Niyə belədir?!

Niyə belədir?!

Vaxt və pul. Bunlar ikisi eyni anda bitməməlidir

Bir insanda bunların ikisi də eyni vaxtda bitirsə, faciədir. Nə səhvlərini düzəltməyə zamanın var, nədəki, o səhvləri ört-basdır etmək üçün pulun. Ətrafa fikir verin. Mövcud ədiblər, siyasətçilər, müxtəlif peşə sahiblərinin bir çoxunu müşahidə edirəm. Ümumiyyətlə deyim ki, ən gözəl hiss müşahidə qabiliyyətinin olmasıdır. Müşahidə qabiliyyəti güclü insanlar faktlar arasında parallellər aparıb öz fikirlərini ortaya çıxara bilir. Bəli, müşahidələr göstərir ki, bir çox ətrafımızda olan adamların pulu yetərli deyil, amma zamanı var. Zamanı olduğu üçün öz üzərində işləyəcək, enerjisi və zəhməti ona bütün əskiklərini qapamağa kömək edəcək. Və ya tərsinə. Zamanı çox da yoxdu, amma pulu var. Bu halda da “yaşına-başına yaraşmayan” hərəkətlər edir, özünü və ya karyerasını ən pik həddində ikən bir anda aşağı yuvarlaya bilir. Zaman daralır, içindəki “mən” narazıdır, nəsə çatmır, amma bilmir nə çatmır. Hər iki hal arzu olunan deyil. Hər şey öz zamanında gözəldir. Çalışın öz həyatınızda vaxt və pul tarazlığını qoruya biləsiniz.

Baxırsan, çox gəncdir. Karyerasının başlanğıcındadır, gələcəyi də çox parlaq görünür. Amma ilk kriteriyası puldur, çevrənin mərkəzinə pulu qoyub. Deyir mərkəzə yaxın olan nə varsa, gəlsin gözüm üstə yeri var 🙂 İş intervyularında və ya sosial şəbəkələrdə davranışlarını təhlil etdiyim bu tip adamlara içimdə heyfslənirəm. Bugün elə iş yerləri var ki, onlar məlum səbəblərdən yüksək maaşla insanları işə cəlb edib və o işə cəlb olunanlar üçün də həyat minimumu son iş yerlərində aldıqları əmək haqqıdır. Onlar işlərini dəyişəndə mütləq son əmək haqqını meyar alır və bu meyarı da bir-neçə ay işsiz qalmasa, dəyişmir. Bunu yenə çox təcrübəli adamlar edəndə hardasa, anlamaq olur. Qayğıları var və s. Amma iş həyatına yeni başlayanlar yumşaq desək yolu düz tutmur. Nəticədə sonra n qədər pulla da qazana bilməyəcəyi təcrübə və biliyi itirmiş olur. Savadlı olmaqdan daha çox doğru vaxtda doğru yerdə ola bilən işçi olmaq önəmlidir. Təbii ki, haqlı olaraq layiq olduğu əmək haqqını tələb edənləri alqışlayır, onları bu siyahıya aid etmirəm.

Külqabı metodu

Bir də daim tənqid edən, neqativ saçan, şirkətləri öz aləmində guya “yıxıb-sürüyən” adamlar həmişə işsiz qalacaq. Mən onları heç cür başa düşə bilmirəm. Görəsən həqiqətənmi onlara elə gəlir ki, düz edirlər. Heç bir şirkətə belə depresantlar lazım deyil. Heç kim demir tənqid olmamalıdır. Amma neqativ yayan adamlar bizim cəmiyyətdə tənqid çətiri altında ustaca gizlənib öz uğursuzluqlarını ekosistemin üstünə atmağı ən rahat yol bilirlər. Höte deyir ki, insan tənqidə nə qarşı çıxmalıdır, nədəki tənqid qarşısında müdafiə olunmalıdır. Bütün tənqidlərə rəğmən öz işini görməlidir, təbii ki, tənqidlərdən obyektiv hesab etdiklərini diqqətə almalı, amma heç bir halda yolundan dönməməlidir.  Zaman gələcək, edilən tənqidlər o adamın önündə diz çökəcək. Tənqid eşitmək istəmirsinizsə, heç nə etməyin. Bu qədər sadə. Hötenin dedikləri “külqabı”lara aid deyil. Külqabı ona görə ki, onlar ətraflarına da özləri kimi adamları yığır. Yığışıb külqabını doldurur, yəni zəhərlərini bir yerə töküb dağılışırlar. Əziz dostlar, “babam mənə kor deyib nə gəldisə vur deyib” çıxış yolu ola bilməz. Edilən məkrli tənqid sizi ağıllı göstərmir, kimsə susursa, ədəbindən susur, inanın. 4 səhv bir düzü aparır, aparsın. Amma bir səhv bütün düzləri apara bilməz. Bu qədər kor olmaq lazım deyil. İnsan nə edirsə, özünə edir. Elə külqabılar da.

İşıqlı gələcək bizsiz də gələcək. Heç kim bunu dana bilməz. Yeni hər şey də əvvəlkindən yaxşı olmalıdır. Olmasa, vay o şirkətin də, millətin də halına. Mən ən çox buna üzülürəm. Gənclik dünya hara gedir-getsin həmişə yenidən, bəlkə də 0-dan başlamalıdır. Gənclik müxalif ruhlu olmalıdır, bəli. Amma o qarşı tərəf kimi gördüyünü heçə sayaraq ola bilməz. Əgər bir az tarix, bir az ədəbiyyat oxusaydıq görərdik ki, proseslərə bu cür yanaşanlara tibb “erkən ölüm” diaqnozu qoyur. Öz sonunuzu bu qədər yaxınlaşdırmağa nə lüzum var. Müzakirə çox ciddi bir mədəniyyətdir, hər kəsin bacarmadığı mədəniyyət. Məsələn, mən görəndə ki, bu adamla müzakirə etmək olmaz, uzağı 2-3-cü cümlədən sonra qarşı tərəfdən nə cür əxlaqsızlıq desən gözləmək olar, o mübahisəyə girmirəm, ümumiyyətlə. Əvvəl belə deyildim, sonra “ağıllandım”, baş qoşmadım. O vaxt da mənə deyirdilər ki, baş qoşma, aqressiv olma, çox da fikir vermirdim. Zamanla anladım ki, düz deyirmişlər. İndi gərək Siz də o zamanı itirəsiz? Olmaz ki, olanlardan nəticə çıxarasız, əziz dostlar?! Prust deyirdi ki, zaman insanları dəyişdirir, amma insanların gözümüzdəki yerini yox. Zamanla Siz daha kamilləşə bilərsiz, amma bir-çox adamlar olacaq ki, onların gözündə elə o vaxtkı “külqabı” qala bilərsiz. Sizə lazımdır bu?

“Bilməli olduğunuz şeylərin sonuna gələndə, hiss etməli olduğunuz şeylər başlayar” – Xəlil Cibran

Hiss etdikləriniz isə çəkiyə, tərəziyə gəlmir. Onu sübut etmək olmur, ən yaxşı halda çətindir. Bilməli olduğunuz şeylərin sonu necə gələ bilər axı?! Yaradılmış insan necə təkəbbürlü ola bilər?! Elə həmin Xəlil Cibran deyirdi ki, “həyatımda bircə dəfə səssiz qaldım, o da biri mənə “kimsən” deyəndə”. Nə qədər gözəl və anlamlı bir ifadədir. İndiyədək iş həyatında uğurlu adamların tərcümeyi-hallarını oxuyandan sonra belə qənaətə gəldim ki, onların əksəriyyəti bir yola inanıb və o yolda sadəcə zəhmət çəkib, risk alıb, cəsarətli addımlar atıb və nəticədə olacaqları yeri öncədən xəyal belə etməyiblər. Dinimizdə buna “təvəkkül” də deyirlər. Bəlkə də uğursuz müqayisə oldu, amma bu an ağlıma bu gəldi. Yəni, sən uğruna inandığın yolda zəhmət çək, əlindən gələni et yetər. Vaxtı çatmayan həqiqətə utopiya deyirlər. Sizin yolunuz Sizə utopiya gəlirsə, bəlkə də zamanı çatmayıb. Məsələn, ADR-in yaranmasına da o dövrün zəruri nəticəsi deyənlər var. Amma bu təslim olmaq deməkdir.

Sizdən nəsə qalmasını istəyirsinizsə, yazın!

Liderlər zamanı və gücü əlaqəli şəkildə istifadə etməyi bacaran adamlardır. Bütün bunları ona görə deyirəm ki, hətta indi belə heç nə üçün gec deyil. Hər keçən gün gecikdiyiniz əlavə bir gündür. Vəziyyət “yaxşı” olanda hamıya yaxşı olacaq, onda rəqabət də əvvəlkinə baxanda kəskin olacaq. Problemlər var və olacaq, təbiidirmi deyil, amma nə edə bilərsiniz? Oturub gözləmək təslim olmaqdır. Əlinizdən gələni edəcəksiniz. Nə qədər banal səslənsə də, balıq bilməsə də xaliq mütləq biləcək. 2011-ci ildə Facemark.az-ı yaradanda o qədər adam lağa qoydu, o qədər adam etmə, divlər var və s. dedi ki. Hanı indi o divlər?! 2013-cü ildə forum etmək qərarına gələndə, gülənlər oldu. Tək qalanda özümüzün də hərdən gülməyimiz gəlirdi, amma inandıq. Bugün 5 il keçib, tarix üçün heç nə kimi bir şeydir. Amma biznes mühitimiz üçün 16 forum arxivimiz var. 2012-ci ildə açılan gün 8 üzvü olan “marketinq azərbaycan” qrupunun bugün 15000 üzvü var. Yaxşı-pis, faydalı-faydasız 6 ildir ki, var. Oradan nə qədər insanlar faydalanıb. Olmasa, nə olacaqdı?! Heç nə. Bütün mənfi və müsbətləri ilə bu tip atılan hər-bir cəhd məncə, alqışlanmalıdır. 2018-ci ildə təkcə mənim saydığım 12 forum keçirilib ölkədə. Çox sevindirici haldır. Amma keçirilən hər tədbirə bir vedrə qoşanlar nə etdi? Nə qədər davamlı etdi?! Bugün sevinc və qürur hissi ilə deyirik ki, Azərbaycanın 200-dən çox şirkətində ən az 1 AİR məzunu var. Toplam 540 AİR məzunu bu ekosistemdə daha yaxşı olmaq, daha faydalı olmaq üçün çalışır. Bəs olmasa idi?! Hanı o “vozdux” deyənlər indi?! Çox gözəl söz tapıblar, iş görən. Ən çox tənqid hədəfi olanlardan İlkin Manafovun Bakıda və regionlarda 0-dan min-bir əziyyətlə qurduğu 11 mağazası və milyonu keçən dövriyyəsi var. Amma Allahın xoş bir günü, bir də görürsən girir yazırılar ki, iş görən gəlsin, danışan yox. 🙂 Gülməyəsən nə edəsən. Mən təkəbbür olmasın deyə başqa dostları hələ demirəm. Yəni əziz dostlar, araşdırmadan, bilmədən qara yaxmaq olmaz. Məsələn, hələ də deyirlər ki, ancaq və ancaq öz dost, tanışlarını foruma çağırırlar. O zaman bütün Azərbaycan şirkətlərində çalışan menecerlər, sahibkarlar dostumuzdur ki?! 🙂 Buna ancaq sevinmək olar. Bir az ədalət dostlar, bir az ədalət. Çox yox, bir az. Yenə elə Hötedən misal çəkim. Höte qardaş deyirdi ki, dürüst olacağıma söz verirəm, amma tərəfsiz olacağıma söz verə bilmərəm. İndi heç kim demir tərəfsiz olun, amma dürüst olmaq mümkündür. Hətta savabdır 🙂

Və nəhayətində yazmaq haqqında

Mən yaza bilib yazmayanlara çox acıqlanıram. Yazmalı olub yazmayanlara da qıcığam, amma birincilər qədər yox. Baxın, 21-ci əsrdə ən irəli gedən və ya getmək istəyən şirkətlərimiz işə prosesləri yazmaqdan başlayıblar. Prosesi yazanlar isə bu işdə bizdən yüz il öncə “tərpənənlərdir”. Biz isə hələ indi-indi yazmağa başlamışıq. Bütün sahələrdə belədir. İnkişaf üçün əvvəl yazılanı oxuyub dərs götürməli, mövcudu da yazıb gələcəyə ötürməlisən. Hərə öz etdiyindən desin prinsipilə getsək, çox uzağa getməyək. Məsələn, götürək, Bugünün Marketinqi kitabını. İndiyədək 2 cildi çıxıb. Bu 2 cild 2015-2016-cı illərdə şirkətlərimizdə baş verənlərin güzgüsüdür. Dekabrda isə Bugünün Marketinqi 3-ü çap edəcəyik. Burada isə 2016-2018-ci illəri əhatə edəcəyik. Və düşünün. Aradan illər keçəcək, bəlkə də o yazarların bir çoxu həyatda olmayacaq, amma o dövr çox aydın şəkildə yazılmış formada qalacaq. Neçə-neçə insana mənbə rolunu oynayacaq və s. Nəyi pisdir?! Xüsusən hər sayından ilk iş aparıb Axundov kitabxanasına da verirəm. Bunları yazmaqda məqsədim qətiyyən gileylənmək deyil. O sözü çoxdan lüğətimizdən çıxarmışıq. Sadəcə özümü hərdən bu tip məsələlərdə yazmaq məcburiyyətində hiss edirəm. Hərə öz sahəsində bunu etsə, nə gözəl faydalı işlərə vəsilə ola bilər. ADR parlament xatirələrini oxuyuram, məsələn. Standart hesabatlardan çox, Üzeyir Hacıbəyovun parlament iclaslarını şərhi ləzzət edir. Bəs yazmasa, nə olacaqdı? Necə biləcəkdik ki, məsələn, oxumuş deputatların bir çoxu ana dilində danışa bilmirmiş və s. Odur ki, yazın. Vaxt gələcək, bunu etmədiyiniz üçün çox peşman olacaqsınız. Texnologiya nə qədər inkişaf edir-etsin, kitab 2000 ildir qalıb, bundan sonra da qalacaq.

Bir bazar günü yazısı…

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Şillə

Dostlar, həftəsonundan istifadə edib bu dəfə sərbəst yazı yazmaq istəyirəm. Sərbəst mövzular ləzzətli olur, ürəyin istəyən kimi yazırsan, yetər ki, yazanda ədalət hissini itirməyəsən. Fərqi yoxdur tərifləyirsən, ya tənqid edirsən.

Sərbəst 0 Comments

Sən də bir kişi olmadın – rubrikası

Bir-neçə il öncə facebook profilimdə ara-sıra məlumatlar paylaşdığım bir rubrika açmışdım. Adı “Sən də bir kişi olmadın” idi. Rubrikanın “qonaqları” adətən Azərbaycan tarixində mənfi xüsusiyyətləri ilə iz salan şəxslər olurdu.

Biznes 0 Comments

Şirkəti onun sahibindən çox sevənlər. Nə qədər səmimiyik?!

2 gün öncə şəxsi facebook profilimdə belə bir status paylaşmışdım. Şərhlər bir xeyli çox olduğundan və əsasən də yanlış istiqamətdə getdiyindən istədim bu mövzuya ayrıca bloq həsr edib Sizinlə müzakirə edim.

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın