Azalanda çoxalan xoşbəxtlik – “Minimalizm” kitabı haqqında
Ətrafda səs-küy, qaça-qaç, harasa tez çatmaq istəyi, gec qalmaq qorxusu, varlıq içində yoxluq, yoxluğun bolluğu, sahib olduqlarımızın həzzini, olmadıqlarımızın xiffətini çəkə-çəkə ömür bitir.
Doğulanda balaca qarına, öləndə balaca qəbirə yerləşən insan yaşayarkən yerə-göyə sığmır. Bəs nə edək? – sualına “Minimalizm” kitabında çox gözəl cavab veriblər.
Coşua Filds Milbörn və Rayan Nikodemusun qələmə aldığı “Love People Use Things. Because the opposite never works” (insanları sev, əşyaları istifadə et. Tərsi əsla işə yaramır) kitabını təsadüfən kitab mağazasında görüb annotasiyası ilə tanış oldum. İlk səhifələrindən diqqəti necə çəkdisə, hava limanı yolu, orada gözləmə və uçuş müddətində qeydlər apara-apara kitabı oxuyub bitirdim. Bu yazıda istəyirəm etdiyim qeydlər və onlardan çıxardığım nəticələri Sizinlə də paylaşım.
Əgər bir iqtisadiyyat insanlar yalnız ehtiyacı olan şeyləri alanda çökürsə, o iqtisadiyyat demək ki, heç zaman dayanıqlı olmayıb. Hadisələr kitabda bu fikrin izahı ilə başlayır. Ümumiyyətlə kitabın məğzi qısa desək həyatımızdan artıq əşyaların və artıq insanların çıxarılmasına həsr edilib. Özü ilə mənasız yarışa girən insanın çox işləyib çox qazanmaq və çox da xərcləmək alqoritmi ilə hərəkət edərək zamanla özünü necə bitirdiyini izah edir.
Bizi stresə salan şeylər çiynimizdə daşıdığımız artıq yüklərdir. Biz onlardan xilas olduqca fiziki və mənəvi çox yüngülləşirik. İnsan həyatında əşya sayını çoxaltdıqca, həmin əşyalar onun beynində yer edir və özü də hiss etmədən o əşyaların zamanla qulluqçusuna çevrilir. Məsələn deyək ki, sizin 2 və ya 3 maşınınız var, əlavə 1 eviniz var. Onlara qulluq etmək, vaxtlı-vaxtında ziyarət etmək, hər şeyin qaydasında olub-olmadığını yoxlamaq, onun təmirinə və saxlanmasına xərc çəkmək və bütün bunların fikir olaraq beyninizdə daim açıq qalması bizi bir müddət sonra ciddi yoracaq. Aldığımız şeylərin dəyəri təkcə ona ödədiyimiz pulla ölçülmür. Ona baxım lazım olur, yenidən təmir etmək, vaxtlı-vaxtında ziyarət etmək, yoxlamaq, yerini dəyişdirmək, təmizləmək, depolamaq, harasa qoymaq və s. bu kimi xırda şeylər beynimizi o əşya qaldığı müddətcə məşğul edir. Arşadırmaya görə orta bir amerikalının evində 300 mindən çox hissə (əşya) var. Hər bir amerikalı ildə ortalama 37 kq pal-paltar atır. Atılan paltarların 95%-i isə yenidən emal edilə bilər. 50% amerikalının 1 aylıq maaşı qədər yığımı var, 62% amerikalının evində əlavə 1000 dolları yoxdur. 100-150 min dollar illik qazanc əldə edən amerikalının 25%-nin 2000 dollar əlavə ehtiyacı yaransa ödəyə bilməyəcək. Amerikalı uşaqlar dünya uşaq nüfuzunun 3%-dən bir az çox olmasına rəğmən, dünyada uşaqların istifadə etdiyi oyuncaqların 40%-i həmin o 3%-in payına düşür. Bu arada elə həmin araşdırmaya görə həddindən çox oyuncaq uşağın diqqət dağınıqlığından əziyyət çəkməsinə gətirib çıxarır. Bu hələ Amerikadır, görün digər ölkələrdə vəziyyət necədir. İnsanların çoxu sadəcə bugünü xilas etməyə çalışır. Dayandığı an vəziyyət baş-ayaq gedə bilər.
Lazım olanlar, olmayanlar və dəyərsiz olanlar…
Müəlliflər insanın sahib olduğu əşyaları 3 yerə bölürlər; Lazım olanlar, lazım olmayanlar və dəyərsiz şeylər. Bütün əşyalarımızı bu 3 kateqoriyadan birinə aid edib sonra zamanla ilk öncə dəyərsiz olanlardan, daha sonra lazım olmayanlardan xilas olmaq lazımdır. Təbii ki, əşyaların vacibliyi zamana görə dəyişə bilər. Az əşya, çox rahatlıq. Mən həqiqətən özüm də bir zamanlar mənasız əşyalar bolluğundan əziyyət çəkmişəm. Və həmişə də fikirləşirdim ki, görəsən onların hamısından yetəri qədər istifadə edirəmmi, onlar üçün əziyyət çəkmişəm, almışam və s. Hər baxdıqca da əlavə stres verirdi. Oxumadığım kitablar belə bir zamanlar ciddi stres verməyə başlamışdı. Təxmini buna bənzər “Asla Yalnız Yemə” kitabı bir xeyli fikirlərimi dəyişdirməyi bacardı. Onun üstünə də “Minimalizm” kitabı tam nöqtə atışı oldu desəm, yanılmaram.
Xatirələr əşyalardadır, yoxsa insanın özündə?!
Kitaba görə insanların xatirələri, anları olduğu üçün əşyalarını saxlaması səhvdir. Çünki anlar əşyalarda deyil, insanların özündə olduğu üçün əşyaları saxlamağa ehtiyac yoxdur. Hərçənd bu fikirlə razılaşmasam da, həddindən çox əşya ilə evi doldurmağın qəti əleyhinəyəm. “Yığdığım əşyaların ağırlığı altında boğulduğumu hiss etdiyim anda nələrisə dəyişməli olduğumu dərk etdim. O gündən bu suala cavab axtardım – “Həyatım daha azla necə daha gözəl ola bilər?” Müəlliflər hər gün bir kiçik əşyanızdan imtina edin deyə tövsiyyə verir. Gündəlik bir lazımsız və ya çox az istifadə edilən əşyanızı ya satın, ya hədiyyə edin deyir. Mənə görə insan istifadə etmədiyi əşyasını hədiyyə edəndə çox xoşbəxt olmalıdır. Müəyyən yaş və karyera mərhələləri var ki, o dönəmdə insan dəyişimi düzgün idarə edə bilməsə, bir boşluğa düşür. O boşluq əslində varlıq içində yoxluq da adlandırıla bilər. Hər şey var, amma nəsə çatmır. Bu hissə ad qoymağa macal tapmamış insanoğlu o boşluğu əşyalarla doldura biləcəyinə inanıb, davamlı şəkildə istehlak edir. Sonu olmayan yarışda daim qaçaqaçda olmaqla ən dəyərli varlığının – zamanın necə bir göz qırpımında axıb getdiyinin fərqinə varmır.
Bir-birinin üstünə yox, yerinə…
Həyatınızda vacib olanlara yer vermək üçün nələrdənsə imtina etməyi bacarmaq lazımdır. Biri birinin üstünə deyil, yerinə gəlməlidir. Kitabda paylaşmağın verdiyi rahatlıq barədə də çox gözəl nümunə var.
Yaxşı kitab fikrinizi dəyişdirər, möhtəşəm kitab isə Sizi hərəkətə keçirər. Edgar Dale-in öyrənmə piramidasına görə;
- Oxuduğumuzun 10%-ni,
- Eşitdiyimizin 20%-ni,
- Gördüyümüzün 30%-ni,
- Gördüyümüz və eşitdiyimizin 50%-ni,
- Başqaları ilə müzakir etdiyimizin 70%-ni,
- Təcrübədə yaşadığımızın 80%-ni,
- Başqalarına öyrətdiyimizin isə 95%-ni xatırlayırıq.
Elə bu araşdırma özü də göstərir ki, paylaşmaq və öyrətmək insanı pulla ala bilməyəcəyi qədər mənəvi rahatlıq verir.
Fərqində olmaq…
Ümumiyyətlə insanlar çox oxumaq yox, lazım olanı oxumalıdır. Lazım olanın həqiqətən lazım olduğunu müəyyən etmək özü də ayrı bir çətinlikdir. O səbəbdən məlumat – bilgi – fərqində olma ardıcıllığına diqqət yetirməliyik. İnsanların demək olar hamısı məlumatlıdır, amma hamısı məlumatı olduğu şeyin bilgisinə sahib deyil deyə mühakimə edə bilmir, bacarmır. Lakin bilgisinə sahib olduğun şeyin fərqində olmaq artıq insanı hərəkətə keçirir. Fərqində olmayan insan hara gedəcəyini bilir, amma niyə ora getmək lazım olduğunu bilmir sanki. Özünü tənqid, düzgün təhlil və gələcək üçün addımlar fərqindəlikdən başlayır. Tomas Vuda görə dünyada ən yaxşı dərmanlar havayıdır – Diet, idman, yuxu, günəş işığı.İnsan bu tip dəyərli imkanların bəzən fərqində olmur. Qərbdə son dönəmlər insanların depressiyaya girməsinə səbəb kimi həyatlarının mənasını itirmələri göstərilir. Məqsədsiz və hər şeyin rahat əlçatan olduğu bir dövrdə onlar varlıq içində yoxluq yaşayırlar. Müəlliflər burada da insanların vəhşicəsinə istehlak cəmiyyəti olmamıza diqqət çəkmək istəyir. Konfutsi deyir ki, iki həyatımız var və ikincisi sadəcə bir həyatımızın olduğunu fərq etdiyimizdə başlayar.
Həyatı dolu yaşamağın sirri
Müəlliflər burada mənalı həyat, həyatın mənası axtarmaqla bağlı maraqlı parallellər aparırlar. Onlardan birini qeyd edim, məsələn. Zövq almaq – sevdiyimiz bir tortu yeyərkən o anlıq zövq alırıq. Amma bu zövq tort bitdiyində bitir. Demək ki, zövq aldığımız şeylər həyatın məqsədi ola bilməz. Əgər belə olarsa, o halda zövq aldığımız şeylər bitən kimi yenə də boşluğa düşəcəyik. Bədənə faydalı olan yemək yemək isə xoşbəxtlikdir deyə bilərik. Xoşbəxtlik faydalı bir qərar verdiyiniz və o qərara doğru yol aldığınız anda sizinlə olar. Daha doğrusu, məqsəd mənalı həyat yaşamaqdır, o olduqda xoşbəxt ola bilərik. Xoşbəxtlik anlamlı həyatın yan məhsuludur deyə bilərik. Əgər xoşbəxtlik sağlam bir yeməkdirsə, məmnuniyyət davamlı bir diyetdir deyə bilərik. Həzz almaq isə firavanlığın bir üst səviyyəsidir. Yəni nahar yeməyindən zövq ala bilər, hətta xoşbəxt də ola bilər, bu cür həyat tərzindən məmnun da ola bilərsiniz, amma yeməyi dəyər verdiyiniz biri ilə paylaşdığınız anda həzz alarsınız. Həyatdan həzz almaq həyata və ya proseslərə digər insanlar daxil olarkən yaranır.
Dəyərləri qorumaq üçün 5 imtina etməli olduğumuz şeylər
Dəyərlər məsələsində özümüzün ən yaxşı versiyamız olmasını istəyirsizsə, bu 5 şeydən imtina etməliyik; – deyirlər.
- Mükəmməlliyin ardınca qaçmamalıyıq. Mükəmməl iş yoxdur, amma hər gün bir öncəkindən daha yaxşı işləmək olar, prosesləri daha yaxşı idarə etmək həmişə mümkündür.
- Zövq və xoşbəxtliyin ardınca qaçmayın. Bunun əvəzinə mənalı həyat yaşamağa çalışmaq lazımdır.
- Gözləntilərinizi böyük tutmayın. Bunun əvəzinə öz standartlarınızı yüksəldin.
- Ani məmnunluq və ya məmnuniyyətsizliyin sizi kontrol etməsinə icazə verməyin. Unutmayaq ki, müvəqqəti məmnunluq da məmnunsuzluq da elə müvəqqətidir. Mənalı işlər görmək və nəticədə mənalı ömür sürmək lazımdır.
- Dəyərlərinizdən güzəştə getməyin.
Gördüyünüz kimi kitabda bir çox maraqlı mövzulara toxunublar. Hər açılan mövzu deyərdim ki, sanki hər gün həyatımızda qarşılaşdığımız hadisələrdir, bizə özümüzü göstərir. Xüsusən dəyərlər məsələsində müəlliflərin qeydləri çox xoşuma gəldi. Bugün dəyərlərdən danışıb dəyərlərini çeynəyən n qədər adamları bu kitabdan sonra daha yaxşı başa düşürük, məsələn. Kitabın ümumiyyətlə süjet xətti dağınıq olsa da, bütün həyati aspektlərə toxunublar. Məsələn, onlardan bir neçə fikri yekun olaraq Sizə təqdim edirəm;
Minimalizm nədir sualına 9 cavab;
- Minimalistlər mülk əvəzinə təcrübələrə yatırım edərlər – səyahət, konsertlər, tətillər, teatr və digər hobbilər.
- Minimalizmin qaydalarından biri borcunun olmamasına çalışmaqdır. Borclu olmaq bizim azadlığımızı əlimizdən alır.
- Pul hər şey deyil, amma heç bir şey də deyil. Minimalist olaraq pul sahibi olmağa qarşı deyiləm, amma pul problemləri yaşamağa qarşıyam – deyir müəlliflər.
- Gözəl həyatı satın ala bilərik, amma mənalı həyatı satın ala bilmərik – onu ancaq yaşaya bilərik.
- Məşğul olmaq kifayət deyil, hamı məşğuldur. Əsas olan sən nə ilə məşğulsan?!
- Yaxşı işlər pul qazandıra bilər, böyük işlər fərq yaradır.
- Nə dedikləri qədər yaxşı deyilsən, nə də dedikləri qədər pis. Tənqidə qarşı dözümlü ol və yoluna davam et.
- Bir münasibət toksikdirmi və ya toksik deyil deyə düşnürsüzsə, böyük ehtimal toksikdir. Münasibətləri ayırd etməyə çalışanda dolaşığa düşürsüzsə, özünüzlə tək qalanda da nə istədiyiniz aydın deyilsə, buraxın getsin. Əslində kimsə kimisə tərk edəndə, tək o getmir, həm də özü özündən gedir adam.
- Dünyada ən böyük sevgi dürüstlükdür. Sevdiyini ən gözəl ifadə – dürüstlükdür.
Əziz dost, dəyərli oxucu. Minimalizm olsun ya olmasın, özümüzü biləndən bütün elm adamları, mütəfəkkirlər, ədiblərimiz yazılarında mənalı həyat yaşamağı tövsiyyə edib, onun dadının çox şirin olmasını, həyatda bütün məqam və mövqelərdən üstün olduğunu bildiriblər. Bu kitab da təxmini bu fikri axıra qədər müdafiə edir.
Ən çox bəyəndiyim fikirlərdən biri də xəyanət mövzusudur. Bu təkcə kişi-qadın münasibətlərində deyil, bütün növ ictimai-sosial zümrələr arası münasibətlərə də aiddir. O fikir də çox netdir: Dünyada ən böyük xəyanət insanın özünə xəyanətdir. Çalışın heç olmasa özünüzə xəyanət etməyin. Qalanlarına hardasa haqq qazandırma üçün bəhanələriniz ola bilər, amma özünüzü aldada bilməzsiz.
Həyatda az problem deyil, azın çoxluğu problemdir. Ona görə də qızıl orta düsturu hə yerdə eyni məntiqlə işləyir: Azı da zərər, çoxu da, hər şey miqdarında gözəldir.
Yazar haqqında
Editor review
Summary
Ətrafda səs-küy, qaça-qaç, harasa tez çatmaq istəyi, gec qalmaq qorxusu, varlıq içində yoxluq, yoxluğun bolluğu, sahib olduqlarımızın həzzini, olmadıqlarımızın xiffətini çəkə-çəkə ömür bitir. Doğulanda balaca qarına, öləndə balaca qəbirə yerləşən insan yaşayarkən yerə-göyə sığmır. Bəs nə edək? – sualına “Minimalizm” kitabında çox gözəl cavab veriblər.
Həmçinin oxuya bilərsiniz
“Libraff” kitab mağazasının canlı yayımında kitab oxumaq barədə danışdıq
Facebook Comments
Oxuyan, bilən, yoxsa öyrənən?!
Yılmaz Özdilin “ADAM” kitabını oxuyurdum, hər kəsə şiddətlə tövsiyyə edirəm. Deməli, Salih Neftçi adında iqtisadçı haqqında yazır. Bu arada deyim ki, Salih Neftçi Kərkükdə doğulub sonra Türkiyəyə ailəsi ilə birgə
Haqq və xalq aşiqi Elçibəyin əziz xatirəsinə
22 avqust 2016-cı il. Azərbaycanın eks-prezidenti, milli xalq hərəkatının lideri olan Əbülfəz Elçibəyin vəfat etdiyi gündür. O rəhmətə gedəndə mən 16 yaşımda idim, indi isə onun ölümündən 16 il keçib. Mən
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun