Mandıra Filosofu İstanbul filmi haqqında resenziya

Mandıra Filosofu İstanbul filmi haqqında resenziya

Gərgin keçən həftəiçindən sonra çalışıram həftəsonu beynimi maksimum dincəldə biləcək işlərlə məşğul olum. Bazar günü isə maksimum riayət etməyə çalışdığım bir qaydam var – ən az 2 film izləməliyəm. Bunların biri mütləq şəkildə komediya janrında, digəri isə hər janr ola bilər. Bugün isə 2 komediya janrında film izlədim. Bunlar hamının bəlkə də çoxdan izlədiyi Mandıra Filosofu və Mandıra Filosofu İstanbul filmidir. Treylerini aşağıda paylaşdığım bu filmin qəhrəmanı bizlərə Çoçuklar Duymasın serialından tanış olan Mustafa Ali bəydir. Mustafa bəyin fəlsəfi çıxışları youtube-da doludur, məncə mütləq izləməlisiniz. Komediya filmi insanı güldürməklə bərabər həm də düşünürə bilirsə, bununla yanaşı faydalı ola bilirsə, 3 bonusu birdən qazanmış olursunuz.

Filmir tam olaraq izləmək istəsəniz bu linkdən baxa bilərsiniz. Baxmamışdan öncə isə filmin düşündürən məqamları haqqında oxumağınızı məsləhət görürəm. Bəyənsəniz oturub bazar gününü bu filmlə başa vura bilərsiniz. Beləliklə,

Qısa özət:

Filmin baş qəhrəmanı Mustafa Ali Bodrumda mütəvazi həyat yaşatır. Təbiətlə baş-başa şəhərin modern hər şeyindən uzaq sakit həyat sürən Mustafa anasından ayrılan atasını görmək üçün nəhayət İstanbula gəlməli olur. Şəhərdə qarşılaşdığı maraqlı hadisələrlə şəhər insanını da düşündürməyi bacarır. Siz bu filmə baxdıqdan sonra bir anlıq da olsa, özünüzlə sakit qalıb düşünəcəksiniz. Və mən əminəm ki, zamanla yarışa girən, dünyada ehtiyacından artıq hər şeyi yığan yeganə canlı olan insan həyatı haqqında fikirləriniz dəyişəcək. Bu arada qeyd edim ki, Mustafa Ali olduqca yüksək mütaliəli, təhsilli biridir, oxuduqdan sonra bizimkilərin dili ilə desək “başı xarab olub” təbiət qoynuna çəkilib.

Filozof şəhər insanına nələri öyərdir?

İnsanlar 2 şeyə peşman olarlar. Biri etdikləri işlər, digəri edə bilmədikləri şeylər. Etidiyniz hər hansı bir şeyin peşmanlığı zamanla keçər, amma edə bilmədiklərinizin peşmanlığı heç vaxt keçməz. 

Filmdə anasından ayrılıb başqa bir qadınla yaşayan ata ölüm ayağında olur və bizim filosof Mustafa Ali anasını da götürüb atası ilə halallaşmağa gedir. Anası isə bunu istəmir. O zaman O, yuxarıdakı bu sözləri deyir. Yuxarıdakı fikir bizə anladır ki, “istənilən hərəkət hərəkətsizlikdən yaxşıdır”. Nəticədən asılı olmayaraq etdiyiniz hər şey Sizə nələrisə öyrədir. Amma düşünüb etmədiyiniz, risk almadığınız n qədər işlər var ki, Sizə həyatınızın geri qalanında “bəlkə”lərdən başqa heç nə buraxmır. Ona görə çalışın həyatda istədiyiniz şeyləri etməkdə gec qalmayın. O, Sizin düşündüyünüz qədər uzun deyil, çünki.

Baş nazirlərin, prezidentlərin də daha öncə belə iş təcrübəsi olmayıb 

Filmdə Mustafa Ali şəhərdə sinif yoldaşı Hilmi bəylə görüşür. Hilmi şirkətlərin birində satışda çalışır. 12 il satış hədəflərini vurur, amma son il vura bilmədiyinə görə işdən çıxarırlar. Bunu eşidən Mustafa Ali həmin şirkətə işə düzəlmək üçün gedir. HR-la görüşdə çox maraqlı dialoqları olur. Bunlardan biri də hamımızın çox yaxşı bildiyi standart sual – İş təcrübəniz varmı? olur. Bir çoxlarımız ilk işimizi tapana qədər bu sual qarşısında n qədər aciz qalmışıq. Yadıma gəlir ki, tələbə ikən Engin şirkətinə CV göndərmişdim yarım iş günü işləmək üçün. İntervyuda dedilər ki, ya universitetə getməyib tam iş işləyəcəksiniz, ya da bizdə yarım iş günü yoxdur, olan bölmələrə isə ancaq təcrübəsi olanları alırıq. O zaman HR-a sual verdim ki, bəs, mən 3-cü kursda oxuyuram, indi çıxıb Sizə gəlsəm, bəlkə təcrübəm olar, amma savadım olmayacaq satış və marketinq üzrə. Siz bunu istəyirsinizmi? Dedilər fərqi yoxdur. Təbii ki, mən o təklifi qəbul etmədim. Bu gün ona görə də bir çox insan ilk işə girmək üçün min cür oyundan çıxırlar. Şirkətlərin də normal sistemli staj proqramları yoxdur. Dövlət də staj imkanına açıq olan şirkətlər üçün nəsə təşviqedici iş görmür. Filmdə də Mustafa Ali-dən bu sualı soruşanda, o da cavab verir ki, Siz işə alsanız təcrübəm olacaq. Prezidentlərin, baş nazirlərin də o vəzifədə olmamışdan öncə baş nazir təcrübəsi olmayıb, amma işləyiblər. Təbii ki, filmdə süjetlər maksimum bənzətmə və gülüş yolu ilə yadda qalan olması üçün çəkilib. Birəbir realdır, doğru fikirdir demək düz olmaz. Amma məntiqini tutduqda məntiqin doğru olduğunu görə bilərik. Ona görə əlinizdən gələn qədər tələbələrə o ilk iş imkanını əldə etmələri üçün yardımçı olun, əlinizdə imkan varsa, kiməsə bir cümlə deyib həll edə bilərsinizsə, əsirgəməyin. Bu yaxşılıq heç vaxt itməz.

Hədəflər çoxaldıqca həyat dözülməz olur

Hazırda bir çox insanlar başqaları ilə mövqe, status, geyim və s. kimi yarışlara giriblər. Gecə yuxuları pozulub. Həyatın hər saniyəsi dəyərliykən onlar saatlarını, günlərini başalarında niyə filan şey var məndə yoxdur, mən necə edim məndə də olsun deyə düşünürlər. Bir dəfə bir nəfərin qarşı masada ağladığını gördüm. Bir neçə cəhddən sonra öyrəndim ki, sən demə girib facebooka və baxıb ki, filan podruqası filan brendli çanta ilə şəkil çəkdirib. Bu da ağlayır ki, o bunların heç birinə layiq deyil, niyə onda var məndə yoxdur. Adamın dərdinə bax, ilahi 🙂  Filmdə Mustada Ali dostunun ailəsigildə qonaq olur. Ailə öz hədəflərini danışdıqca, bizim filosof onlara bu qədər planlamanın xeyirli olmayacağını deyir. Müasir dövr insana bəzi şeyləri qüsur kimi göstərir, daha sonra o qüsurları örtmək üçün nələrisə almağı təklif edir. Və beləcə həyat boyu amansız yarışa giririk. Bir də ayılırıq ki, dünən qabağımızdan keçəndə bir təpik vurduğumuz məhlə uşağı məhləyə gəlin gətirir, əsgər gedir və s. Sonda əldə etdiklərimizi təhlil edəndə heç nəyin itən zamanın yerini vermədiyini anlayırıq. Gözütox olmaq çox önəmlidir, özünüzə aşa bilməyəcəyiniz hədəfləri qoymaqla həyatınızı cəhənnəmə döndərməyin. 1 il sonra belə texnologiyanın hara gedəcəyi, dünya xəritəsinin necə olacağını bilmirik, əvəzində isə 30-40 ilin planını qururuq. Bir dəfə bir qohumumuz demişdi ki, biz azərbaycanlılar ömrümüzün axırına kimi hey söküb-tikirik nəyisə, axırda da tikdiyimiz evin içində 4-5 il yaşaya bilmirik, ölüb gedirik. 

Dünya inkişafı təmbəl insanlara borcludur

Filmdə şirkətə satış və “kişisəl gəlişim” üzrə mütəxəssis dəvət olunur və bütün əməkdaşlara təlim verir. Təbii ki, bu tip təlimlərin nə dediyini hamımız bilirik. İçindəki şiri oyat, sən əjdahasan, amma xəbərin yoxdur, sən ən yaxşısına layiqsən, ən zəngin adamlar bu cür etdi, sən də et falan. Belə yanaşmalar mənim üçün şəxsən boş təsəllidən başqa bir şey deyil. Bir də gözəl uğur hekayələri uydururlar. Adam oturmuşdu, qarajı satdı, axırıncı puluna filan şeyi aldı… Hadi lan ordan türklər demiş. Belə şeylərə ağlı olan adamın qarnı tox olmalıdır. Filmdə Mustafa Ali dünyanın təmbəl insanlara borclu olduğunu bildirir. Hətta belə bənzətmə də edir ki, böyük ehtimal təkəri kəşf edən adam yeriməyə ərinən adam olub. 🙂 Yəni yuxarıda yazdığımız kimi hər şeyi bir hədəfin arxasınca kütlə məntiqi ilə aparmaq, insanları robota döndərmək düz deyil. Onlar bu zaman özləri olmağı unudurlar. Başqalarının görmək istədiyi, sırınan həyat tərzini yaşamaq istəyirlər.

Ben hedefe karşıyım

Filmdə dostunun qovulduğu işdə çayçı kimi işə düzələn bizim filozof tez müddətdə kollektivin hörmətini qazanır. Bir dəfə həmin şirkət iclasda gələn ilə hədəfi müzakirə edir, biri 10 deyir, biri 12, sonda da bir yoldaşın təklifi ilə 15%-də razılaşırlar. Burada bizə demək istənilən odur ki, hər il real olmayan böyümə hədəfləri insanları uçuruma aparır. Çünki bu qoyulan hədəflər yuxarıdan aşağıya hamını əzə-əzə gəlir. Altda qalanın canı çıxsın. Nəticədə hədəfə çata bilməyənlər hər cür hiyləyə, yalana əl atırlar. Davamlı olaraq nəyəsə çata bilmək, çatdıra bilmək hissi insanları stresə salır. Hətta filmdə maraqlı bir müqayisə də olunur ki, neçə motosikletçi pizzanı 30 dəqiqə içində ünvana çatdırmaq üçün qəza törədib dünyasını dəyişib. Qısası şirkətlərin hədəfləri olmalıdır, olmayacaq deyə bir şey yoxdur, amma daha real olmalı, əlçatan olmalıdır. Mütəmadi olaraq yüksək tutulan hədəflər amansız yarışda insanın hüzurunu əlindən alır.

“Ağzı var dili yox” gənclər şəhərə gələndə

Filmdə Mustafa Ali və anası şəhərə gəlmişkən qohumları olan Halil İbrahimi də axtarıb tapırlar. Halil İbrahim neçə ildir ki, universitetə girib şəhərə gəlib və o andan da ailəsi ilə əlaqələri kəsilib. Bu situasiya ilə bugün n qədər adam qarşılaşıb. Özü olmasa da ətrafınızda ən az belə n qədər adam var. Bunun bir çox səbəbləri var. Kənddən gələn şəhərə qısa müddətdə alışıb keçmişindən utanmağa başlayır və o andan o keçmişi silir, bəyənmir.  Əslində isə onun bu yerlərə gəlib çıxmasında keçmişinin əvəzsiz rolu var. Bugün n qədər xaricdə oxuyan gənc ölkəsinə qayıtmamaq bir yana, ölkəsinə yuxarıdan aşağı baxmağa başlayır, lağ edir. Qurulmuş bir yolda hərəkət etmək hamı üçün rahatdır, amma çox adam əziyyət çəkmək istəmir, əlinin daşın altına qoymaq istəmir. Gəldiyi yeri unudan adam, getdiyi yerdə daimi qala bilməz. Filmdən çıxan nəticədə budur ki, keçmişimizi unutmadan gələcəyimiz üçün faydalı işlər görməliyik. Nəyisə həmişə söymək, tənqid etmək çox asandır. Onun əksi üçün nə etdin? Həmişə tənqid edən dostlarımın bir-ikisi ilə real işlər görmək istədim, sona qədər gedə bilmədilər, çünki zəhmətli olduğunu gördülər. Realda etməyin deməkdən nə qədər çətin olduğunu gördülər.

İnsan bəzən əldə etdikləri ilə deyil, imtina etdikləri ilə böyüyür

Filmdə səslənən fikirlərdən biri də budur ki, sistem insanı böyüdür, böyüdür, daim böyüdür. Və elə bir yerə gəlib çıxır ki, Sizi iclaslar, insanlar, proyektlər idarə edir. Ürəyiniz istəyən hər şeyi etməyə pulunuz olur, amma zamanınız yox. Və bir yerdən sonra hədəflər də böyüdüyünə görə imtina edə bilmirsiniz. Bir ay məsələn gözdən itib dincələ bilmirsiniz. Çünki n qədər şeyi özünüzdən asılı etmisiniz. İnsanoğlu təkcə əldə etdikləri ilə deyil, həm də imtina etdikləri ilə böyüyür.

Düşünün. Bəlkə özünüzü daha yaxşı hiss etmək üçün nəyisə əldə etmək yox, imtina etmək lazımdır?

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Müasir dövr insana bəzi şeyləri qüsur kimi göstərir, daha sonra o qüsurları örtmək üçün nələrisə almağı təklif edir. Və beləcə həyat boyu amansız yarışa giririk. Bir də ayılırıq ki, dünən qabağımızdan keçəndə bir təpik vurduğumuz məhlə uşağı məhləyə gəlin gətirir, əsgər gedir və s. Sonda əldə etdiklərimizi təhlil edəndə heç nəyin itən zamanın yerini vermədiyini anlayırıq.

Həmçinin oxuya bilərsiniz

Köşə yazıları 0 Comments

Böyük düşünə bilməmək

Böyük düşünə bilməyən adamlar haqqqında fərqli vaxtlarda fərqli çevrələrdə müzakirələrimiz olub. Bu gün dostlarla müzakirə zamanı elə bu mövzu üzərindən maraqlı bir fikir səsləndi. Fikir bu idi ki, insana aşılanmalı

Münasibət 0 Comments

Təhsilin təməlinə əsl xidmət müəllim yetişdirməkdən keçir

Zaman keçikdicə bir daha əmin oluram ki, ölkəmizdə köklü dəyişikliklərin təməli təhsildədir. Ondan kənarda bir çox şeyin ya altı boş olur, ya üstü natamam, böyür-başı da qeyri-müəyyən. Təhsillə bağlı son

Köşə yazıları 0 Comments

Həyat Keyfiyyəti

Son zamanlar müşahidələrim belə deməyə əsas verir ki, karyerasının bəlli bir səviyyəsinə gəlib çatmış bir çox top menecerlər ümumən həyat keyfiyyətlərindən razı deyil. Gəlin görək hələ ilk olaraq həyat keyfiyyəti

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın