“Untouchables” filmi haqqında resenziya və ya kinoda “1+1” effekti

Xatırlayırsınızsa, bir müddət öncə Məhərrəmin fəlsəfi “Kış Uykusu”ndan öyrəndiyi 6 fakt adlı bir yazı yazmışdım. Həmin yazıda istər marketoloq olaq, istər digər peşə sahibi filmdən öyrənə biləcəyimiz 6 faktdan danışmışdım. O yazıda da dediyim kimi bloqumda bu tip yazılar yazmaq daha çox xoşuma gəlir. Xüsusən nəzərə alsaq ki, marketinq insan psixologiyası ilə çox sıx bağlıdır. Bu tip yazılar da gələcək müştəriniz ola biləcək insanları anlamağa köməklik edir.

Bu dəfə 2011-ci ildə çəkilmiş Fransa istehsalı orijinal adı “İntouchables” olan filmdən bəhs etmək istəyirəm. Linkdən rahatlıqla öz dilimizdə də izləyə bilərsiniz. Filmin xoşbəxtlikdən bir neçə adı var. Ona həm “1+1” deyirlər, həm “Yaxşı ki, varsan”, “Can dostum”, “Toxunulmaz” və s. kimi adları var. Dram-komediya qarışığı olan filmin rejissoru Olivye Nakaş, ssenari isə Erik Toledano ilə birgə yazılıb. Filmin əsas qəhrəmanları Fransua Klüz (filmdə Filipe), Ömər Si (filmdə Dris)-dir.

Film haqqında qısa məlumat verib, sonra filmdən öyrənməli olduğumuz həqiqətlərdən yazacam. Film real həyatdan götürülüb. Çox zəngin fransız aristokratı olan Filipe 1993-cü ildə paraşütdən istifadə edərkən qəza nəticəsindəboyundan aşağı iflic olur.Bu əsnada özünə baxıcı axtarmağa başlayır və təbii ki, belə zəngin bir adamın baxıcısı olmaq üçün növbəyə xeyli adamlar düzülür. Lakin O, özü də səbəbini bilmədən həbsxanadan yeni çıxmış çılğın bir ərəbi – Drisi işə götürür. Filmdə bunun çox gözəl izahını da verir ki, niyə məhz Drisi seçib. Bu haqda bir az sonra. Zaman keçdikcə bu iki insan bir-birinə öyrəşməyə və möhkəm dost olmağa başlayır və olanlar da məhz bundan sonra başlayır. Film 30 milyon izləyici bir neçə avropa mükafatlarına da sahib olub. 9 milyon dollara başa gələn film 290 milyon qazandırıb.

Film dediyim kimi real həyatdan götürülüb. Real həyatda əsl qəhrəmanları işə aşağıdakı şəxslərdir: Philippe di Pozzo Borgo və Abdul

carer1_2322955b

 Beləliklə, film bizə nəyi öyrədir?!!!

  1. Olduğun kimi olmaq gözəldir.

Filmdə 90 nəfərdən çox namizəd varlı aristokrat Filipeyə baxıcı olmaq istəyir. Burda istəməyi yaltaqlanmaqla da əvəz etmək olar. Çünki onlar bu işi almaq üçün özlərindən nağıllar uydururlar. Guya onlar həyatlarında ən xeyirxah işi bu iş hesab edirlər, guya onlara xəstə bir adama baxmaq zövq verir, guya onlar bu işi pul üçün yox, borc bilirlər və s. Təbii ki, bütün bunlar süni və inandırıcı görünmür. Amma Dris bunların heç birini etmir, çox kobud formada danışır, işi almaq üçün yaltaqlanmır. Ən əsası isə O, bu kobudluğu bilərəkdən etmir, O, təbiətən də belədir və bunu gizlətmir, ona cəhd də etmir. Gəlin indi ətrafımıza baxaq. Seymur Baycanın təbirincə desək, “bir tikə zəhər” üçün dəridən-qabıqdan çıxan nə qədər insan var. Onlar bir günün içində bir yox, 3-4 növ insan olmaq məcburiyyətindədirlər və bundan olmazın əzabını çəkirlər. Türkiyə himnin yazarı Mehmet Akif Ersoy bir gün öz dostuna deyir ki, “mən artıq ikiüzlü insanları sevirəm”. Dostu ona “sən axı bütün ömrünü o tip insanlarla mübarizəyə həsr elədin, indi niyə belə deyirsən” deyə soruşur. O isə cavabında “Yaşadıqca, 3, 4, hətta 5 üzlü insanlar görürəm, ona görə də ikiüzlü insanlara hörmət edirəm ki, heç olmasa onların iki üzü var”. Bəli, biz hərdən “palaza bürün elnən sürün” atalar sözünü fərqli, özümüzə sərf edən formada başa düşürük. Yəni hamı belədirsə, hamı bu cür qabağa gedirsə, biz niyə etməyək. Amma həyatın qısalığının verdiyi kədər, o kədərdən doğan yaşamaq hissi heç bir alçaqlığa haqq qazandıra bilməz. Kimlərinsə Sizi neytrallaşdırmaq hissi, Sizin azadlıq hissinizdən üstün olmamalıdır, bu olmadıqca qalib Sizsiniz. Həyat çox qısadır, çalışın özünüz kimi olun, mövqeyiniz olsun, həqiqəti pul qarşısında utandırmayın.

        2. Bəzən öz dünyanda nəyi itirdiyini görmən üçün başqasının dünyasına girməlisən

“Allah quşu sevib ağacı yaratdısa, insan quşu sevib qəfəsi yaratdı” Biz hərdən öz azadlığımızın sərhəddinin başqasının burnunun ucuna qədər olduğunu dərk etmirik, etmək istəmirik. Zaman gəlir ki, insan boşluq içində olur və bu boşluğu onun sahib olduğu heç nə doldurmur. Necə ki, böyük bir şərab evinin sahibkarı olan milyoner Filipeni də heç nə xoşbəxt etmir. Onun hər şeyi var. Boynundan aşağı iflic olsa da, hətta baxışları nələrisə hərəkət elətdirə bilən aparatlar düzəldilib, onlarla insan hər gün qulluğunda hazır vəziyyətdədir. Amma bunların heç biri onun gecənin bir aləmi Paris küçələrində Drislə yüksək sürətlə avtomobil sürməsi qədər zövq vermir. O, başa düşür ki, ətrafın hamısının onun istəklərinə görə şəkillənməsi onu yorur. Və bu hiss get-gedə onun daha lazımsız olduğunu ona xatırladır. Buna görədir ki, hər şeyi olmasına rəğmən sevdiyi xanıma ancaq məktub yazır, üzə çıxmaqdan qorxur. Özünü tanıtmaqdan qorxur, qorxur ki, tanıtsa, O da o birilər kimi özü olmayacaq, rol oynayacaq. Filmdə 2 tamam fərqli insan öz dünyalarını toqquşdururlar və bu hər ikisinə faydalı olur ki, onlar illər boyu sürəcək dostluğa nail olurlar. Sənin əgər pis olanda zəng edib “görüşək, gəzək, pisəm” deyərkən sorğu-sualsız “yoldayam artıq” deyən dostun yoxdursa, demək bu həyatda əslində heç nəyin yoxdur.

   3. Bu gün bir də olmayacaq

Filmdə belə bir sitat var: “Gözləmə ki, hər şey asan, sadə və yaxşı olacaq. Çətinliklər həmişə olacaq. Məhz indi xoşbəxt olmağı öyrən. Yoxsa çatdırmayacaqsan”.  Yerində deyilmiş bir söz. Əziz dost, bu gün bir də olmayacaq. Yəni 05 iyul 2015-ci il bir də olmayacaq. Bu gündən çox pis günlər olub və bu gündən çox-çox gözəl günlər də olacaq, amma bu tarix təkrarlanmayacaq. Bu günü özün üçün yeməli yox, yaşanmalı etmək üçün nə etdin? Həkimlər Filipeyə bahalı müalicəsi nəticəsində 70 yaşa qədər yaşaya biləcəyini deyirlər. Amma O, buna sevinmir. Çünki həkimlər onun riyazi olaraq nə qədər mövcud ola biləcəyini qarantiləyirlər, O isə qalan illərdən daha çox məhz bu an həyatdan həzz almağa, hazırkı durumunda belə maksimum əylənməyə, sevib-sevilməyə çalışır. Əksi olsaydı, qarğa daha çox xoşbəxt olmalıydı, çünki 300 il yaşayır. Təklik heç vaxt xoşbəxtlik ola bilməz. Balzakın gözəl bir sözü var, deyir ki, “təklik gözəl şeydir, amma mütləq bir nəfər lazımdır ki, Sizə təkliyin gözəl şey olduğunu desin”. Düzdür, Salam Sarvan da deyir ki, “təklər üçün dünyanın mərkəzi də küncdür”, amma çox dərinə getməyin, ağlınıza necə gəldisə elə də yaşamaq lazımdır. Müharibənin qaydaları müharibədən heç vaxt əvvəl yazılmayıb, müharibə olub-bitəndən sonra yazılıb.

   4. Sənət, yazmaq, yaratmaq, mütaliə insanı ölümsüz edir

Filmdə belə bir dialoq olur.

– “Dris, səncə insanlar niyə sənətlə məşğul olur?”

– “Bilmirəm, yəqin gəlirli olduğu üçün”

– “Xeyr, öldükdən sonra geridə buraxdıqları tək şey olduğu üçün”

Yazmaq, yaratmaq çox önəmlidir. Yazmağın ən böyük faydası isə onun digərlərinə də faydasının toxunmasıdır. Yazmırsansa, özünə faydalı olursan, yazırsansa, səndən sonrakılar üçün mövzu, müqayisə predmeti və inkişaf yolu olursan. Çalışın, Siz də yazın. Bu haqda “Biz niyə yazmalıyıq” adlı yazını oxumağınızı tövsiyyə edirəm.

   5. Mübarizə bitməmiş əsla təslim olma!

Yuxarıdakı fikir filmin ən gözəl sitatlarından biridir. Bu gün bir çox insanlar məğlub olduqları ilə barışıblar, qəbullanıblar. Əksinə bir az incələsən, məğlub sayılmazlar. Məğlubiyyət ümumiyyətlə gözlə görünməz mənəvi bir olaydır. Maddi, görünən heç nə ilə demək olmaz ki, sən məğlubsan. Məsələn, haqsız yerə zindana atılan bir nəfər ümumən götürəndə məğlub görünə bilər, amma bu üzdən belədir. Lakin həbsə atılan insan bunu qəbul etmədikcə, dirəndikcə, məğlub sayılmaz. Məğlub olduğunuzu qəbul etmədiyiniz müddətcə, şərti “qalib” öz qələbəsini bayram edə bilmir. Siz ən pis halda fikirlərinizlə də nədəsə razılaşmırsınızsa, narahat olmayın, bu da mübarizədir. Filmdə Felipe deyir ki, “ağrılar yox ola bilir, fikirlər əsla”. Yadıma gəlir hərbi xidmətdə olarkən, düşünürdüm ki, buradakı çətinlikləri yəqin ki, həmişə xatırlayacam. Nə də olmasa, razılaşmalıyıq ki, mülki həyat deyil hərbi həyatı. Amma tərxis olandan 2-3 gün sonra sanki sən bir il elə bir yerdə olmamısan kimi hiss yaranır insanda, unudursan. Əzab qalıcı deyil, fikirlər isə ölməzdir. Fikir istehsal etmək, mal, məhsul istehsal etməkdən daha çətindir və daha gəlirlidir.

   6. Və sonda təbii ki, sevgi də başqa şeydir, həci də 🙂

Henrix Heyne deyir ki, “sevgi insan qəlbindəki diş ağrısıdır”. Bu filmdə də Felipeni ayaqda saxlayan şeylərdən biri də sevgidir. Alice adında üzünü də görmədiyi biri ilə məktublaşır və çox sonra görüşmək müyəssər olur. Felipe Drisə bu haqda danışarkən “tək sahib olduğum qüsur əlilliyim deyil, Onsuz olmağımdır” deyir. Bu haqda məncə, çox yazmaq yersiz olar. 2000 ildi dünyada bir balaca özünü dərk edən hamı deyir ki,  çox da zad eləmiyin, yəni dirəşməyin, sevgi var və o, insana güc verir. Bu filmdə də çox dərinə getmədən bunu açıq şəkildə göstərirlər.

Bu günlük bu qədər. Sabah nə olacaq bilmirəm. Aşağıda isə Sizə həmin filmdən çox maraqlı bir səhnəni paylaşıram. Baxın, nuş olsun.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Resenziyalar 0 Comments

David Ogilvy – Reklamçının etirafları

Bu yaxınlarda Orxan Amrullayevin tərcüməsində reklam dühalarından hesab edilən David Ogilvy-nin “Reklamçının Etirafları” adlı kitabını alıb oxudum. Marketinq Azərbaycan qrupunda da kitabın və eləcə də mövzunun müzakirəsi getmişdi. Və o

Resenziyalar 0 Comments

Müsəlmanlar nədə səhvə yol verdilər?

Əsrlər boyu dünya üzərində hakimiyyəti əlində saxlamış İslam sivilizasiyasının “birdən-birə” öz hegemonluğunu itirməsi bu gün məntiq sahibi hər kəsdə sual yaratmalıdır – “Müsəlmanlar nədə səhvə yol verdilər?” Necə oldu ki,

Resenziyalar 0 Comments

Mandıra Filosofu İstanbul filmi haqqında resenziya

Gərgin keçən həftəiçindən sonra çalışıram həftəsonu beynimi maksimum dincəldə biləcək işlərlə məşğul olum. Bazar günü isə maksimum riayət etməyə çalışdığım bir qaydam var – ən az 2 film izləməliyəm. Bunların

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın