«SMERŞ» və ya Trotskini kim öldürdü?!
İnqilabdan sonra KQB, rejimə qarşı çıxan vətəndaşlarını qaçırdır, işgəncələr verir və öldürürdü. Rusiyadan qaçanlar da bu gizli servisin qəzəbindən xilas ola bilmirdi. Amma terror bu qədərlə bitmirdi. KQB-nin əcnəbilərə «xidmət» edən bir bölməsi yenə vardı: SMERŞ. Qurum 1943-cü ildə yaradılmışdı və xüsusilə hərbinin içində əks-kəşfiyyat işləri aparırdı. Moskva və Stalinqrad ətrafındakı məğlubiyyətdən sonra Alman ordusu kəşfiyyatı daha da gücləndirib birbaşa SSRİ ölkələrinin içinə sızır, məlumatlar ötürür, təxribatlar törədirdilər. Rusca çox mükəmməl danışan belə kəşfiyyatçılar o zaman xeyli sayda sovet zabitini öldürə bilmişdi. SMERŞ-in yaranma səbəblərindən biri kimi almanların bu addımını da göstərmək olar.
Rusca «casuslara ölüm» mənasını verən «Smert Şpionam» sözünün qısaltması olan SMERŞ-ə bu adın Stalin tərəfindən verildiyi söylənilir. Adın özündən belə qəddarlıq fışqırır. Qurum özü birbaşa Stalinə tabe olur. II dünya müharibəsi dövründə bu orqan tərəfindən 700 minə yaxın insan həbs olunur ki, onun da 70 minə qədəri güllələnir. Müharibə dövründə 101 general SMERŞ tərəfindən həbs edilmişdi. 4000-ə qədər alman kəşfiyyatçısı da bu qurum tərəfindən zərərsizləşdirilmişdi. Hətta SMERŞ-in ilk rəhbəri olmuş Abakumov özü də Xruşov dönəmində güllələnir.
Ən fanatik kommunist kəşfiyyatçılar tərəfindən idarə edilən SMERŞ KQB-nin terror və destabilizasiya işlərindən məsul 9-cu bölməsi olaraq qurulur. Beş hissədən ibarət idi. Birinci qrup Qızıl Ordu içindəki müxalif əsgərləri təmizləyirdi. İkinci qrup isə bilgi toplamaq və savaş əsnasında düşmənin arxasına agentləri keçirmək vəzifəsi daşıyırdı. Üçüncü qrup bilgi toplayır, yayır və təlimatlandırırdı. Dördüncü qrupun vəzifəsi şübhəliləri araşdırmaq və lazım olduqda həbs etmək idi. Beşinci qrup isə yüksək rütbəli 3 zabitdən ibarət idi ki, bunlar da şübhəlilərlə bağlı araşdırma aparmaq və son qərarı vermək iqtidarında idi. Ölüm əmri verilsəydi, o andaca yerinə yetirilirdi.
Tehran Konfransında SMERŞ agentləri tərəfindən qorunan dünya liderlərinin hamısı təşkilatın varlığından xəbərdar idi, amma dünya mediası bu haqda KQB zabiti Nikolay Xoxlovun 1954-cü ildə qərbə sığınması ilə varlığını öyrəndi. Xoxlov özü də professional SMERŞ sui-qəsdçisi idi, amma sonradan qərbə qaçmışdı. Onu SMERŞ-in digər hücum qruplarından Peter Deryabin və Boqdan Staşinski təqib etdi. Hətta 1957-ci ildə qərbdə onu zəhərləməyə də nail oldular. Amma Xoxlov bu sui-qəsddən də canını qurtarıb sağ qala bilmişdi.Təşkilat üzvləri o dövrün şərtlərinə görə olduqca mütərəqqi texnologiya sayılan zəhərli qazdan istifadə edirdilər. “Satqınları” təqib etmək üçün Qərbi Avropadakı qurbanlarını öldürməyə çalışan bir çox SMERŞ üzvü CİA tərəfindən tutulmuşdu. Xoxlovun özünü isə 1992-ci ildə Yeltsin bağışlayır və ona Rusiyaya ailəsini görməyə icazə verir. ABŞ universitetlərinin birində psixologiyadan dərs deyən Xoxlov öz əcəli ilə 2007-ci ildə vəfat edir.
SMERŞ qurbanı Trotski
1930-cu illərdə Avropada tam mənası ilə SMERŞ fırtınası əsirdi. Təşkilatın killerləri bircə-bircə öz qurbanlarını axtarırdı. Fransadakı KQB nümayəndəliyinin başçısı İgnace Reiss Stalini diktatorluqda günahlandırdıqda qurbanlar arasındakı yerini almaqda gecikmədi. Yaxın dostu, qərbə sığınan ilk yüksək rütbəli GRU zabiti Valter Krivitski də SMERŞ-in qantökmə texnikasını ifşa edincə Vaşinqtondakı ən diqqət çəkən ad heç şübhəsiz ki, 1917-ci il inqilabının Lenindən sonra ikinci lideri olan Leon Trotski idi.
Trotski 1929-cu ildə Stalin tərəfindən Rusiyadan qovulunca, rus diktatoruna qarşı geniş antitəbliğat aparırdı. Trotski 1937-ci ildə Meksikaya getmiş və 1940-cı ildə yoldaşı Natalya ilə birlikdə Mexiko Citinin kənarında gözdən uzaq bir villada yaşamağa başlamışdı. Villası 24 saat boyunca Meksika polisi tərəfindən qorunur, eyni zamanda Trotski könüllülərindən ibarət bir mühafizə qrupu da villanın içində xidmət edirdi. Villanın içindəki ağır silahlarla silahlanmış növbətçilər də binoklla ətrafı izləyirdi. Bütün bunlara baxmayaraq və vətəninə görə dünyanın digər bir ucunda olmasına rəğmən Trotski SMERŞ qatillərindən özünü sığortalı saymırdı. Belə ki, şəxsi katibi Rudolf Klement qısa müddət öncə Parisdə təşkilatın gülləsinə tuş gəlmişdi.
24 may 1940-cı ildə Meksikalı bir rəssam və kommunist olan David Alfaro Siqneiros SMERŞ-in «Trotskini öldürərsənmi?» təklifini qəbul edərək ağır silahlarl və 20 adamı ilə birlikdə Trotskinin evinə hücüm edir. Lakin Trotski və ailəsi xilas ola bilir. Siqneiros vəzifəsinin öhdəsindən gələ bilməməsinə rəğmən KQB-nin köməkliyi ilə Çiliyə qaçırılır və həyatının geri qalanını «yarı dəli, idarə edilməz bir adam» damğası ilə rəssamlıq etməklə keçirir. Amma Trotskinin öldürülmə planı öz qüvvəsində qalırdı. Bu dəfə səhnəyə olduqca soyuqqanlı və kommunist ideologiyasına könüldən bağlı Frank Jacson adlı yalançı addan istifadə edən SMERŞ sui-qəsdçisi Jaime Mercarder çıxır. İspan bir iş adamı və kubalı kommunist bir ananın övladı olan Mercarder Jacques Mornard adlı müxbir fransalı kimi Trotski tərəfdarlarının Parisdə təşkil etdiyi 4-cü Beynəlxalq Kommunizm Konfransında iştirak edir. Orada bacısı bir zamanlar Trotskinin katibliyini etmiş amerikalı Silviya Ageloqu ovlaya bilir. SMERŞ bu dəfə yavaş addımlarla mərkəzə doğru qurbanına yaxınlaşmaq niyyətində idi. Mercarder Ageloqla tanış olduqdan sonra təkrarən Kanada vətəndaşı Frank Jacson kimi fəaliyyət göstərirdi. Eyni pasportla getdiyi Meksikada sevgilisi Ageloqun vasitəsilə qurbanı Trotski ilə tanış olma fürsəti əldə etdi. Tələsmir, torunu yavaş-yavaş hörürdü. Trotskinin dostluğuna nail olmaq üçün sosial yardımlar edirdi. Bir gün Trotskiyə özünün siyasi fəlsəfəyə dair yazdığı kitabını gözdən keçirməsini xahiş edir. Qürurlanan Trotski 1940-cı ilin 20 avqustuna görüş təyin edir. Trotskinin malikanəsinə gələn Mercarderin bir qoltuğunun altında yalançı kitab, görünməyən hissəsində isə bir tapança və alpinistlərin istifadə etdiyi balta var idi. Trotski əzrailini səmimi şəkildə qarşılayaraq içəri dəvət etdi. Oturub kitabı müzakirəyə başladılar. Bir neçə səhifə sonra mənasızlığı hiss edən Trotski bu işdə bir əmma olduğunu anlamışdı sanki. Başını qaldırıb Mercarderə baxarkən onun əlindəki balta ilə üstünə atıldığını görür. Mercarderin zərbəsi Trotskinin başının dörddə birini yox etməsinə rəğmən yetərincə öldürücü olmamışdı. İniltiyə amerikalı mühafizəçilər gəlir və Mercarderin üzərinə atılır. Mercarderi öldürmək istəyərkən qan içindəki Trotski «durun, deyəcəkləri olmalıdır» deyə inləyir. Beləcə Trotski hadisədən 24 saat sonra ölür. Vəzifə tamamlanmışdı. Mercarder bütün sorğulara rəğmən həqiqi kimliyini etiraf etmir, israrla Jacques Mornard olduğunu söyləyirdi. Öz iddiasına görə Trotski sevgilisi Angeloqa göz saldığı üçün namus cinayəti törətmişdi. Heç kim bu yalana inanmadı, amma ağzından başqa bir şey də ala bilmədilər. 1943-cü ildə Leon Trotskini öldürməsilə Mexiko Citidə həbsə atılır və 6 may 1960-cı ildə özünü yaxşı aparması ilə əlaqədar olaraq həbsdən buraxılır və Mercarder Praqaya gedərək yenidən müxbir kimi işləməyə başlayır. Az müddət sonra isə Moskvaya köçür və Kreml tərəfindən Trotskinin öldürülməsi ilə rejimə verdiyi faydadan dolayı «Ali Sovet Nişanı» ilə mükafatlandırılır. 1978-ci ildə digər bir kommunist diyar Kubada ölərkən hələ də Jacques Mornard kimliyindən istifadə edirdi. Və beləcə əcnəbi qatillərdən məharətlə istifadə edən SMERŞ pərdə arxasında qalmağı bacarırdı.
Editor review
Summary
Rusca «casuslara ölüm» mənasını verən «Smert Şpionam» sözünün qısaltması olan SMERŞ-ə bu adın Stalin tərəfindən verildiyi söylənilir.
Həmçinin oxuya bilərsiniz
Nüvə silahının casus tarixçəsi
Düz 74 il öncə, 16 iyul 1945-ci ildə bəşər tarixində ilk dəfə atom bombası ABŞ-da Alamogordo (Nyu Meksiko) çölündə sınaqdan keçirildi. Bu yazıda II Dünya Müharibəsi dövründə Almaniya, SSRİ, ABŞ
Ruslara atom bombasının sirrini verən qadın
35 il KQB-yə xidmət etmiş Melita Norwood (1912-2005) XX əsrin ən uzun müddət fəaliyyət göstərən casusu kimi tanınır. Kimliyi yaşlandıqdan sonra üzə çıxınca həyatının qalan hissəsini Londondakı evində ev dustaqlığında
Mussolini Əməliyyatı
77 il öncə baş verən real hadisələri indiki dövrün siyasi, hərbi gedişləri ilə müqayisə edəndə bəzi oxşarlıqlar tapmaq mümkündür. Tarix bəzən və bir çox hallarda təkrarlanır. Onu yaxşı öyrənənlər baş
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun