Milli Klaviatura Qüvvələri

Milli Klaviatura Qüvvələri

Yazının adı şəxsi təxəyyülüm deyil, bəri başdan deyim 🙂 Facebookda aidiyyatı şəkil ilə birgə görmüşdüm haçansa. Yadımda da elə qalıb, kim deyibsə, gözəl deyib. Çoxdan idi facebookdakı insan tipləri haqqında bloq yazmaq istəyirdim, daha doğrusu yazmışdım, yarımçıq idi. Düşünürdüm ki, paylaşımmı ya yox. Dostlarım deyirdi, paylaşma, özünə niyə düşmən qazanırsan. Amma açıq oynamağı çox sevirəm. Həmişə də belə olmuşam, bəyənən bu xüsusiyyətimlə bəyənər, bəyənməyənlərdən isə sadəcə “müvəqqəti verdiyim narahatçılığa” görə üzr istəyə bilərəm. Ümid edirəm ki, bu bir çoxlarında “daimi” fazasına keçməz.

Mən bu yazıda Sizə MMF loqosu ilə bağlı yenicə baş vermiş keys üzərindən facebookdakı “oxumuş” insan tiplərindən danışacam. Dünən Marketing AİR-in təqdimatında da dedim ki, biz ancaq praktikadan danışırıq, gördüyümüz, bildiyimiz misallar üzərindən fikirlərimizi paylaşırıq. Öyrətmirik a, paylaşırıq. Görürsünüz, Allahın qisməti imiş ki, bu KEYS olsun və mən daha praktik olaraq fikirlərimi izah edə bilim 🙂

Əl-qərəz. Yazımın adı Milli Klaviatura Qüvvələridir. (bundan sonra oxu: MKQ)) Yəni zehninə yox, barmağına güc tətbiq edən qüvvələr haqqında. Çox açıq yazacam, səmimiyəm, Siz də səmimi olun. Çalışın fikrinizi, düşüncənizi içinizdə gizlətməyin. Xoşbəxt olun, anınızı yaşayın. Həyat başqalarını müzakirə edəcək qədər uzun deyil. Bu haqda o boyda bloq yazmışam, oxuyun dabe. Yəni bu yazıda LOGO keysi üzərindən facebookda 5-6 oxumuş adam tiplərindən danışacağıq. Monitorunuza yaxın əyləşin, ekranı azca böyüdün, bir əlinizdə PEPSİ, o biri əlinizdə ÇİPSİM başlayın oxumağa. (Product Placementə görə gələcəkdə müraciət etmək istəsəniz deyin, edim. Bu ay xeyli yazım olacaq))

#loqosubirboydagəzəngözəllər – yazımın həştəqidir. Bu həştəq vasitəsilə fb-də və tvitterdə mənə səmimi söyüşlərinizi, sevgilərinizi göndərə bilərsiniz.

MMF təsisçiləri və agentlik adından rəsmi bəyənat artıq yayılıb. Ona görə o haqda danışmaq istəmirəm. Orada gördüyünüz kimi hər şey aydın yazılıb. Qısaca onu deyim ki, McCann Baku-nu göstərmiş olduğu professionallığa görə təbrik edirəm. Deyilən iradları qəbul etdilər, hər nə qədər oxşarlıq olsa da, plagiat olmasa da, sırf narazıçılıq olmasın deyə logo üzrə digər versiyanı seçməyi təklif elədilər. Biz də 3-cü versiyanı seçdik. Eyni zamanda Aygün xanıma da təşəkkür edirəm. Sayəsində E-manat loqosunu nəinki onların etməsini, hətta bizim loqomuzun e-manata oxşamasını öyrəndik. Uzun danışıqdan sonra loqonu dəyişmək qərarına gəldik. Ona görə də təbii olaraq, Genna ilə sülh ilə ayrıldıq. Facebook Allah şahididir 🙂 Bu arada Gennanın gördüyü işləri də təqdir edirəm, kifayət qədər professionallıqla görülmüş işləri var. Xaricdə də indi adını xatırlamıram, amma hansısa mükafat da alıblar, zəhmətkeş kadrlarla çalışırlar. Tərifdən zəhləm gedir, amma özüm də onlarla işləmişəm. Bu belə. Dialog box, bubble format Aygün xanımın özünün də yazdığı kimi dünyada istifadə edilir, google-a baxsanız bu bubble-lardan n qədər müxtəlif versiyalı loqolar hazırlandığını görə bilərsiniz. Yəni burda iddia logonun dialog box istifadəsinin artıq Azərbaycanda olduğu və “bunu 2-ci dəfə niyə istifadə etmək lazımdır ki” üzərinə idi. Mənə görə şəxsən bu fikir doğru deyil, amma önəmli də deyil. Açıq deyim ki, loqo mənim üçün çox xırda məsələdir. Lap dərinə getsək, o loqonun e-manat-ın işinə, ruhuna aidiyyatı da yoxdur. İndi bu işin başqa tərəfidir, müştəri özü belə istəyib, agentliyə təzyiq edib və s. Bizdə isə sadəcə forumun F hərfi ilə dialog box-un birləşməsindən yaranan loqodan söhbət gedir, sadəcə. Yenə deyirəm, dizaynerlərin özləri bilər, bu sadəcə mənim yanaşmamdır.

Düz yarım aydır evə 12-dən gec getmirik, dostlarımız şahiddir. Hər gün işdən yorğun-arğın çıxıb AİR-lə birlikdə yeni proyektlər düşünür, icra edirik, işləyirik. Amma təbii olaraq ola bilər ki, kimin üçünsə, bu həyat-məmat məsələsidir, bunu da normal qəbul edirik, ona görə də elə dəyişdirmək, o biri versiyanı seçmək qərarına gəldik. Logo bizim işin vacibliyinin onda biri də deyil, ağlı başında olan adam da onca işin arasında bir loqoya ilişib qalmaz. Uzun sözün qısası artıq məsələ həll oldu, biz də yolumuza son sürət davam edirik.

L`EQO-suna qalib gələ bilməyən 6 TİP

Yazının yarısına çatmışam, amma hələ də mətləbə keçə bilməmişəm. Allah xasiyyətimi kəssin. Heç cürə düzəldə bilmirəm uzun giriş verməməyi. Diqqət, başlayırıq. “LogoGate” keysi üzərindən tipləri sadalayaq.

  1. “Like”aqoliklər

Deməli, bu adamlar çox qəribə tipdilər. Açıq fikir bildirməzlər. Ya zəlzələdən, ya vəlvələdən fikirlərini ancaq başqalarının fikrini like edərək bildirirlər. Və ya tərəf olduqlarını. Bir çoxu sadəcə fikrini gözəl ifadə edə bilmədiyinə görə, bir çoxu etmək istəmədiyinə görə, bir çoxu “bir tikə zəhər”ə görə və s. Laykaqoliklər həm də bununla gələcəkdə hər-hansı situasiyada “mən heç nə demədim axı” demək üçün edirlər bunu. Bəziləri də vaxtı-zadı yoxdu, amma ya söyən, ya söyülən dostu, tanışıdır deyə deyir heç olmasa bəyənim laykını çəksin məndən deyə edir.

  1. “Popcorn”erlər

Bunlar da çox qəribədirlər. Laykaqoliklər kimi like zad da etmirlər. Qətiyyən görsənmək istəmirlər. Oxuyurlarmı? Əlbəttə. Nəinki oxuyurlar, belələri lap adamın statusunda da yatar. Popkorn alıb sakit kinoya baxanlar kimi bunlara da “popkorner” deyərdim. Ya tək, ya cəm şəklində yığışıb oxuyar, gülər, “gördün nə dedi”, “sən öl bu kişi adamdı”, “abi, bu şir ürəyi yeyib”, “ala, deyəsən qan düşəcək” tipli komentlərlə “mış” kimi monitorun arxasında gizlənirlər. Amma insaf naminə sadəcə oxuyub təəssüf edən, yazsa, o saat üstünə “leş qarğaları” kimi üşüşənlər olacağına görə çox da zad eləməyənlər də var. İstənilən halda duruma kornerdən baxmaq onlara daha maraqlı gəlir.

  1. Burcudamenko

Həə, belə tiplər də var. Onlar da məsələn, şərh yazır. Şərh ikibaşlı olur. Birində tərif, sonra isə zərbə. O, quş üstündə dostunu bıçaqlayan adamın youtube-da videosu var idi. Onun “2 kəlmə deyib, soxub gedirsən” sözü dillərə düşmüşdü. İndi burda da bu tiplər bəzən 2 kəlmə girişdən sonra sözü itələyib gedirlər 🙂 Sən də tutammırsan, nə dedi, ya da tutsan da bir söz deyəmmirsən 🙂 Belə halda Burcudamenko tipləri üçün nə şiş yanır, nə kabab. Həm ürəyindəkini deyir, həm də əl yeri qoyur. Amma diqqət edin ki, belə adamlar çox vaxt haqlı narazılıqlarını da bu üsuldan istifadə edərək bildirirlər. Yəni üsul pis üsul deyil, baxır hansı məqsədlə istifadə edirsən.

  1. GNY-lər

Belə adamlar daha maraqlı olur. Məsələn, görürsən qızğın müzakirə edir, hamı necə deyərlər mahiyyəti üzrə danışır, yazır. Bir də gördün, “vot”, “GNY” gəldi və belə bir şey yazdı – “Əşşi düzələn deyilik”, “Bizdə nə düzdü ki, bu da düz olsun”, “bu belədirsə, gör indi özü necədi”, “təəccüblənmədim”, “arada oxumaq lazımdı”, “3 kitab oxuyub elə bilir ki, bilir”, “bizim vaxtımızda belə şeylər yox idi” və s. Yəni bu siyahını n qədər uzatmaq olar. Hələ düşük-düşük və əlaqəsiz olaraq kinodan sitatlar gətirəni demirəm. Bir dəfə məktəb vaxtı sinif yoldaşımla Snoop Dog-la kiminsə duetindən danışırdıq. Yadımda deyil, necəsə oldu, mən qayıtdım ki, “Snoop Dog feat Filankəs yazılmışdı tvdə”. Bu an həmin bu sinifyoldaşım GNY gəldi və qayıtdı ki, “Nə?? FİAT??? Fiat bomba maşındır!” 🙂 GNY-ni bu misal qədər gözəl izah edən ikinci misal ola bilməz. Unutdum deyim, GNY nədi. GNY – “GUYA NƏSƏ YAZDI” tipləridir. Yəni fb-də bu LOGOGATE qalmaqalında da xeyli belə GNY-lər gördüm və güldüm 🙂

  1. “LEŞ QARĞALARI”

Bax bunlar çox təhlükəlidir. Ona görə ki, onların bir müddət, bir il, bir ömür boyu nə bilim nə qədərsə, içlərində kin yığılıb. Amma platforma olmadığına görə bahali viskilər kimi qaldıqca daha da qatılaşıb. Və budur. Elə ki, meydan düşdü, bunlarda dərd açılır. Açılır sandıq, tökülür pambıq. Bu tip adamlar məsələn, elə loqo müzakirəsində deyək, forumun keyfiyyətindən, forumu keçirənlərdən, forumu keçirənlərin üzündəki xalın forumun elmi-metodik istiqamətinə təsirlərindən, köhnə söhbətlərdən, köhnə haqq-hesablardan, dava-dalaşlardan yaza bilərlər. Onların yazdığını bir cümlə ifadə etsək “kim olmusan ki?” mesajı çıxar. Elə bil sən deyirsən, gedək çay içək, bu deyir, armud şirindi. Deyirsən, qardaş armudun çaya nə dəxli axı? Onda da qayıdır ki, “özgəsinə quyu qazan, dama-dama göl olar”. Nə deyəsən 🙂  Yadıma gəlir bir dəfə marketinq azərbaycan qrupunda bir nəfər yazmışdı ki, adminlər yazdığımı silib. Bunu fürsət bilib qrupdan çıxan kim, adminləri söyən kim, “mən bilirdim elə burda bürokratiyadır” deyən kim, “mən belə yerdə qala bilmərəm” deyən kim, “vaxtında Sizə demişdim bu adamlar yaralı barmağa zad eliyən” deyillər deyən kim, “siz kalan pul qazanırsınız” deyən  və s. Bir sözlə dumana düşənlər olmuşdu xeyli. Sonra adam özü etiraf elədi ki, özü silib, daha bilmirəm onu yazanlar hara “girdilər”, amma səs kəsilmişdi. Qurbağa gölünə daş atmışdılar. İndi bu keysdə də eyni. Bilirik ki, çoxlarının səbəbli, səbəbsiz kini yığılıb. Niyə də olmasın axı. Onlar vaxt var idi danışırdılar, hamı da elə bilirdi ki, varsa da yoxsa da budu. Sonra kimlərsə, gəldi bunların bazarı öldü, moddan düşdülər. Orta artistik azərbaycanlı belə adamları sevməməlidir, sevmir də. Biz də bunu bilirik. Onlara ən yaxşı cavab növbəti görülən iş olur. Əzizlərim, siz də şərhləri oxuyanda bundan sonra düşünün görün bu hansı tip ola bilər. Tapanda özünüzə də ləzzət edəcək. Məsələn, deyək oxuyursunuz bir şərhi və görürsünüz ki, “aaa, bu lap leş qarğasıdı ki”, “aha, bu uje burcudamenko” və s. 🙂 Sınayın, ləzzət edəcək. Ümumiyyətlə gərək hər şeyi öz adı ilə çağırasan. Yıxılanın yıxılma səbəbindən asılı olmayaraq leş qarğasının hücümunun bir səbəbi var, o da öldürməkdir. Uzaq olun, belələrindən. Paxıllıq etməyin. Seymur Baycanın bir yazısında oxumuşdum ki, bir insanın hər şeyinə paxıllıq etmək olar, ancaq zəhmətinə deyil. Çünki o insanla bir yerdə doğulmur. Yaşadıqca, əziyyətlə qazanılır. Leş qarğaları isə tənqid etdikləri şeyin “yaxşısını da gəl özün et” deyəndə ən yaxşı halda qayıdırlar ki, “bizi burda başa düşmüşlər” 🙂

  1. BTZ-lər

Bu adı Seymur Baycanın “Bir Tikə Zəhər” yazısından götürmüşəm. Vaxtınız olsa, xahiş edirəm oxuyun. Çox ağır yazıdır. Oxuyanda adam özünə gələ bilmir. Fb-də hər Sizə neqativ, ya da pozitiv şərh yazanı qınamayın. Bəlkə də bir çoxu elə yazmağa məcburdur. Məsələn, bir şirkətdə işləyir, necə müdirinə əks getsin. Axı o deyəcək ona ki, “sən kimin dostusan, ayının ya mənim?”. O, öz yaxın dostuna, olan ya olmayan kruquna necə əks getsin, ondan işi keçir axı. Məsələn, biri o birindən “otkat” alır, axı o axıra kimi gözükölgəlidi onun yanında. Amma pis bir şey etməyib, işini, nüfuzunu itirmək istəməyənlər də var. Onlar həqiqəti görür, razılaşır, amma deyə bilmirlər. Belə halları anlamaq lazımdır. Onların yerində hamı ola bilər. Ona görə də çox da şəxsiləşdirməmək lazımdır.

Bax belə əzizlərim. Hər günün bir trendi olur. Bu gün də LOGOGATE qalmaqalı ilə yadda qaldı. Görək sabah başımıza nə gəlir. Salamat qalın. Vaxtınız olsa, bloqumda sağda yuxarıda email abunə olun, yazılarımızdan həmən xəbərdar olun. “Gəlin, Sizə təsəlli verim, darıxmayın, düzəlməyəcək”

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Köşə yazıları 0 Comments

Uranın vuran əli

Məktəb və universitet vaxtı repə qulaq asırdım. Xüsusilə sosial etiraz və fəlsəfi mövzulara girə bilən reperlər daha çox diqqətimi çəkirdi. Heç vaxt açıq şəkildə də repə qulaq asdığımı hiss etdirməmişəm.

Köşə yazıları 0 Comments

Ondan bir dənədir !

Bugünlərdə facebookda hər yerdə “Səndən 1 dənədir” kampaniyası viral olaraq yayılmaqdadır. Son ayların durğunluğundan sonra belə bir aktivliyin sosial şəbəkəni əhatə etməsi, insanlarda pozitiv mühit yaratması alqışa layiqdir. Amma bizdə

İntervyular 0 Comments

Həyat prinsipləri biznesdə özünü necə göstərir? – CANLI YAYIM

Azərbaycanda ən güclü idarəçilərdən olan, networking qurmaqda deyərdim ki, 1 nömrəli adam olan dəyərli dostumuz Sakit müəllimlə canlı yayımda “Biznesdə keçərli olan həyat qanunları” haqqında müzakirəmiz oldu. Ənənəvi mövzu deyil,

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın