Dolların 78 olan vaxtı…

Dolların 78 olan vaxtı…

1 il bundan əvvələ qədər ölkədə nəyisə müqayisə edəndə sözün əvvəlində mütləq “sovetin vaxtında” sözü olardı. Bir az bizdən böyüklər, “Sizin yadınıza gəlməz, sovetin vaxtında ….” deyib maraqlı müqayisələr edərdilər. Yaş gəlib çıxmışdı 30-35-ə, ömrün əhəmiyyətli hissəsi keçib gedib, di gəl ki, adama yer edirdi ki, necə ola bilər ki, 70 illik bir sistemi görməyəsən. Məsələn, mən indi təsəvvür eləmirəm ki, indi yaşadığım dövlət haçansa hansısa imperiyanın tərkibində olub.

İndi sağ olsun, devalvasiya. Bizi bu söz-söhbətlərdən qurtardı. Daha ətrafda o sözü də eşitmirəm. Daha özümü də yaşca çox balaca, az şey görmüş hesab etmirəm. İndi mən fəxrlə deyə bilərəm ki, dolların 78 olan vaxtı filan şey filan cür idi. Devalvasiya stəkanının dolu tərəfinə baxmağı tövsiyyə edən dostların sözü olmasın bu devalvasiyanın yaxşı tərəfləri də var axı, adamın üstündə Allah var. İllərlə formalaşan stereotipi heç nə 24 ildi sındıra bilmirdi, amma devalvasiya bunu etdi. Bunu görməyən göz kordur, amma xəbəri yoxdu ki, görmür.

Bu yazıda mən dolların 78 olan vaxtı ilə sonrakı vaxtı müqayisə edəcəm. Vaxtınızı çox almayacam, 5-6 bənd sadalayıb gedirəm, işim-gücüm var. Gəlin görək, əvvəl necə idi, indi necədir?! Dərin siyasi-iqtisadi təhlil falan gözləməyin, sadəcə üzdən gördüyümü yazacam.

Dolların 78 olan vaxtı ölkədə bir cür adamlar var idi. Onlar digərləri ilə müqayisədə nisbətən daha rahat işdə çalışır, nisbətən də daha çox əmək haqqı alırdılar. Açığı iş də elə ciddi problem deyildi. İri bir holdinqə girib başını girrəyən “sadə vətəndaş” ayın axırı maaşını alıb xaricə zada gedə bilirdi, ürəyi istəyəni alırdı, imkan düşəndə arxaya da pul atırdı. Söz hansısa sektorda olan nöqsanlardan düşəndə “dünyanın hər yerində elədir”, “pozitiv baxmaq lazımdır”, “gördün nə dedi, daha əvvəlki kimi olmayacaq”, “amerika birdən-birə qurulmayıb” və s. kimi sözlərlə səni yola verirdi. O nöqsanı deyən də avtomatik olurdu “müxalifətçi”. Çox rahat yol tapmışdılar, bir söz desən damğa hazır idi. O da elə söz idi ki, neçə-neçə igid adamlar onun badına getmişdi. Xalid Hüseyn ya “Çərpələnguçuran”da, ya da “Min möhtəşəm günəş” kitabında idi bilmirəm, dəqiq yadımda qalmayıb, yazırdı ki, o vaxt Əfqanıstanda taksi sürücüləri həmkarını ilişdirmək istəsə, gedib amerika əsgərlərinə deyirdilər ki, bəs filan taksi sürücüsü Talıbana işləyir. O adam bu sözlə də əlli-ayaqlı gedirdi. Günahsızlığını sübut edənə qədər də can əldən gedirdi. İndi bizdə də bu cür adamları ilişdirmək üçün “müxalifətçidir”, “o, bu inkişafı görmür, gözü götürmür” demək kifayət idi ki, adamı həm hörmətdən salsınlar, həm işdən çıxarsınlar, ən pis halda da içəri atsınlar. Halbuki nöqsanları deyən, çəkən, göstərənlərin çoxu partiya üzvü falan deyildi, adam işləyirdi, məsələn, təhsil sahəsində, görürdü ki, filan sistem təhsilin anasını ağladıb, digər qohumlarına keçir artıq, səs edirdi ki, belə olmaz axı. İndi bunu deyirdisə, niyə müxalifətçi olmalı idi ki.

Hamı başını aşağı salıb susurdu. Problem də onda idi ki, bu damğanı vuran hansısa təhsilsiz adam falan deyildi. Bunu deyənlərin bir çoxu “sezona” bir universitet bitirən, qohum-əqrəbanın toyda-yasda barmaqla göstərib “tanıdın, kimdir? Tarverdinin oğludu, yaxşı da yerdə işləyir, savadlı oğlandı” dedikləri adamlar idi. Bəli, yaxşı yerdə işləyir, savadlı oğlandı. Adətən bu sözlər yanaşı gələrdi. Nə hikmətdisə, savadlı oğlandı, yaxşı yerdə işləyir demirdilər, tərsinə deyilirdi. Hələ yenə bu adamları başa düşmək olardı, heç olmasa nələrisə vardı, itirməkdən qorxurdular. Elələri də var idi ki, itirəcək gözlə görünən bir şeyi yox idi, amma yenə də “malalayırdı”. Yəqin gözlə görünməyən şeyləri itirməsindən qaynaqlanırdı.

Sözüm onda deyil. Aha, elə ki, fevralda birinci dalğa gəldi, “kərəmi ağlamaq tutdu”. İlk əvvəl ağlamadılar, bir az dolumsundular və sakit qaldılar. Elə ki, 2-ci dalğa oldu və bunların orda-burda yığıb saxladıqları manatlar bir gecədə dəyərdən düşdü, vəziyyət dəyişdi. Bu dəfə özü də zərbə almışdı deyə, danışmağa başladı. Rüsvət alan hakimi söydü, polisi söydü, məktəbdə müəllimənin verdiyi təhsildən narazılıq etdi, dost məclislərində “bu lap ağ oldu” kimi fikirlər səsləndirdilər. Gedib türkiyədə falan ev alanlar, ölkədən çıxıb getmək istəyənlər də az olmadı. Bu belə.

Dolların 78 olan vaxtı yediyini, içdiyini, nə bilim gücəndiyini də check-in edən, “içmədən uçamıyorum” tipli adamlar vardı. Sanki o həyat tərzi olmasa, onlar “hardworking”in öhdəsindən gələ bilmirdilər. Bir az fərqli olanları da vardı. Məsələn, onlar çox rahatlıqla Epikürün hansısa kəlamını yazıb, altında da özünün otluqda çəkdirdiyi şəklini qoya bilərdi. Heç cür tuta bilmirdin, Epikür OK, kəlam da OK, otluq və sən “priçem” onda. Ya da Siz OK, Epikür nə gəzir orda. Nə bilim, qəribə millətik. Qısası, dollar qara bazarda 1.80-ə qədər qalxanda bu adamların getdiyi yerlər 180 dərəcə dəyişməyə başladı. Artıq fb və instagramda “home, sweet home” tipli statuslara daha çox rast gəlməyə başladıq. Zalım balası ayıldı ki, sən demə indiyə qədər özünü nəyəsə inandırıb, öz-özünü kinoya çəkirmiş.

Dolların 78 olan vaxtı institutu dünən bitirən adam 300-500 manatlıq işə naz edirdi. Güclü də təhsil almışdı axı Narxozda, BDU-da, nə bilim APİ-də. Bir dəfə dostum dedi ki, bizim bankın filan müdiri türkdür, deyir ki, Sizdə eyni pozisiyada olan adam mənimlə müqayisədə məndən daha gənc, məndən daha çox maaş alır. Dostumuz Anar Bayramov demiş, bəlkə də bir az ağzımız isti yerdə idi. Vaxtından tez pillələri çıxıb “çıtayı yüksək” tutmuşduq. Açıq desək, buna layiq olanlar da az deyildi, amma olmayanlar daha çox idi. Müştəri rahat pul xərcləyirdi deyə, məsələn, kimin daha yaxşı marketoloq, kimin daha pis olduğunu ayırd etmək çətin idi. Obyektiv və subyektiv, işçinin bacarığından qaynaqlanmayan səbəblərə görə şirkətin yaxşı vəziyyətdə olması, onun da yaxşı menecer olmasını göstərirdi. Elə ki, dollar qalxdı, köpük də əriməyə başladı. Bazar darlaşdı, müştəri alışını azaltdı, şirkətlər batmağa başladı və ən əsası məlum oldu ki, nəinki şirkətin, heç ciddi maliyyə qurumlarının da anti-böhran planı heç vaxt olmayıb. Sonra nələr oldu, özünüz bilirsiniz daha. Bircə onu deyim ki, indi daha çox “fundamenti” olan işçilər qazanacaq. Bəlkə də az qazanacaq, amma daralan paydan onlardan çox kimsə pay götürməyəcək. Odur ki, nə qədər gec deyil, özünüzə yatırım edin, təhsilinizi kamilləşdirin, rəqabətdə üstün olmaq üçün özünüzü sübut edin. Sabah nə olacaq gördüyünüz kimi, bilmək olmur.

Dolların 78 olan vaxtı müştərilər də ağını çıxarmışdı. Demirəm ki, hamı zor yaşayırdı, amma çoxu da ayağını yorğanına görə uzatmırdı. Şirkətlər də bundan istifadə edib az qala əlifbanı bilən hər kəsə kredit verirdi. 300 manat alan işçi 800 manatlıq telefonu kreditlə alırdı. Gəlin, açıq etiraf edək. Heç kim fikirləşmirdi ki, bəs sabah işdən çıxsam, nə olacaq, kim ödəyəcək bunu. Mən bu cür n qədər adam tanıyıram, ürəyi istəyən nəyisə almaq üçün yox a, göstərmək üçün boğazından kəsirdi. Taksi şoferi 1500 tapıb təzə maşını kreditə götürürdü, nəticədə 2 ay iş olmayanda da gəlib əlindən alırdılar. Devalvasiyadan sonra o tip kreditorların axırı necə oldu bilmirəm. Həmişə eşidirdim ki, rusiyada ruslar üzümü gilə ilə alırlar. Bizimkilər İstanbula düşən kimi ilk fürsətdə taksi sürücüsünə çalışırdılar sübut eləsinlər ki, biz hamımız yağ-bal içində üzürük, nə gündəsiz, bardurlarınız da köhnədir, heç təzə iri maşın yoxdu, beton yol yoxdu sizdə, “petrol ülkesiyiz, para çok, abi” zad. O gün bir dostum deyir ki, istanbulda xəstəxanalarda azərbaycanlılara məhz baha qiymət deyirlər. Kopoğlunun ərəbləri heç özünü İstanbulda elə aparmırdı ki, biz aparırdıq. İndi yəqin başa düşdük ki, niyə bizlə o cür davranırlar.

Dolların 78 olan vaxtı bir çox şirkətlər vardı ki, keçid dövründə heç kimin risk etmədiyi vaxtda uzaqgörənlik edib biznes açmışdı, uğurlu da olmuşdu. Amma bir şeyi unutmuşdular, bir yerə qədər “Allah-Allah” deyib gedərsən, bir yerdən sonra sənin korporatviləşmən, brendləşmən lazımdır, müştəriləri önəmsəyən addımlar atmağın lazımdır. Bir dəfə elə bir sahibkarın birinə dedim ki, indi yaxşı vaxtdır, amma bu risklidir, sabah pis olsa vəziyyət marketinqiniz olmadığına görə əziyyət çəkəcəksiniz. Dedi mən bu şirkəti bu yerə marketinqsiz gətirmişəm. Düz deyirdi həqiqətən. Elə də gətirmişdi. Amma məsələn, indi burdan o tərəfə artıq apara bilmir. Və mən bunu müşahidə edirəm, pisimə gəlir. Aşıq gördüyünü çağırar, mən də sırf praktikadan yazıram, kiməsə məsləhət falan verəcək istək və gücdə də deyiləm. Satmaqla qazanmaq ayrı şeydir, uzun müddət bunun fərqini bilmədik deyə, bugün uduzuruq. Əziz şirkətlər, müştərinin seçiminin çox, pulunun az olan vaxtında o niyə məhz Sizdən almalıdır? Heç düşündünüzmü? Əgər tutarlı 3 səbəb gətirə bilmirsinizsə, deməli Sizdə heç vaxt marketinq olmayıb. Bu arada qiymət deməyin, qiymət rəqabəti ən ucuz və uzun vədədə şirkəti uçuruma aparan yoldur.

Baxıram yazı yenə uzun alındı. Özümdən asılı deyil, belə qəbul edin, zəhmət olmasa. Yuxarıda yazdıqlarım dolların 78 olan vaxtından əvvəl və sonranın müqayisəsi, dəyişməsi idi. Amma elə nəsnələr də var ki, onlar dolların 78 olan vaxtı da eyni idi, indi də eynidir. Bunlar nədir?!

Məsələn, yaltaqlar. Onlar dolların 78 olan vaxtı neçəyə yaltaqlanırdılarsa, bahalaşmadan sonra da eyni qiymətə xidmətlərini təklif edirlər. Bu o deməkdir ki, təxmini vicdan da o qədər faiz devalvasiyaya uğradı. Amma qiyməti qoruyub saxladıqlarına, süni qiymət artımı etmədiklərinə görə onları alqışlamaq olar.

İkincisi də müəllimlərdir. Onlar da elə dolların 78 olan vaxtı da vəziyyətləri gül idi, 1.62 olan vaxtı da. Qalxıb-düşmənin onlara o qədər təsiri yox idi. Məşhur frazada deyildiyi kimi, öyrəşmişdilər. Amma bir məsələ var ki, artıq insanlar təhsilə önəm verməli olduqlarını anlayırlar, o səbəbdən bəlkə, müəllimlərin də üzü gülə. (yaxşı müəllimlərin)

Üçüncüsü isə kanallardır. Burunlarının ucunda olan hadisələri görməyib qlobal istiləşmədən, cinçıxarma, günvurma, nə bilim nə kimi mənasız şeylərdən eyni qaydada danışırlar. Dollar heyf ki, onlara da təsir etmədi.

Bugünlük bu qədər. Sabah nə olacaq bilmirəm. Mahnıda deyildiyi kimi, nə olacaqsa, xatirədir, problem yoxdur 🙂

P.S. Bəyəndinizsə, paylaşaraq təşəkkür edə bilərsiniz. O da olmasa, mail abunə olub sonrakı yazılardan tez xəbərdar ola bilərsiniz. Narahat olmayın, müəllif hüquqları qorunmur, əksinə vəhşicəsinə pozulur.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

1 il bundan əvvələ qədər ölkədə nəyisə müqayisə edəndə sözün əvvəlində mütləq "sovetin vaxtında" sözü olardı. İndi sağ olsun, devalvasiya. Bizi bu söz-söhbətlətdən qurtardı. Daha ətrafda o sözü də eşitmirəm. Daha özümü də yaşca çox balaca, az şey görmüş hesab etmirəm. İndi mən fəxrlə deyə bilərəm ki, dolların 78 olan vaxtı filan şey filan cür idi.

Həmçinin oxuya bilərsiniz

Köşə yazıları 0 Comments

3 qaranın sirri – Marketing AİR

2003-cü ildə biləndə ki, universitetdə marketinq ixtisasına düşmüşəm, açığı bir az da kədərlənmişdim. O illər menecment daha dəbli idi. Ələxsüs də mən, 1 bala görə menecmentə deyil, marketinqə düşmüşdüm. Həmin

Köşə yazıları 0 Comments

Rəhim Hüseynovun əziz xatirəsinə

Ölüm haqdır, mütləqdir. Bir gün hamımız bu dünyadan gedəcəyik, dünya fanidir. Bizdən sonra bizi ancaq əməllərimiz yaşadacaq. İstər bu dünyada, istər o dünyada yolumuza işığı ancaq əməllərimiz tutacaq. Bildiyiniz kimi

Köşə yazıları 0 Comments

Azərbaycanda 2015-ci ilin ilk 8 ayının marketinq hesabatı və bizi daha nələr gözləyir?

Əziz dostlar, Siz də görürsünüz ki, son dönəmlər marketinqin rolu Azərbaycanda əhəmiyyətli dərəcədə hiss edilməyə başlayır. Xüsusən hazırkı situasiyada sektorun real marketerləri şirkətlərində əsl qəhrəmana çevrilə bilərlər. Atalar sözümüz var

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın