Digital Marketing Conference 2016-ya hazırsınız?

Digital Marketing Conference 2016-ya hazırsınız?

Dostlar, hər il olduğu kimi bu il də DMC hazırlıqları yüksək səviyyədə davam edir. Bugün istədim Sizinlə hazırlıqlardan danışım, gedişat barədə hələlik dəqiq olan məlumatları bölüşüm.

Məkan haradır?

Bu ilin iyul ayından məkanla bağlı dəqiqləşdirmələr aparırdıq. Keçən il ADA-da etmişdik, bilirsiniz. Məncə, hamının da ürəyindən olmuşdu.  Bu il də eyni yerdə etmək istərdik, amma ADA-nın daxili tədbirləri səbəbindən orada etməyimiz alınmır. Hər işdə bir xeyir var. Bu il biz Azərbaycanda teatral zalı olan yeganə otel – Kempinski oteldə edəcəyik. Daha doğrusu indiki adı ilə Badamdar oteldə. Sizə aşağıda şəkilləri də paylaşacağıq, çox gözəldir həqiqətən. Ən əsası isə funksionaldır. Odur ki, bu il ilk dəfə digital forumu otel formatında edəcəyik. Dediyimiz kimi otelin Auditorium zalı teatraldır və 520 nəfərlik yerimiz var.

DMC2016 nə zaman olacaq?

Keçən il 31 oktyabr idi. Bu il də əsas kriteriya kimi oktyabrın son şənbə gününü əsas tutduq. Amma 29 oktyabr Zəngilanın işğal günü olduğundan təbii olaraq o tarixi seçmədik. Bizim üçün şənbə günü olması insanların rahat gələ bilməsi üçün vacib idi. Ona görə də 5 noyabr tarixini seçdik. Praktika göstərdi ki, iştirakçılar şənbə günü olmasına daha çox maraq göstərirlər. Odur ki, dostlar, 5 noyabr 2016, şənbə günü ölkənin 2-ci Digital Marketing Conference baş tutacaq.

Kreativ tərəfdaşımız kimdir?

Dostlar, keçən il bilirsiniz ki, kreativ tərəfdaşımız BrandUp agentliyi idi. Buna görə onlara fürsətdən istifadə edib təşəkkür edirik. Bu il isə Sizin hamınızın çox yaxşı tanıdığı MMF2013 ilk milli marketinq forumunun da kreativ tərəfdaşı olan və bu kimi maarifləndirici tədbirlərə hər şəraitdə təmənasız dəstək verən Yello Advertising şirkətidir. Hələ ki, konsept üzərində iş gedir. Yaxın günlərdə yəqin ki, Azər və Namiq bəy açıqlayarlar. Bu il əvvəlki təcrübələrimizdən irəli gələrək daha çox yeniliklər etməyə çalışacağıq. Aysel xanım hər gün bu iş üzərində ciddi çalışır ki, hər şey ən üst səviyyədə olsun. Bu il fikri var ki, hətta dmc olan zalda əməyi keçən hamının şəklini xüsusi mesajlarla divarlardan assın. Düşünürəm bu da tədbirə bir ayrı rəng qatacaq. Digər yenilikləri isə indi açıqlamasam daha yaxşıdır. Sayt üzərində də iş gedir. Yaxında onu da istifadəyə verəcəyik.

Əsas məsələ – spikerlərimiz

Spikerlərimizin ilkin “long listi” də artıq hazırdır. Amma bu məsələyə çox diqqət edirik. Keçən il yüksək performans gözlədiyimiz bəzi spikerlər gözləntiləri istənilən səviyyədə doğrultmadı, parallel olaraq gözləmədiyimiz halda bəzi spikerlər də izləyicilər tərəfindən yüksək qiymətləndirildi. Bizim tədbirin ən əsas gücü keyfiyyətli kontentdir. Onu yaradan isə spikerlərdir. Kənardan tənqid etmək yazmaq çox asan gəlir.  Amma bəzilərimiz səhnəyə çıxanda tam fərqli performans sərgiləyirik.  Çalışacağıq ki, spikerin özü yox, danışdığı Sizə faydalı olsun. Əsas olan budur. Əgər Sizin də təklifiniz varsa, bizə yazın. Ola bilər ki, kiminsə fəaliyyəti gözümüzdən qaçıb . Yazın, baxaq, danışaq, dəyərləndirək. Bu il həm də xaricdən spiker dəvət etmək istəyirik. Bunun üçün Facemarkın xaricdəki partnyorlarına da müraciət etmişik. Bizim bazara yaxın, danışdıqları ilə yerli bazarımıza faydalı ola bilənlərə üstünlük verəcəyik. Spikerlərlə işdə hər ötən il daha çox şey öyrənirik. Bu il də onlarla daha sıx işləyəcəyik ki, tədbir zamanı Sizlər razı qalasını,  faydalana biləsiniz. Xəbərlərimizi izləyin. Spiker təklifləriniz varsa, yazın.

Biletin qiyməti və s.

Yuxarıda yazdığımız kimi bu il DMC-də 520 nəfərlik iştirak imkanımız olacaq. Keçən il 420 nəfərdən çox adam gəlmişdi. Xeyli əlavə stollar yerləşdirməli olduq. Bu il isə 520 çox rahat kreslolar Sizi gözləyir 🙂 Qiymətimiz ölkədə baş verən 2 devalvasiyanı da nəzərə alaraq yenə keçən ilki qiymətə, yəni 25 manata olacaq. Biz dəfələrlə demişik. Bu tədbir biznes məqsədli deyil. Sadəcə maksimum çalışırıq ki, özümüzdən çox xərcləməyək. Biz də Sizi kimi maaşlı işçilərik, bu işə ayrılan zaman, məsuliyyətin dəyərindən əlavə maddi olaraq da sıxıntı yaşamaq istəmərik , amma olarsa belə sevə-sevə yenə qarşılayacağıq. Çünki biz tənqidi sevirik, amma ancaq tənqid edəni yox. İş görənlər səhv edəcəklər, ancaq tənqid edənlər isə heç vaxt ortaya doğru düzgün iş çıxara bilməyəcək – bu gün kimi aydındır. Ən gözəl cavab növbəti işi də uğurla başa vurmaqdır. Səhvlərimizdən də nəticələr çıxarmışıq , yenə də olsa, bizə bildirin düzəldək. Sağ olun ki, bunu bizə pulsuz edəcəksiniz 🙂 Hə, yemək məsələsinə gələk . Biz çox istəyirik ki, o 25 manatlıq biletə nahar və bir kofe break də daxil edək. Bu çox çətindir indiki halda. Yəqin ki, naharla bağlı məsələlərdə bizə dəstək olmaq istəyən dost şirkətlər tapılacaq. Əgər bu olarsa, mütləq şəkildə nahar və çay fasiləsini də biletə daxil edəcəyik. Biletləri keçən ilki kimi çatdırılma ilə edəcəyik. Online satılması üçün hazırda platforma axtarışındayıq. Təklifi olanlar yaza bilər. Biletlərin satış vaxtını Sizə elan edəcəyik.

Proqramımız necədir?

Bu il də eynilə 3 panelimiz olacaq. Panellərin adlarını daha sonra elan edəcəyik. Hər paneldə minimum 3 spiker və 1 moderator nəzərdə tutmuşuq. Spiker sayı arta da bilər. Çalışacağıq sual-cavaba daha çox vaxt qalsın. Bundan əlavə hazırda proqramın daha dinamik olması üçün bir neçə təklifi də dəyərləndiririk. Həmçinin panellər arası xüsusi təqdimatlar da düşünmüşük.

Sponsorluq, dəstək məsələləri ilə bağlı

Növbəti xəbərimizdə Sizlərə tədbirimizdə sponsorluq şərtlərini Aysel xanım öz bloqunda ətraflı yazacaq. Dəstək olmaq istəyən şirkətlər üçün bu il tədbirimizin təşkilati komandasının rəhbəri Günel xanım Muradzadəyə yazmağınızı xahiş edirik. Mail – gunel.muradzade@facemark.az Dostlar, tədbirdə 300-ə qədər şirkətin 500-ə yaxın əməkdaşı iştirak edəcək. Məhsul və xidmətinizi tanıtmaq üçün bundan gözəl fürsət ola bilməz. Sizi partnyorlarımızın arasında görməkdən şad olarıq. Onu da deyim ki, otelin foyesində brendvol olan ərazidə şirkətlərin tanıtım stendini quraşdırmaq üçün əla imkan və yer var. Əlavə edim ki, tədbir bütövlükdə lentə alınacaq. Fotolar çəkiləcək və daha sonra pr xarakterli 2 ay ərzində də istifadə ediləcək.

Jurnalistlərin akkreditasiyası və media partnyorluqla bağlı

10 sentyabr tədbiri işıqlandırmaq istəyən jurnalistlər üçün son qeydiyyat tarixidir. Sonradan, tədbirə 2-3 gün qalmış bu məsələlərə baxılmayacaq. Media orqanların akreditasiyası ancaq təşkilati komandanın müzakirəsindən sonra təsdiq ediləcək. Müraciətlərinizi yenə Günel xanıma mövzu yerində media partnyor yazmaqla göndərə bilərsiniz – gunel.muradzade@facemark.az

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Dostlar, 5 noyabr 2016, şənbə günü ölkənin 2-ci Digital Marketing Conference baş tutacaq.

Həmçinin oxuya bilərsiniz

Araşdırma 0 Comments

Mümkün böhran ssenariləri

Dünyada fərqli vaxtlarda fərqli səbəblərdən qaynaqlanan böhranlar olub. Onları iqtisadi, siyasi və digər parametrlərə görə qruplaşdırmaq olar. İqtisadi nöqteyi nəzərdən böhranları qruplaşdırası olsaq, görərik ki, mümkün böhran ssenariləri bir neçə

Tədbirlər 0 Comments

Niyə Satış Forumu?

Hazırkı iqtisadi şəraitdə bir çox şirkətlər satışdan ciddi şəkildə asılı hala düşüb. Həm qlobal iqtisadi dəyişikliklər, həm də rəqabətin bu halda artması şirkətlərimizdən satışı artırmaqdan əlavə, ən pis halda öncəki

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın