzü çox yormuruq. Mahiyyətə vara bilmədiyimizdəndir ki, hər gün bir gündəmlə baş qatmaq mümkün olur, nəyisə xatırladıb, nəyisə unutdurmaq rahatlaşır. Bir sözlə, çox yaxşı idarə edilən oluruq.

Həmçinin oxuya bilərsiniz

Münasibət 0 Comments

Milli Klaviatura Qüvvələri

Yazının adı şəxsi təxəyyülüm deyil, bəri başdan deyim 🙂 Facebookda aidiyyatı şəkil ilə birgə görmüşdüm haçansa. Yadımda da elə qalıb, kim deyibsə, gözəl deyib. Çoxdan idi facebookdakı insan tipləri haqqında

Münasibət 0 Comments

Uranın vuran əli

Məktəb və universitet vaxtı repə qulaq asırdım. Xüsusilə sosial etiraz və fəlsəfi mövzulara girə bilən reperlər daha çox diqqətimi çəkirdi. Heç vaxt açıq şəkildə də repə qulaq asdığımı hiss etdirməmişəm.

İntervyular 0 Comments

Hərbi vəziyyət dövründə əsl sahibkarlıq fəaliyyəti necə olmalıdır? – video müsahibə

Kiçik sahibkarlıq böyük iqtisadiyyatın təməlidir. Hərbi vəziyyət dövründə əsl sahibkarlıq fəaliyyəti necə olmalıdır? Mövzuya aid suallar ətrafında İctimai Radionun “İdarəetmənin əsasları” verilişində cavablayacaq. Verilişin səs yazısını diqqətinizə təqdim edirəm: Facebook

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın