Uzun çəkən iclasın gündəliyi

Uzun çəkən iclasın gündəliyi

#istəyirəm səhər işə gələndə yadıma düşsün ki, bugün iclas var və mən ona hazırlaşmamışam. Keçən həftədən yazılan tapşırıqların üstündən tez keçim, hərəsinə bir cavab fikirləşib, bu dəfə mövzulardan yayınıb vaxt udmaq üçün necə fırlatmaq olar deyə düşünüm. İclasın protokolunu tutan assistent Xatuna tez votsapdan yazım ki, “Xətiş, sən canı mənim məsələləri gündəlikdə axıra sal, iclasın əvvəlindən qan-qaraçılıq düşməsin” O da həmişəki ədası ilə “hmmm, ты знаеш да, херджи вар” yazıb axıra çoxlu hırıldama smaylikləri qoysun. Mən də telefonun üstündən bunu oxuyub, unread saxlayım.

İclas başlasın, həmişəki kimi maliyyəçimiz geciksin, gələn kimi də dəftəri açıb guya vacib nəsə qeyd edirmiş görüntüsü versin və beləcə gecikməyini öz aləmində unutdursun. HR menecerimiz Vüsalə keçən aydan hazırlaşdığı KPİ ilə bağlı təqdimatı etsin. Təqdimat edə-edə təsdiq almaq niyyəti ilə hamının üzünə baxsın, amma heç kim mövqe bildirməyə tələsməsin, gözünü qaçırtsın. Hər şey rəhbərliyin münasibətindən asılıdır, gülləni vaxtından öncə havayı atıb yandırmaq olmaz. Müdir yox desə yoxu, hə desə hə-ni müdafiə edib, hətta sübut edib ona aid bir-iki teorem falan söyləyənlər də olsun.

Vüsalənin təqdimatından sonra müdir kimin sualı var deyə müraciət etsin, mağaza müdiri əlini qaldırıb “keçən dəfə yolu bağlamışdılar, satışımız xeyli aşağı düşüb, nəsə fikirləşməliyik” desin. Müdir də artıq hər dəfə dəxlsiz vaxtda əlaqəsiz mövzu açan Yadigara baxıb köks ötürsün və üzünü assistenti Xatuna döndərib “gələn dəfə məni çağırarsız, lapatkamı da götürüb gəlib yolu açaram” desin. Xatun da guya pis olurmuş vidi verib dodağının altında “Opyat etot Yadik ne v temu” deyə mızıldansın.

Əlqərəz, Yadigarın dəxlsiz girişindən müdirimiz əsəbiləşsin və hirsini Vüsalədən çıxsın ki, “bu nə təqdimatdır hazırlamısan, bütün qazancımızı bonus verək, maaş da elə bil pensiyadır da onu işləmək lazım deyil, onsuz da verəcəklər, hə?!” Gedin, təzədən işləyin deyib üzünü iclasdakı növbəti mövzu üzrə IT menecerinə tutsun. Pazın artıq ona çatdığını görən it menecerimiz Sadiq söhbəti fırlatmaq üçün ortaya marketinqin ötən dəfəki aksiyada texniki xətaya yol verdiyini, bunun üçün də növəti dəfədən hər bir aksiya barədə detallı texniki brif vermələrini bildirsin. Ataman müəllim də hirslənsin ki, “Əə sənə nə qədər demişəm ki, mahiyyəti üzrə danış, o gün də dedim buraları səliqəyə sal, bu qədər şnur olar ofisdə? Birgün hamımızı tok vuracaq”. Sadiq də başını aşağı salıb mızıldansın ki, “müəllim onlarda tok olmur, kamera kabelləridi”. Elə bu dəm marketinq menecerimiz Səbinə Sadiqə votsapdan yazsın ki, “sen indi guyam bomba oglansan menim ishimi coxaldırsan? Гавновоз!!!”

Şirkət yaranandan təsərrüfat müdiri olan, qıraqda-bucaqda “mən olmasam, bir gündə şirkəti yeyib-bitirərlər” fikrini şövqlə formalaşdıran “müdirin sağ əli” Şəmməd kişi həmişə olduğu kimi ona aid olan-olmayan bütün söhbətlərə kurs olsun, fikir bildirsin. Bütün neqativlərdə də necə olursa, Şəmməd kişi “əvvəlki iclasda demişdim belə olacaq” desin, amma bir kopoğlu da araşdırmasın ki, həqiqətən demişdi ya yox. Marketinq menecerimiz Səbinə də Şəmmədin direktora yaxınlığını bilib, promo məhsullardan zaddan mütəmadi Şəmmədə göndərsin ki, iclaslarda dəstək olsun ona.

Sıra çox fikir bildirməyən, konkret mövqeyi olmayan, HƏ deyib həm də YOX-a yer qoyan tərzdə danışan ekspat kommersiya direktorumuz Yuriyə gəlsin. Adətindən geri qalmayıb marketinqə və HR-a döşəsin, özündən rəqəmlər çıxarıb yalandan püləsin. Bir qayda olaraq sonradan dediyi rəqəmlər səhv çıxsa da fərqi olmasın, “əsas masada qalib olmaqdır, ondan sonra hər şey unudulur” devizinə qovulana kimi sadiq qalsın. Danışdıqca da əlbir olduğu maliyyəyə üzünü tutub onun da təsdiq etdiyini müdirə göstərsin. Bu dəm marketinq menecerimiz Səbinə yerində tüstüləsin, HR meneceri Vüsalənin sifəti çönsün. İkisi də “bitir, cavab verəcəyik” tərzdə etiraz edərcəsinə reaksiya versin, amma təəssüf ki, sıra yenidən onlara gələnə qədər müdirin işi çıxsın, getsin. Ayağa qalxanda da “kimin yekun sözü varsa tez desin” deyib iclas boyu heç danışmayan audit müdirinə tərəf baxsın. Bayaqdan telefonunda iqra oynadığından sözün ona veriləcəyini gözləməsin, tez özünü toparlayıb “bir-iki məsələ var, buralıq deyil, sizə mail ilə şəxsi yazaram” deyib əli ilə telefonu göstərsin.

Axırda da hamılıqla razılaşaq ki, müzakirə ediləsi məsələlər çoxdu, qalsın növbəti dəfəyə. Assistent Xatun da protokolda İclasın Yekunları xanasına “növbəti iclas –  09 sentyabr 2019” yazsın.

Facebook Comments

Editor review

Summary

Axırda da hamılıqla razılaşaq ki, müzakirə ediləsi məsələlər çoxdu, qalsın növbəti dəfəyə. Assistent Xatun da protokolda İclasın Yekunları xanasına “növbəti iclas -  09 sentyabr 2019” yazsın.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

IB Gənclər Məclisindəki çıxışım mətni: “Mənim Həyat Fəlsəfəm”

Ib meclis rafiq veliyev from Facemark Face of Marketing Bu günkü gündə yüzlərlə gənci bir araya yığmaq və bu cür bir tədbiri keçirmək sözün həqiqi mənasında cəsarət istəyir. Tande deyir

Sərbəst 0 Comments

Həyatımızdakı reklamlar

Reklam nədir? Hamımıza tanış olan bu kəlimə marketinq termini olub mənası hər-hansı məhsul və ya xidməti hədəf kütləsinin diqqətinə çatdırmaq üçün müxtəlif üsullardan istifadəyə əsaslanan tanıtım fəaliyyətidir. Reklamların çox müxtəlif

Sərbəst 0 Comments

Etirazın yerdəyişməsindən yaranan qəhrəmanlar

“Ласковый май” qrupu ilə tanışlığım hərbi xidmət illərimə təsadüf edir. Bekarçılıqdan az qala bir-birinə dəyəndə səs çıxardan hər şeyə qulaq asırdıq deyə zövqümüz də tamam korlanmışdı. Elə o ərəfələrdə necə

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın