Ruslara atom bombasının sirrini verən qadın

Ruslara atom bombasının sirrini verən qadın

35 il KQB-yə xidmət etmiş Melita Norwood (1912-2005) XX əsrin ən uzun müddət fəaliyyət göstərən casusu kimi tanınır. Kimliyi yaşlandıqdan sonra üzə çıxınca həyatının qalan hissəsini Londondakı evində ev dustaqlığında keçirməli olan Norwood, ingilislərin nüvə silahına dair sirlərini 1945-ci ildə SSRİ-yə ötürməklə, sonuncunun bir il sonra «atom klubu»na üzv olmasında baş rollardan birini oynamış və kəşfiyyat tarixinə düşmüşdü.

1937-dən 1972-ci ilə qədər SSRİ KQB-sinə xidmət edən Norwood 1992-ci ildə ifşa olunmuşdu. Xanım Norwood-u 1992-ci ildə İngiltərəyə sığınan KQB Arxiv idarəsinin keçmiş əməkdaşı Vasiliy Mitroxin ifşa etmişdi. Mitroxin, siyasi sığınma tələbinin qəbul olunması müqabilində, aralarında Norwood-un da olduğu bir çox İngiltərə vətəndaşı rus agentinin adını MI6 rəhbərliyinə çatdırmışdı. Belə ki, xanım Norwood hər nə qədər bir elmi araşdırma mərkəzində kiçik vəzifəli məmur kimi çalışsa da, atom bombasının sirlərini 1972-ci ildə təqaüdə çıxana qədər ruslara ötürə bilmişdi. Bu müddətdə kod adı “Agent Hola” idi.

50 il davam edən casusluq

İngilis kəşfiyyatı onu 1940-cı illərdən etibarən nəzarətə götürsə də, siyasi mühacir sabiq KQB agentinin təsdiqinə qədər, casus olmasını sübut edə bilməmişdi. Xanım Norwood casusluq karyerasına başlayanda, artıq beş il idi ki, Londonun şimalındakı metal tədqiqatları şirkətində katibə işləyirdi. Şirkət İngiltərənin nüvə silahlarını təkmilləşdirən mühüm araşdırmalar aparırdı. Norwood çox etibarlı əməkdaş olduğundan, vacib məlumatların hamısı onun əlindən keçirdi. Lakin heç kəsin xüsusi diqqətini çəkməyən bu qadın mütəmadi olaraq rus agentləri ilə görüşür, əldə etdiyi gizli məlumatları onlara çatdırırdı.

Norwood-u 1945-ci ildən etibarən MI6 artıq izləməyə başlamışdı. Nəticədə 1949-cu ildə, onun gizli məlumatlarla əlaqəsi kəsilir ta ki, 1951-ci ildə dəlil çatışmazlığı səbəbindən qadağanın götürülməsinə qədər. Məlumatlar köhnə qaydada ruslara ötürülməyə davam edir…

MI6 əməkdaşları 1965-ci ildə, onun sovetlərə xidmət etməsindən bir daha şübhələnsələr də, əllərində sübut olmadığı üçün, bu dəfə də hərəkətə keçmədilər. 1992-ci ildə, əlində altı qutu ilə SSRİ-dən qaçan Vasili Mitroxin xanım Norwood-un KQB-nin maaşlı məmuru olduğuna dair sənədləri təqdim edənə qədər, ingilislər casusu zərərsizləşdirə bilməmişdilər.

Buna baxmayaraq, davam edən əməliyyatların fiaskoya uğramaması üçün, xanım Norwood haqqında heç bir qərar çıxarılmır və Nazirlər Kabinetinə bu barədə məlumat verilmir. 1996-cı ildə, Mitroxinin gətirdiyi məlumatlar mediaya sızmağa başlayır, Kabinet isə Norwood-un casus olduğunu 1998-ci ildə öyrənir.

Çətin vəziyyət yaranmışdı – hökumət və kəşfiyyat bu yaşlı qadınla nə edəcəklərini bilmirdilər. Qanunlara görə xanım Norwood mühakimə olunmalı və çox güman ki, edam edilməli idi. Lakin qoca, sevimli nənə obrazındakı bir qadının asılması ictimaiyyətdə xoş qarşılanmayacaqdı deyə, məsul orqanlar işi böyütməməyə qərar verirlər (Birləşmiş Krallıqda edam cəzası 1965-də ləğv olunsa da, konkret piratlığa, vətənə xəyanətə və üsyana görə 1998-də rəsmən ləğv olunub). 1999-cu ildə, Norwood-un işinə baxan hakim məhdudiyyət müddətini əsas gətirərək edamın uyğun olmayacağına dair qərarını açıqlayır. Bir sözlə, «yüksək ideallar» uğruna ölkəsinin nüvə sirlərini sovetlərə ötürən qadın, yenə də öz ölkəsinin mərhəməti sayəsində «asılmaqdan» xilas olmuşdu.

«Peşman deyiləm»

İfşa olunduqdan sonra «etdiklərimdən peşman deyiləm, nə lazımdırsa onu eləmişəm» deyirdi. Bütün bu illər ərzində Melitanın casus olduğunu bilən yeganə insan – həyat yoldaşı idi. Xanımına çox yalvarsa da, onu yolundan döndərə bilməmişdi. Hətta ittiham irəli sürülənə qədər qızı belə, anasının nə işlərlə məşğul olduğunu bilmirdi.

İfşa olunduqdan sonra xanım Norwood MI6 əməkdaşlarını çox yormadı, hər şeyi qürurla boynuna aldı. Səmimi bir kommunist idi və deyirdi ki, «SSRİ təhsil və səhiyyə sahəsində hamıya bərabər imkanlar yaradan, zənginliyi bərabər bölüşdürən sistemə malikdir, qərblilər isə onu yox etməyə çalışırlar. Amerika ilə İngiltərənin sahib olduğu nüvə silahına Rusiyanın sahib olmaması böyük haqsızlıqdır.» Öz hərəkəti ilə nüvə müharibəsinə səbəb ola biləcəyinə görə Norwood-u tənqid edənlərin sayı çox olsa da, əksəriyyət başa düşürdü ki, bəlkə də fərqində olmadan Norwood dünya üçün böyük bir yaxşılıq etmiş, nüvə dövlətləri arasında balans yaratmışdı. Bir ehtimala görə ABŞ 1950-ci illərin əvvəllərində, Koreya müharibəsi zamanı, sırf SSRİ nüvə silahına malikdir deyə, Yaponiyada etdiyi kimi atom bombasına əl atmamışdı.

Haşiyə çıxaraq qeyd edək ki, araşdırmalardan da göründüyü kimi, həmin illərdə kommunizm ideologiyası insanlarda inam yarada bilmişdi və qərblilərin təmənnasız olaraq, ideologiyaları naminıə casusluq etmələri də, yaınız bununla izah oluna bilər. Hərçənd, SSRİ-yə atom sirlərini ötürənlərin sayı xanım Norwood-la da məhdud deyildi…

Ən ali medal

Xanım Norwood 30-cu illərdə kommunizmə bağlanmış və gizlicə kommunist partiyasına üzv olmuşdu. Heç kim kommunist olduğunu bilmirdi. Şirin görünüşlü bu qadın doğrudan da yüz ilin ən vacib casuslarından biri idi. Sovetlərə elə məlumatlar sızdırmışdı ki, ruslar onu ən yüksək medallardan biri ilə təltif etmişdilər. SSRİ üçün casusluğa başlayanda 25 yaşı olan Melita Norwood-un kommunizmə sevgisi ona latviyalı atasından miras qalmışdı. Norwood Stalinin SSRİ-də iqtidara gəlməsindən dörd il sonra casusluğa başlamışdı. O zamanlar Stalin respressiyalarından dünya xəbərsiz idi, çox güman ki, Norwood-un özü də. Bu qədər onillik sovetlərə casusluq etsə də, Norwood-un bank hesabında heç bir artım baş. Verməmişdi. Özü isə bunu: «pul üçün deyildi, yüksək ideallarım uğruna idi» sözləri ilə izah edirdi.

«…heç yaraşdırmıram»

İngiltərənin ən önəmli casusu, ölənə qədər riyaziyyat müəllimi işləmiş əri ilə bir yerdə, casusluq həyatının tamamına şahidlik etmiş Londonun kənarındakı ikimərtəbəli evdə xoşbəxt həyat yaşamışdı. Öz dediyinə görə, əri də möhkəm bir sosialist idi. Casusluq etməsinə razı olmasa da, heç vaxt ona ciddi mane olmamışdı. Ərinin 1986-cı ildə vəfatından sonra xanım Norwood bu evdə tənha yaşamışdı. Həbsindən uzun illər keçəndən sonra belə, onu KQB üçün işləməyə kimin təşviq etdiyini deməyən Norwood, sonuncu dəfə Rusiyaya əri ilə bir yerdə, 1979-cu ildə getmiş və ona təqdim olunan pul mükafatını almaqdan imtina etmişdi.

Norwood SSRİ xeyrinə casusluq edən qadınların öncülü hesab olunurdu. Belə ki, onun göndərdiyi məlumatlar sayəsində Stalin İngiltərənin nüvə silahı proqramı haqqında, bəzi ingilis nazirlərdən daha çox məlumatlı idi. O dövrün İngiltərə baş naziri Clement Attilinin öz kabinetindəki dostlarından belə gizlətdiyi bilgilər birbaşa Kremlə ötürülürdü. İfşa olunduqdan sonra da bağçasında meyvə yetişdirməklə məşğul olan xanım Norwood hərdənbir ondan reportaj hazırlamağa gələn jurnalistlərə «İnsanın öz ölkəsi əleyhinə casusluq etməsini heç yaraşdırmıram» – deyirdi… yarı gerçək, yarı zarafat.

Son söz əvəzi

Bəli, Soyuq müharibə bu və bunun kimi bir çox hadisələrlə yadda qaldı. Dünya yenicə rahat nəfəs almağa başlamışdı ki, yenidən aranı qarışdıracaq hadisə baş verdi. 11 sentyabr 2001-ci il terror hadisəsi ilə dünya çalxalandı. Amerikanın da içində olduğu bir çox ölkələr kəşfiyyat sistemlərinə yenidən «əl gəzdirməli» oldular. Bunun əvvəlcədən planlaşdırılıb-planlaşdırılmadığını, təsadüf olub-olmadığını söyləmək çətindir, amma gerçək budur ki, Soyuq müharibədən sonra dünyada gedən kəşfiyyat müharibələri daha təkmildir. Statiskaya diqqət edin: 11 sentyabrdan sonra ABŞ öz kəşfiyyat personalını nə az, nə çox düz 170 minə çatdırıb. 11 sentyabrdan sonra kəşfiyyatın, daha doğrusu dünya kəşfiyyatının nəyə və ya kimə qarşı yönələcəyi də, o qədər məlum deyil. Dünyada gedən proseslər, baş verən olaylar, ictimaiyyətə məqsədli və ya məqsədsiz sırınan verilişlər, şou proqramlar bizlərə sanki gizlicə pıçıldayərlar: «Hətta qardaşına güvənmə».

Belə çox qorxulu və ağlamalı.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 421 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

«Hətta qardaşına güvənmə»

Həmçinin oxuya bilərsiniz

MƏXFİLƏR 0 Comments

Kəşfiyyatın Maradonası – Markus Volf

Əvvəlki yazıda Qərbi Almaniyanın Kəşfiyyat Xidməti haqqında məlumat vermişdik. Ancaq ikiyə bölünmüş Almaniyanın Şərqində də boş durmurdular. Vətəndaşı addım-addım izləmək lazım gələndə xarici kəşfiyyat qədər daxili kəşfiyyat üsulları ilə məşhurlaşan

MƏXFİLƏR 0 Comments

Reinhard Gehlen – Qərbi Almaniya kəşfiyyatının ulduzu

«Soyuq müharibə»nin bitməsinə qədər iki blok – Qərbi və Şərqi Almaniya – arasında misli görülməmiş kəşfiyyat mübarizəsi gedirdi. Qərbi Almaniya öz kəşfiyyatını Qərbin sayəsində təkmilləşdirir, Şərqi Almaniya kəşfiyyatı isə SSRİ

MƏXFİLƏR 0 Comments

SSRİ-Əfqan müharibəsi və qara lalələrdə daşınan 200 nömrəli yüklər

SSRİ dövrünün repressiyalarına aid ən məşhur əsərlərdən Karl Ştaynerin “Kulakda 7000 gün” kitabından sonra sovet Rusiyasının daha bir faciəsi, onun sonunu sürətləndirən SSRİ-Əfqanıstan müharibəsi mənə maraqlı gəlməyə başladı. Həqiqətən də

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın