Marketerlərin 2013 “Quba üsyanı” və gələcək planlar

Bu gün istirahət günü olduğundan bizim üçün ən böyük zövq və istirahət olan Marketing AİR haqqında İlkin və Anar müəllimlə düz 6 saat müzakirə apardıq. Bu haqda İlkin müəllim yaxın günlərdə ətraflı məlumat verəcək. Təkcə onu deyə bilərəm ki, sentyabr ayına fərqli formatda Marketing AİR 3 gələcək, göstərəcək, öyrətməyəcək, amma paylaşacaq.
Mən Sizə bu dəfə 2 tədbirimiz haqqında qısa bir-iki şey yazacam. Bunlardan biri 29-30 iyunda indiyə qədər ən iri səpkili təlim-istirahət xarakterli Quba görüşümüz haqqındadır. Bu arada Quba görüşümüz haqqında İlkin Manafov öz yazısında “çünkiləri” sadalayıb, oxumayan qalıbsa, məncə, mütləq oxusun. Bu yazının adını da gördüyünüz kimi “Marketerlərin 2013 Quba üsyanı” qoydum. Yəqin ki, bir çoxunuz nəyə görə məhz “üsyan” dediniz. 
Ona görə ki:
  1. Hər şeydən əvvəl bu görüş tək marketer və reklamçılar olaraq yox, bir insan kimi gün boyu bizi əhatə edən stress, gərginliyə bir üsyan idi. Biz əvvəl bu tip görüşü Bakıdakı istirahət mərkəzlərinin birində etmək istəyirdik, sonra düşündük ki, Bakının özünün elə gərginliklə paralleliyi var, kənara çıxmaq lazımdır. Əminəm ki, Qubadakı 2 gün bizim bütün yorğunluğumuzu yox etdi.
  2. Bu görüşdə 40-dan çox şirkətdən 66 nəfər iştirak etdi. Daha 20-yə yaxın insana isə yer olmadığından imtina etmək məcburiyyətində qaldıq. Əsas məsələ isə sırf bu görüşdə ilk dəfə bir-birini görən sektor adamları daha çox idi. Buna baxmayaraq mən deyərdim ki, indiyədək olan görüşlərimizin içində ən səmimi olanı bu görüş oldu. Yəqin bunu şəkillərdən də görmüsünüz. Bu səbəbdən Quba görüşü həm də marketerlər arasında olan nifaq və qeyri-səmimiliyə bir “üsyan” idi.
  3. Görüşün müzakirə ərəfəsində facebookdakı müzakirələrdə belə bir fikir səsləndi ki, “bir gün marketerlər yığışır Qubaya gedir, o biri gün Şəki restoranında, nə bilim gah aya uçur, gah mümkünsüzü mümkün edir, gah forum keçirir, bəs bu marketerlər nə vaxt işləyir?!” Təbii ki, o ərəfədə biz bu tip fikirlərə diqqət yetirmədik. O cür düşünənlər bununla özlərinin işlədiklərini “böyüklük” kimi göstərib, bizim bu addımlarımızı “kiçiklik” görürdülərsə, biz razı. Bu halda Quba görüşü həm də “kiçik”lərin “böyük”lərə üsyanı idi. Bu tədbir göstərdi ki, işdə olmaq əsas deyil, işin başında olmaq və işin sahibi olmaq önəmlidir. Hərçənd ki, biz bilən, bazar günü şirkətlərdə iş olmur.
  4. Anar müəllim Qubadakı təqdimatı ilə aləmi bir-birinə vurdu, satış dedi, marketinq demədi ))) Çox qızğın müzakirələrdə auditoriyadan çox qızğın komentlər gəldi. Bir növ Quba görüşü eyni zamanda satışın marketinqə “üsyanı” oldu. Bu arada təqdimatı qaçıranlar Anar müəllimin blog yazısını oxuya bilərlər.
  5. Bundan öncəki görüşlərdə dostlar haqlı olaraq deyirdilər ki, marketerlərin əyləncəli görüşü ancaq əyləncədən ibarət olmamalıdır. Nəzərə alsaq ki, marketinq onu sevən üçün əsl əyləncədir, biz də bu dəfə və ilk dəfə əyləncəli görüşümüzdə tam 4 təcrübə paylaşımı xarakteri daşıyan təqdimatla çıxış etdik. Sənan Həsənov, İlkin Manafov, Anar Bayramov və bəndəniz az bildiklərimizdən Sizinlə paylaşdıq. Deməli Quba görüşü həm də intellektual əyləncənin bəsit əyləncəyə “üsyanı” oldu. Bundan sonra bütün tədbirlərimizdə bu nüans nəzərə alınacaq.
İndi gələk gələcək planlara. 
İlk öncə onu deyim ki, avqustun ayının 31-i hazırda Azərbaycanın ən böyük və ən aktiv qrupu olan Marketinq Azərbaycanın 1 ili tamam olur. 1000 nəfərə yaxın üzvü olan qrupu və ona dəstək olan hər kəsi təbrik edirəm. Əminəm ki, bu qrup bir çox gənc marketerlərin yetişməsində əvəzsiz meydan rolunu oynayacaq və oynayır da. 1 il ərzindəki fəaliyyətimizə dair hesabat xarakterli görüşümüz olacaq.
Bu il artıq 3-cü il olacaq ki, biz davamlı olaraq marketerlərin ramazan görüşünü təşkil edirik. Keçən il məsələn Dəfnə restoranında yığışmışdıq. Bu il isə inşallah 20 iyul tarixində yığışmağı planlaşdırırıq. Tarixi müzakirəyə açmadıq, çünki qrupda 1000-ə yaxın üzv var, dəqiq fikir almaq çox çətin olacaqdı. İnşallah 20 iyul tarixində daha gözəl bir iftar süfrəsində hamınızı gözləyəcəyik. Məkan hələ seçilməyib. Münasib məkan təklifi olanlar varsa, yaza bilərlər. Bu dəfəki görüşümüzdə də mütləq şəkildə 3-4 nəfərin təqdimatlarını izləyəcəyik. Tək itar süfrəsi arxasında yığışmaq yox, həm də iftardan 1-2 saat öncə yığışıb müzakirələr aparacağıq.
Bu günlərdə FMR TV-nin daha 2 yeni verilişi ilə görüşünüzə gələcəyik. Verilişlərin nə ilə bağlı olacağını açıqlamıram hələ ki. Görənlər deyir ki, maraqlıdır. Biz də gözləyək, görək necədir.
Və sonda yuxarıda da dediyim kimi sentyabr ayında Marketing AİR 3 gəlir. Hədəflər bu dəfə daha yüksək, tələblər daha sərt olacaq. Bu haqda da tezliklə İlkin müəllimin xəbərlərini gözləyək.
Növbəti dəfə daha faydalı olmaq ümidi ilə…
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

Marketerlərin iftar görüşü – “Marketinq Ramazannaməsi” niyə vacibdir?

Yaxın dostlar bilir ki, biz bununla artıq 4-cü ildir ki, davamlı olaraq marketoloqlar, reklamçılar və bu sahə ilə əlaqəli olanlar yığışırıq. Facemark.az-ın fb səhifəsində əvvəlki görüşlərin şəkillərini görə bilərsiniz.  Bu

Tədbirlər 0 Comments

Marketing AIR 8-də hansı mövzulardan danışacam

Ötən bloq yazımda Marketing AİR 8 haqqında ətraflı yazmışdım. Bu dəfə isə Sizinlə budəfəki təlimdə nələrdən danışacağam, hansı mövzulara, hansı istiqamətlərə toxunacağam ondan yazacam. Ötən dəfə AİR-lə bağlı 3-lükdə görüşüb

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın