Nüvə silahının casus tarixçəsi
Düz 74 il öncə, 16 iyul 1945-ci ildə bəşər tarixində ilk dəfə atom bombası ABŞ-da Alamogordo (Nyu Meksiko) çölündə sınaqdan keçirildi. Bu yazıda II Dünya Müharibəsi dövründə Almaniya, SSRİ, ABŞ və İngiltərənin atom bombası hazırlanması ilə bağlı görülən işlərdən, daha dəqiqi – “casus müharibələri”ndən söhbət açılacaq.
ABŞ və SSRİ-nin atom bombası uğrunda amansız casus müharibəsi
II Dünya müharibəsi başlar-başlamaz Almaniya, İngiltərə, ABŞ və SSRİ müəyyən fasilələrlə, nüvə müharibəsi yarışına girdilər. Hər dövlət, müxtəlif ölkələrdən alimləri cəlb etməklə, qısa müddətdə güc nümayişinə imkan verəcək atom bombası hazırlamağı qarşısına məqsəd qoymuşdu. Bu işdə casuslar da fəal rol oynayırdılar. Casuslar vasitəsilə, adıçəkilən ölkələr, rəqiblərin atom bombası ilə bağlı hansı planlarının olmasını öyrənir, dərhal tədbir görürdülər. Atom bombası yaratmaq üçün həvəslə işə girişən bəzi fiziklər, alimlər isə, bu silahın insanlığa nə faciələr gətirəcəyini bildikdə xeyli məyus olmuşdular. Bu silahı daha da təhlükəli edən, onun siyasətçilərin əlinə keçməsi idi. Təhlükəni hiss edib işdən imtina edən alimlər də oldu, işinə həvəslə davam edənlər də, habelə atom bombasının sirrini rəqib ölkələrə ötürməklə güc balansını qorumağı, faciənin qarşısını almağı hədəfləyənlər də.
Nüvə enerjisi, yoxsa bomba?!
Hər şey əslində 1938-ci ildə 2 alman fizikinin – Otto Hahn və Fritz Strassmann – uranın 2 elementə parçalanması və bu reaksiya nəticəsində çox böyük gücə malik bomba hazırlamaq imkanı barədə gəldikləri elmi qənaətlə başladı. Təbii ki, bu parçalanmadan nüvə enerjisi də istehsal etmək olardı, bomba da.
Tezliklə bu araşdırmanı yəhudi əsilli danimarkalı fizik Nils Bora göstərirlər, o da öz növbəsində bütün fizikləri yığaraq bu haqda elan etdi. Alimlər bu ixtiranın gələcəkdə pis niyyətli siyasilərin əlində dünya üçün faciəyə çevrilməməsi üçün o dövrün ən məşhur simalarından birinə, ABŞ-a köçmüş Albert Einstein-a müraciət edirlər. Einstein, ABŞ prezidenti Theodore Roosevelt-ə ixtira haqqında məlumat verir, eyni zamanda bu yeni açılışdan pis məqsədlə istifadə olunarsa, nələrin ola biləcəyi haqqında da xəbərdarlıq edir. Roosevelt bu məktubdan sonra araşdırma üçün komissiya yaradır və almanların da atom bombası hazırlamağa başladıqları haqda əldə edilən kəşfiyyat məlumatından sonra, işləri daha da sürətləndirir.
Almaniyanın cəhdləri
III Reich tərəfdən bu işlərə nobel mükafatı almış, kvant mexanikasının banilərindən olanWerner Heisenberg (1901-1976) nəzarət edirdi. 1941-ci ildə Heisenberg müəllimi olmuş daha bir nobelli fizik Nils Bor-la Kopenhagendə görüşür, razılığa gələ bilmirlər. Daha doğrusu Bor Heisenberg-ə inanmır, sonradan isə Amerikaya köçür. Amerikalılarsa öz növbələrində SSRİ ilə müttəfiq olmaqlarına baxmayaraq, almanların nüvə mərkəzinin rusların əlinə keçməsindən narahat idilər. Onun üçün də “Alsos” əməliyyatı ilə alman nüvə mərkəzini məhv etmək istəyirdilər.
II dünya müharibəsi bitəndən sonra məlum oldu ki, almanların atom bombasının bir addımlığında dayandıqları haqda kəşfiyyat məlumatları, heç də həqiqəti əks etdirmirmiş. Daha doğrusu almanların niyyəti olmuşdu, lakin bombanı tam hazır vəziyyətə gətirmək üçün, hələ çox məsafə qət etməliydilər. Bu barədə müharibədən sonra ABŞ tərəfdən bombanın hazırlanmasında birbaşa iştirak edən fiziklərin xatirələrində də məlumatlar yer alır. Əslində onları inandırmışdılar ki, almanlar artıq bombanı hazırlamaq üzərədir. Bu isə yalan idi.
Əlavə olaraq Werner Heisenberg-in Kopenhagendə Bor-la görüşündə də onun Almaniyanın bomba hazırlamaq niyyəti olmadığını, özünün bu prosesi gecikdirəcəyi və elə buna görə də amerikalı fiziklərin də bu işi etməmələrini ricası demək olar ki, təsdiqini tapır.
Sonradan üzə çıxan faktlar da onu göstərdi ki, Heisenberg almanlara bu işin 3-4 ildən tez bitməyəcəyini bildirərək onların ümidini bombadan üzmüşdü. Daha bir sübut kimi isə amerikalıların alman nüvə mərkəzini məhv etmək üçün başlatdıqları “Alsos” əməliyyatına rəhbərlik edən Goudsmitin müharibədən sonra Heisenbergin oğlu ilə konfransların birində təkidlə görüşməsini göstərmək olar. Həmin görüşdə Goudsmit Heisenbergin oğlundan ailələrinə qarşı etdiklərinə görə üzr isəyir və Heisenbergin həqiqətən düz dediyini sonradan başa düşdüyünü bildirir.
Belə olan halda maraqlıdır ki, almanların artıq atom bombası hazırlamaları barədə yanlış məlumatlar ötürmək kimə sərfəli idi? Bu özlüyündə ayrı bir mövzudur. Bəlkə kimlərsə müharibəni daha da qızışdırmaq üçün, daha doğrusu Amerikanı da bu işə qarışdırmaq üçün belə bir iddianı ortaya atmışdı?! Adətən müharibələrdə tarixi qaliblər yazdığına görə biz proseslərə çox vaxt qalibin gözündən baxırıq. Bu isə birtərəfli ola, həqiqəti tam əks etdirməyə bilər.
ABŞ-ın yəhudi fizikləri
Yuxarıda qeyd etdiyimiz kimi almanların “atom bombası hazırlaması” haqqında məlumat ABŞ-da əldə edilir. Bundən sonra orada Einstein-ın məktubu ciddiyə alınır, 1942-ci ildə isə gizli olaraq bu layihəyə start verilir.
Layihə amerikalı general Leslie Groves tərəfindən “Manhetten proyekti” kod adı ilə idarə edilir. Tez müddətdə 3 fərqli bölgədə gizli labarotiya qurulur. New-Mexicodakı 3-cü Los Alamos labaratoriyasında isə yekun olaraq atom bombası hazırlanmalı idi. ABŞ tərəfdən bu işə məşhur fizik Robert Oppenheimer (1904-1967) rəhbərlik edir. Ona bəzən Yaponiyaya atılan atom bombasının memarı da deyirlər. Zəngin alman yəhudi ailəsindən olan Oppenheimer 1904-cü ildə New-Yorkda anadan olur, 1922-ci ildə Harvard universitetini bitirir. 1929-cu ildə 6 dildə sərbəst danışan 25 yaşlı alim New-Yorka geri dönür, Berkley və Caltech universitetlərində işləməyə başlayır. Sonra isə qeyd etdiyimiz kimi “Manhetten proyektində” işləyən 1500 nəfərlik komandanın rəhbəri olur.
General Groves bu fizikin kommunist keçmişi olmasına baxmayaraq, onun bombanı daha çox hazırlamaq istəyini görərək, layihəyə rəhbər təyin edir. Yaponiyaya atom bombasının atılmasından 3 ay sonra verdiyi soyuqqanlı, özünə haqq qazandıran tərzdə müsahibədən də görünür ki, Groves seçimində yanılmayıb. Bombanın hazırlanacağı sonuncu, 3-cü labaratoriyanın qurulması üçün Openheimer-in təklifi ilə uşaqkən ciyərlərində olan ağrıdan əziyyət çəkərkən qaldığı New-Mexicodakı Los Alamos qəsəbəsi seçilir. Orada olan atçılıq kolleci general Groves tərəfindən satın alınır və işlər başlayır.
ABŞ-da bu işə cəlb edilən fiziklər işin əvvəlində kütləvi qırğın silahına görə çox narahat olur bu işə qol qoymaq istəmirlər. Lakin faşizmin dünyaya hakim kəsilməməsi üçün özlərini inandırırlar ki, əslində bu işi görməlidirlər. Alimlər zənn edirdi ki, Amerika bombanı hazırlayıb uzaq okean adalarının birində test edəcək, onun gücünü bütün rəqiblərinə göstərəcək və onların müharibəni dayandırmasına, təslim olmalarına nail olacaq. Sonra baş verənlər göstərdi ki, alimlər siyasətçiləri heç də yaxşı tanımayıblar.
Yaponiyaya atılan bombanın nəticələrini gördükdən sonra proyektdə çalışan bir çox alimlər etiraz etdilər. Hətta Openheimer belə müharibədən sonra Truman-la görüşündə “əllərim qana bulaşıbmış kimi hiss edirəm” deyir, cavabında isə Truman ona zarafata salaraq “narahat olmayın, yuyanda keçəcək”. Deyilənə görə həmin görüşdən sonra Truman köməkçilərinə “O mız-mız adamı bir də mənimlə görüşdürməyin” deyir. Təbii ki, işini görmüş mavr artıq gərək deyildi. Hətta bir müddət sonra FBI tərəfindən kommunist keçmişi təkrar gündəmə gətirilərək fizikə məhkəmə tərəfindən “etibarsız” statusu verilir və işindən uzaqlaşdırılıb universitetə qayıdır. 1962-ci ildə isə alim 62 yaşında xərçəng xəstəliyindən vəfat edir.
Lakin maraqlı olan odur ki, Yaponiyanın nüvə bombardımanından düz 16 il sonra həmin bombanın müəllifi hesab edilən Openheimer oraya səfər edir və jurnalistlərin “peşmansanmı?” sualına “bombanın hazırlanmasında texniki tərəfdən iştirak etdiyimə görə peşman deyiləm. Dünən necə idimsə, bugün də eləyəm” kimi cavab verir.
Yaponiyaya tələsik bomba atılması kimə gərək idi?
Amerikanın atom bombasını hazırlaması ərəfəsində müharibənin gedişində bir çox dəyişikliklər olur. Belə ki, 1943-də İtaliya, 1945-in mayında Almaniya təslim olur. Yaponiya isə sifətini saxlayaraq təslim olmağın yollarını axtarır. Lakin Amerika yaponların almanlar kimi qeyd-şərtsiz təslim olmasını tələb edir. Elə o vaxtlar Truman, Stalin və Churchill Potsdam zirvəsində müharibənin taleyi ilə bağlı görüşürlər. Həmin görüşdə artıq Trumana bildirirlər ki, Amerika atom bombasının ilk sınağını uğurla tamamlayıb.
Maraqlıdır ki, Potsdam zirvəsinin davam etdiyi ərəfədə Amerikada hazırlanmış atom bombasının Yaponiyaya atılıb-atılmaması məsələsi müzakirəyə çıxarılır. Xüsusi komitə yaradılır, komitənin tərkibi Enrico Fermi, Arthur Compton, Ernest Lawrence və Openheimer’dən ibarət idi. Komitənin işindən xəbər tutan amerikalı elm adamları yığışaraq bombanın istifadəsinin əleyhinə kampaniyaya başlayır və komitəyə bu işə icazə verməmək barədə məktub ünvanlayır.
Lakin məktubu alan Openheimer onu yüksək rəhbərliyə təqdim etmir ki, “hər halda Washingtondakılar nə etdiklərini bizdən yaxşı bilirlər”. Məhkəmə vaxtı Openheimer-in bu ifadəni söylədiyini Hidrogen bombasının atası hesab edilən fizik Teller iddia edir.
Nəhayət komitə hökümətin müraciətinə cavab məktubu yollayır. Məktubda silahdan həm güc göstərişi üçün, həm də düşməni məhv etmək üçün istifadə ediləcəyi bildirilir. Məktubda həmçinin yekun olaraq hər iki halda sonradan dünyanın bu silahın istifadəsinə qarşı çıxıb qadağan edəcəyini və belə olduqda yaxşısı elə 2-ci variantın, yəni düşməni qısa müddətdə məhv etməklə daha az itkinin olmasını məsləhət görürlər. Qısaca bombanı atın deyirlər.
Yaponların imperatorluq sistemini saxlamaqla təslim olmaq istəklərini Potsdam zirvəsi iştirakçıları qəbul etmir. Bundan sonra komitənin də təsdiqi ilə Yaponiyaya bomba atılması tapşırılır. Sonra bu tələsikliyin əsl səbəbi məlum olur. Bombanın hazırlanmasına konqresin icazəsi olmadan 5 milyard dollardan çox pul xərclənmişdi. General Groves isə narahat idi ki, əgər bomba istifadə edilməsə o zaman müharibədən sonra konqresdə dövlət büdcəsini əsassız istifadəyə görə məsələ qalxacaq. Müharibə vaxtı ABŞ Müdafiə Naziri olmuş William Leahy daha sonra xatirələrində nüvə silahını ilk istifadə edən amerikanın bu addımını daş dövrü barbarlarının əxlaqi səviyyəsi ilə müqayisə edir.
Tələm-tələsik bomba atılmasının digər bir səbəbi kimi isə Rusiya faktoru qeyd edilir. Yəni müttəffiq olmalarına baxmayaraq Amerika Rusiyanın qalib olduqdan sonra işğalçı siyasətini davam etdirəcəyini və daha çox əraziləri tutacağını düşünür.
Qərar qəbul edildikdən sonra bombaları daşıyan B-29 döyüş təyyarəsi Tinian adasına göndərilir. 6 avqust 1945-ci ildə Yaponiyanın Xirosima adasına ilk bomba atılır. İkinci bomba isə 3 gün sonra Naqasaki adasına atılır. İlk bomba uran-235-dən hazırlanan “Little Boy” adlı 12 kiloton, 2-ci isə plutondan hazırlanan “Fat Man” adlı 22 kilotonluq bomba idi.
Bombanın təsirindən kraterin yaxın ətrafında yaranan 3000 dərəcəlik istilik ətrafda olan hamını bir neçə saniyədə kömürə döndərir. Bombanın təsirindən yaranan qasırğada isə eyni anda 60 000 bina dağılır. 380 000 Xirosima əhalisinin 200 000 həlak olur. Bombanın atılmasından sonra, avqustun 9-da Truman amerikan xalqına radio ilə müraciət edir. Müraciətində bombanın mülki əhalinin zərər görməməsi üçün hərbi zona olan Xirosimaya atılması və təslim olmazlarsa, növbətisinin digər hərbi zonalara atılacağını deyir. Halbuki Xirosimada ölənlərin 90%-i mülki əhali idi. Üstəlik də bu radio müraciəti etdiyi gün artıq növbəti bomba Naqasakiyə atılmışdı. Bu 2-ci bombanın tələm-tələsik 3 gün aradan sonra atılması isə Groves’un işinə yarayırdı. Çünki o qorxurdu ki, ilk bombadan sonra Yaponiya təslim olar və bomba bayaq dediyimiz kimi istifadəsiz qalar. Və beləcə 2-ci bombanın atılmasından 3 gün sonra Yaponiya tam olaraq təslim olur.
SSRİ-yə atomun sirrini əvəzsiz satan adam
Təbii ki, Amerika və İngiltərə atom bombası hazırlığı içində ikən SSRİ də sakit durmurdu. SSRİ-də bununla bağlı işlər hələ 1940-cı ildən başlamışdı, lakin çox bahalı və uzun müddətə başa gəldiyindən çox da önəm verilmirdi. İki istiqamətdən gələn kəşfiyyat məlumatı bu məsələdə rusları daha tələsik davranmağa məcbur edir.
Onlardan biri 1942-ci ildə Krım istiqamətində gedən döyüşlərdə 56-cı briqadanın apardığı döyüşlər zamanı həlak olmuş alman zabitinin cibindən çıxan fizikaya dair hesablamalar idi. Dəftərçə araşdırılandan sonra bunun əslində atom reaktoruna dair hesablamalar olduğu üzə çıxmışdı. İkinci tərəfdən gələn məlumat isə nəinki SSRİ-yə, bəlkə də dünyanın gələcək düzəninə faydalı oldu.
Klaus Fuchs (1911-1988) adlı fizik amerikalıların atom bombasına dair bütün işlərin layihəsini olduğu kimi ruslara ötürmüşdü. İşin maraqlı tərəfi isə Fuchs’un bunu edərkən əvəzində heç nə istəməməsi idi. O, bu hərəkətilə sonradan bildirdiyi kimi dünyada güc balansını qorumağa xidmət etdiyini hesab edir və bununla da gələcəkdə mümkün fəlakətlərin qarşısını almış olurdu. Sonradan tarix özü də göstərdi ki, Fuchs haqlıdır.
Fuchs təkcə atomun yox, həm də hidrogen bombasının sirrlərini də SSRİ-yə ötürmüşdü. Tarixdə ABŞ və İngiltərə Fuchs’u “xain” kimi qələmə versə də, heç ruslar özü də buna görə ona “təşəkkür etmir”. Əksinə atomu başqa bir alimin adı ilə bağlayırlar. Bəlkə də belə etməlidilər.
Kim idi Klaus Fuchs?
Klaus Fuchs 1911-ci ildə Almaniyanın Russelheim şəhərində protestant rahibin ailəsində dünyaya gəlir. XX əsrin ən böyük casuslarından hesab edilən Fuchs Leypsiq Universitetinin fizika bölməsini bitirir. Daha sonra kommunist partiyasına qoşulduğundan ölkəsində təqib edilir və İngiltərəyə qaçır. Bristol universitetində təhsilini tamamlayır, ondan sonra isə Birminqem Universitetində məşhur nüvə fiziklərindən olan Rudolf Peierls’in yanında işləməyə başlayır.
Sonradan məlum olur ki, Rudolf ingilislər üçün nüvə bombası layihəsi üzərində çalışır. Fuchs elə o zamandan, yəni İngiltərədə ikən ruslar üçün casusluq etməyə başlayır. Taleyin “xoş təsadüfü”nə baxın ki, bir müddət sonra ABŞ İngiltərədən atom bombası ilə bağlı kömək istəyir və İngiltərədən ABŞ-a gedən heyətin içində Fuchs da olur. Orada o artıq amerikanların da bomba hazırlıqları barədə KQB agenti Feklisov vasitəsilə rusları mütəmadi olaraq xəbərdar edir.
Hidrogen bombasının atası sayılan Edward Teller (1908-2003) daha sonra xatirələrində yazır ki, Fuchs casus olmasına baxmayaraq atom bombasının hazırlanmasında çox böyük rolu olan alim idi. O həm bombanın hazırlanmasında iştirak edir, həm də bu sirrləri ruslara ötürür. Müharibə bitəndən sonra isə heç nə olmamış kimi İngiltərəyə dönüb nüvə mərkəzlərinin birinin rəhbəri işləyir. Fuchs’u maraqlı edən məqamlardan biri də odur ki, təmənnasız olaraq rusların xeyrinə casusluq etmişdisə, eləcə də bir müddət sonra onların yeritdiyi siyasəti bəyənməyib özünün dediyi kimi “vicdanının səsini dinləyəndən sonra” bu işi dayandırır.
Venona əməliyyatı
1996-cı ilə qədər gizliliyi qorunan bu əməliyyatın kökü 1945-ci ildə SSRİ-nin Kanadadakı səfirliyinin əməkdaşı İqor Quzenkonun məxfi sənədləri də götürərək Kanadaya sığınması ilə başlayır. Məxsi sənədlər təbii ki, şifrələnmiş olur. Daha sonra o dövrdə ABŞ kəşfiyyat xidməti Almaniyada bir ərazidə rusların şifrələmə sisteminə dair bir dəftəri ələ keçirir və onun nəticəsində səfirlikdən Moskvaya göndərilən bütün məlumatlar incələnir.
Məlum olur ki, Los Alamosda, yəni ABŞ-ın bomba hazırladığı gizli məkanda casus var. Əslində Los Alamosda rusların 3 casusu var idi – Klaus Fuchs, Theodore Hall və əsgər David Greenglass. David Greenglass məlumatları qohumu Rosenberq ilə birlikdə toplayıb ötürürmüş. 1950-ci ildə ilk olaraq məhz Rosenberq deşifrə olur və 1953-cü ildə edam edilir.
Venona sənədlərində “Charles” (Klaus Fuchs) kod adlı alimdən də söhbət gedir, amma hələ ki, bilmirlər o kimdir. Biləndə isə artıq gec idi, çünki Fuchs İngiltərəyə dönmüşdü. Təbii ki, onun soruğusunu artıq amerikalıların xahişi ilə Mİ5 araşdırmağa başlayır. Uzun cəhdlərdən sonra Fuchs günahını etiraf edir. O dövr ingilis qanunlarına görə casus düşmən ölkənin xeyrinə casusluq edibsə edam, dost ölkənin xeyrinə edibsə, həbs cəzası alırdı. O dövrdə Rusiya da İngiltərənin müttəfiqi olduğuna görə Fuchs’a məhkəmədə 14 il iş verirlər, onun da 9 ilini yatıb çıxır. Fuchs’u gec məhkəməyə vermələrinin də səbəbi gizli olan Venona əməliyyatının məhkəməyə verilərsə açığa çıxacağı idi. Məlumat sızsa, əməliyyatda adı keçən digər insanlar duyuq düşə bilərdi.
Yuxarıda yazdığımız kimi Fuchs əslində o zaman layihənin üzərində işləyən fiziklərin düşündüyü, amma edə bilmədiyi bir şeyi etmişdi – dünyanın super gücləri arasında balansa nail olmuşdu. Məsələn, ABŞ o zaman heç kimlə məsləhətləşmədən Yaponiyaya bomba atmışdı. Amma 1951-ci ildə Koreyada müharibəni uduzmasına baxmayaraq, Vyetnamda uduzmasına baxmayaraq atom bombası istifadə etmədi. Çünki bilirdi ki, qarşı tərəf də istifadə edə bilər və bu dünyanın sonu ola bilər.
Bu arada Fuchs isə 1957-ci ildə həbsxanadan çıxıb şərqi Almaniyaya gəlir. Təbii ki, Şərqi Almaniyada onu qəhrəman kimi qarşılayır, hətta Karl Marx mükafatı da verirlər. O burada Drezden nüvə mərkəzinin direktoru kimi fəaliyyətini davam edir. 1988-ci ildə 76 yaşında isə vəfat edir. Başqa bir maraqlı fakt odur ki, Klausun sirrini verdiyi atom bombası hazırlandı, amma istifadə edilmədi. Bununla bəlkə də 3-cü dünya müharibəsinin qarşısı alındı.
SSRİ-nin atom bombası. Kurçatov
Daha öncə əldə edilən kəşfiyyat məlumatları ilə atom bombası hazırlanması məsələsini İqor Kurçatova (1903-1960) həvalə edirlər. Stalinin əmri ilə 1943-cü ildə Atom Enerjisi ilə bağlı qurum yaranır və Kurçatov onun rəhbəri olur. Müharibədən sonra ən böyük rəqabət Rusiya ilə ABŞ arasında Berlin üçün gedirdi. Və o ərəfədə SSRİ Almaniyada nüvə mərkəzi olan institutların birini ələ keçirərək 3 ton uran oksidini Moskavaya gətirirlər. Beləcə, atom bombası üçün xammal da hazır olmuş olur.
Proyektin təhlükəsiliyini Stalin Beriyaya tapşırır. Beriyanın NKVD-dəki otağında “1 nömrəli labaratoriya” və başqa bir gizli yerdə isə “2 nömrəli labaratoriya” qurulur, iş başlayır. 2 nömrəli labaratoriya Moskvadan 400 km aralıda Sarov qəsəbəsi idi. Bu haqda məlumat ilk dəfə 1994-cü ildə açıq elan edilir. Hətta gizliliyi qorumaq üçün qəsəbənin adı o dövrdə bütün kitablardan, xəritələrdən silinmişdi. Həmin gizli məkanda heç bir sənədin atılmasına icazə verilmir. Ən kiçik tullantı belə təhlükəsizlik xidməti işçilərinə verilməli idi. Hətta səhvən əlindəki kağızı yandıran fiziklərdən birini o qədər sorğuya çəkirlər ki, sonda intihar edir.
Nəhayət 29 avqust 1949-cu ildə Qazaxıstan çöllərinin birində bomba test edilir. Test uğurlu olandan sonra xəbəri tələsik Stalinə vermək istəyən Beriya ona zəng edir. Səhər olduğundan əsəbi şəkildə yuxudan qalxıb Beriyanın “test uğurla bitdi” sözünə qarşı “Bilirəm artıq” cavabını alır. Demə Beriyanın komandası arasında hər gün Stalinə xəbər ötürənlər də varmış.
Amerikalılar isə rusların atom bombasının olmasını təsadüfən okean üzərində uçan təyyarənin havada normadan 300 qat artıq radiasiya olmasını müşahidə etməsi ilə öyrənir. Amerika bu xəbərdən çox sarsılır, çünki bu hadisədən hələ 2 həftə öncə CIA SSRİ-nin bu işə başladığını, amma yaxşı halda 1953-cü ildə yekunlaşdıra biləcəyi haqda raport hazırlamışdı.
Saxarovun hidrogen bombasının gətirdiyi Nobel
Atomdan sonra ən böyük müharibə SSRİ ilə ABŞ arasında artıq hidrogen bombası üzərində gedirdi. ABŞ 1952-ci ildə ilk hidrogen bombası testini uğurla bitirir. SSRİ-də isə hidrogen bombası heç cür alınmırdı. Nəhayət gizli şəhərə 28 yaşlı fizik Andrey Saxarov dəvət edilir. Bundan əvvəl Kurçatov iki dəfə onunla işləməyə dəvət edib imtina alır, amma 3-cü dəfə yumşaq desək zorla bu işə başlamağa razı olur. Özünün də dediyi kimi “1948-ci ildə 3-cü müraciətdə mənim fikrimi belə soruşmağa ehtiyac görmədilər”.
Beləcə, 12 avqust 1953-cü ildə yenə Qazaxıstanın Semipalatinsk şəhərində ilk test uğurla həyata keçirildi. Maraqlıdır ki, hər iki test, yəni həm atom, həm də hidrogen bombası İttifaqın “qardaş respublika” dediyi Qazaxıstanda keçirilir. Orada bu gün də testin keçirildiyi ərazilər yaşanılmaz haldadır. Hətta o vaxt hidrogen bombasının test edilməsi ərəfəsi ətrafda yaşayan əhalinin köçürülməsini istəyən fiziklərə Malışev etiraz edir ki, ehtiyac yoxdu. İnsan həyatı SSRİ-də bir heç idi. Yalnız sonralar fiziklərin təkidli tələbi ilə yerli əhali köçürülür.
Saxarov bu işdən sonra Sovet İttifaqı qəhrəmanı adını alır və hər cür şəraitlə təmin olunur. Geniş ev, pul, sürücü ilə dövlət maşını və s. Bombanın testi ərəfəsində göydə uçan quşların gözünün kor olub qanadlarının yandığını, mutasiya ehtimallarının artdığını görən Saxarov çox dərin sarsılır. O da Fuchs kimi siyasilərin əlində bu bombanın çox qorxulu olacağını düşünür.
Hətta bir dəfə bombanı qeyd edərkən sağlıq üçün söz Saxarova veriləndə, o, “ümid edirəm bu uğurumuz həmişə test meydanında olar” deyir. Marşal Nedelin Saxarovun bu sözünə dolayı yolla “siz bombanı hazırladınız, harada istifadə edəcəyimizə isə biz qərar veririk” tipli cavab verir. Bu hadisə Saxarovu çox dəyişdirir. O, anlayır ki, hazırladığı dünyanın ən güclü bombanın ixtiyarı onun əlində deyil. Narahatlığını Kurçatova da bildirən Saxarov sonradan onunla birlikdə rəhbər şəxslərə silahlanmanı dayandırmaq barədə müraciətlər edir.
1968-ci ildə alimin yazdığı və tarixə “Saxarovun manifesti” kimi düşən çağırış SSRİ-də yayımlanmasa da, gizli yolla gedib Qərbə çıxır və bütün Amerika gündəmini dəyişir. Məhz Saxarovun bu yazısı New York Times qəzetindən yayınlandıqdan bir müddət sonra 1972-ci ildə SALT 1 və 1979-cu ildə SALT 2 müqavilələri (kütləvi qırğın silahlarının azaldılması) imzalanır. Eyni zamanda bu müqavilə ilə 5 il ərzində heç bir test də edilməməli idi. Beləcə dünya bir qədər rahat nəfəs almış olur.
Dünənin “sağ ol”u
1975-ci ildə isə artıq bütün dünyada məşhur olan Saxarova Nobel mükafatı verilir, amma SSRİ onun mükafat almaq üçün Osloya getməsinə icazə vermir. Əvəzində həyat yoldaşı gedib mükafatı qəbul edir. Parallel olaraq SSRİ onu bütün vəzifələrdən də çıxarıb universitetə geri göndərir. Lakin bundan sonra da ruhdan düşməyən Saxarov doğru bildiyi həqiqətləri deməyə davam edir. 1979-cu ildə Əfqanıstan müharibəsinə də etiraz edəndən sonra, 1980-ci ildə onu məhkəməsiz-filansız 7 illik Qorki şəhərinə sürgün edirlər. Bura tamam qapalı və xaricilərə giriş qadağan olunan bir yer idi. Hətta Çernobıl qəzasını da o Qorkidə sürgündə ikən eşidir. Daha sonra xatirələrində qeyd edir ki, atom enerjisindən onsuz da dünya imtina etməyəcək. Ona görə də ən yaxşısı onu yeraltında inşa etməkdir. Çox sonra məlum oldu ki, artıq Fransa və Amerika yeraltı reaktorlar inşa edib.
1985-ci ildə SSRİ-də “perestroyka” dönəmi başlayır və Qorbaçov şəxsən Saxarova zəng edərək onun Moskvaya dönə biləcəyini bildirir. 23 dekabr 1986-cı ildə Moskvada Yaroslavl qatar stansiyasında onu əsl xalq qəhrəmanı kimi qarşılayırlar. Hətta daha sonra deputat seçilir. 14 dekabr 1989-cu ildə parlamentdəki uzun və yorucu çıxışından sonra evə gəlir və ürək tutmasından vəfat edir.
Hazırda “Nüvə Klubu” – arsenalında nüvə silahı olan bir qrup ölkənin qeyri-rəsmi adıdır. Bura ABŞ (1945), Rusiya (Sovet İttifaqı, 1949), Böyük Britaniya (1952), Fransa (1960), Çin (1964), Hindistan (1974), Pakistan (1998) və Şimali Koreya (2006) daxildir. İsrail də nüvə silahı olan dövlət kimi qəbul edilir. Lakin bütün bu keçmiş tarix göstərir ki, sülh üçün çalışmalı və dünyanı öz evimiz kimi qəbul etməkdikcə daha böyük faciələrə hazır olmalıyıq. Qoy sülh və barış qalib gəlsin.
Yazar haqqında
Editor review
Summary
Düz 74 il öncə, 16 iyul 1945-ci ildə bəşər tarixində ilk dəfə atom bombası ABŞ-da Alamogordo (Nyu Meksiko) çölündə sınaqdan keçirildi. Bu yazıda II Dünya Müharibəsi dövründə Almaniya, SSRİ, ABŞ və İngiltərənin atom bombası hazırlanması ilə bağlı görülən işlərdən, daha dəqiqi – “casus müharibələri”ndən söhbət açılacaq.
Həmçinin oxuya bilərsiniz
Ruslara atom bombasının sirrini verən qadın
35 il KQB-yə xidmət etmiş Melita Norwood (1912-2005) XX əsrin ən uzun müddət fəaliyyət göstərən casusu kimi tanınır. Kimliyi yaşlandıqdan sonra üzə çıxınca həyatının qalan hissəsini Londondakı evində ev dustaqlığında
Kəşfiyyatın Maradonası – Markus Volf
Əvvəlki yazıda Qərbi Almaniyanın Kəşfiyyat Xidməti haqqında məlumat vermişdik. Ancaq ikiyə bölünmüş Almaniyanın Şərqində də boş durmurdular. Vətəndaşı addım-addım izləmək lazım gələndə xarici kəşfiyyat qədər daxili kəşfiyyat üsulları ilə məşhurlaşan
Mussolini Əməliyyatı
77 il öncə baş verən real hadisələri indiki dövrün siyasi, hərbi gedişləri ilə müqayisə edəndə bəzi oxşarlıqlar tapmaq mümkündür. Tarix bəzən və bir çox hallarda təkrarlanır. Onu yaxşı öyrənənlər baş
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun