İşə yeni müdir gələndə…

İşə yeni müdir gələndə…

Hər işçi yəqin ki, həyatında ən az bir dəfə belə situasiya ilə qarşılaşıb. Nəsə dəyişiklik olub, nəticədə ya ümumən şirkətə, ya da işçinin çalışdığı sahənin başına yeni müdir təyin edilib. Maraqlı hadisələr də adətən bundan sonra başlayır. Bölünmələr, söz-söhbətlər, yaşı oğlan-pis oğlan, hətta namus-qeyrət məsələsinə qədər böyüyə bilir.

Budəfəki bloq yazımda Sizinlə işə yeni müdir gələndə yaranan hallar və çıxış yolları barədə fikirlərimi bölüşəcəm. Yəqin ki, çoxunuza tanış situasiyalar olacaq. Çalışacam ki, məsələyə həm yeni müdir, həm də yeni müdirlə işləməli olan işçi tərəfdən yanaşım. Beləliklə,

Yeni təyin edilən müdirsiniz? Dürüst olun!

Qərb ölkələrinin bir çoxunda işçi münasibətləri qanunla ciddi tənzimlənir. Ona görə də heç bir işçiyə “sabahdan işə gəlmə” deməyə heç kim cürət etməz, istəsə belə edə bilməz. Təzminatı falan nəzərə alsaq, astarı üzündən baha başa gələr həmin şirkətə. Amma səmimi olsaq, etiraf etməliyik ki, bizdə “sabahdan işə gəlmə” sözünün qüvvədə olduğu şirkətlər az deyil. Adətən necə olur. Yeni müdir gəlir. Həmin andan başlayaraq söz-söhbətlər alovlanmağa başlayır – “görəsən, kimi çıxaracaq?”, “strukturu necə quracaq?”, “Öz adamlarını gətirəcəkmi?” və s. İşçiləri də qınamaq olmur. Azərbaycan şirkətlərində müdirlər tez-tez dəyişdiyindən həyatları boyu bir neçə dəfə “darbe” görmüş olurlar 🙂 Darbelər də nə darbelər. Kinolaraya mövzu olacaq ssenarilər üzrə işdən çıxarma və ya yeni təyin etmə üsulları var. İşçi də bir-ikisini görəndən sonra az-çox gedişatı proqnozlaşdıra bilir artıq. Proqnozlaşdıra bilir deyəndə, ya sakitcə iş axtarmağa başlayır, onu çıxarmayınca səsini çıxarmır ki, vaxt udsun. Ya da ona dəyməmiş, özü “öz xoşu” ilə gedir. Öz xoşu ilə gedənlər də 2 cür olur. Biri kiminsə onu çıxarmasını qüruruna sığışdırmayıb gedənlərdisə, digəri də köhnə kollektivinə, müdirinə sədaqət əlaməti olaraq işdən çıxanlardır. Yaxşı olardı ki, yeni təyin edilən müdir öz planları barədə işçiləri öncədən xəbərdar etsin. Hətta kimisə işdən çıxaracaqsa, onunla təkbətək görüşdə özünə desin. Hər kəsin planları ola bilər, ani qərarlar onların həyatına mənfi təsir edə bilər. Bakı da balaca şəhərdir, sabah nə olacağı heç bəlli olmaz. Ona görə də dürüst davranmaq həm etikdir, həm də daha professional. Normal insan əgər Siz onunla işləmək istəmirsinizsə, zatən bunu başa düşəcək, Sizin ona tanıdığınız zaman kəsiyində də işini planlaşdırıb çıxıb gedəcək. Amma anidən desəniz, ondan sonrakı dönəm üçün özünüzə əlavə bir düşmən qazanmış olarsınız, bəlkə. Hətta bunu daha səmimi mühitdə, qeyri-iş vaxtı yemək masası ətrafında, vəziyyəti izah edərək demək də işinizi yüngülləşdirə, neqativi minimuma endirə bilər.

Əziz işçilər, həmkarlarınızı ələ verməyin

Bəli, belə “həmkarlar” da olur. Yeni müdir gələndə adətən vəziyyətlə tanış olurlar. Ümumi gedişatı bilmək üçün hər kəslə bəzən fərdi söhbətlər olur. Bu prosesi bir çox işini “itirmək qorxusu” yaşayan işçilər son çıxış yolu bilib əvvəl nə olubsa, hamısını yıxıb-sürüyürlər. Məsələn, “mən dəfələrlə əvvəlki müdirə də, iş yoldaşlarıma da demişəm belə işləmək olmaz”, “sözün düzünü dediyimə görə müdir heç vaxt məni sevmirdi”, “bəxtimdən həmişə sıxışdırılmışam” və s. bu tipli sözlərlə yeni müdirin gözündə “dissident” obrazını canlandırmağa çalışırlar. Bunu da ona görə edirlər ki, müdir köhnə komandadan kimləsə işləmək istəsə, ilk beynində bu adamlar olsun. Hə, belələri həm də yaxşı torba tikə bilirlər. Öz aləmlərində kimin kim olduğunu, kimə işlədiyini, kimin sevimlisi olduğunu və s. çatdıraraq missiyalarını tamamlamış sayılırlar. Praktikada belə adamlarla rastlaşdım, amma nədənsə, o tip adamlarla heç yeni müdirlər də xoş davranmır. Daha doğrusu “təyinatı üzrə istifadə edirlər”. Yuxarıda yazdığım kimi, Bakı balaca şəhərdir, bir tikə çörək üçün gözəgörünməz vicdanı satmaq olmaz.

Nadinclər uzun müddətdə zərərli olacaq. Xilas olun!

Bəzən yeni müdir gəlir və köhnə komandadan elə işçilər olur ki, işini çox yaxşı bilir. Amma di gəl ki, nadinclik edir. İşini özündən asılı edib deyə öz qaydalarını yeritməyə çalışır. Bəzən müdir çalışır ki, birtəhər onu yola gətirsin, amma alınmır. Belə halda anidən yox, tədriclə işləri təhvil alıb əvəzləmək lazımdır. Təbii ki, burada da ani çıxarış həm etik deyil, həm də şirkətə təhvil alınmamış işlərə görə zərər vura bilər. Burada da fərdi söhbətin rolu vacibdir. Bütün məsələlər açıq masaya qoyulduqdan sonra hərəkətlər planlaşdırıla bilər. Bəzən həmin işçi üçün digər departamentə, digər bir işə keçirmə də çıxış yolu ola bilir. Əgər uzunmüddətli dövr üçün “islaholunmaz” xarakterini davam etdirirsə, xilas olmaq lazımdır. Belələri, həm də digər kollektiv üzvlərində də bölücülük edirlər.

Hər şeyə 0-dan başlamaq çox hallarda effektli olmur.

Bəzən yeni müdir gələrkən beynindəki ilk iş komandanı tamamən yenidən qurmaqdır. Hardasa anlaşılan ola bilər, amma bu proses əməliyyat kimi ən son çıxış yolu olmalıdır. Mütləq elə adamlar olacaq ki, onlar işini normal bilir və təcrübələrinə görə yeni komanda da onlara yer vermək olar. Yeni gələn kadr da bir müddət adaptasiya olmalıdır, işi öyrənməlidir və bu zaman aparır. Yeni təyin edilən müdirdən isə qısa müddət sonra bizim reallıqda hamı nəticə gözləyir. Nəyisə 0-dan qurmaq yerinə düzgün kommunikasiya və subordinasiya ilə köhnə komandanı işlədə bilmək önəmlidir. Hətta köhnə komandanı işlədə bilən yeni müdirlər daha çox rəğbət qazanır, nəinki tərsinə. Ona görə də fokusu o saat hər şeyi söküb yenidən tikməyə yönəltməyin. Ən azı yenisini tikməmiş, köhnəni tam sökmək olmaz.

Siçovullardan istifadə etmək olmaz

Bəli, bir çox ədəbiyyatlarda rəhbərliyə informasiya ötürənlərə belə deyirlər. Siz yeni müdirsiniz, köhnə müdirin siçovullarını deyək ki, müəyyən etdiniz və xilas oldunuz ondan. Siz özünüz də yenisini yaratmayın. Bölücülük heç vaxt keyfiyyətli işə səbəb olmayıb. Bu üsul özünə güvənən rəhbərin idarəetmə tərzi ola bilməz.

Bir də yeni müdir bir müddət havalı olur

Nəinki yeni müdir, yeni gələn işçi də. Bir müddət yenidir deyə çox xətrinə dəymirlər, ya girəndə nə söz veriblərsə, bir az havalı-havalı gəzir. Bu da kənardan çox rahat görünür. Eyni taleni yaşayanlar isə daha çox anlayır. Bir qism işçilər “darıxma, sənin də vaxtın gələr” deyib keçirsə, bir qism də bunu fürsət bilir. Necə? Çox rahat. Məsələn, yeni müdir gələndə bir çox əvvəl olan şeylərə etiraz edib bunu düzəltmək lazım olduğunu deyir. Bu an o işinə aid olmayan şeyləri də ümumi təklif kimi ümumi rəhbərə deməyə hazırdır. Belə halda köhnə təcrübəli işçilər yeni müdirin havasından yaxşıca istifadə edirlər. Uzun müddət deyə bilmədikləri, düzəldə bilmədikləri hansısa işi yeni müdir vasitəsilə lazımı yerə çatdıra bilirlər. Ona görə də mühiti tam öyrənməmiş iddialı addımlar atmayın, iddialı sözlər verməyin. Sabah edə bilməyəndə imicinizdən bir xal itirəcəksiniz.

Bu belə. Ümumiyyətlə isə düşünürəm ki, istənilən işdə, sektorda yenilik mütləq olmalıdır. Bu yeni işçilərlə də ola bilər, yeni müdir, yeni sistem, yeni fəaliyyət sahəsi, yeni vəzifə bölgüsü və s. ilə ola bilər. Yetər ki, iş monoton getməsin. Çalışaq ki, daim yeniliklərə açıq olaq.

Yeni bloqumuzda görüşənədək…

Facebook Comments

Editor review

Summary

Budəfəki bloq yazımda Sizinlə işə yeni müdir gələndə yaranan hallar və çıxış yolları barədə fikirlərimi bölüşəcəm.

Həmçinin oxuya bilərsiniz

Münasibət 0 Comments

Yeni yaşımda həyatın mənə sülh və ya müharibə yolu ilə öyrətdiyi 10 fikir

“Bizimkisi bir iş hikayesi”  Əziz dostlar, doğum günümlə əlaqədar yazdığınız bütün xoş sözlərə və təbriklərə görə hər birinizə təşəkkür edirəm. Adını xatırlamadığım bir müəllif yazırdı ki, təbrik sevməyən adamı belə

Münasibət 0 Comments

İtirmək qorxusu (II hissə)

İnsanda itirmək qorxusu yaradan səbəblərdən danışırdıq. Xüsusən bunu ölkəni tərk edən qruplar üzərindən təhlil edirdik. Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz – http://hunaltay.com/itirmək-qorxusu-i-hissə/ 3. Hüquq sisteminə “ilişmək” qorxusu Bəli, bir çoxları

Resenziyalar 0 Comments

Hərəsi bir kitab dəyərində düşündürən 13 fikir / Doğan Cüceloğlunun “Varmısın” kitabı haqqında

Doğan Cüceloğlunun “Varmısın” kitabını bu yaxınlarda oxuyub bitirdim. Açığı ölümündən sonra tanısam da bir neçə video müsahibələrindən sonra məndə maraq yarandı. Müəllifin müsahibələri, televiziyada çıxışları, bioqrafiyası ilə tanış olandan sonra

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın