Aytac Babayevanın öldürülməsinə təəccüblənmədim

Aytac Babayevanın öldürülməsinə təəccüblənmədim

Axır vaxtlar nəsə hamı bir şeydən danışmağa başlayanda söhbətə o saat “kurs” olmaq həvəsim olmur. Kənardan müşahidə insana daha çox fayda verir, nəinki, tez mövzuya qoşulub özünü yandırasan. Çünki bizlər danışdıqca nə qədər dayaz olduğumuzu biruzə veririk. Media FM-də bir yarış var, ard-arda bir neçə dəqiqə “ıkkanmadan” hər hansı bir mövzuda danışmalısan. İşə gedəndə çox vaxt qulaq asıram, 10 zəng edəndən 9-u 5 cümləni pauzasız düzüb-qoşa bilmir. Maraqlısı da odur ki, düzüb-qoşa bilməyənlər alınmayanda qəhqəhə ilə gülməyə başlayırlar, utanmırlar. Adama deyərlər ki, hansı gününə gülürsən axı… Faciəsinə gülən millət o faciəni gözündə adiləşdirir.

Nə isə ki, mövzum bu deyil. Son 2-3 ayda ölkədə hər gün demək olar ki, ciddi səs-küyə səbəb olacaq nəsə baş verir. Onlardan sonunculardan biri 18 yaşlı gənc qız Aytac Babayevanın 20 yaşındakı İzzət tərəfindən amansız qətli, digəri isə bugünlərdə işindən olan xadimə ilə bağlı yayılan video görüntülərdir. Bu yazını da məhz sonuncu videoya baxandan sonra yazmaq qərarına gəldim. Əslində son videoya baxandan sonra yazıya qoyduğum adı çox düzgün seçdiyimi görürəm. Bəli, mən Aytac Babayevanın öldürülməsinə təəccüblənmədim, eləcə də xadimənin məktəbdən qovulmasına, polisin onla kobud rəftarına görə də təəccüblənmədim. Bəs Siz nə gözləyirdiniz ki? Ataların yaxşı sözü var, “öz tikdiyim məscid özümə möcüzə görünür”. Sanki nəsə qeyri-adi hadisə baş verib. Sizcə, son video misalında polis yaxınlaşıb “xanım, üzr istəyirəm, Sizin haqqınızda şikayət var. Buyurun, gəlin araşdıraq. Sizə necə kömək edə bilərik”- deməli idi? Yoxsa, Aytac İzzətdən ayrılanda İzzət ona “yolun açıq olsun, üzdümsə bağışla, inşallah xoşbəxt olarsan, daha yaxşısına layiqsən” və s. bu kimi kinolarda eşitdiyiniz sözlər deməli idi? Niyə??? Bizlər böyükdən kiçiyə hamımız vaxt udmaqla məşğuluq sanki. Sabah nə olar-olar. Bir dəfə belə bir status yazmışdım ki, “indi keçid dövrüdür, kim-kimə nəyi necə gəldi keçirdir”. Həqiqətən belədir. Məmməd Arazın təbirincə desək, cəmiyyətimizdə çox sayda laqeyd, biganə kütlə yetişib ki, “qəza məndən ötsün dedi, ötən kimi mən-mən dedi” prinsipi ilə yaşayır. Polis bir xeyli pul verib akademiyaya işə düzələndə, qiymətlərini pulla yazdıranda, hansı məntiqlə şərti o polisdən, uşaqdan, böyükdən, tələbədən ağıllı addım gözləyirsən. Bəyəm şagirdlərə valideyni təhsil verməyib Allahın umuduna buraxanda, özü tərbiyə etməyib küçənin, ətrafının ixtiyarına buraxanda, saatlarla kitab yox, playstation oynamasını bilib heç nə edə bilməyəndə, etmək istəməyəndə, qızına uşaqlıqdan savad yox, cehiz yığanda hansı məntiqlə öz məhsulunuzdan bar gözləyirsiniz axı. Məktəbə qədər uşaqlar ya rusca danışır, ya türkcə. Buna maraqlı sitatlar gətirib gülürük məclislərdə. O gün bizim uşaq – “papa, mənə oyuncak al, beni nervlendirme”- dedi deyib hahhahaaha gülən siz deyilsiniz???. Əslində bir dönəm gələcəyin əldən getməsinin fərqinə varmırıq bəlkə də. Sonra məktəb başlayır. Məktəb də ki, nə məktəb. Çox dərinə getməyək. Azərbaycanlılar az sektor – rus sektor söhbətini sünni-şiə mübahisəsindən daha sərt müstəvidə müzakirə edirlər. Bu mövzu açılanda alkaşla alimin mövqeyində fərq o qədər də nəzərə çarpan olmur. Baxırsan, bilmirsən, güləsən, ya ağlayasan. Axırıncı sona qədər oxuduğu şey telefonuna gələn mesaj olan bir gənc başlayır gah yerdəkiləri göyə qaldırır, gah göydəkiləri yerə endirib öz mövqeyini yox, nənəsinin, babasının, qonşusunun mövqeyini sübut etməyə çalışır. Öz mövqeyi yoxdur axı. Mən hələ küyə, dumana düşüb mənasını, məntiqni bilmədən, təpədən dırnağa qədər orta statistik azərbaycanlının uşağını rus sektora yazdırmasına heç cürə ad verə bilmirəm. Daha doğrusu istəyirəm, amma alınmır. Hələ onların uşaqları ilə kəsik-küsük rusca danışması teatr üçün əla süjet olardı. Çox maraqlı mənzərədir, evdə uşaq bilmir hansı dinə qulluq eləsin. Bu qədər işgəncə niyə axı?

İndiyə qədər bir neçə univeristetdə dərs demək fürsətim olub. Universitet a məhlə yox. Yəni burada öz kəndində, obasında “oğlum bakıda oxuyur, uşaq ali təhsillidi, qızımın iki diplomu bir evi var” deyən valideynlərin uşaqları təhsil alır. Onlar hər addımda ali təhsilsiz istənilən adamdan bir addım irəlidədilər guya.

Yanvar ayında bir auditoriyaya girmişdim, lövhədə bir yazı yazılmışdı. Dünən həmin lövhəni yenə gördüm, həmin yazı necə var idisə elə də qalmışdı. Yəni düz 3 aydan çoxdur ki, o lövhədə yazı yazılmır. Amma hər gün hər saat da dərs olur a. İndi mən olmayım Siz olun, o ali təhsillilərin sabah qatil olmaması üçün mənə çox yox, 2 səbəb deyin. Bir dəfə biri dedi ki, “müəllim, 3 ildir oxuyuruq, ilk dəfə sizin dərsinizdə kitab üzü açmışam”. Bunu deyəndə o biri tələbə yoldaşları “halaldı, oğulsan, sən qabağa getdin” tipli sözlər deyəndə onu deyən gənc öz içində bir az da fəxr etmişdi bəlkə də. Əslində isə böyük faciənin xəbərsiz qurbanı olduğunu bilmir. Hələ biri var, 3 ildə bir dərsə girməyib. O dəfə qayıblardan otuzunu “şappıldatdım” gördüm gəlib. Nəysə ki, deyir mənlə qəsdi qərəzçilik edirsiniz. Deyirəm pisdi ki, gəlib qulaq asırsan, məncə də sənə maraqlı olmalıdır. Deyir, “müəllim mənim işim uje hazırdı”. Dərd orasıdır ki, o biri tələbələr də bir səslə onun işinin hazır olmasını təsdiq edirlər. Faciədir həqiqətən. Bu da guya ölkənin ən böyük universitetlərindən birinin tələbəsi. Sabah 1 ildən sonra onlar şirkətə gələcək, işləyə bilməyəcək təbii. Sonra da avropada, orda-burda xaricdə 3 kitab oxuyan ağzıgöyçəklər başlayacaq yazmağa ki, gedin filan reklama da baxın, bizə də baxın. Gedin oxuyun gələrsiniz. Amma onların heç birinin “duxu” çatıb bu işin mahiyyətinə, səbəbinə, kökünə gedəmməzlər, o haqda söz, irad bildirə bilməzlər. Bu məsələlərdə ən yaxşı halda neytral qalmağı, mən siyasətə qarışmıram deyib keçməyi seçərlər. Nədənsə, sərf etməyən hər şeyi siyasətə yozmaq kimi alışqanlığımız da var. Guya deyəndə ki, niyə filan universitetdə təhsil yoxdur, sən siyasətçi olursan, siyasətə qarışmış olursan, iqtidarı bəyənmirsən və s. Nə əlaqəsi, bəylər?!

Onu da deyim ki, ümumiləşdirmə etmirəm, əksəriyyətdən danışıram. Hadisəyə də sırf nümunə prizmasından yanaşıram, yəni ola bilər ki, hadisə məhz bu cür olmayıb, amma istənilən halda ortada ciddi problem var. Qayıdaq mətləbə. Yəni Aytacın faciəvi ölümünə. Həqiqətən maraqlıdır mənə. Yaxşı ki, facebook var, 1700-dən çox fb dostum, onların da bir o qədər dostu var. Çoxunu əyani, çoxunu qiyabi tanıyıram. Yazılan şərhləri görəndə, az qalıram dönüm bir özümə baxam, bir də tarixə ki, görən mənmi səhv görürəm, yoxsa zaman o zaman deyil. Boğazdan yuxarı nə qədər şərhlər var, ilahi. Biri axırda məsələni İŞİD söhbətinə qədər gətirdi. Guya günahkar İŞİD imiş. O qoymur ki, uşaqlar dərsə getsin, onları cəlb edir. Əlbəttə cəlb edəcək, sən dini ancaq yasda görəndə, islamı PS oynayıb oranı-buranı partlatmaqla xatırlayanda əlbəttə səni İŞİD də özünə alət edəcək, sabah gedib özünə bomba qoyub partladacaqsan da. Axı mahiyyəti bilmirsən, əzizim. FB cəngavərləri daha maraqlıdır. Artistlik eləməyin, cənablar. Siz onlardan çox fərqlənmirsiniz axı. Təhsili olmayıb adam olmayan, təhsili olub adam olmayandan daha az təhlükəlidir. Kitabın üz qabığının şəklini çəkib, bir-iki mənasız şəkil çəkib, özünüzü teatrın tualetində tagg edib, liftində şəkil çəkdirib kimə intellektuallığınızı sırıyırsınız axı! Siz daha təhlükəlisiniz, inanın. Çünki sizlər səbəbi bilə-bilə artistlik edirsiniz. Guya yığışıb itin, pişiyin öldürülməsinə etiraz edirlər. Əəə bəsdirin…

Uzun sözün qısası, mən bu məntiqin (məntiqsizliyin) hökm sürdüyü mühitdə Aytacın öldürülməsinə təəccüblənmirəm. Bu hələ başlanğıcdır, anşlaq yəqin ki, uzaqda deyil. Yetişdirdiyimiz məhsul qumbara kimi hələ çox əllərdə partlayıb, çox adamın boynunda qalacaq və bunların heç biri nəticəni dəyişdirməyəcək.

Çıxış yolu nədir? Çox sadə. Özünüzdən başlayın. Camaatla işiniz olmasın, onlar düzələcək!!!

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Səbrsizliklə gözlədiyim 7 hadisə

İlin sonu yaxınlaşanda adətən insanlar gələcək il üçün planlar qururlar. Mən heç vaxt bu işi nə dekabrda, nə də yanvar ayında etməmişəm. Etməyi də sevmirəm. Çünki o aylar elə aylardır

Sərbəst 0 Comments

Manafovun doğum gününə özəl

Bu gün dostumuz İlkin Manafovun ad günüdür. Bu yazıda istəyirəm Sizlərə bir az Onu daha yaxından tanıdım. Həm də fürsətdən istifadə edib ad gününü təbrik edim. Bu arada hələ oxumamış

Sərbəst 0 Comments

Şəkilsiz yazılar seriyası #1 – CƏM EYNİ QALIRSA

İş həyatına təsir edən faktorların faiz nisbəti dəyişə bilər. Məsələn, deyək ki, 20% şəxsi vaxt, 50% əsas iş, 30% alternativ maraq dairəsi və ya ikinci bir iş tutur. Bu və

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın