Ətiri hansı mağazadan alırsınız?
Mart ümumən bayramlar ayıdır. Nəinki əhval-ruhiyyələr, il özü də təzələnir. Mart həm də yorucu qışdan sonra aktivliyin artması baxımından çox mühüm bir aydır. Marketinq nöqteyi-nəzərindən də mart istehlakçı davranışlarının daha aydın müşahidə, təhlil edilə bildiyi bir aydır.
Facemark olaraq indiyədək 10-dan çox müxtəlif tipli sorğular keçirmişik. Bu sorğularda ümumən 50 minə yaxın insan iştirak edib. Keçirdiyimiz ən son sorğu hal-hazırda aktual olduğuna görə nəticələrini paylaşmaq istədik. Hardasa 15 gün öncə “Ətiri hansı mağazadan alırsınız?” deyə bir sorğu başlatdıq. Və bu gün həmin sorğunu dayandırdıq. Nəticə olaraq isə 11 000-ə yaxın insan bu sorğuda 101 fəqrli cavab verdi. Ətraflı bu sorğu haqqındahttp://www.facebook.com/questions/350087771681347/ linkindən də tanış ola bilərsiniz. Burada isə bir az qısa olaraq cavabları təhlil edəcəyik.
Bazarda kimlər var və bu bazarın tutumu nə qədərdir?
Sorğunun nəticələrinin təhlilinə gəlməzdən öncə Azərbaycanda parfumeriya və kosmetika bazarı haqqında təxmini məlum bəzi statistikaları qeyd edək. Təxmini məlumata görə Azərbaycanda illik parfumeriya və kosmetika dövriyyəsi 100 milyon dollar dəyərində qiymətləndirilir. Təbii ki, qeyri-rəsmi ölkəyə idxal ehtimalı bu rəqəmin daha çox ola biləcəyi qənaətinə gəlməyə əsas verə bilər. Ölkədə 95% bu sektorun iştirakçıları Bakıda cəmləşib. “İdeal”, “Sabina”, “La Parfumerie”, “Parfums De France” sektorun bütün istiqamətləri üzrə ixtisaslaşıb, “Maryam Gallery”, “Jizel”, “Golden Rose”, “İnglot”, “Charmell”, “Oriflame”, “Vip Line”, “Parfum Gallery” və s. şirkət var ki, onlarda da sektorda daha dar ixtisaslaşıblar. Yəni hansısa parfum satır, kosmetika satmır, hansısa yalnız kosmetika məhsulları təklif edir və s. Bir az da dərinləşdirsək, sektorun total dövriyyəsinin rəsmi olaraq ən böyük iki oyunçu – İdeal və Sabina arasında paylaşdırıldığını söyləmək olar. Qeyri-rəsmi məlumatlara görə isə total dövriyyədə 1-ci yeri daha çox mass-market məhsulları ilə metro, vağzal və s. kiçik mağazalarda olan satışlar, 2-ci yeri Oriflame məhsulları, 3 və 4-cü yerləri isə İdeal və Sabina tutur. Təbii ki, rəsmi və sektorun professional tələblərinə uyğun şəbəkə kimi fəaliyyət göstərən ən böyük iki oyunçu var. İdeal Bakı və Sumqayıtda 14 mağaza ilə, Sabina 10 mağaza, La Parfumerie 4 mağaza, Parfums De France isə hazırda dağınıq vəziyyətdədir. Qısa müşahidədən sonra sorğumuzun nəticələrinə keçək.
Sorğu nəticələri:
Yuxarıda dediyimiz kimi sorğuda 11000-ə yaxın facebook istifadəçisi iştirak edib. Sorğu Azərbaycanın facebookda 12000 fanla ən böyük marketinq səhifəsi olan Facemark və facebook reklamları vasitəsilə Facemark fanı olmayan digər istifadəçilər arasında keçirilib. İştirak edənlərin böyük əksəriyyəti 18-30 yaş arasıdır. Sorğu boyu nəticələri izləmək üçün 304 nəfər qeyd olub, 122 fərqli şərh bildirilib. Sorğunu http://www.facebook.com/questions/350087771681347/ linkindən izləyə bilərsiniz, biz burada Sizə ilk 10-luğu təqdim edirik.
Ətiri hansı mağazadan alırsınız?
1. İdeal – 4883 səs (44.5 %)
2. Sabina – 2480 səs (22.6%)
3. Oriflame – 618 səs (5.6%)
4. Mənə hədiyyə edilər ancaq – 504 səs (4.6%)
5. Duty Free – 398 səs (2.8%)
6. Parfums De France – 271 səs (2.4%)
7. Avon – 247 səs (2.2%)
8. La Parfumerie – 195 səs (1.7%)
9. İstədiyim harda olsa, oradan – 179 səs (1.6%)
10. Mən xaricdən gətirirəm – 166 səs (1.5%)
İlk 10-luq ümumi səslərin 90%-ni təşkil edir. Yerdə qalan 10 % isə əlavə 91 cavab arasında bölünüb. Onların içində D&P, Mary Kay, Mac, Letual, internet mağazaları və s. kimi cavablar yer alır.
Təhlil:
Gördüyümüz kimi səslərin çoxunu İdeal və Sabina alıb. Yuxarıda dediyimiz kimi İdeal və Sabina daha professional şəbəkə kimi fəaliyyət göstərir, demək ki, gənclər bunu qiymətləndirirlər. Əslində bu amil hər iki şirkət üçün sevindirci ola bilər, belə ki, istifadəçilərinin çoxu gənc olan facebookda çoxluğun seçimi olmaq gələcəyə ümid verir. Alıcılıq potensialı baxımından gənclərin bu gün beynini “zəbt etmək” sabah üçün mühüm yatırım hesab oluna bilər. Nəticələr fikir versək, görərik ki, İdeal Sabinadan demək olar ki, 2 dəfə daha artıq səs alıb. Yəqin bu da son 3 ildə İdealın sistemli olaraq addım-addım inkişaf etməsi ilə bağlıdır. Belə ki, sektorda ilklərdən olan Sabina 1996-cı ildə yaranıb, 2008-ci ilə qədər bazar payının çox böyük hissəsini özündə saxlayıb. İdeal isə 1999-cu ildə yaranıb və 2008-ci ilə qədər o qədər də sistemli fəaliyyət göstərməyib. 2009-cu ildən isə şirkət tətbiq etdiyi uğurlu marketinq addımları ilə o dövrəqədərki şablonlardan çıxaraq rəqibini keçməyi bacarıb. Görünür Sabina uzun müddət bazarı tək “idarə edəcəyinə” çox inanıb və o səbəbdən əlavə marketinq addımları ilə çox məsrəf etmək istəməyib. Lakin danılmaz faktdır ki, müştəriyə doğru həmişə çox diqqətli olmaq lazımdır, o istənilən vaxt arxasına baxmadan səni tərk edə və bir daha geri dönməyə bilər. Bazarda ilk olaraq qalmaq olduqca çətindir. Topda qalmaq üçün davamlı yatırım etmək lazımdır, bu yolda olan məsrəfi isə xərc kimi hesablamaq gələcək uğursuzluq üçün tutarlı səbəb ola bilər. O cəhətdən İdealın 2011-ci ilin ən bahalı reklam çarxı və “adres” üzərinə pozitiv skandal yaratması onu rəqibindən bir xeyli önə çəkdiyi qənaətindəyik. Şirkətlər arasında rəqabətin daha da sıxlaşması ancaq və ancaq müştərinin xeyrinədir və bazara daha başqa oyunçuların gəlməsi bu sektoru daha da rəqabətli edib inkişaf etdirə bilər. Bunlarla yanaşı Oriflame də olduqca aktivdir və marketinq xərcləri baxımından heç də geri qalmırlar. Özlərinə məxsus dağıtım sistemi ilə isə çox məsrəf etmədən böyük miqdarda satışlar etməyi bacarıb. Golden Rose, Jizelin də bir müddət öncə bazara girmək cəhdləri, reklamları sektoru daha da qızışdırmaqdadır.
Xaricdən alınan daha orijinaldır?
Bir vacib məqam isə Azərbaycanda “yuxarı” təbəqənin və eləcə də bir çoxlarının ölkədaxilində dünya səviyyəli brend olsa belə onun orijinallığına inanmamasıdır. Bu ümumən bu sektorun deyil, bir çox sahələrin ortaq problemidir. Müəyyən mənada bu insanlara haqq da qazandırmaq olar. Lakin bunun faizlə nisbətini götürsək, yerli bazara qarşı bir az haqqsızlıq etmiş olarıq. Çünki həqiqətən də yerli şirkətlər və onların nümayəndəliyində olan xarici brendlər istehsalçı ölkələrdən gətirilməkdədir. Lakin psixoloji olaraq hələ də “xaricdən alınan orijinaldır” fikri qalmaqdadır. Bu stereotipin sındırılması da yerli şirkətlərin üzərinə düşür. Zənnimizcə, bazarın iri oyunçuları bunu ram etmək üçün təkcə satışa yönəlik kampaniyalar deyil, şüurların düzgün istiqamətləndirilməsinə yönəlik pr kampaniyalar da etməlidirlər.
Sonda Facemark olaraq sorğumuzda iştirak edən bütün facebook istifadəçilərinə təşəkkürümüzü bildiririk.
Növbəti sorğularda doğruları öyrənmək diləyi ilə…
Facebook Comments
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Avtostop vs Sema Abiyeva – top 2 youtube kanalının təhlili
Socialbakerslə ortaq əməkdaşlığım çərçivəsində ilk araşdırma bloq yazımı ölkəmizin 4 məşhur bankının facebook səhifəsinin təhlili ilə başladım. Bu gün isə 2-ci belə araşdırmamı Sizə təqdim edirəm. Bu dəfə facebook fan
Marketinq AT başında (illik hesabat)
Marketinq Azərbaycan qrupu, Marketing AİR, Facemark.az 1 illik hesabatı Marketinq ictimaiyyəti at ilinə qədəm qoydu. Bu il marketinq sözün məcazi və hardasa əsl mənasında at başında olacaq. Çünki irəlidə bir
Marketinq Azərbaycan qrupu üzvlərinin cins və yaş aralığına görə təhlili
Hələ ötən aylarda Sizə yazmışdım ki, bu yaxınlarda Marketinq Azərbaycan qrupunun üzvlərinin təhlilini edəcəyik. Bilirsiniz ki, qrupumuz 2012-ci ildə yaranıb və artıq 5 ildir ki, sektora aid faydalı müzakirələr meydanıdır.
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun