Teymur Paşanın tətil gündəliyi (Satirik yumor janrında hekayə)
#İstəyirəm payız gəlməmiş mən də bütün “ağ adam”lar kimi istirahətə gedim, amma anidən müdir dəyişikliyi bütün planlarımın içinə gül əksin. Öz-özümə deyinə-deyinə iş yoldaşım Ramilə votsapdan yazım ki, “kələ, plan A otboy, siz gedin”. Günün axırına kimi Ondan səs çıxmadığını görüb təkrar votsapa baxım ki, hələ də bir “quş”dur. Sonra yadıma düşsün ki, bu qırışmal votsapda mesaj çatmanı gizli edib. Onsuz da kefim yox idi, bir də bu söhbətə əsəbləşim ki, guya vacib adamdır, bütün günü də “bizi”dir da qaqam, açıq qoy bilək ölüsən ya dirisən. Bu dəqiqə yoxlasan votsapda dünən axşam evdə olanda uşaqların qrupa atdığı səy-səy videolara baxa bilmədiyindən prosesi işə saxlayıb. İşdə də notbukda outlooku açıq qoyub tayqulaq airpodsu ilə dünənin videolarına baxır, qıraqdan baxan olanda da qaşlarını çatıb guya vacib nəsə fikirləşirmiş vidi alır. Əsəbdən dilimin dişimi doğrayan vaxtında votsapın dinq səsinə dik atılım. Yaxınlarda altını möhkəm vurmuşam deyə o səsə qarşı qəribə ikrah hissi yaranıb. Bir də baxam ki, bu danqalağa o boyda dastan yazmışam, müdir dəyişdiyinə görə məzuniyyətə getməyin təhlükəli olduğunu uzun-uzun izah etmişəm, bu da handan-hana geri yazasan ki, – “mən də”. 2-3 dəqiqə söhbəti tutmayım, sonra mənə çatsın ki, mesajı səhv göndərib.
Nəisə ki, müdirin dəyişməsinin ictimai-sosial təsirləri və gözlənilən təxribatlara qarşı profilaktik tədbirlərin müzakirəsini axşam zapravkanın yanında tez-tez yığışdığımız pivnoya təyin edək. İşdəkilərdən Ramil, Fəqan, İsmət, Vika hamıdan qabaq gəlsin, Güllü isə Vika ona yazandan sonra ki, gəl narahat olma, qızlar da var – o da gəlsin sonradan qoşulsun. Aylin və Səmayənin isə bugün selfi günü olduğuna görə qoşula bilməsinlər, hardasa yaxınlarda bəzəkli girişi olan restoran tapıb qabağında şəkil çəkdirib ordan da məşhur çimərliklərdən birinin restoranına getsinlər. Səmayə restoranın girişindəki bəzəkli stolda ayağını ayağının üstünə qoyub yanpörtü baxaraq cəlbedici forma alıb “hayat bir film degil, amma rol oynayan o kadar çok insan var ki” başlığı ilə s@mka88 profilindən paylaşsın, Aylin isə telefonun note yerinə ötən dəfə xaricilər yığışan restoranın divarından çırpışdırıb yazdığı “Either seem to be what you are or be what you seem to be” parafrazını copy-paste edib dekolteli paltarında şəkildə uzun düşsün deyə aşağıdan çəkilmiş formada poz verərək paylaşsın. Səmayənin şəklinə də işıq sürətilə ilk like və şərh pivnoyda uşaqlarla oturan Ramildən gəlsin – 3 yaşıl ürəkdən sonra (qırmızı olmaz, yaşıl olmalıdır) “hayat provasız sahne, kuzucuk” yazıb yollasın.
Bu dəm Vika üzünü mənə tərəf tutub qayıdasan ki, “Tima, qızların vedjnə deyil, amma məsələ çox jiddidir. Mı ne znaem şto budet dalşe, kto znaet ot kuda on, kakoy çel u neqo, s kem xixikaet i t.d. Koroçe stoit nam podojdat daje tsenoy perenosa otpuska”. Əlqərəz elliklə qərara gələk ki, müdir yenidirsə, məzuniyyətə çıxsaq gözündən düşə bilərik, vacib proseslərdə iştirak etmək və özümüzü göstərmək lazımdır. Qərarı stori günü olan o biri iş yoldaşlarıma “İşdəkilər” votsap qrupu vasitəsilə Güllü yollasın, Ramil isə 4 qız 4 oğlan bəh-bəhlə planlaşdırdıqları, ucuz olsun deyə fevraldan aldıqları biletin batmasına görə bir az pis olsun.
Səhəri işdə anidən ağlıma rayona getmək vursun və obeddə qrupa atım ki, “uşaqlar B variantı işə düşür. Sizi kəndimə qonaq çağırıram, gələnlər + qoysun”. 5-ci gün təsisçimiz Vusal müəllimin Tərtərdəki gilas bağlarına baş çəkməsini bəhanə edib nahardan sonra təzə aldığım Havalla aradan çıxaq. 5-ci günün yarısı və altı-bazarı da saysaq iki gün yarım da dincəlmək heç dincəlməməkdən yaxşıdır deyib Bakı-Masallı yolunda şütüyərək şit zarafatlarımla hamının başını-beynini xarab edim. Yolda bir dəfə zapravkada, 4 dəfə də yaşıllıqda qızların şəkil çəkdirməsi üçün dayanaq. Güllü maşının lyukundan başını çıxarıb yüksək səslə “Teymur, o var idi e həmişə qulaq asırdın. “Qədrimi bilmədi-bilmədi” meyxanasını qoy da, pliz. Vika sözlərini elə də başa düşmədiyindən Ramili dümsükləsin ki, sən canı bu muzıkada tema nədir? Mahnını guya bəyənməyib məzəli qəbul edən, amma sözlərini əzbər bilən Ramil də qayıdasan ki, vozdux çıxan dostlar haqqındadır, heç nə.
Kəndə gələn günün səhəri mənim gəldiyim ildırım sürətilə yayıldığından köhnə myaskambinatın qabağında xeyli insan toplaşıb məni gözləsin. İş yoldaşlarım mənim bədii tərəflərimdən, ictimai fəaliyyətimdən xəbərsizdilər deyə, onları da görüşə çağırıb sürpriz edim. Myaskambinatın həyətində insanların mənə görə toplaşdığına işdəkilər hələ inanmasa belə, gedişatda təəccüblərini gizlədə bilməsinlər. Bu dəm camaatın arasından uşaqlıq dostum Zamiq boçkanın üstünə çıxıb üzünü mənə tutub nitqinə başlasın. – “Dostlar, əziz həmkəndlilərim, fəxrimiz Teymur müəllim, mənim də uşaqlıq dostum bugün söz verdiyi kimi qarşımızdadır. Öz ibrətamiz çıxışları ilə, hər mövsüm buraxdığı kitabları ilə kəndimizin adını daim uca tutduğuna görə, gəlin, onu alqış selində boğaq, təşəkkür edək ki, bu dəfə də bir neçə yeni kitabı ilə qonağımızdır. Ən əsası isə Şərəfəyə olan sevgisinin bariz sübutu kimi o kitabların ilk təqdimatını da burada – bu meydanda edəcəkdir”. Gurultulu alqışların fonunda iş yoldaşlarım rəsmən şok vəziyyətində nə baş verdiyini anlamasınlar.
Zamiq sözünə qaldığı yerdən davam etsin – “A dostlar, əqrəbalar, Teymur Paşamızın indiyə qədər “Məni də öldürdülər 1,”Məni də öldürdülər 2”, bioqrafiyaları, “Gecəmi gündüzə qatdım, çıxdım düzə” bayatılar toplusu, “Mənə nə var, get evini sat” tragikomik hekayəsi, “Daha böyümüşəm” uşaqlar üçün almanax, “Bax, sil” sevgi romanı, “İşlər yaxşı gedirdi batdıq” və “Gələn ilin strategiyasını təyin etdik – gələn ilə qaldı” adlı iş dünyasından seçmələr kitabları ilə yəqin ki, bir çoxunuz tanışsınız. Uca səslə hamı birnəfəsə – bəəəəli deyə qışqırandan sonra Zamiq yenidən sözünə davam etsin – “Bəylər, indi isə paşamız bu yaxınlarda Qönçə Nəşriyyatında yep-yeni, vərəqlərinə dilə batırılmış barmaq dəyməmiş yeni – “Rayon yeri” kitabını bizlərə hədiyyə gətirib. Bəli, düz başa düşdünüz, paşamız bu kitabı elə öz rayonumuza həsr edib, deyilmi Teymur Paşa?! Anidən üzlər mənə tərəf çevrildiyindən çox yox, azca qızarım, amma guya utanırmış vidi verib başımı aşağı salım. Başımı yavaşca yuxarı qaldıranda kəndin balacalarının gözümə lazer tutduqlarını gördüyümə görə bir az da əsəbiləşim, amma hiss etdirməyim.
Zamiq isə bayaqdan danışdığından boğazı qurusun və cibindən ibişkanı çıxarıb bir papruz yandırsın və sözü Sarkhana versin. Sərxan uşaqlığı kənddə keçməsinə baxmayaraq sonradan telefon və batareyka işinə girib varlanıb, mağazalarını xeyli böyütsə də “nauşnik Sərxan” təxəllüsündən qurtula bilməyib ki, bilməyib. Sərxan nə qədər güc eləsə də köklüyündən boçkanın üstünə çıxa bilmədiyinə görə aralıda üst-üstə yığılış pomidor yeşiyinin üstünə qalxsın. – “Mən Teymuru ilk dəfə Qabırğa votsap qrupundan ortaq dostlar sayəsində tanımışam. Açığına a camaat sizin rayondan Parvizi tanıyırdım deyə, ikinci o rayondan olan adam tanımağa çox da həvəsli döyüldüm. Amma nə yalan deyim, mən Teymuru belə pis çıxmasın, çox istiyirəm və istiyəjəm də. Deyim niyə? Çünkü mənim onun həyati münasibətlərə, qız-oğlan münasibətlərindəki estetik təfəkkürünə çox böyük rəğbətim var. O vaxt ortaq dostumuz Kamran da demişdi ki, “qaqa, çox böyütmə, o döööl”. Amma mən inanmadım və həyat göstərdi ki, mən düz seçim eləmişəm.
Fikir verin a kişi, (kişi deyən kimi üzümə baxması məni utandırır) Teymur o adamdır ki, 3 butulkadan sonra yenə də ağzı söz tutub “qadınlar pis oğlanlara aşiq olub, yaxşı oğlanlarla dərdləşir” sözü ilə dillərə düşüb. Teymur o adamdır ki, “qadınlar yalanı sevmir, amma yalançını sevirlər” deyərək milyonların ürəyində öz lazımsız yerini tutub. Üzünüzü turşutmağınızdan görürəm ki, hə nə ossun tipli suallar bu dəqiqə sizi narahat edir. Amma baxın, Teymur bütün bunların fonunda həm də o adamdır ki, “İ𝐧𝐬𝐚𝐧𝐥𝐚𝐫𝐚 𝐪𝐚𝐳𝐚𝐧𝐦𝐚𝐪 𝐛ə𝐬 𝐞𝐥ə𝐦𝐢𝐫, 𝐨𝐧𝐥𝐚𝐫 𝐛𝐚ş𝐪𝐚𝐥𝐚𝐫ı𝐧ı𝐧 𝐦əğ𝐥𝐮𝐛 𝐨𝐥𝐦𝐚𝐬ı𝐧ı 𝐝𝐚 𝐠ö𝐫𝐦ə𝐤 𝐢𝐬𝐭ə𝐲𝐢𝐫𝐥ə𝐫” kimi dahiyanə fikrin həmmüəllifidir. Mən bu adamı necə sevməyim, sizə necə təşəkkür etməyim ki, belə bir dühanı cəmiyyətimizə bəxş edib onu bir 100 il də geri atmısız” – deyib sürətlə kövrələrək yeşikdən düşən Sərxanı iş yoldaşlarım ayrıca alqışlasın.
Kənddəki görüş bitəndən iş yoldaşım Ramil bayaqdan canlı açan Güllünün qoluna girib qayıdasan ki, “Tima, sən öl biz səni belə bilmirdik. Səhərdən Vika deyir ki, mən də 3 ildir elə bilirəm Tima müdirə işləyir, çünki veçnoy onun tərəfini tutur. Aylin deyir Timanın qarnı olmasa idi mən məmnuniyyətlə onunla sevgili olardım, a kişi Fəqan belə sənə tamah salıb, İsmət bayaq bir şəklini paylaşıb altına yazdı ki, “paşam, imkan olsa, bu dünyaya bir də gəl”. Sən nə imişsən, qardaş. Biz yaxşı ki, rayona gəldik və bu 15-20 dəqiqəlik çıxış mənim həyatımın ən böyük istirahəti oldu, sağ ol, öpürəm”.
Səhər tezdən kənd camaatının tərifləri, sonra isə iş yoldaşlarımın xoş sözləri mənə başa salsın ki, bu ömrü elə-belə yaşamamışam. Daldığım dərin fikrin təsirindən sözlər boğazımda düyünlənsin, elə bircə onu deyə bilim ki, – “Aylin, şəhərə qayıdanda sən qabaqda otur, kəndimizin yollarını göstərəcəm”.
Editor review
Summary
Əsəbdən dilimin dişimi doğrayan vaxtında votsapın dinq səsinə dik atılım. Yaxınlarda altını möhkəm vurmuşam deyə o səsə qarşı qəribə ikrah hissi yaranıb. Bir də baxam ki, bu danqalağa o boyda dastan yazmışam, müdir dəyişdiyinə görə məzuniyyətə getməyin təhlükəli olduğunu uzun-uzun izah etmişəm, bu da handan-hana geri yazasan ki, - “mən də”. 2-3 dəqiqə söhbəti tutmayım, sonra mənə çatsın ki, mesajı səhv göndərib.
Həmçinin oxuya bilərsiniz
İşə “gedib-gələnlərin” gündəliyi
#istəyirəm 9-6 bir işim olsun. 7-yə keçəndə xətrimə dəysin. Orta sinif menecer olum. Birində 1 il, birində 5 il, toplam 6 il stajım olsun. CV-mə 3 ay işlədiyim yeri isə yazmayım.
Komikadze tələbələr
Əziz dostlar, ötən bloq yazılarımın birində, daha doğrusu ˝Heç mənə lazım da deyil˝ adlı bloqumda yazmışdım ki, artıq 2016-cı ildən ali məktəblərdə tədrisi dayandırıram. Daha doğrusu hələ bir müddətlik bu
Sonanın uşaqları
Belə bənzətmələr haqqında çox eşitmisiniz. Hətta buna bənzər hadisələrlə uşaqlığınızdan tutmuş evlənənədək qarşılaşmısınız. Bir çoxları elə indi də qarşılaşır. Yəni, onları həmişə ˝Sonanın uşaqları˝ilə müqayisə ediblər, qorxudublar. Biri var yaxşı bilib
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun