Komikadze tələbələr

Komikadze tələbələr

Əziz dostlar, ötən bloq yazılarımın birində, daha doğrusu ˝Heç mənə lazım da deyil˝ adlı bloqumda yazmışdım ki, artıq 2016-cı ildən ali məktəblərdə tədrisi dayandırıram. Daha doğrusu hələ bir müddətlik bu haqda düşünmürəm. Səbəbləri haqqında da həmin yazıda uzun-uzadı yazmışam, indi o məsələlərə qayıtmaq istəmirəm.

Bu gün bloqda mən öz dostlarıma, həmkarlarıma, yəni tələbə dostlarıma bir-iki acizanə tövsiyyədə ˝bulunmaq˝ istəyirəm. Keçən ilin 2-ci semestri universitetin son kurs tələbələrinə dərs deyirdim. Yəni, anlayacağınız 4 ay ˝getdim-gəldim˝. Bu arada azərbaycanlıların işindən narazı olan vaxt onlardan kimsə işi haqqında soruşanda adətən belə cavab verirlər – ˝pis deyil, gedib-gəlirəm˝ 🙂 Aydındır da gedib-gəlirsən, biz düşünmürdük ki, sən arada uçaraq gedirsən, arada sürünərək, arada da evdən işləyirsən. Amma zarafatsız, bu sözü tez-tez eşidirik, amma fikir vermirik. Bundan sonra Siz də eşitsəniz çalışın təhlil edin görün işindən məmnundurmu? Mən də eləcə univeristetə gedib-gəlirdim. Maraqlı idi, daha doğrusu maraqlı insan tipləri, maraqlı idarəçilik. Sizə öz müşahidələrimdən qaynaqlanan və tələbələr üçün vacib hesab etdiyim fikirləri paylaşacam.

Əziz tələbələr, çalışın ilk öncə bu yazını oxuyun, bilirəm ki, oxumaqla elə də aranız yoxdur. Statistikaya görə ortalama 1 gənc gün ərzində facebooku 175 dəfə yoxlayır. Mən onu da bilirəm ki, Siz bu statistikanın anasını ağladaraq bu rəqəmi gündəlik 300-500 arası edirsiniz. Görün bir təhər oxudunuzsa, sonra əməl də etsəniz, pis olmaz. Köhnə kişilərin sözü olmasın, vallah bizə bunları deyən olmamışdı. Mən məsələn, universiteti bitirhabitirdə bankların hamısına bir gündə CV verəndə və CV-imi HR cəhənnəm, qapıda duran ˝security˝nin cırıb gözümün önündəcə zibilliyə atanda anlamışdım ki, bu həyat çox kopoğlu şeydi. Kiminə 2-1 verir, kiminə də şeş-qoşa. Amma fakt indi deyən var axı, özü də çox var. Mənim də bu uzun giriş verməyim olmaya…:) Qısası aşağıdakı bu qaydaları unutmayın, unutdurmayın:

  • Nə iş görmək, hansı sahədə çalışmağa hələ də qərar verməmisinizsə, narahat olmayın, hamıda elə olub

Tələbələr onsuz da seminara zada cavab verməyəndə onlarla söhbət imkanı olurdu. Onda da tez-tez belə bir şey eşidirdim. İxtisasımı sevmirəm, köhnədir, filan sahəyə marağım var, amma bilmirəm getsəm necə olar və s. Bir sözlə gəlib 4-cü kursa və qərarsızlıq hökm sürür. Bu qətiyyən narahat etməsin Sizi. Ümumiyyətlə məsləhət görərdim ki, 3-cü kursdan başlayaraq qısa-qısa da olsa universiteti bitirinədək 2-3 yerdə staj keçəsiniz. Daha sonra ali məktəbi bitirdikdən sonra da 2-3 yerdə rahat işləyə bilərsiniz. Beləcə, ömrünüzün 5-6 ilini fərqli işlərdə çalışmış olacaqsınız. Əmin olun ki, sonda Siz artıq hiss edəcəksiniz ki, hansı işi görəndə yorulmursuz, zövq alırsız, ürəyinizcədir. Onu ilk başdan tutdurmaq çox çətindir. O hesab edin ki, cek-potdur. Onu da hamı udmur, 1 nəfər udur. Bu gün ən məşhur adamların çoxunu araşdırsaq görərik ki, məsələn, 7 il tibb oxuyub gəlib məşhur reportyor olub, biri müəllim işləyib, sonda boks müəllimi olub və s. Bu siyahını Azərbaycandan və dünyadan n qədər uzatmaq olar. İnsan özünü elə də rahat tapmır, kəşf edə bilmir. Bunu edə bilməyəndə çıxış yolu kimi özünüzü test edəcəksiniz. Sonda sevdiyiniz işi tapacaqsınız. Sevdiyiniz iş Sizi xoşbəxt edəcək, bu xoşbəxtlik Sizin motivasiyanızı artıracaq, nəticədə də ətrafınıza pozitiv enerji yayaraq uğura nail olacaqsınız. Odur ki, qərarsızlığınız varsa, çox da ürəyinizə salmayın, hamıda elə olub. Nədənsə başlayın, özü düzələcək.

  • Əziyyət çəkmədən və bunu davamlı etmədən arzuladığınız yerdə heç vaxt olmayacaqsınız

Əgər həqiqətən də işinizdə, şəxsi həyatınızda uğurlu olmaq istəyirsinizsə, çox işləməyi, çox zəhmət çəkməyi həyat prinsipiniz etməlisiniz. Həm də yorulmadan işləməyi. Tez-tez tələbələrdən belə sözlər işlədirdim, filan yerdə iş var, amma maaşa görə çox işlədirlər. Və o işə də getməyərək 2-3 il iş axtarışında olurlar. Əziz qardaş və bacılar, eşşəyə minin ata çatana qədər də. Siz hələ nədənsə, başlamalısınız axı. O sahibkar nlp mütəxəssisləri demiş sizin daxilinizdəki şiri necə görsün, fürsət verin bunun üçün. Fürsət də odur ki, bir müddət özünüzü təsdiq edənə qədər çox verib, az alacaqsınız. Çox işləyib, az qazanacaqsınız. Bir müddət adınıza işləyəksiniz, sonra adınız Sizə işləyəcək. Topazla, domino ilə harasa getmək olmaz, getsəniz belə qayıtmaq olmaz. Bir də baxırsan, həmin işin ağırlığından şikayətlənən dərsin ortasında partapart topaz üçün şot yazır. Sizə maraqlı bir hadisə danışım. Bir dəfə tələbələrdən biri yekəxana şəkildə dərsin ortasından icazə istədi, vermədim təbii olaraq. Sonda dedi qayıb yazın getməliyəm mütləq, çox pis tələsirəm. Nəsə bunun qayıbını yazdım, getdi ˝tələsməyə˝. Dərs təxmini yarım saat sonra bitdi, maşınıma minib evə gedirdim ki, yolda bu tələbini gördüm. Polis maşınını saxlayıb, özü də qurşaqdan yuxarı olmaqla bədəninin 45%-i ilə polis maşının sağ pəncərəsindən içəri girib ˝yalvarır˝. Amma yarım saat öncə yekə-yekə ˝mallım, getməliyəm, işim var, tələsirəm˝ deyirdi. Həmin tələbə nümunəsində n qədər tələbə var ki, elə bilirlər müəllimə nəsə atmaca atanda qızlar bunlara ˝bombaoğlan˝ deyəcəklər. Amma çox yox, 4-5 ay keçir və həyat elə adamlara tərs şilləsini vurur. Birdən ayılır ki, o düzəməlli bir xarici dil də bilmir. O bir tərəfə ixtisasını da bilmir, oturur fikirləşir ki, bəs nə bilir, sonda qərara gəlir ki, bilmir heç nə, amma bunun da günahkarı özü deyil, zəmanədir, rüşvətdir, nəbilim nədir. Qısası hamını ˝neprav˝ çıxarır. Guya o olmasa idi, oxuyacaqdı. Odur ki, əziz dostlarım, ilk başdan az olsun, əziyyətli olsun, amma təki olsun. Hər ağırlığa gedin, sonda uduzan Siz olmayacaqsınız, etdiyiniz hər şey Sizə qalacaq, gedəndə o təcrübəni işdə qoub getməyəcəksiniz. İşi ilk vaxtlar çox seçməyin, o saat asan iş axtarmayın. Asan iş uzun müddətli olmur.

  • Komanda ilə işləməyi nəhayət öyrənmək lazımdır

Əziz tələbələr, gələcək uğurunuzda komanda ilə işləmək qabiliyyətinizin olması Sizə çox kömək edə bilər. Fərd olaraq düşünməyin, heç nəyi TƏK Siz edə bilməzsiniz. Parlaq ideyanız olsa belə, onu kimsə parlaq şəkildə də həyata keçirməlidir. Paylaşın. Unutmayın ki, Siz paylaşdıqca, Sizinlə paylaşanlar da artacaq. Heç vaxt təkcə, ˝al-məmməd˝ olmayın, həm də ˝ver-məmməd˝ də olmağı bacarmaq lazımdır. Maraqlıdır ki, tələbələr iş stajı olmasına baxmayaraq kiçik maaşlı işlərə həvəs göstərmirlər. Birdən birə arzuladığı maaşı, vəzifəni də Sizə verəcək sahibkar ya risk etməyi sevir, ya da nəsə başqa səbəb var. Azərbaycanlıların evini, tələbəli, müəllimli paxıllıq yıxacaq. Dostu qabağa gedəndə, axşam evdə rahat yata bilmir, zalım balası 🙂 Nə olub, nə həşirdi 🙂

  • Təkcə tapşırılan işləri görməyin, fərqli olun

Deyək ki, birtəhər harasa işə girdiz. Şiddətli tövsiyyəm odur ki, ancaq Sizə tapşırılan işləri görüb saat 6-nı gözləməyin. Nəsə fərqli olun, qoyun desinlər ki, filankəs filankəsdən fərqli olaraq bu işi də özbaşına öyrəndi. Fərqlənin, heç nə ilə fərqlənə bilmirsinizsə, adiliyinizi də fərqlilik kimi göstərin, bacarın onu. Baxın da televizora zada. Orada tez-tez fərqli olmayıb ama özünü fərqli satan müğənnilər olur, az qala evdə ütünü də toka taxanda onları göstərir.

  • Dəyişməkdən qorxmayın, köhnəlmək daha qorxuludur

Siz işə girən kimi, yeni olduğunuza görə hər kəsi bir müddət müşahidə edəcəksiniz. Məsələn, görəcəksiniz biri civə kimi gah bu şöbəyə keçir, gah o işi, gah bu işi görür. Biri məsələn, hər ixtisar söhbəti düşəndə qanı qaralır, falçıya gedir, o biri isə eyni işdə illərdir oturub, dəyişmək haqqında düşünmür. Bir dəfə də yazmışdım, indi də deyirəm ki, bir şirkətdə çox işləmək problem deyil, bir işi çox görmək problemdir. Bir müddət sonra görsəniz ki, işiniz rutinləşdi, sizə motivasiya, həyəcan vermir, sükanı döndərin.

Bax belə. Yuxarıdakıları yazmağa özümə borc bildim. Yazının da adını ona görə ˝Komikadze Tələbələr˝ qoydum ki, onlar bəzən kamikadzelik etmək istəyirlər, amma nəticədə kamikadze yox komikadze olurlar. Gəncliyin komik duruma düşməsini heç kim istəməz, o cümlədən mən də. Nə qədər də gülüş qatıb yazsam da, sadalanan məsələlərdə ağrılı yerlər var və o adamı həqiqətən incidir. Faydalı olmaq üçün hamımız əlimizdən gələni etməliyik.

Son söz əvəzi.

Əziz tələbələr, nə iş görürsünüzsə, görün məqsəd sonda xoşbəxtlik olmalıdır. Əgər Sizin xoşbəxt olub-olmadığınızı düşünəcək qədər zamanınız varsa, xoşbəxt deyilsiniz deməli. Bir işin ən doğru və ən qısa yolu o yola gedən ən uzun məsafəni qət etməkdən keçir. Uğurun qısa yolu yoxdur.

Hərəkət edin, istənilən hərəkət hərəkətsizlikdən yaxşıdır.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Azərbaycanlıların işindən narazı olan vaxt onlardan kimsə işi haqqında soruşanda adətən belə cavab verirlər - ˝pis deyil, gedib-gəlirəm˝ :)

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Şəkilsiz yazılar seriyası #11 – 𝟐𝟎𝟐𝟐-𝐜𝐢 𝐢𝐥𝐢𝐧 𝐲𝐚𝐫𝐚𝐭𝐝ığı 𝐯ə 𝐦əş𝐡𝐮𝐫 𝐞𝐭𝐝𝐢𝐲𝐢 𝐭𝐞𝐫𝐦𝐢𝐧𝐥ə𝐫

2022-ci il bitir, amma dünya iqtisadiyyatı üçün bir çox yeni terminləri də özü ilə bərabər məşhur edib. Bir çox termin əvvəllər ola bilsin, istifadə edilib, amma 2022-ci il qədər geniş

Biznes 0 Comments

Şirkəti onun sahibindən çox sevənlər. Nə qədər səmimiyik?!

2 gün öncə şəxsi facebook profilimdə belə bir status paylaşmışdım. Şərhlər bir xeyli çox olduğundan və əsasən də yanlış istiqamətdə getdiyindən istədim bu mövzuya ayrıca bloq həsr edib Sizinlə müzakirə edim.

Sərbəst 0 Comments

Məsuliyyətsiz anonim kütlə

Bugünlərdə Ali-Nino və Unibank keysi gündəm idi. Hamı yazırdı. Ən çox da yaza bilməyənlər yazırdı. Facebookda dost sayının çox olması da bir iş deyil. Onsuz da gün ərzində xəbər lentini

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın