Erməni baş nazirinin etirafları 

Erməni baş nazirinin etirafları 

“Bizim problemlərimizin rusları maraqlandırmadığı və lazım olanda heç tərəddüd etmədən cəsədlərimizin üstündən keçə biləcəklərini biz bir siyasi partiya olaraq unutmuşduq. Rusların bizə qarşı alçaqca davrandıqlarına dair inancımızda sanki xüsusi bir təsəlli gizlənirdi”. Bu sözləri 1918-ci ildə qurulmuş Ermənistan Respublikasının ilk baş naziri olan Hovanes Kacaznuni təxminən 100 il öncə Daşnaksütyun partiyasının Buxarestdəki konfransında səsləndirib. Ötən 100 ildə Qafqazda hələ çox hadisələr baş verəcək, demək olar ki, hamısında nəinki ruslar, bir çox xarici dövlətlər də ermənilərdən alət kimi istifadə edəcəkdi. Təəssüf ki, ermənilər ötən  illər ərzində qonşuları ilə heç cür dil tapa bilmədi. Ruslardan sonra növbə fransızlara, amerikanlara, ingilislərə, gürcülərə, bölşeviklərə, bir sözlə, bütün dünyaya gələcəkdi və ermənilər üçün hamı onlara xəyanət edən obrazda idi.

Bu yazımda ətraflı şərhə çox yer vermədən H. Kacaznuninin “Daşnaksütyun – görüləsi bir iş qalmadı” kitabından günümüzlə səsləşən bir çox fikirlərini olduğu kimi paylaşacam. 100 il keçməsinə baxmayaraq deyilən fikirlər hələ də aktuallığını qoruyur. Məlumat üçün qeyd edim ki, kitab azərbaycan dilində “Parlaq İmzalar” nəşriyyatında çap edilib. Öncə də qeyd etdiyim kimi kitab Ermənistanın ilk baş naziri Kacaznuninin 17 iyun 1923-cü ildə partiya konfransında çıxışı əsasında hazırlanıb. Daha sonra uzun müddət ermənistanda və bir çox ölkələrdə qadağan edilən kitablar siyahısına düşüb. İndinin özündə də ermənilər Kacaznunidən söz etməyi elə də sevmirlər. O baxımından kitabın azərbaycan dilində nəşri çox təqdirəlayiq addımdır, oxumağı şiddətlə tövsiyyə edirəm.

Mövzuya keçmədən gəlin ilk olaraq müəllifin özünü tanıyaq. Kacaznuni (1868 – 1938) indiki Gürcüstanın Ahalsıx (Cavaxetiya)  bölgəsində dünyaya gəlib. Kökləri Erzurumdan olub 1911-1914-cü illərdə indiki Türkiyədə yaşayıb. Gənc yaşlarından Daşnaksütyun partiyasının üzvü olub. 1921-24-cü illərdə Rumıniyada mühacirətdə olub. 1923-cü ildə partiya üzvlüyündən istefa verərək, ölkəsinə dönmək üçün icazə istəyib. 1925-1937-ci illərdə İrəvan universitetində dərs deyib. 1937-ci ildə həbs edilib və 1938-ci ildə həbsxanada ölüb.

“Başımıza gələn hər şeydə xarici günahkar axtarmaq və başqa hər kəsin bizə sanki borclu olması düşüncəsi daşnakların ən böyük səhv idi” – müəllif daşnakların sadəlövhcəsinə hər dəfə bir qüvvəyə inanmasını tənqid edir, onları reallığı görməməkdə, öz inanmaq istədiklərinə inandığına görə qınayır. Məsələn, rusların osmanlıya hücumunu erməniləri xilas etmək kimi qələmə verən daşnaklar, ruslar geri çəkilən kimi bunu da qəsdən erməniləri qırğına vermək üçün atılan addım qiymətləndirirlər. Kacaznuni qeyd edir ki, müstəqillik dönəmində ingilis silahları ilə yaxşıca silahlanmışdıq, artıq nəfəs dərməyə imkan yaranmışdı. Lakin sonradan bölşeviklərin qafqazı işğalı ilə daşnaklar höküməti təhvil verməli oldular. 

Koloniya Ermənistanından gələn tapşırıq

Kitabda 1914-cü ildə Türkiyə hələ müharibəyə qatılmayan ərəfədə belə EİDP-nin (Erməni İnqilabçı Daşnaksütyun Partiyası) başqa qüvvələrin diqtəsi ilə könüllü birliklər yaradıb şəhərlərə hücum və talanlar etməsini bildirir. Birbaşa “Türkiyə Ermənistanı”nın dəfn edilməsində və türkiyədən bütün ermənilərin qovulmasında birbaşa partiyanı günahlandırır. Hətta kitabda yazır ki, könüllü birliklərin yaradılması və fəaliyyəti partiya qurultayının qərarına zidd olub. Bu da açıq-aşkar göstərir ki, müəllifin özünün də dediyi kimi koloniya ermənistanından tapşırıq alıblar. Koloniya Ermənistanı deyərkən böyük imperialist dövlətlərdə yaşayan erməniləri nəzərdə tutulur. Hətta 28 may 1919-cu ildə müstəqilliyin ildönümü ərəfəsi parlament türkiyə torpaqlarının da “birləşmiş ermənistana” aid olduğunu elan edir və bütün daxili və xarici güclərin böyük qıcığına səbəb olur. Bu hərəkət ruslar tərəfindən özbaşınalıq kimi qiymətləndirilir və gələcək illərdə bu kimi səbəblərdən bolşeviklər heç vaxt daşnaksütyuna güvənmir.

Qonşularla münasibət haqqında

Cənubi Qafqaz Komissarlığı dönəmində Daşnaksütyunun bütün qonşularla problemi var idi, bu fürsətdən gürcülər çox yaxşı istifadə edir və inkişaf edirdilər. Bakı isə o zaman həm kommisarlığın, həm də bolşeviklərin mərkəzi sığınacağı rolu oynayırdı. Daşnaklar isə istəsələr bolşeviklərə qarşı müsavatla birləşə bilərdi, amma bu mümkün deyildi. Onlar müsavat diktaturasındansa, bolşevik diktaturasını daha üstün tutdular.

“Cənubi Qafqaz Seymi” dönəmində türklərlə Trabzon görüşlərində türklər seym ölkələrinin rəsmi olaraq rusiyadan ayrılmalarını elan etmələrini istəmişdi. Həmin danışıqlar 1 ay çəkir və nəticəsiz qalır. Türklər Ərzurumu və Batumini tuturlar. İlk danışığın uğursuz olmasında gürcü və ermənilərin rusiyadan ayrılmaq ideyasına isti baxmaması idi. Azərbaycanlılar isə türklərlə eyni fikirdə idi. Ermənilər seymin dağılmasını istəmirdilər, çünki seym dağılsa, gürcülər və azərbaycanlıların qarşısında tək qalacaqlarından qorxurdular. Bu da onların istər bolşevik, istər menşevik rusiyasından nə qədər asılı olduqlarını göstərirdi. Nəhayət 26 mayda türklərin daha da irəliləməsindən sonra seym özünü buraxdı və ard-arda gürcüstan, azərbaycan və ermənistan müstəqilliklərini elan etdilər. Xatırladım ki, o ərəfələr Gümrü  və Qarakilsə də türklər tərəfindən tutulmuşdu. Müəllif həmin ərəfələr erməni nümayəndə heyətinin Paris Sülh Konfransında “dənizdən dənizə ermənistan” ideyasını irəli sürməsini də ciddi tənqid edir və bildirir ki, bu paris ermənilərinin tələbi idi ki, nümayəndə heyəti də bu ovqata boyun əydi. Hətta sonda bu situasiyanı “hamımıza yaxşı tanış olan hal” kimi də qiymətləndirir. Məqsədsiz və şişirdilmiş tələblər təbii ki, öz yerini məyusluğa buraxmalı idi.

Kitabda maraqlı bir məqam isə müəllifin cənubi qafqazda dövlətçilik ənənələrinin daha çox olduğu, daha təhsilli zümrənin yetişdiyi məkan kimi Gürcüstanı qeyd etməsidir. O hətta bildirir ki, gürcülərin dövlətləri olsa da, bu işdə çox təcrübəsiz idilər və ona görə də xeyli səhvlər edirdilər, siyasəti bilmirdilər. Kacaznuni Gürcüstanla aralarında Lori döyüşlərini xatırlayaraq – ən yaxın münasibətlər qurmalı olduğumuz qonşumuzla vuruşurduq deyir. Daşnakların bütün dövlətlərdə ərazi iddiaları zaman-zaman onları çox çətin vəziyyətə salırdı. O irəli gedərək kitabda azərbaycanla da ortaq həll yolu tapa bilmədiklərini, silaha və qətliamlara əl atdıqlarını, amma bu yolda da uğursuz olduqlarını etiraf edir.

Bolşevik sosializmi məcburi seçim və çıxış yolu kimi

Kacaznuni bolşevik sosializminin erməni ruhuna yad olduğunu, amma reallığı nəzərə alsaq ən sərfəli çıxış yolu olmasını da etiraf edir. Bununla o daşnakların nüfuzunun düşməsinə diqqət yönəldir və bildirir ki, ermənilərə indiki halda bolşeviklər daha çox kömək edə bilər, nəinki daşnaklar. Bolşeviklərlə mübarizə aparmağın da mənasız olduğunu deyir: “vaxtilə osmanlı bankını tutduğumuz kimi, heç olmasa hər hansı dövlət müəssisəsini bir-iki saatlığına tuta bilərik. Bu və ya digər binanı partlada bilərik, fərdi sui-qəsdlər planlaşdıra və həyata keçirməklə, bir vaxtlar çar və sultan məmurlarına qarşı etdiyimizə bənzər, bir neçə bolşeviki öldürə bilərik. Yıldız köşkündə Sultan Əbdülhəmidin ayaqları altında bomba partlatdığımız kimi Myasnikovun, Lukaşinin və ya başqalarının ayaqları altında bomba partlatmağa qadirik” deyə müəəllif davam edir və özünə sual verir ki biz bunları niyə edək, hansı məqsədlər üçün? Türkiyədə etdik, amma heç bir kömək gəlmədi, indimi gələcək. Maraqlı tərəf həm də odur ki, müəllif yazır ki, bolşeviklər terrora qalsa bizdən geri qalmırlar, hətta üstələyirlər. “bizim fərdi terror cəhdinə əl atdığımız yerlərdə onlar bütöv kütlələri terrora məruz qoyarlar”. Onu da qeyd edir ki, “1920-ci ilin sonunda vəziyyət çox pisləşmişdi və bolşeviklər geciksəydi, onları biz özümüz dəvət etməli olacaqdıq”.

100 il əvvəl 100 il sonra üçün deyilmiş sözlər

“Bugün iki real güc var: Rusiya və Türkiyə. Biz onlarla hesablaşmağa məcburuq. Şərait elə gətirib ki, bugün ölkəmiz rusiyanın orbitinə giribdir və Türkiyənin hücumundan kifayət qədər qorunur. Rus hegemonluğu gedərsə, onun yerini mütləq türk-tatar hegemoniyası tutacaqdır. Ya Rusiya, ya Türkiyə, ya bolşeviklər, ya da türk millətçiləri; başqa bir çıxış yolumuz yoxdur. Bu cür seçimlə qarşılaşdığımız bir şəraitdə, məncə, heç bir tərəddüdə qapılmamalıyıq. Əlbəttə ki, Türkiyə deyil, Rusiya. Əlbəttə, türk millətçiləri deyil, bolşeviklər.” Bu gün isə indiki Ermənistan Rusiya, Türkiyə və Qərb arasında qalıb, indi seçim daha da çətinləşib.

“Bəs nə etməli?”

Sonda müəllif “bəs nə etməli” tezisi ətrafında öz çıxış yolu təklifini irəli sürür. Həmin fikirləri də olduğu kimi təqdim edirik.

“Bilirəm ki, sizi çox kədərləndirəcək, lakin deyilməsi lazım gələn hüznlü sözləri heç bir bəzək vurmadan, tam açıq şəkildə burada demək lazımdır. EİDP-nin (Erməni İnqilabçı Daşnaksütyun Partiyası) artıq görə biləcəyi bir iş yoxdur.Partiyamız etməli olduğu hər şeyi etdi və öz gücünü sərf etdi. Yeni həyat şərtləri özüylə yeni tələlblər də gətirir, bizim isə bu yeni tələblərə cavab vermək qabiliyyətimiz yoxdur, buna görə də bu meydanı bizdən daha qabiliyyətli olanlara buraxmalıyıq.

Bu yeni şərtlərin nə olduğunu bir daha təkrarlamağa gərək varmı? Onlar budur;

  1. Artıq türkiyə ermənistanı yoxdur. Böyük avropa dövlətləri bizim məsələni dəfn ediblər.
  2. Ermənistan Respublikası muxtar bir bölgə olaraq Rusiyaya birləşdirilibdir. Hətta istəsək də, istəməsək də, dövlətimizi rusiyadan qopara bilmərik və bacardıqca bunu arzu etməməliyik. Məğlub olan və nüfuzunu itirən bu partiya ölkədən qovulub və artıq geri qayıda bilməz, koloniyalarda isə onluq bir iş yoxdur. Bugünkü vəziyyət məhz belədir.
  3. Müstəqillikdən sonra Daşnaksütyun özünü buraxmalı, “siyasi intihar” etməli idi. Müstəqilliklə partiyanın missiyası bitmişdi və vaxtında getsə idik, tarixdə daha şərəfli yol keçmiş bir partiya kimi qala bilərdik.
  4. Çox vaxt eşidirik ki, milli məsələmizin həlli üçün yaınız bir istiqamət kifayət deyil, çünki ehtiyatlılıq bir istiqamətin yanında və ona parallel şəkildə başqa bir istiqamətin də varlığını tələb edir. Məsələn, bu gün rus bolşevikləri türklərlə vahid cəbhədədirlər, amma sabah bu süni blok dağıla bilər və biz həm türklər, həm də arxalarında duran avropalılarla ortaq dil tapmaq zərurəti qarşısında qala bilərik. Deməli, gələcəkdə türklərlə münasibətimizi qorumaq lazımdır.
  5. Bir gün türklərlə barışmaq lazım gəlsə, səhnəyə başqa bir anlayışa, başqa bir psixologiyaya, ən əsası, başqa bir keçmişə sahib olan və ya heç bir keçmişə sahib olmayan fərqli insanlar gəlməlidirlər. O məqamda Daşnaksütyun işə yaramaz, əksinə mane ola bilər.
  6. Məni düzgün başa düş, ölməyə məhkum olan yalnız Daşnaksütyun partiyasıdır, mübarizə isə davam edəcək. Mən bolşevik ermənilərini tanımıram, amma əminəm ki, onlar da ermənidir, hətta o qədər ermənidilər ki, kommunizm onların erməni kimi düşünmələrinə mane olmur.
  7. Qarşısında rusiya ordusunu görməyən Türkiyənin öz mövqedaşı, dindaşı olan Azərbaycanla özü də ermənistan üzərindən keçərək birləşməsi, güzəştlərə deyil, əksinə yeni işğallara can atması daha ağlabatan deyilmi? Sərhədlərimizin genişlənməsi isə yalnız rusiyaya söykənməklə həll edilə bilər.
  8. Almaniya ilə əlaqələri kəsmək lazım olduğunu hiss edəndə Türkiyə özü İttihad partiyasını ləğv etdi. Türklərlə razılaşmaqdan başqa qayğımız olmasaydı, sadəcə bu belə “Daşnaksütyun səhnədən çəkilməlidir” demək üçün kifayət edərdi.

4-cü bənd məncə, bugünün ermənistanının da yeganə çıxış yoludur. Əks halda 7-ci bənd bir az daha sürətlə reallaşacaq kimi görünür. Fürsətdən istifadə edib Kacaznuninin də öz xalqına tənqidi aspektdən yanaşmasını təqdir etmək lazımdır. Ermənilər onu çox sevməsə də, Kacaznuni ermənistanın ən böyük bəlasını elə o vaxtdan görə bilmiş və vaxtında tənqid etmək cəsarətini də özündə tapmışdı. Bir başa erməninin öz dilindən, həm də baş nazir kimi əhəmiyyətli post tutan bir erməninin dilindən deyilən, yazılan bu fikirlər əlavə bəzək-düzəksiz həqiqəti başa düşməyə kifayət edir.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Köşə yazıları 0 Comments

Şərait var, bəs oğullar hanı?

Həmişə bu söz çox dəbdə idi ki, “oğullar var, şərait yoxdu”. İndi isə marketinq sferası ilə bağlı onu deyə bilərəm ki, bu ifadənin tam tərsi daha doğrudur, nəinki özü. Hətta

Köşə yazıları 0 Comments

Bu günün şirkət və agentlik münasibətləri necə olmalıdır?

Bu yaxınlarda belə bir xəbər oxudum ki, PG son dövrlər marketinq xidmətlərini daxildən (inhouse) aldığına görə təxmini 1 milyard dollar qənaət edib, bütün dünya üzrə əməkdaşlıq etdiyi agentliklərin sayını isə

Münasibət 0 Comments

Azalanda çoxalan xoşbəxtlik – “Minimalizm” kitabı haqqında

Ətrafda səs-küy, qaça-qaç, harasa tez çatmaq istəyi, gec qalmaq qorxusu, varlıq içində yoxluq, yoxluğun bolluğu, sahib olduqlarımızın həzzini, olmadıqlarımızın xiffətini çəkə-çəkə ömür bitir. Doğulanda balaca qarına, öləndə balaca qəbirə yerləşən

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın