Forumlar Azərbaycan üçün niyə çox faydalıdır?

Forumlar Azərbaycan üçün niyə çox faydalıdır?

Dostlar, bir neçə gündür ki, İstanbuldayam. Burada olanda ən çox kitab mağazalarında vaxt keçirməyi sevirəm. D&R-da düz bir bütöv günümü keçirdim, 15 kitab aldımsa, 2-ni də fürsətdən istifadə edib orada oxuyub bitirdim 🙂 Mühitin möhtəşəmliyi haqqında yazmayacam, amma bir sözlə kitab həvəskarısınızsa, dincəlmək üçün bir gününüzü bura ayıra bilərsiniz.

Bu dəfə mən Sizinlə 2 istiqamətdə söhbət edəcəm. Birinci Azərbaycanda niyə forumların vacibliyindən danışacağıq, ikinci yazıda isə Uludağ Ekonomi Zirvesində yadda qalan, faydalı fikirləri paylaşacam.

D&R-dan 2 ildən çoxdur ki, marketinq və iqtisadiyyata dair  hər ay 10-dan çox jurnal alıram. Bu dəfə də Capital və Ekonomist jurnallarını səbrsizliklə gözləyirdim. Çünki, orada “Uludağ Ekonomi Zirvesi” haqqında yazacaqdılar. Qısa xatırlatma edim ki, UEZ illik olaraq Capital və Ekonomist jurnalı tərəfindən keçirilir. Bu il də 23-25 mart tarixlərində 90-dan çox spiker, 1300-dən çox iştirakçı olub. Spikerlər dövlətin ən üst səviyyələrindən tutmuş böyük holdinqlərin sahiblərinə, idarəçilərinə qədər olur. Elə rəqəmlər, elə fikirlər, elə gözləntilər qeyd edilir ki, adam istər yazısına, istər videosuna minimum 2 dəfə diqqət etməli olur. Hamıya şiddətlə tövsiyyə edirəm. Siz də baxın. Növbəti bloqumda bu haqda geniş yazacam. UEZ-i izləyə-izləyə əmin oldum ki, Azərbaycanda hələ bu sahədə görəcəyimiz işlər çoxdur, düz yoldayıq.

Forumların sayı birmənalı şəkildə artmalıdır

Biz Azərbaycanda il ərzində 4 forum edirik – MMF, DMC, Sat Forum, FİF. Hələ ki, 4 forum. İrəlidə daha maraqlı planlar var, dayanmırıq. Rusiyada bir dəfə Red Apple festivalında iştirak edib mailimi qoymuşdum. O gün bu gün hər ay minimum 10 forum, konfrans barədə mail alıram. Eləcə də Türkiyədə il ərzində yüzlərlə ümumi və tematik forumlar olur. Hamısında çox ciddi müzakirələr, faydalı paylaşımlar olur. Spikerlər hər səviyyədən olmaqla forumlarda iştirak üçün can atır. Əsas da bilirsiniz nədir?! Əsas odur ki, bu dövlət təşəbbüsündən daha çox özəl şirkətlər, özəl qurumlar tərəfindən edilir, dövlət də öz dəstəyini əsirgəmir. Mən əminliklə deyə bilərəm ki, keçirdiyimiz forumlar da tamamən eyni mahiyyətlidir. Tamamilə öz cəhd və zəhmətlərimiz hesabına dövlət və özəl şirkətlərin dəstəyini alırıq. Hətta bu il ilk dəfə Maliyyə və İnvestisiya Forumunda dövlət təşkilatlarından spiker dəvət etdik. Və əmin olduq ki, bundan sonra da qarşılıqlı şəkildə hər sektordan nümayəndələr olmalıdır.

Forumlar haqqında Azərbaycanda səhv bilinən stereotiplər

5 ildir ki, bu işi görürük. Xarici forumlarda iştirak edə-edə, bir az ondan, bir az bundan nələrsə götürərək ildən-ilə həm kontenti, həm tərtibatı inkişaf etdirə bilmişik deyə bilərəm. Eyni zamanda Sizi əmin edirəm ki, xarici analoqlarından çox da geri qalmır. Və hər il biz bir öncəki ilin üstünə ən az 20-30% əlavə edirik. Bu müddət ərzində çoxlu tənqidlər, fikirlər olub. Düzgün, obyektiv tənqidlərdən həmişə çox faydalanmışıq. Bir neçə günə ciddi proqramla Digital Marketing Conference 2017-yə hazırlaşacağıq. Bəs təşkilatçılar olaraq forumlar haqqında hansı səhv bilinən fikirlərin olduğunu düşünürük?! Aşağıda yadımda qalanları sadalayacam. 

“Kimsə iş görür, kimsə danışır”

Əslində iş görmək danışmaqdan əlbəttə ki, daha faydalıdır. İş görənlərə hörmət etmək lazımdır. Amma bəzi dostlarımız anlamır ki, forumda çıxış etmək, edə bilmək, dediyi sözlərin məsuliyyətini anlamaq və başqa onlarla adama faydalı olmaq özü də çox böyük işdir. Bəzi dostlar elə bilir ki, ancaq özləri işləyir, danışanlar isə iş görmürlər. Əvvəla bildirim ki, Sizin görmədiyiniz şeylər, yoxdur demək deyil, sadəcə Siz görmürsünüz. Görmək üçün bir az geniş baxmaq lazımdır. Bir də səhvən elə bilirlər ki, işləyən adam çıxıb danışmamalıdır. Buyurun, mən Sizə Türkiyədən, xaricdən onlarla nümunə verim. Yuxarıda da yazdığım kimi nazirlərdən tutmuş, milyardlıq şirkətlərin rəhbərlərinə kimi forumlarda çıxış edir. Bizdə niyə olmasın ki? Bu nəyin eqosudur? Bəlkə biz elə bu fikirlərə görə geri qalmışıq bəzi məsələlərdə?! Bu baxımdan biz inanırıq və əminik ki, iqtisadi sferada çalışan bütün menecerlər bacardıqca faydalı olmaq üçün ya bu tip forumlarda çıxış etməlidir, ya da dəstək olmalıdır.

Tələbələrə yönəlikdir deyib yuxarıdan aşağı baxanlar

Bu fikirlərlə də tez-tez rastlaşırıq. Hətta mənim özümə də deyənlər olub. Bu yaxınlarda hətta PG-dən bir xanım yuxarıdan aşağı baxarcasına şərhlər etmişdi. Guya bunlar uçub bir başqa yerdədilər, biz hələ başqa şeylərlə əlləşirik. 10 ildən çoxdur ki, marketinq sferasında çalışıram. Demək olar ki, tanımadığım adam yoxdur bu sferada. O cümlədən də PG marketoloqlarını yaxşı tanıyıram. Əvvəla deyim ki, PG çox böyük məktəbdir. Hər bir menecer üçün korporativ dəyərləri öyrənmək baxımından, məhsul strategiyası və onlarla diger metriklər baxımından. Amma PG-də marketinq strategiyası mərkəzdən ötürülür, yerlərdə adaptasiya edilir. Dünyada voov dedizdirən PG işləri yerli şərtlərə adaptasiya, əksərən də olduğu kimi saxlanılır. Amma onlarla xırda yerli şirkətlər maraqlı marketinq addımlarını çox operativ şəkildə həyata keçirə bilirlər. Hansı ki, bunu böyük şirkətlərdə etmək olmur, çox uzun olur, xarici şirkətlərdə isə mümkünsüz kimidir hətta. Odur ki, əzizlərim, elə düşünürsünüzsə ki, gəlib heç nə öyrənə bilməzsiniz, yanılırsınız. Xüsusən də marketinq sferasında çalışan adam deyirsə ki, “gəlib nə öyrənəcəm ki” əmin olun ki, onun biliyi lazımı səviyyədə deyil. Bu bazara bələd olan adam kimi deyirəm, inanın. Hər saniyə dəyişən bazar, sfefa bizdən hər gün öyrənməyi tələb edir. Eqoist olmayın, açıq debatlardan çəkinməyin, çox güvənirsinizsə, özünüzə buyurun gəlin, insanlarla müzakirə edin, sualları cavablandırın. Milyard dollarlıq Sabancı Holdinqin CEO-su forumdan nə öyərənəcək deyə bilərsiniz? Amma adam özü deyir ki, yaxşı ki, hər il gəlirəm, gözümdən qaçan xeyli yeni şeylər öyrənirəm. Yumşaq desək biz axı hələ orda deyilik. Nə yatdınız, nə yatdıq ki, nə yuxu gördünüz, gördük. Hamımıza aid edirəm. Qısası eqoist olmayın, əks halda ictimai müzakirələrdə pərt belə ola bilərsiniz. Bir dəfə bir marketoloqla bazar payı haqqında müzakirə edirdik. Bazar payının ölçüm metodlarından xəbərsiz şəkildə filan qədərdir deyir və iddia edir. Halbuki heç bir altyapı araşdırması və söykənəcəyi fakt yoxdur. Bəlkə də dediyindən də artıqdır, amma dediyi rəqəm əsaslanmır heç nəyə. Azərbaycanda trade marketinqlə marketinqi çox böyük anlamda səhv salırlar. Sözüm onadır ki, öyrəndikcə başımızı aşağı salıb daha da təvazökar olmalıyıq. Tələbələrə yönəlikdir falan da deyilir. Və ya tələbələr daha çox iştirak edir. Əvvəla hər il keçirilən forumların ən axırıncı iştirakçısına kimi bizdə adlı siyahı var. Tələbələr forumlarda 10%-i keçmir. FİF-də isə ümumiyyətlə tələbə 3-5 nəfər idi. İkincisi də olsun tələbə, bəs bu tələbə hardasa gəlib öyrənməlidir də. O təcrübəni haradan alacaq, kimin ağzından öyrənəcək. Siz bəyəm birdən-birəmi olduğunuz yerə gəlmisiniz. İndi böyük şirkətlərdə işləyən marketinq menecerlər arasında tələbə olandan tanıdığım adamlar var, dərd orasıdır ki, 2-3 il işləyib onlar da bu sözü deyir. Axı Siz tələbə olanda bu tip tədbirlərlə, görüşlərlə nəsə öyrəndiz. Təbii ki, ən böyük işi öz üzərinizdə işləməklə etdiz. Amma gəldiyiniz yolu heç vaxt unutmayın. Təkəbbür ən dahi adamı belə insan gözündə ucuzlaşdırır. Hələ təkəbbürlük bir xüsusiyyətiniz yoxdursa, təkcə ucuzlaşdırmır, həm də cılızlaşdırır. 

Qərəzli yanaşıb hər şeyi qara görənlər

Məsələn, belə fikirlər də olur ki, ay forum edib pul qazanırlar. 🙂 Bu adamların ciddiyyətinə şübhə etməyəsən nə edəsən. Dünyanın harasında pulsuz olur görəsən. Və niyə məhz sənin üçün pulsuz olmalıdır?! 30 manatı bir qəlyana verib yarım saat çəkib qalxan adam deyir ki, 30 manat forum üçün bahadır. Əlindəki telefon minimum 300 manatlıq olan adam 10 manatlıq kitaba baha deyir. Mən son 2 ildir ki, tamamilə iqnor edirəm belə adamları, yəni fikir vermirəm. Danışıb-danışıb susurlar və əsas da odur ki, eyni yerdə qalırlar, olduqları yerdə. Əvvəllər düşünürdüm ki, bəlkə danışsaq, müzakirə etsək, nəsə alınar faydalı olar. Sonra gördüm ki, əlini uzaqtdıqca, qol da gedir. Və əmin oldum ki, o tip insanlar həmişə var və olacaq və sayları çox azdır. 26 ölkənin audit direktoru gəlib forumda iştirak edir, səhvləri göstərir, müsbətləri təqdir edir, amma hansısa şirkətdə işləyən audit meneceri “ora mənim səviyyəm deyil” deyirsə, məni bağışlayın, amma bunun adı… 🙂 Əzizlərim, forumlar üçün çəkilən zəhmətlərin yarısının yarısını bəzən o tip danışan adamlara təklif edəndə geri çəkilirlər, çəkiliblər. Bir də Anar, İlkinlə söhbət edəndə də həmişə deyirəm ki, dostluqla düşmənçilik arasında bir spikerlik məsafə var. Əfsuslar olsun ki, bir çox adamlar da dolayı yolla tənqidləri ilə spikerliyə can atırlar. Amma bunu daha doğru yollarla etmək olar. Siz siz olun, çalışın həyatınızda heç vaxt 1-cə qram da içində zəhmət olan işi yerə vurmayın. İnsanın pulunu alın, amma alnının tərini heçə saymayın. Və ən əsası da bunun adını tənqid qoymayın. O tənqid deyil. Bu da belə.

Xariclə müqayisə edənlər

Bəzən çox olur ki, hər xırda detalı xaricdə belə olur deyib qaralayırlar. Bu da doğru deyil, vallah-billah deyil. Müqayisə hələ universitet vaxtından dərsliklərdə belə tərif edilir – müqayisə eyni obyektlər, eyni prizmada aparılmalıdır. Məsələn, böyük bir şirkətin meneceri deyir ki, Amerikada bu forumda filan şey olur, amma bizdə hələ o da yoxdur. Amma gedib onun şirkətinə dəstək ol deyirsən, çıxarıb maksimum 500-1000 manat verər, onun da əvəzində loqonun böyüklüyü-kiçikliyi üstündə dava salar. Adi bir nümunə deyim, DMC üçün SOCAR-a rəsmi məktubla müraciət etmişdik. 2-3 adamla görüşdük, hər dəfə sıfırdan danışdıq, axırda o buna, bu ona və razılaşmadılar. İndi baxıram SOCAR Uludağ Ekonomi Zirvesinin sponsorlarından biridir. Verməsə-verməsə 20-30 000 min avro verib. Bəlkə də daha çox. İndi gəlin bunu da müqayisə edək. Bu il yenə də SOCAR-a DMC üçün müraciət edəcəyik, görək nə olur. Bəli, deyəcəksiniz ki, ordakı şirkətlər, nə bilim spikerlər falan. O zaman mən də Sizə deyəcəm ki, Azərbaycanda çıxıb səhnədə sərbəst danışa biləcək nə qədər spiker var?! Biz zor güclə şirkət rəhbərlərini inandırmağa çalışırıq ki, bu vacidir, bu faydalıdır. Müqayisə edəndə həmişə çalışıb hər tərəfli müqayisə etmək lazımdır. Marketinqin inkişafından danışan, inkişafı üçün hər il bir neçə xarici foruma getdiyini deyən adam pulsuz bilet istəyir. Məsələ biletdə deyil, məsələ pulda da deyil. Məsələ yanaşmadır. Məsələn, tərsinə də ola bilərdi, ürəyində fikirləşərdi ki, bir bilet də mən alım, dəstək olum. Amma yox, əksinə gəlib yer davası edənlər də olub.

Məni tanıyanlar bilir ki, açıq sözlüyəm, düşündüyüm çox şeyi birbaşa deməyi xoşlayıram. Bəlkə də buna görə sevməyənlər də çoxdur, amma olsun. Həmişə AİR də mənə deyir ki, hər şeyi demə, hər şeyi yazma, amma başqa cür alınmır. Olduğum kimi olmaq daha rahatdır. Ona görə yuxarıda yazılanları üzərinə alıb inciyənlər ola biləcəyini də nəzərə almışam. Həm də indi yox, illərlə 🙂 

Ona görə də xariclə müqayisə edəndə dönüb bir özümüzə də baxmalıyıq. Bəs biz necə edirik. Niyə məsələn xaricdəki forumda quzu kimi növbəyə durarkən, burada növbə üstündə dava salırıq?! Bu sual həmişə məni düşündürüb.

Amma bir şeyi də deməliyəm ki, bütün bunlara rəğmən istər şirkətlər arasında, ister menecerlər arasında işin əsl mahiyyətini başa düşüb əlindən gələni dəstəyi əsirgəməyən dostlar da az deyil. Şəxsən mən elə adamların fikirlərinə daha çox önəm verirəm, tənqidlərindən nəticə çıxarıram.

Dostlar, sonda nəyi demək istəyirəm. Mən əminəm ki, illər sonra gələcək nəsil bu tip fikirləri ən azı bu zamanı anlamaq üçün çox axtaracaq. Kontent yaratmaq lazımdır, faydalı olmaq lazımdır. O gün İstanbulda da müzakirə düşmüşdü. Orada da dedim. Mənə görə birinci insan olmaq, vətənini sevmək, onun üçün çalışma istəyi olmalı, daha sonra savadlı olma kriteriya ola bilər. Savadlı olub özündən başqasına faydası dəyməyən adamlara da haqq qazandırıram, amma hərə bir həyat yolunu seçir. Mən düşünürəm ki, Allah məni Azərbaycanlı olaraq yaradıbsa, mən bura xidmət eləməliyəm. Olduğumuz yerdən, şəraitdən, statusdan asılı olmayaraq Azərbaycan üçün nəsə etməliyik.

Və bu “nəsə etməyi” hərə öz sahəsində etməlidir. Biz marketoloquq. Bu sahədə çalışırıq, nəsə etməyə çalışırıq. Siz də öz sahənizdə edin, hamı etsin, nəticədə cəmiyyətimiz qazansın. Təniqdlərimizdə, motivasiyamızda yaradıcı olaq, yıxıcı yox. Yaradıcı olaq, yaradıcı olun!

P.S. Növəbti  bloqumda Uludağ Ekonomi Zirvesində səsləndirilən maraqlı faktları paylaşacam.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Şirkəti onun sahibindən çox sevənlər. Nə qədər səmimiyik?!

2 gün öncə şəxsi facebook profilimdə belə bir status paylaşmışdım. Şərhlər bir xeyli çox olduğundan və əsasən də yanlış istiqamətdə getdiyindən istədim bu mövzuya ayrıca bloq həsr edib Sizinlə müzakirə edim.

Biznes 0 Comments

Yəhudilərə xas biznes qaydaları

Moskvada sərgidə olarkən təbii ki, vaxt edib kitabxanalarını gəzmək imkanım oldu. Aldığım kitablardan biri də Mixail Abramoviçin “Yəhidələrə xas biznes – 67 qızıl qayda” adlı kitabı idi. Kitabı almamışdan öncə

Müştəri Davranışları 0 Comments

İşdə düz bilinən səhvlər

İş karyeramın 17-ci ilindəyəm. Fərqli-fərqli sahələrdə yığılan təcrübə imkan verir ki, Azərbaycan reallığına uyğun iş mühitində formalaşmış stereotiplər haqqında bir-iki kəlmə də mən deyim. İşlədiyim bütün yerlərdə xoş olan və

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın