Sən də bir kişi olmadın – rubrikası
Bir-neçə il öncə facebook profilimdə ara-sıra məlumatlar paylaşdığım bir rubrika açmışdım. Adı “Sən də bir kişi olmadın” idi. Rubrikanın “qonaqları” adətən Azərbaycan tarixində mənfi xüsusiyyətləri ilə iz salan şəxslər olurdu. Daha sonra Azərbaycan deyil, eləcə də dünya tarixi üçün “üz qarası” hesab etdiklərimi paylaşmağa başladım. Xeyli də maraq görmüşdü. Təzəlikcə, yenidən həmin rubrikanı başlamaq qərarına gəldim. Və artıq 4 belə “qəhrəmanı” bu rubrikaya layiq görmüşəm. Bu 4 şəxsi də facebook profilimdə paylaşmışam. İstədim bloqumda da yazıb saxlayım ki, xatirə qalsın. Məqsədim bu şəxsləri “tanıtmaqdır”. Beləliklə,
- “Sən də bir kişi olmadın” rubrikasının qəhrəmanı – Ceyms Bond
Hamımız “Ceyms Bond – agent 007” filmlərini izləmişik, hətta bir çoxumuzun bəlkə də kumiridir. Haqqında silsilə filmlər çəkilib. Bu qəhrəmanın əsl kimliyi isə 2010-cu ildə İngiltərə kəşfiyyat xidməti Mİ6-nın 100-cü ildönümündə üzə çıxdı. Quenns Universitetinin professoru Keith Jeffrey “Kəşfiyyat Xidmətinin Tarixi” kitabında Ian Fleming-in romanlarındakı Ceyms Bond obrazının Wilfred Dunderdale-dan ilhamlanaraq yazdığını sübut edib. Wilfred Dunderdale təsadüfi deyil ki, yazıçı Flemingin yaxın dostu idi. Dunderdale ingilis agenti kimi “Biffy” ləqəbi ilə ilk işi 1919-1922-ci illərdə İstanbulda Atatürk və onun silahdaşlarına qarşı olub. Bu illər ərzində Türkiyədəki ingilis casus şəbəkəsini idarə edib. II dünya müharibəsində Fransada, daha sonra Polşada SSRİ-yə qarşı fəaliyyət göstərib. 1959-cu ildə təqaüdə çıxır, 1990-cı ildə rəhmətə gedir. Beləcə bilmiş olduq ki, bəh-bəhlə izlədiyimiz Ceyms Bond əslində türk qardaşlarımıza qarşı casusluq edən şəxs – Dunderdale-dən ilhamlanaraq yaradılmış obrazdır. Tanıyaq, tanıtdıraq.
2. “Sən də bir kişi olmadın” rubrikasının qəhrəmanı – ƏLİABBAS SƏFƏRBƏYOV
M.Ə.Rəsulzadəni qoşa-lüləyə çar xəfiyyələrinə satan adam. Lahıcda gizlənərkən Rəsulzadə və silahdaşları ən son bu adamın evində qalır. Və O, sonda Rəsulzadəni satır. Nəticədə onları İsmayıllının AşıqBayramlı kəndi yaxınlığında həbs edirlər. 1927-ci ildə isə Əliabbasın özünü sovet höküməti iz itirmək məqsədilə zindana salıb güllələyir. Paylaşaq, hamı bilsin.
3. “Sən də bir kişi olmadın” rubrikasının qəhrəmanı – ƏLİHEYDƏR QARAYEV
“Yoldaş Stalin, yoldaş Pankratov, Rəsulzadə güllələnməyincə, Bakıda Şura hökumətinin bərqərar olması şübhə altındadır. Inqilab adından tələb edirəm ki, Rəsulzadə haqqında ölüm hökmü çıxarılsın!”
Bu sözləri 1920-ci ildə ADR-in süqutundan sonra Rəsulzadəni Lahıcda həbs edib Pankratovun otağında Stalinə Ə.Qarayev deyir. Pankratovun otağını tərk edərkən Rəsulzadə üzünü Əliheydər Qarayevə tutub deyir:
— Əliheydər, Demokratik Azərbaycan hökuməti parlamentinin son iclasında sənə dediklərimi unutma!
Bu iclasda Əliheydər Qarayev üzünü Rəsulzadəyə tutub demişdi:
– Razılaşmasan, gözlərini çıxartdıraram!
M.Rəsulzadə təəssüflə cavab verir:
– Sən bütün millətin gözlərini çıxartdın!
Ə.Qarayev salona üz tutur:
– Səsini çıxardanı gülləbaran edəcəyəm!
M.Rəsulzadə:
– Sən bir güllə atmadan milləti məhv etdin, Əliheydər, «tovarişlər» səni güllələyəndə məni xatırlayarsan! Doğrudan da 1937-ci ildə Həmid Sultanovu, Əliheydər Qarayev və digər onunkimiləri öz silahdaşları güllələdilər. Tarix özü isə belə ironik talelərlə boldur. Ə.Qarayev ADR dönəmində parlamentdə deputat olub və bu özü də göstərir ki, ADR necə demokratik quruluş yarada bilib. Xainləri isə gec-tez xalq üzə çıxarmağı bacarır.
4. “Sən də bir kişi olmadın” rubrikasının qəhrəmanı – ÇİNGİZ İLDIRIM
“2 saata hakimiyyəti bolşeviklərə təhvil verməsəniz parlamenti başınıza yıxacağam!” adlı notanın sahibi Çingiz İldırım
100 il öncə bugün şərqin ilk demokratik cümhüriyyəti SSRİ adlı şər imperiyası tərəfindən hərbi yolla devrildi. Tarixdə 28 aprel kimi qalsa da, əslində sərhəd 70 minlik ordu tərəfindən 27 aprel 1920-ci ildə pozulmuşdu. Bu ordunun rəhbəri isə Serqo Orconikidze idi. Onun ən yaxın əlaltısı, ADR ordusuna xəyanət edən isə ÇİNGİZ İLDIRIM olub.
Çingiz İldırım kimdir?
1890-cı ildə Qubadlıda bəy ailəsində anadan olub. Mühəndis-metallurq ixtisası üzrə Sankt-Peterburqda ali təhsil alıb. Daha sonra bolşevik hərəkatına qoşulub Qış Sarayının alınmasında belə iştirak edib. ADR dönəmində isə Azərbaycana qayıdıb ADR donanmasının komandanı olur.
27 aprel gecəsi komandanlıq etdiyi ADR donanmasından 3 rəngli Azərbaycan bayraqlarını çıxardaraq qırmızı bolşevik bayrağı asmışdır. Bolşeviklərə təslim olmaq istəməyən 6 min nəfərlik komandanlıq etdiyi və Bakını müdafiə etməli olan AXC ordusunu, top atəşləriylə Nargin adasında mühasirədə saxlayaraq bolşeviklərə təslim edir. Öz hərbi rütbəsi və vəzifəsindən istifadə edərək Bayılda quraşdırılmış artileriya sistemini sıradan çıxarır.
28 aprel günü Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə: -“2 saata hakimiyyəti bolşeviklərə təhfil verməsəniz parlamenti başınıza yıxacağam!” adlı nota göndərərək 23 ay ömür sürmüş Müstəqil Azərbaycanın varlığına son qoylmasına yardım edir.
Bakıda Sovet hakimiyyətinin qurulmasında əsas rollardan birini oynayan Çingiz İldırım aprelin 28-də elan olunan ilk Sovet hökumətində Hərbi və dəniz işləri üzrə Xalq komissarı təyin olunur. O, aprelin 26-dan 27-nə keçən gecə iki nəfər döyüşçü ilə silah gücünə Bayıldakı bütün sahil toplarını ələ keçirir və ADR-in Nargin adasında yerləşmiş qoşun hissəsinin və artilleriyasının Bakı ilə əlaqə saxladığı telefon xəttini kəsir. Bir sözlə, daxildən ADR-ə ən böyük zərbəni endirənlərin başında gəlir.
27 apreldə Orconikidze ilə birlikdə ADR-ə daxil olan Çingiz İldırımı elə uğrunda savaşdığı imperiya 1941-ci ilin eyni günündə, yəni 27 apreldə əksinqilabçı adı ilə güllələdi. Bu da tarixin ironiyası…
Hələlik 4 “qəhrəmanı” tanıdınız. Növbəti dəfə daha 4-nü tanıdarıq, inşallah..
Editor review
Summary
Rubrikanın "qonaqları" adətən Azərbaycan tarixində mənfi xüsusiyyətləri ilə iz salan şəxslər olurdu. Daha sonra Azərbaycan deyil, eləcə də dünya tarixi üçün "üz qarası" hesab etdiklərimi paylaşmağa başladım.
Həmçinin oxuya bilərsiniz
Səbrsizliklə gözlədiyim 7 hadisə
İlin sonu yaxınlaşanda adətən insanlar gələcək il üçün planlar qururlar. Mən heç vaxt bu işi nə dekabrda, nə də yanvar ayında etməmişəm. Etməyi də sevmirəm. Çünki o aylar elə aylardır
İnsanın telefona çevrilməsi
Marketer Məhərrəmin fantastika janrında proqnozu. Oxuyun, vaxt gələcək, şahid olacaqsınız. Texnologiya əsridir. Xalxın uşağı min oyundan çıxır. Problem də ondadır ki, bir çoxları da bu oyundan təkərə düşüb “mən də
“Çıxılmaz vəziyyətdən çıxış yolu girişdədir”
İctimai tv-də Yasamal hadisəsinin səbəb və nəticələrinə dair 1 saatlıq verilişi diqqətlə izlədim. Sonda Erkin Qədirlinin”çıxılmaz vəziyyətdə çıxış yolu girişdədir” fikri çox xoşuma gəldi. Bilmirəm öz sözüdür ya yox, amma
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun