Siyasi marketinqdə son insanı görməzdən gəlmə
Marketinqdə müştəri anlamı bir neçə variantdadır. Siyasətin də “müştərisi” var – xalq. Hansısa şirkətin müştərisinin aldığı məhsul sayəsində şirkət gəlir əldə edib bazarda qala bilirsə, siyasətin müştərisi olan xalqın seçimi ilə də hakimiyyət əldə edilir. Bu yazıda marketinqdə müştəri vacibliyini siyasətə transformasiya edərək niyə müştəri ilə, xüsusən də “son müştəri” ilə işləməyin vacibliyindən yazmaq istəyirəm. Çalışacam eyni zamanda real nümunələrlə də fikrimi əsaslandırım. Real nümunə deyəndə mövzuma uyğun nə axtardımsa, qabağıma ancaq SSRİ və Rusiya nümunələri çıxdı. Oxuyun, biləcəksiniz nə demək istəyirəm.
Love Brand olmağın yolu son müştərinin beynindən keçir
Marketinqdə korporativ müştəri var, partnyor müştəri var, vasitəçi, əlaqələndirici, topdançı müştəri və s. Siyahını uzatmaq olar. Ümumən bilirsiniz ki, marketinqin məqsədi gəlir əldə etməkdir. Gəlir əldə etmək üçün isə Siz bütün proseslərdə əməl etməli olduğunuz bir faktı unutmamalısınız – MÜŞTƏRİ. Sizin xidmətlərinizdən, məhsulunuzdan istifadə edən, istifadə üçün pul ödəyən müştəri. Müştəri Sizi “yaşadan” səbəb olduğundan əksərən qeyri-səmimi “müştəri baş tacımızdır” falan desəniz də, bir yerdə mütləq onun istəklərini nəzərə almalı olursunuz. Başqa variant da yoxdur. Ya monopolist olacaqsınız ki, müştəri istəkləri vecinizə olmasın, ya da məcbur müştərini almaq istədiyi məhsulu ona verəcəksiniz. Satış hər nə qədər kimə gəldi satmaqla özünü hədəfinə çatmış hesab etsə də, marketinq bir az uzun müddətli baxaraq daima “son müştəri”nin (onun malını ən son alıb istifadə edən) qəlbini qazanmağa çalışır. Bunun üçün də çalışırlar ki, müştərinin gözündə, beynində BRENDƏ, LOVE BRENDə çevrilsinlər.
“Turniketlər”dən keçən qərarlar
Gələk indi siyasətə. Yuxarıda yazdığımız kimi siyasətin son müştərisi – xalqdır. Kobud dildə desək, sadə vətəndaşlar. Hansı siyasi hakimiyyət “son müştərisi” ilə sistemli iş aparırsa, daha da möhkəmlənir, xalqın dəstəyini daha çox qazanır. Əksini edənlər də elə əksinə nail olur. Əvvəlki bloq yazılarımda yazmışdım bir dəfə. Yaponiyada şirkət istəyir ki, qərarı hər kəs mənimsəsin. Yəni qərar yuxarıdan aşağı ötürülmüş kimi görünməsin. Əksinə hər kəs qərarda payının olduğunu hiss edib, ona inanıb onun icrasına daha həvəslə yanaşsın. Kobud desək, işinə vicdanla yanaşsın. Amma bir çox şirkətlərdə müdir qərar verir, ötürür müavininə, müavini departamentə, departament şöbəyə, şöbə işçilərə və s. Qərar bu “turniketlərdən” keçə-keçə onu icra edən “son insana” gəlib çatır. O isə praktika göstərir ki, çox vaxt belə qərarları özünə yad hesab edir (hətta elə olmasa belə) və könülsüz icra edir. Administrativ olaraq icra edir, amma etdiyi işi sevmir. Siyasəti azdan-çoxdan izləyirəm, mütəmadi oxuyuram, nələrisə anlamağa çalışıram. Bu qayda siyasətdə də elədir. Xalq hansısa qərarı “özününküləşdirmədisə” ona bir quş.
Bir az da fakt və müşahidələr
Uzun yazmayacam. Sadəcə müşahidələrim nəticəsində Sizə bir neçə misal ilə nə demək istədiyimi izah edim. Misallarımı əsasən SSRİ-Rusiya üzərindən vermək istəyirəm. Çünki neçə vaxtdır bu haqda yazmağı düşünürəm və mövzuma ən uyğun nə axtarsam qabağıma SSRİ və Rusiya çıxır. Maraqlı gəldisə, sona kimi oxuyun, haqq verəcəksiniz.
Bugün oxudum ki, Rusiyanın 1-ci kanalının sifarişi ilə Türklərlə birgə “Ürəyimin Sultanı” adlı serial çəkiləcək (24 seriya) Buna təşviq edən səbəb isə “Möhtəşəm Yüz İl” serialının Rusiyada qısa zamanda çox məşhurlaşmasıdır. Qeyd edim ki, bu serial ümumilikdə 50-dən çox ölkədə göstərilib. Yadıma gəlir, o vaxt Red Apple festivalında iştirak üçün Moskvaya getmişdim. Küçədə hər yerdə «Великолепный век»posterlərini görmək olurdu. Adi vətəndaşlarla söhbətdə də bunu açıq hiss etmək olurdu. Amma baxın, tarix boyu siyasi ədəbiyyatlar, elə tarix kitabları rusiya-türkiyə müharibləri ilə doludur. Və kənardan elə görünür ki, ruslarla türklər bir-birini sevmir. Müasir Rus kinolarında insan hissləri, səmimiyyət, insanın prosesə təsiri çox aşağı səviyyədə verilir. Bir sözlə deyilir ki, ey insan sən nəyisə dəyişmək üçün çox kiçiksən. Türk seriallarında nə görürük? İnsana dəyər, sevgiyə görə az qala nə bilim kinodakı məmur idarə etmə tərzini, müdir isə şirkətini başqa cür idarə edir. O səmimiyyət də adi, sıravi ruslara türk seriallarını sevdirir. Moskvadakı adi ruslar adətən danışanda qafqazlıların daha istiqanlı, qayğıkeş olduğunu deyir və qəbul edirlər. Demək ki, bizimkilərə hələ qayğıkeş deyirlərsə, görün özləri necədir ki, biz qayğıkeş oluruq. Amma insaf naminə qayğıkeşik :), adamın başının üstündə Allah var, gərək düzünü deyəsən. Bu bir misal.
Dəyərin 2 başı
İkinci misal. Ayın əvvəli Novosibirskdə olanda maraqlı bir kitab almışdım. Müəllifi Karl Ştayner olan kitabın adı “7000 gün QULAQ-da”dır. 1 həftəyə oxuyub bitirdim. Real hadisələr əsasında yazılıb. Deməli, müəllif Sovetin türmələrində siyasi məhbus kimi düz 20 il yatıb. Özü də ən ağır türmə və lagerlərdə. Yazdıqlarını oxuyanda insan dəhşətə gəlir. Bir şey ki, repressiya illərində 21 milyon insan həbs edilib. Qısa deyim ki Karl Ştayner qatı kommunist kimi Avropa ölkələrində həbs edilib, neçə il həbsdə qalıb. Sonra kommunizmin vətəni Rusiyaya gəlmək və arzuladığı sosializmi burada yaşamaq qərarına gəlir. Nəisə ki, gəlir, bir-iki il işləyir və sonda NKVD tərəfindən Gestapo Agenti kimi tutulub düz 20 il sonra azad edilir. Kitabda az qala hər səhifəsində xəyallarının necə puç olmasını, SSRi-də insanın dəyərinin olmamasını, ən aşağı təbəqə insanların hakimiyyətə nifrətini açıq göstərməsini yazır. Əsas nəyə diqqət çəkmək istəyirəm. Baxın, fransız kommunisti fransada olan kapitalizmə etiraz edir, höküməti tənqid edir, nə bilim əleyhinə proqpoqanda edir və sonda gəlir kommunizmin beşiyi SSRİ-yə. Burada da bunu tutub 20 il agent kimi həbs edirlər. Sonda həmin bəyənmədiyi kapitalist Fransa öz səfirliyi vasitəsilə adamı xilas edib vətəninə yola salır. (Bu arada Ştayner fransız deyil, avstriyalıdır. Kitabında sadəcə fransız kommunist – məhbəs yoldaşının taleyindən də yazıb) Amma SSRİ nə etdi? Müharibədə min-bir zülm çəkib sonda əsir düşənləri geri qaytarıb güllələtdirdi. Adi bir misalda insana verilən 2 fərqli dəyər nümunəsi var. Çünki SSRİ-də heç nə insan üçün deyildi. İdeya üçün idi. Uydurduqları sosializmdə də bərabərlik adilə camaatın malın-mülkünü kolxoza qatıb, camaatı da elə kolxoz kimi idarə edirdilər. Bugün də KOLXOZ adı pozitiv anlamda işlənmir. Məsələn, Ştayner yazırdı ki, camaat çox ümidli idi ki, müharibədə qalib olandan sonra kolxozlar ləğv ediləcək, amma olmadı. Çünki insan üçün deyildi. İnsanları say-say yox, qalaq-qalaq məhv edirdilər. Belə nümunələr çox çəkmək olar. İngiltərə kəşfiyyat sistemi Mİ5-də çalışan Kim Pilbi uzun müddət Rusiyaya agentlik edəndən sonra ifşa olur və Moskvaya qaçmalı olur. Amma buradakı mühitə alışa bilməyib içkiyə qurşanır. Başa düşür ki, inandığı şey əslində onu xoşbəxt etmir, onun üçün deyil, o belə təsəvvür etməmişdi.
Çünki Rusiya insanla işləmirdi
Rusiya tarix boyu belə davranıb. Yenə növbəti misal. Götürək Gürcüstanı. Güc baxımından Gürcüstan Rusiyadan daha asılı, Rusiyaya daha yaxın idi. Üstəlik də 70 il əsarətində olmuşdu. Məntiqlə Rusiyanın təsiri insanlarda güclü olmalı idi. Amma bugünkü mənzərə nədir? Tiflisdə rus-dilində danışmaqdan sadəcə imtina edirlər, sevmirlər. Bir dəfə bir dostum bu məsələyə çox yaxşı izah verdi. Dedi Rusiya güclə insanları ram edə biləcəyini düşünürdü. Amerika isə vətəndaş cəmiyyətləri, QHT-lər vasitəsilə, ictimai aktivliklərlə, insanlara faydalı işlərlə girdi Gürcüstana. Və zamanla insanlar beyin olaraq Amerikanı “xəyallarındakı ölkə” olaraq gördü, Rusiyanı yox. Çünki Rusiya insanla işləmirdi, elə bilirdi ki, 3-5 adamı yuxarı təyin edib ona tam dəstək verməklə, idarə edə biləcək insanları. Bir şey olan kimi də “dəyənək” vəssəlam. Amma tarix göstərdi ki, torpaqları işğal etmək yox, beyinləri, qəlbləri işğal etmək lazımdır. Ona sahib olan hər şeyə sahib olur. Ukraynada da eyni ssenari oldu, məncə. Ukraynada kimlə danışırdınsa, rus-dilində danışsa da Rusiyanı sevmədiyini deyirdi. Bu ciddi məsələdir, zarafat gəlməsin. Bilirsiniz bu nəyə bənzəyir. Ailəni nəyəsə görə dağıtmırsız, amma ürəklə bağlı hər şey artıq bitib. Sevgi yoxdur. Rusiyada da elə. Çoxu bu və ya digər səbəbə görə bağlı qalıb, amma sevgi yoxdu. O sevgi də güclə olmur xoşbəxtlikdənmi ya da təəssüf ki.
Bu gün də saytda belə bir yazı oxudum. Ermənistanın hansısa məmuru müsahibə verib ki, bəs Rusiya vətəndaş cəmiyyətləri ilə işləmir Ermənistanda. Ona görə də gənc nəsildə qərbə meyllilik güclənib, onlar faktiki olaraq Rusiyanı sevməməyə başlayıblar. Yəni sözündən belə çıxır ki, güclə vassal eləməklə deyil, ilk fürsətdə imkan düşən kimi adamlar “sevdiyi tərəfə” üz döndərəcək.
Yuxarıdakı faktlar bir daha göstərir ki, bu dünyada hər şey İNSAN üçün olduğu müddətcə yaşayacaq. Allah belə bu boyda naz-neməti biz insanlar faydalanaq deyə yaradıb. Çalışıb hər addımda, istər şirkət idarəetməsi olsun, istər dövlət İNSANIN (son müştərinin) qəlbini fəth etməliyik. Əksini edənlər itirə-itirə gedir gördüyünüz kimi. Biz marketinqdə olduğu kimi, siyasətdə də “son insanı” görməzdən gələ bilmərik.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Gənclər Həftəsi – canlı yayımlar seriyasında qonaq idik
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi “Gənclər Həftəsi” Canlı Yayımlar seriyasında növbəti qonaq mən oldum 🙂 Facebook Comments
Marketing AİR 11-ci dəfə
Bu gün Marketing AİR təlimlərinin 11-cisi fəaliyyətə başlayır. Bu dəfə də 40-dək müxtəlif şirkətlərdən olan menecerlərlə. 5 ildir ki, eyni templə gedirik. Ona görə də bugün AİR məzunlarından 500 nəfərə
Böhran zamanı internet televiziya niyə effektivdir?
Böhran dövründə marketinq kommunikasiya üsulları ciddi dəyişikliyə uğrayır. Uzun müddətdə effekt verən vasitələrlə müqayisədə qısa müddətdə effektli olan vasitələrə üstünlük verilir. Nəticədə adi vaxtda edilən bir çox xərclər böhran dövründə
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun