Maliyyə və İnvestisiya Forumu 2017

Maliyyə və İnvestisiya Forumu 2017

2012-ci ildə ilk dəfə Marketing AİR təlimlərinə başlamaq üçün planlar quranda işlərin bu qədər böyüyə biləcəyini təsəvvür etməzdim. Zaman elə gətirdi ki, Marketing AİR mart ayında 10-cu dəfə olacaq ki, keçiriləcək. Milli Marketinq Forumu artıq 5-ci dəfə may ayında olacaq. Noyabr 2016-da ikinci Rəqəmsal Marketinq Konfransını, fevral 2017-də isə Satış Forumunu keçirməyə nail olduq. Hamısının da n qədər foto və video materialları var. Onlardan bu gün də xeyli sayda insanlar nəsə öyrənirlər. Marketinq və digər sahələrdə çalışan dostlarımız, partnyorlarımız hər zaman bizə dəstək olublar. Faydalı olmaq gözəldir.

İndi isə uzun zamandır planladığımız daha bir tədbirin hazırlıqlarına başlamışıq. Yazının adından da gördüyünüz kimi bu – Maliyyə və İnvestisiya Forumudur. Forumun qısa adı FİF2017-dir (Finance and İnvestment Forum). Bu bloqda istəyirəm Sizinlə FİF2017 haqqında ilkin məlumatları paylaşım. Hələ ki, işlərə yeni başlamışıq və ona görə də tam hazır deyilik. Yaxın 10 gün içində əsas yükün 80%-ni bitirmək istəyirik.

Təşkilatçılar kimdir?

Bizim bütün tədbirlərimizdə sinerji prinsipi olur. Biz yalnız güclü olduğumuz sahələrə vurğu edirik, eyni zamanda əlavə dəstək lazımdırsa, o sahənin adamlarına etibar edirik. Maliyyə Forumu marketinq qədər dərin bilmədiyimiz, bəlkə də daha az bildiyimiz sahədir. Buna görə də təşkilatçı kimi maliyyə sahəsində sözünü demiş, bu işə könül verə biləcək, işdən sonra dəyərli zamanını sevə-sevə tədbirin daha gözəl alınması üçün xərcləyə biləcək dostlarımız var.

Forumun təşkilati komandasına mən, Niyazi Abbasov (Gilan FMCG), Emin İsmayılov (Azersun Holding), Sabit Məmmədov (Admedia), Aysel Cəbrayılova (Fil Agency) daxildir. Bizim tədbirlərimizdə hərənin çox dəqiq iş bölgüsü olur, ona görə hər bir işi yüksək səviyyədə və zamanında çatdıra bilirik. Niyazi müəllim, Emin müəllim sırf spikerlərin seçimi, spikerlərlə iş, panellərin formalaşdırılması, mövzu və istiqamətlərin təyin edilməsindən məsuldur. Sevindirici haldır ki, ölkənin aparıcı holdinqlərindən ikisinin nümayəndəsi əls professionallıq nümayiş etdirərək belə bir təşəbbüsü ələ alıb sektorun inkişafına xidmət edir. Əvvəllər xaricdə gördüyümüz bu cür birgə çalışmanı indi Azərbaycan şirkətlərində görmək sevindirir.

Sabit müəllim Admedia olaraq bütün media əlaqələrimizi koordinasiya edəcək, mediada tam olaraq təmsil olunmamıza, forum haqqında sektorda olan hər kəsin məlumat almasına çalışacaq. Eyni zamanda dəstəkçilər və sponsorlarla da işdən məsuldur. Aysel xanım da bilirsiniz ki, MMF və SatForum-da layihə rəhbəri, DMC və Digital AİR-də həmtəsisçi kimi böyük təcrübəyə malikdir. İndi isə Fil rəqəmsal agentliyinin rəhbəri kimi təşkilatçılıqda rol alır.

FİF2017 devizi

Forumun devizini Niyazi müəllimin təklifi ilə ŞƏFFAFLIQ VƏ İNKİŞAF qoyduq. Maliyyə sahəsində islahatların hökumətin prioritetləri sırasında olması, vergi sistemində baş verən son dəyişikliklər maliyyə əməliyyatlarında şəffaflığın təmin edilməsini vacib məqsəd kimi qarşıya qoyur. Maliyyə sahəsində inkişafın dəstəklənməsində maliyyə marifləndirməsinə ehtiyac daha da artıb. Şirkətlərarası, dövlət və özəl biznes subyektləri arasında konsktruktiv əlaqələrin, bilgi paylaşımının olması ümumilikdə sektora çox müsbət təsir edəcək. Biz də inkişafın yolunun ilk öncə şəffaflıqdan keçdiyini düşünərək sloqanımızı da “şəffaflıq və inkişaf” seçdik.

FİF2017 keçirilməsində məqsəd

Bizim ilk növbədə məqsədimiz maliyyə maarifləndirməsidir. Bu yaxınlarda Gilan Holdinqin qeyri-maliyyə işçiləri üçün maliyyə təlimində iştirak etdim. Mənə kənardan həmişə standart və sıxıcı gələn maliyyə haqqında yeni çox şey öyrəndim. Maliyyə sahəsinə marağım da çox artmış oldu. Demə ki, düzgün maarifləndirmə işlərinə ciddi ehtiyac var. Lakin ən əsas səbəb bu deyil. Bildiyiniz kimi ölkəmizin növbəti illərdə inkişafını təmin etmək üçün Strateji Yol Xəritəsi hazırlanıb. Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi -ni neçə gündür ki, oxuyuram. Bir marketoloq kimi səmimi deyim ki, çox maraqlı gəlir. Düzdür, bir az ağırdır, amma Niyazi müəllimin sayəsində sual olanda cavab tapa bilirik 🙂 Təxminən 60 səhifəlik plandır. Hər şey çox detallı yazılıb. Vaxtınız olsa, oxuyun mütləq.

Azərbaycan Respublikası Preszidentinin 6 dekabr 2016 cı il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində maliyyə bazarı, maliyyə xidmətlərinin inkişafı isitiqamətləri prioritet məqsəd kimi qarşıya qoyulub. Bu sənəddə Azərbaycanda maliyyə bazarında olan çatışmazlıqılar, onların aradan qaldırılması yolları və dünyada tətbiq edilən qabaqcıl təcrübə haqda təfərrüatlı məlumat və tövsiyyələr də təqdim edilib. Dövlətin bu siyasətinin davamı olaraq 01 Yanvar 2017 ci ildə etibarən vergi məcəlləsinə edilmiş dəyişikliklər vasitəsilə şəffaf mühasibat uçotunun, vergi ödəyicilərinin intizamının artırılması və elektron sənəd dövriyyəsinin tətbiqi əsas məqsəd kimi qarşıya qoyulur.

Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol xəritəsinin tövsiyyələrinin və vergi məcəlləsinə edilən son əlavə və düzəlişlərin gətirdiyi çağırışları geniş tamaşaçı kütləsinə çatdırılmasına və maarifləndirmə tədbirlərinə ehtiyac var. Yol xəritəsində hətta bu barədə Strateji hədəf 5. Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması adlı xüsusi bölmə var. 5.1 və 5.2 bəndlərində Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankın üzərinə bir xeyli faydalı məsuliyyət nəzərdə tutulub. 

Forumun proqramı və spikerlər

Forum 06 may tarixində bütöv gün olmaqla keçiriləcək. Digər tədbirlərimizdə olduğu kimi 1 gün ərzində 3 panel, hər paneldə 1 moderator və 3-4 spiker olması nəzərdə tutulur. Spikerlərin artıq 70%-i razılaşdırılıb. Onu deyə bilərəm ki, çox yüksək professionallıqda olan şirkətlər və spikerlərdir. Maliyyə sahəsində çalışan menecerlər, sahibkarlar, maliyyə maraqlanan hər kəs üçün çox maraqlı olacaq.

Panellərin biri Maliyyə Bazarları və inkişaf perspektivləri, 2-cisi Maliyyələşmə Strategiyaları, 3-cü isə Vergi siyasəti və şəffaf hesabatlılıq-dır. Panellər haqqında daha sonra ətraflı şəkildə pres-reliz yayacağıq, ona görə də uzun yazıb Sizi yormaq istəmirəm. Spikerlər haqqında isə yaxın günlərdə tam məlumat alacaqsınız. İndilik onu deyim ki, BİG4-a daxil olan 3 şirkət, böyük holdinq və bank sahəsində çalışan top menecer, CEO, İdarə Heyətinin üzvü, Partnyor, İnvestisiya şirkətləri, dövlət orqanlarından nümayəndələr olacaq.

Hələlik yalnız, forumun facebook və instagram səhifəsini hazırdır – https://www.facebook.com/fifazerbaijan/ Yaxında sayt və digər bütün məlumatlar da hazır olacaq. Eyni zamanda məkan haqqında da məlumat verəcəyik.

Sponsorluq, dəstək imkanları

Bu tədbirimiz könüllü şəkildə yuxarıda yazdığımız dostların sayəsində həyata keçirilir. FİF2017-də sponsor olmaq, bu və ya digər formada dəstək olmaq istəyən hər kəsin təkliflərinə açığıq. Biz öz növbəmizdə Sizə söz veririk ki, forumdan əvvəlki 2 ay, forum və forum sonrası 1 ay müddətində şirkətiniz faydalı maliyyə hadisəsi olan FİF2017-də layiqincə təmsil ediləcək. Şirkətinizin xidmətlərinin tanıdılmasında, imicinizin möhkəmlənməsində ciddi rol oynayacaq. Ətraflı şəkildə hələlik mənə və ya facebook səhifəmizə müraciət edə bilərsiniz.

Hələlik bu qədər, FİF2017-yə 68 gün qalır 🙂

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Uzun zamandır planladığımız daha bir tədbirin hazırlıqlarına başlamışıq. Yazının adından da gördüyünüz kimi bu - Maliyyə və İnvestisiya Forumudur. Forumun qısa adı FİF2017-dir

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

NNA Academy – praktiki mini MBA proqramı başladı

Hamımızın karyerasında 5-10 ili tamamladıqdan sonra yeni istəklər, yeni hədəflər formalaşır. Bu da çox təbiidir. İnsan eyni işi uzun müddət görə bilməz. Daim öz üzərində çalışmalı, bilik və təcrübəsinə yeni

Tədbirlər 0 Comments

DMC2016-da açılış nitqim və MMF2013-ə xatirə keçidi

DMC2016 artıq 20 gün olur ki, bitib. Avqust ayından aktiv PR işlərinə başlamışdıq. 20 gündür bitməsinə baxmayaraq hələ dekabarın 25-dək təşkilati komandanın iş planı var. ARB TV-dən bütün videoların ilkin

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın