Əsgərlikdə “yaxşı fırlanan oğlanın” gündəliyi
#istəyirəm səhər açılmamış qanım it qanına dönsün. Dəlləyə gedim ki, başımı qırx. O da soruşsun ki, nə əcəb, deyim “əsgərliyə gedirəm, saldıra bilmədim, dədəm pulu kimə veribsə, əclaf 1 ay qalmış zəng edib ki, gəl götür o iş alınmadı”. Dəllək işini qurtaran kimi güzgüyə baxa-baxa çıxarım 3 manatı atım stola ki, “ə sən öl, keçəl daha yaxşıdı, elə bil skvaznyakdı, bilsəm hər il keçəlliyərdim“ Dəllək də hiss eləməsin ki, qonşunun sözünə görə edirəm. Əsgərlikdən təzə gələn qonşumuz demişdi ki, orada dembllər qəsdən adamın başını yarımçıq keçəl edirlər ki, sonra deyib-gülsünlər.
Kor-peşman gedim trenajora yazılım. Qanteli 2-3 dəfə qaldıran kimi bədənimdə olan bütün sümüklərimin səsini eşidim. Bir həftə gedəndən sonra idmanın da başını buraxım ki, nə olar, olar.
Axşam votsapdan istədiyim qıza da yalandan yazım ki, “awkım, atam saldırırdı, sənə demişdim e nazirlikdə qohum var. Açığına, mən razı olmadım. Kişilikdən döyül, sən öl, evə nöş əziyyət verim. Hara düşərəm, düşərəm. 1 ildi də, papağı fırladırsan gəlir keçir”. O da dalbadal 5-6 dəfə ağlamaq işarəsi göndərib altdan yazsın ki, “ay dəli, bəs mən neyniyəcəm…hm((” Mən də bir az havaya girib yazım ki, “Əsmər, mənə bir şey olsa, evlənərsən” Elə bunu yazıb votsapdan çıxım, daha online olmayım səhərə kimi. Zəng eləsin, adboy verim, 2-ci dəfə zəng eliyəndə telefonu söndürüm.
Məhlədə də əsgərliyə gedəcəyimi bilib baş-beynimi gic-gic zarafatlarla xarab eləsinlər. “Teymur, gedəndə çoxlu Rapira apar”, “Teymur, açko hehehe”, “indidən əlini süpürgəyə öyrəşdir”, “qazyerişini məşq elə”, “kazarmaya girən kimi denən bugündən buranın çurbanı özüməm”, “çalış birinci sən vur, ondan sonra döyülsən də olar”, “məzuniyyətə gəlməyən əsgərə bomba oğlan kimi baxırlar”, “yerə düşən sabunu götürmə ha” kimi məsləhət və atmacalar gecə yuxuma da girsin.
Uzada-uzada ayın 20-i qonşu taksist çeşka Mamedlə yollanım əsgərliyə. Evdən də heç kimi qoymuyum gəlməyə ki, deyəcəklər külfət tökülüb gəlib, ayıbdı. Amma əslində içim-içimi yesin. Yolda “əsgər gördü”dən yığılan pulları sortirovka edim, böyükləri bir tərəfə, kiçikləri o biri cibimə qoyum. Yesli şto, balacaları çıxardıb sən öl vuraram ki, “olanım budu, varyoxsuna lənət”.
Əlqərəz gəlim çatım çasta. Hamımızı qoyun sürüsü kimi istidə gətirib düzsünlər plasta ki, burda gözləyin indi komandir gələcək. Elə o moment dembllər yaxınlaşıb qrajdanski paltarlarımızı istəsin. İçi mən qarışıq içimizdə böyük yaxşılıq edirmişik kimi deyək ki, “ə qaqa, problem yoxdu, qurbandı, ama ariginaldı ha sən öl” Dembllərdən biri remenini bir az da aşağı dartıb “qaqanın 9 günü qalıb, 9 gün ee kələ, 9. Bu oğlan qrajdanskidə kabab yeyəndə sən burda plastda qıy vurarsan” desin. Elə o moment qayıdam ki, 9 niyə 10 olar, 20-i döyül bugün?! O da əsəbi şəkildə qayıda ki, əə xiyar bugünü saymıram da”. Koroçe komandir gələnə kimi qohum çıxan kim, yerlisini tapan kim, uvolit olandan sonra bağda quzu kababı söz verən kim, öz kəndinə qonaq çağıran kim, bir paçka siqareti ortaya atıb kim istəyir götürsün deyən kim, özünün tapşırıldığını, yerinin uje ştabda hazır olduğunu deyən kim. O gündən sonra nə siqareti paçka şəklində gördüm, nə də o adamları. Hərəmiz bölündük bir tərəfə.
Andiçmədə qarpızdan o qədər yeyəm ki, düz bir həftə qarnım ağrısın. Həmin gün atamın gətirdiyi köhnə 20 manatlıq telefonum olsun, 4-5 dəfə komandir alsın, hər dəfəsində də 10 manat verim geri alım. Beləcə təzəsi 45 manata olan telefon mənə 80-ə, 90-a otursun. Balaca dəftərçəm olsun, böyrünə SON 337 GÜN yazım. Bekar olanda ilyarımlıqlarla məzələnim ki, “Qaçayev, səndə 600 neçə gün qalmışdı?” O da qayıtsın ki, “inşallah dizbata düşərsən səndə olar 600, məndə 519 gün qalıb, bugünü də saymasam 518”. Bu an oğurladığı mazla botinkasını sürtən aprel prizivi çavuş Quliyev qayıtsın ki, “Ramazanov, uşaqla niyə məzələnirsən, otxod prizivsiz də, bizdən 3 ay sonra gəlib 3 ay tez gedirsiz, voobşe jim vəziyyəti al, blət. 20 dəfə, bir, getdik, bir, bir, bir, iki, bir”. Başımı qaldırıb “Olmadı ki, yoldaş çavuş” sözünü deyib qurtarmamış bir anda gözüm qaralsın. Arxadan başıma dəyən təpiyin izi uvolit olana kimi qalsın.
Karaulda olan vaxt gizirimizin telefonu ilə 3 gilə siqaretə polnu boevoy şəkil çəkdirim. Avtomat tək əldə, papaq yuxarı, çolkalar tel-tel alnımda, remensiz, siqaret damaqda, arxada postu donuz fermasından ayıran çəpər, ayağımda gizirin ofiserski botinkası. Xozvodun yemək maşınının arxa tərəfi də şəkilə düşsün, bilməyən adam baxanda elə bilir tankdı. Uvolneniyaya çıxan kimi yenə gizirə qayıdanda bir dönər söz verib telefonu götürüm, həmin şəkili çıxartdırım. Şəkil çıxardan qızdan bir ruçka istəyib şəkilin arxasına yekə-yekə SON 64 GÜN yazım. Altdan da “Qamət&Əsmər LOVE” yazıb şəklin arxa küncünə əyri-üyrü güllə və gül şəkli çəkib böyrünə “gül güldürür, güllə öldürür” yazım poçtla həmin şəkili yollayım Əsmərə.
Beləcə günü-günə calayıb gəlim çatım son 30 günə. 29-a keçən gündən daha telefonu şalvarın içinə tikdiyim cibdən çıxarıb açıq-açıq işlədim. Zəngimcellim də Nihat Doğanın məşhur “dayan yüreğim dayan, burda kaç günüm kaldı, burda 10 günüm kaldı” mahnısı. Düz bir ay bu zəngimcelli işlədim. Ümumiyyətlə, havasındandı, suyundandı nədi, əsgərlikdə mahnı zövqüm dəyişsin. Səhər zavtraka Şəbnəm Tovuzlu, obedə Xumar, naryadda Nihat Doğan, yatanda da “yenə peşman olacaqsan” meyxanası. Ştabın əsgərinin format olmaqdan dilə gələn komputerində təzə dediyi mahnıların ən təzəsi Bakıda 4-5 ay bundan qabaq çıxsın.
Qışda vaxt uçur, əsas obedə kimidir, ondan sonra gün bitdi deyə-deyə gəlib çıxım son günə. Adambaşı 10 manatdan yığdıqları avtobusa hərbi hissənin içində minim, NBM-i çıxan kimi hamımızı düşürtsünlər. Evdə 3-4 gün toy-bayram olsun, xətrimə dəyməsinlər. Məhlə uşaqları, qrup yoldaşları, iş yoldaşları ilə görüşün mövzusu düz 3-4 il ancaq əsgərlik temaları olsun. Bütün söhbətlər də əsgərliyin axırıncı 3 ayında necə dəməqoy olmağından olsun. Amma bir sual məni həmişə düşündürsün. Bəs deyirdilər əsgərlik kişilik məktəbidir, amma kişi olmayanlar üçün?!
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Həyat mənə dedi ki…
Hər şey istədiyim kimi olsun istəyirdim. Həyat mənə dedi ki, qələtini elə otur oturduğun yerdə. Hər istədiyin kimi olsa idi bu dünya maraqlı olmazdı. Bir də öyrətdi ki, xəyallarla reallıq
Məsuliyyətsiz anonim kütlə
Bugünlərdə Ali-Nino və Unibank keysi gündəm idi. Hamı yazırdı. Ən çox da yaza bilməyənlər yazırdı. Facebookda dost sayının çox olması da bir iş deyil. Onsuz da gün ərzində xəbər lentini
Təhsilimiz hara gedir?
Dediklərimiz yox, etdiklərimiz haqqında Neçə vaxtdır ki, bu haqda yazı yazmaq istəyirdim. Qismət bu günə imiş. Son baş verən bir neçə hadisəni də nəzərə alaraq Sizə bu dəfə təhsil sistemimizdə
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun