7 il üçün təşəkkürlər, İdeal!

7 il üçün təşəkkürlər, İdeal!

Əziz dostlar, oktyabr ayının ilk bloq yazısını fərqli xəbərlə başlayıram. Belə ki, 02 oktyabrdan artıq uzun müddət – 7 ildir ki, sevə-sevə çalışdığım şirkətdən ayrıldım. Bu yazıda Sizə aldığım qərar və keçilən yol haqqında bir az danışmaq istəyirəm.

Uzun illər çalışdığın şirkətdən ayrılmaq elə də asan deyil. Arxada keçilmiş uzun bir yol var. İnsanın işlədiyi yerdən asılı olmayaraq qazandığı ən böyük nailiyyəti gördüyü işlərdən əlavə, həm də qazandığı dostlarıdır. İdeal sayəsində qazandığım dostların dəyərini ölçmək belə mümkün deyil. Bu gün marketinq və iş dünyasından tanıdığım çox adamı işim əsnasında tanımışam. Say-say bitməz yəni.

Ayrılmaq qərarımın izahına keçməzdən öncə bir az arxaya nəzər salmaq istərdim. Bu müddət ərzində çox dəyişiklik oldu, onlardan ilk xatırladıqlarımı Sizinlə də bölüşürəm:

  • 7 il ərzində təxmini 150 nəfərlik heyətdən 600 nəfərlik komandaya qədər gəldik.
  • 5-6 mağazadan 15 mağazaya qədər genişlənə bildik.
  • 2009-cu ildə marketinq şöbəsinin ilk işçisi olaraq fəaliyyətə başlamışdım. 26 nəfərlik komandaya qədər böyüyə bildik.
  • 3 dəfə rebranding edib İdeal brendini beyinlərdə fərqli yerlərə gətirə bildiyimizi düşünürəm.
  • Öz İdeal Beauty jurnalımızı 35-40 min tirajla buraxmağa başladıq. Hətta 2 dəfə ilin jurnalı belə seçildi.
  • Bazar payına görə ən böyük oyunçular içində son yerlərdən bu günkü 1-ciliyə qədər yüksəldik.
  • Gözəllik sektorunda ilk CRM loyallıq sistemini qurub 200 minə çatan müştəri bazasına qədər böyüyə bildik.
  • 2 ildir ki, professional şəkildə öz onlayn satış saytımızı (idealdanaldim.az) qurduq. Sıfırdan və inadla işi alıb sona çatdıra bildik. Satışlar get-gedə artmaqdadır.
  • İlk dəfə tam funksiyalı bonus sistemini tətbiq edərək CRM-də bir növbəti mərhələyə adlaya bildik.
  • Azərbaycanda ilk taksit sistemini 2011-ci ildə bazara buraxdıq. Məhz bundan sonra bu gün tanıdığınız bir çox məşhur taksit kartları bazara çıxdı.
  • Müştərilərin loyallığının artırılmasına yönəlmiş İdeal Klub layihəsini qurub partnyor sayını 100-ə qədər artıra bildik. Layihə üzrə ideal kart sahibləri sahib olduqları endirim kartları şəhərin müxtəlif tipli obyektlərində endirim və güzəştlər əldə bildi.
  • Sosial şəbəkələrdə Miss İdeal, Ən Az Like kimi səs-küylü müsabiqələrə imza ata bildik. Facebook səhifəsində 8 professional app və yarışlar üçün ayrıca professional app yazmaqla rəqiblərimizdən seçildik.
  • Bu gün 200-dən çox brendin rəsmi nümayəndəsi və bütün niş ətirlərin təqdim olunduğu şəbəkəyə sahib olduq.
  • Ən yaxın rəqiblərimizdən satışlara görə ən az 2.5 dəfə öndə olmanın verdiyi qürur hissi də var.
  • 7 il ərzində 250-dən çox fərqli, kreativ kampaniyalara marketinq olaraq imza atdıq. Retail sektorda bütün kommunikasiya növlərindən ən aktiv istifadə edən top 5 şirkətdən biri olmağı bacardıq. Bu müddətdə 50-dən çox fərqli kreativ konseptlə kampaniyalarımızı müştərilərimizə çatdırdıq.
  • Gözəllik sektorunda ilk dəfə İdeal Akademiya quraraq, öz işçilərimizi özümüz yetişdirməyə başladıq.
  • Artıq bir neçə ildir ki, bazarda satış göstəricilərinə görə top 10-da olan öz private label məhsulumuz olan İdeal MUP bazara çıxardıq.
  • Dünyaca məşhur MAC brendinin Azərbaycanda 4 mağaza ilə rəsmi nümayəndəsi olduq.
  • Zaqafqaziyanın ən böyük parfum və kosmetika mağazasını 28 mall-da açdıq.
  • Və hamının sevdiyi 1+1 aksiyasını təkcə bizim sektorda deyil, bütün digər sektorlarda məşhur aksiya növü kimi PR edə bildik.
  • Son olaraq isə düşünürəm ki, bu illər ərzində Azərbaycanda hədiyyə etalonu kimi ƏTİR-i ilk 3-lüyə sala bildik.

Bütün yuxarıda yazılan və yazılmayan onlarla işin arxasında böyük zəhmət yatır. Bu işlərdə komanda şəklində çalışmağımızın və təbii ki, şirkət rəhbərinin yenilikçi olması, bütün ideyalara açıq olması, marketinq yönümlü olması, hətta marketinqi çox sevməsi də böyük rol oynayıb. Fürsətdən istifadə edib başda baş direktor İlqar müəllim olmaqla hər kəsə təşəkkür edirəm. Yaxşı ki, bir yerdə nələrisə bacardıq deyirəm.

Ayrılmaq qərarına gəlincə. 2009-cu ilin 24 aprelində İdealda ilk iş günüm oldu. O gündən İdealın uğurları üçün bütün komanda ilə gecə-gündüz demədən çalışdıq. Hər bir insan hər gün işində nəsə yenilik etmirsə, həyəcan qatmırsa, gec-tez iş effekti aşağı düşəcəkdir. Biz də hər gün nələrisə İLK etmək və daha yaxşı etmək üçün çalışdıq. Amma bir zaman gəlir ki, o zaman dəyişiklik labüd olur. İstər çalışan şəxsin özünə, istər şirkətə yeni qan lazım olur. O gün toyda dostumuz Firdovsi deyir ki, Rafiqi görəndə elə bil İdealın loqosunu görürəm. 🙂 Açığı onda da hiss elədim ki, artıq ayrılmaq üçün tam uyğun zamandır. Demokratiyanın qaydaları da bunu deyir ki, bir kresloya çox ilişmək olmaz 🙂 Şirkət dəst-xəttini bir müddətdən sonra dəyişməlidir. Sadəcə zamanı düzgün seçmək lazımdır. Vaxtında gedə bilmək böyük bacarıqdır deyə düşünürəm. Karyeranın qızğın vaxtında nə məqam, nə pul həqiqətə qarşı qurban edilə bilməz. Həqiqəti pul qabağında utandırmaq olmaz. 7 il uzun müddətdir, təbii ki, incikliklər də oldu və s. Amma bunlar hamısı artıq keçmişdir. Mən həmişə iş yoldaşlarım da bilir ki, düzgün hesab etidiyim sözü deməkdən heç vaxt çəkinməmişəm. Razılaşmadığım qərarlar da olub, dəyişdirə bilməmişəmsə, hörmətlə yanaşmışam.

Əlavə olaraq da marketoloq olaraq fərqli sektorlarda çalışmağın verdiyi fayda da bir ayrıdır. Son 2 ay idi ki, daha çox düşünürdüm və tərəddüd edirdim. Sonda anladım ki, qərarı verdinsə, başqa heç nə düşünməməlisən. Yoxsa elə illərlə ˝görəsən belə eləsəydim necə olardı, bəlkə….˝deyə-deyə qalacaqsan. Ancaq irəli baxmaq lazımdır.İdeal mənim həyat tərzim idi. Məsələn, 2-3 gündür işə getmirəm və hiss edirəm ki, hələ bir müddət alışmalıyam bu situasiyaya. Çünki adam inanmır ki, indi sənə zəng edib hansısa müştərinin şikayətini çatdırmayacaq, həll yolu barədə məsləhətləşməyəcəklər 🙂 Xeyirlisi.

Təxminən 1 həftəlik istirahətdən sonra yeni iş imkanları haqqında da məlumat verəcəyəm. Yaxın çevrənin qərarımı bilməsindən sonra bir çox iş təklifləri oldu və mən rahat olanı seçmədim 🙂 Çətin, amma sənə daha çox şey öyrədəcək və öyrədərkən də şirkətini qabağa aparacaq işdə görürəm özümü. İnanıram ki, növbəti iş yerimdə də güclü komanda ilə önə çıxa biləcəyik.

Mənə qazandırdığın və ömrümün ən gözəl 7 ili üçün TƏŞƏKKÜRLƏR, İDEAL !!!

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Həyat mənə dedi ki…

Hər şey istədiyim kimi olsun istəyirdim. Həyat mənə dedi ki, qələtini elə otur oturduğun yerdə. Hər istədiyin kimi olsa idi bu dünya maraqlı olmazdı. Bir də öyrətdi ki, xəyallarla reallıq

Sərbəst 0 Comments

Biz niyə yazmalıyıq ?!

“Yazar olmaq istəyirsən? Hər şeyə rəğmən, o, daxilindən vulkan kimi püskürüb özünə yol açmasa, yazma! Çağrılmadan gəlməzsə – ürəyindən, düşüncəndən, ağzından və canından, yazma. Söz axtararaq, saatlarla oturub gözünü komputerin

Sərbəst 0 Comments

Teymur paşanın xatirə dəftəri

Bilirəm ki, Teymur Paşam haqqında yazılarım üçün çox darıxmısız. Elə mən özüm də darıxmışam. Neçə vaxtdır ki, vaxt edib oxuculara çoxdan söz verdiyim “Paşamın xatirə dəftəri” yazısını tamamlaya bilmirəm. Son

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın