Məhərrəmin 5 yaşı oldu

Məhərrəmin 5 yaşı oldu

Bizə elə gəlir ki, dünya məhz bu dövrlər çox qaynardır. Əvvəllər sanki dünya daha sakit idi. İndi isə hər gün hardasa nəsə baş verir, insanlar kütləvi şəkildə qırğına verilir, hər yerdə terror, hər yerdə qan, aclıq, müharibə və s. Əgər dərindən baxsaq görərik ki, əslində 200 il bundan əvvəlin tarixçiləri, yazarları da öz dövrlərini ən qəddar, xaos dolu və s. bu kimi terminlərlə ifadə ediblər. Deməli hər adama öz dərdi böyük görünən kimi, hər adama öz dövrü daha maraqlı, daha qaynar gəlir. Bizə bunu hiss etdirən isə ətrafdan aldığımız informasiyalardır. Həm informasiyalar, həm də onları ötürənlərin keyfiyyət və kəmiyyətindən asılı olaraq biz bu gərginliyi daha çox və ya daha az hiss edirik. Olan-bitən hadisələri bizə öz süzgəcindən keçirib təqdim edən isə yazarlar, jurnalistlər və müxtəlif media nümayəndələridir. Bu yazım da onlara həsr edilib.

TGRT-nin “xod gedən” vaxtları var idi

Uşaq vaxtı peyk antenaların yenicə məşhurlaşdığı vaxtlar idi. TGRT kanalına baxardıq hər gün. Xəbərlərin yarım saata qədər uzandığını biz ilk dəfə türk kanallarında gördük. Bizdə adətən 3-5 dəqiqə olardı maksimum. Çox rəsmi, çox soyuq, dili də bir xeyli qəliz. Amma türk kanallarında xəbərlər elə canlılıqla, bir az da şou ilə verilirdi ki, istər-istəməz hamı oturub diqqətlə izləyirdi. Çox şükür zaman keçdikcə xəbərlər sisteminə də cana yaxınlıq, xalqın dilində və ruhunda təqdimat etmədə bir az irəlilədik. O vaxt xatırlayıram ki, qonum-qonşuda kim vardısa, hamı bir ağızdan deyirdi ki, “bu türklərdə nə çox avtomobil qəzası olur, hər gün nə qədər adam ölür. Yaxşı ki, bizdə bu qədər olmur”. Zaman keçdi və məlum oldu ki, əslində bizdə də çox olurdu, amma media o qədər inkişaf etməmişdi deyə xəbərləri bizə operativ çatmırdı, bəlkə də bilərəkdən çatdırmırdılar. İndi özünüz də görürsünüz ki, istər tv-də, istərsə də xəbər saytlarında yol qəzaları, kriminallar az yer tutmur. İndi həm də sosial media vasitəsilə heç nə gizlin qala bilmir. Demək olar ki, heç nə. Nəticədə hər hadisə qısa müddətdə toplum tərəfindən geniş müzakirə edilir. Hər gün nəsə bir hadisə trend olur. İnsanlar toplu şəkildə hər dəfə bir istiqamətə yönlənir, bölünür və s. Bu həm yaxşıdır, həm də pis. Amma yəqin ki, yaxşı, faydalı tərəfləri daha çoxdur.

Bugün, 22 iyul Azərbaycanda mətbuat günü kimi qeyd olunur. Dünyada hər peşənin öz günü var. Azərbaycan mətbuatının, azərbaycan ziyalısının günü də bugündür. Mən şəxsən bu günü çox sevirəm, çünki bu real, tarixi kökü, misilsiz dəyəri olan bir gündür. İllər öncə bugün olmasaydı mənzərə xeyli fərqli olardı. Oxumaq, yazmaq, öyrənməyin nə qədər vacib və lazımlı olduğunu başa düşmək üçün ətrafımızda, qonşu ölkələrdə baş verənləri izləmək kifayət edir. Bu yazımda məhz Əkinçi qəzeti, Həsən Bəy Zərdabinin timsalında bütün mərd, vicdanlı, dürüst yazarlarımızı, ziyalılarımızı hörmətlə anıram. Onlar yazmasaydı, biz oxumazdıq, biz oxumasaydıq gələcək nəsillərin oxuması üçün də bugün yaza bilməzdik.

Edən bilər, bilən danışar – Marketinq bloqumuzun bu ay 5 yaşı olur.

Bugün haqqında yazmağa az da olsa haqqımın çatdığını düşünürəm. Yazmağın ləzzəti və ya bir qaranın sirri və Biz niyə yazmalıyıq? adlı yazılarımı oxumamısınızsa, tövsiyyə edirəm. Burada yazarlığa aid həm fikirlərimi bildirmişəm, həm də öz kiçik tarixçəmi Sizinlə paylaşmışam. 25 iyul tarixində marketinq bloqum olan hunaltay.com-un 5 yaşı tamam olur. 2011-ci ildə ilk yazımı paylaşmışam. Facebook 5 il öncə bloqu açmam, ilk yazımı paylaşmam haqqında statusumu sağ olsun göstərir. Ona baxanda qəribə olur adam. Bir az da utanır. Az qala hamıya çar çəkmişəm ki, ay camaat bloq açdım, yazıram. Çar çəkmək də yox, bir çox adamı tag etmişəm ki, fikir bildir 🙂 Düzdü yazarlığa çox əvvəl başlamışam. 2002-ci ildən qəzetlərdə fərqli səpkilərdə yazılarım yayımlanırdı. Aktiv 5 ildən çox isə qəzetdə yazmışam. Azeriblog zamanında isə hamı kimi mənim də bloqum var idi və orada da yazırdım. Marketinqi dərk edəndən sonra isə marketinq haqqında yazmağa başladım, yazdıqca da çox sevdim.

Məndən çox öncə də yazanlar var idi. Amma onların demək olar ki, 90%-i ardıcıllığı qoruya bilmədilər, davamlı ola bilmədilər. Çox təəssüf ki, bəlkə də daha çox zəhmət çəkmək istəmədilər. Mən inanıram ki, davam etməmənin kökündə əsasən zəhmət durur. Təbii ki, bunu onların özündən soruşsan qətiyyən boyunlarına almayacaqlar 🙂 Kimisinin də əli daha yüksək pullara yetdikcə bu işdən ayrıldı. Bu haqda rəhmətlik Rəhim müəllim də mənə demişdi. Ondan niyə davamlı olmur adamlar soruşanda, qayıtdı ki, biri mən özüm, vəzifəyə falan getdikcə, daha böyük işlər çıxdıqca marketinqi, onun haqqında yazmağı, maarifçiliyi bir az unutdum. Başına gələn biri kimi deyirəm ki, Siz bunu etməyin. O vaxt bu haqda çox düşünmüşdüm və ondan sonra da əməl etməyə çalışıram. Elə o vaxtdan da bir çox dostlarımız aktiv yazmağa başladılar. Bu gün çox sayda (ümumən isə azdır, yenə çoxalmalıdır) bloqer dostlarımız var. Hərə bir mövzuda yazır. Kimi az yazır, kimi çox yazır, kimi maraqlı yazır, kimi tərcümə edir, amma nə edir-etsin çox faydalı iş görür. Əmin olun, yazan adam özündən başqa insana faydası olan adamdır. Siz yazırsınızsa, çox faydalısınız. Heç bir tənqidə fikir vermədən yazın. Sizi tənqid edənlərin çoxunda yazmaq potensialı olsaydı, çoxdan yazardılar. Haqlı tənqidləri isə həmişə diqqətə almaq lazımdır. Yetər ki, əsl oxucunun kim olduğunu biləsiniz.

Son söz əvəzi

Dostlar, mən bir daha şərəfi, vicdanı ilə yazan hər kəsi təbrik edirəm. Yazmaq fədakarlıqdır, yazmaq zəhmətdir. Siz bu işin öhdəsindən ədalət hissini itirmədən gələ bilirsinizsə, Sizi mütləq qiymətləndirəcəklər. Əmin olun buna. Bugün də olmasa, bir gün mütləq qiymətləndirəcəklər.  Yazmaq üçün çox oxumaq lazımdır. Oxumasınız bir müddət sonra çevir tatı-vur tatı olub eyni şeyi təkrarlayacaqsınız. Zatən çox oxusanız, oxuduqlarınız Sizi rahat buraxmayacaq. Onlar çölə çıxmaq istəyəndə Siz də yazmaq məcburiyyətində hiss edəcəksiniz özünüzü. Yazmaq həqiqətən gözəldir. Öz fikirlərini ifadə edə bilən insanlar həqiqətən də xoşbəxtdir deyə düşünürəm. Bayramınız mübarək olsun!

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Münasibət 0 Comments

Neqativdən uzaq tənqid necə olur?!

Həyat çox sürətlidir. 2017-ci il asan olmadı, amma o da gəldi keçdi. Həqiqətən də insan su kimidir, töküldüyü qabın formasını gec ya da tez alır, almaq məcburiyyətindədir. Əksi mümkün deyil.

Köşə yazıları 0 Comments

Təbiət kimi ol!

Təbiətin yeni ili novruzdur, yazdır. İnsanlar onu fərqli tarixlərdə qeyd edir. Amma bu faktı dəyişdirmir. Təbiət qanunları onunla razılaşmayan insanlara dönə-dönə, göstərə-göstərə öz mövcudiyyətini minillərdir sübut edir. Təbiət qanunlarına hərə

Münasibət 0 Comments

Yaşanmış yarımçıq talelər

Yaşanmış hissləri şerə tökəndə də mənalı olur, ona mahnı bəstələyəndə də təsirli olur. Bu musiqinin sehrli xüsusiyyəti var, dəfələrlə qulaq asmaq olur. Hər qulaq asdıqca da sanki kinoya baxırsan, 1-ci

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın