“Düz yoldan azıb nabələd ünvanlara düşənlərin” gündəliyi

“Düz yoldan azıb nabələd ünvanlara düşənlərin” gündəliyi

İnsan ölməmişdən qabaq onun xatirələri ölür.

Uşaq olursan, yavaş-yavaş böyüyürsən. Uşaqlıqda məhlədəki, qonum-qonşuda tanıdığın qoca adamların çoxu sənin böyümə ərəfəndə ölür. Hələ tam olaraq ölümü dərk etmirsən. Elə bilirsən, hamı ölə bilər, amma sənin əzizlərin yox. Hələ öz ölməyini demirəm, ona heç ehtimal vermirsən. Elə bilirsən ki, ancaq qocalar ölür. Bir az yaş artır, həyatı təzə-təzə dərk etməyə başlayanda gözləmədiyin halda kiminsə cavan yaşda rəhmətə getməsini eşidirsən. Və ya kimisə cavan yaşında avtomobil qəzasından sonra yerdə ölü görürsən. Görürsən ki, yox, bu nəsə düz olmadı axı. Sən ölüm deyəndə belə başa düşmürdün. O sənin təsəvvüründə başqa cür idi. Hanı bəs qocalar ölürdü ancaq? Evdə elə demişdilər axı. Bəs indi niyə belə oldu?! Hələ cavan yaşda rəhmətə gedən çox yaxınındırsa, qəribə hisslər yaşayırsan. Sözlə ifadə etmək çətindi. Necə deyim, məsələn, elə bil kimsə gedir, sən nə getmə səbəbini bilirsən, nə qal deyə bilirsən, nə buna gücün çatır, nə də nə baş verdiyini anlamırsan. Keyimə olur, donub qalırsan. Amma bu da keçir. Bir müddət sonra həyat axarında düşür.

Yaş ildırım sürətilə artır. Yaşın artdıqca xatirələrin də çoxalır. Bağçada, məktəbdə, universitetdə, ailədə, dost çevrəndə, iş həyatında saysız-hesabsız xatirələr yığılır. Hərdən yeyib-içəndə, hərdən də həssas vaxtlarında hər dəfə bir xatirəni baş verdiyi zamandan irəli gətirib onu xatırlayır, əzizləyir və sonra geri yerinə qaytarırsan. Paketlənib bir kənara atılmış xatirələri hərdən niyə xatırladığını da bilmirsən, bəlkə də dərk etmirsən. Məsələn, başa düşmürsən ki, niyə birdən-birə ürəyin qrup yoldaşlarını bir yerə yığıb söhbət eləmək istədi, keçmişə getmək istədi, hətta bir az bəlkə kövrəlmək istədi. Deyim niyə?! Ona görə ki, böyüdükcə xəyalların kiçilir, şübhələrin artır. Seçməkdə çətinlik çəkirsən, risk edib seçib səhv etməkdənsə, fakt səni əvvəldə xoşbəxt edən anları geri çağırmaq istəyirsən. Əminsən, bilirsən ki, o hisslər səmimi olub, doya-doya yaşanıb, hər anı beynində həkk olunub.

Yaş elə bir həddə çatır ki, sən özün artıq kiminsə uşaqlıq xatirəsi olursan.

Öz övladının, qonşunun uşağının, qohumun balasının və s. Qayğıların artır, başın qarışır. Həm də elə qarışır ki, bir da ayılırsan ki, ətrafın xəzan yarpaqları kimi “dənəbir-dənəbir tökülür”. Uşaqlıqdan tutmuş son anına kimi, yəni A-dan Z-yə bütün xatirələrin sanki bir anın içində növbə ilə yox olurlar. Bir az sərt desəm, ölürlər. Bəli, ölürlər. Xatirələrin tədricən ölməyə başlayır. Bir gün 11 il bir partada oturan qrup yoldaşın ölür, bir gün bağçada elə hey dalaşdığın uşaqlıq dostunun öldüyünü eşidirsən, bir gün də valideynlərin. Bəli, valideynlər. Ən çətin an yəqin ki, bu an olur. İnsan ölümün acı dadını mənə elə gəlir ki, bu anda hiss edir. Xatirələrin darmadağın olur. Ölümü ciddiyə almağa başlayırsan. Elə bir zəmanəyə gəlmişik ki, ölüm insanın gözündə çox ucuzlaşıb, adiləşib. Ən məşhur insanın belə ölümü maksimum 1 ay gündəm olur. Valideynlərini də itirəndən sonra, özünü bir təhər toparlayıb həyatın qabağına özün tək çıxırsan. Bacara bildiyin qədər mübarizə aparırsan, uşaqların üçün, sevdiklərin üçün məhz bu anda öz ölümünə belə razı olacağını hiss edirsən. Başa düşürsən ki, nəsə yaxınlaşır. Bir gün başın ağrıyır, bir gün halın xarab olur. Yavaş-yavaş təslim olduğunu hiss edirsən. Əvvəl-əvvəl qəbul etməsən də, bir müddətdən sonra məcbur qalıb həqiqəti olduğu kimi qəbul edirsən. Bəli, sən də öləcəksən, ey insan. Səndən əvvəlkilər kimi, səndən sonrakılar kimi.

Aydın Xırdalanlının ölüm xəbərini bugün eşitdim. Məsələ odur ki, öləcəyini də bilirdim hamı kimi. Amma sanki həm də ölməyəcəkdi kimi hiss edirdim. Amma öldü. Sözü, söz sənətini çox sevirəm. Bu yazını da gündəm xarakterli yazmıram. Sadəcə içimdən gəldi və yazım qalsın istədim. Aydın mənim uşaqlıq xatirələrim idi. Və mənim uşaqlıq xatirələrimdən daha biri rəhmət getdi, artıq yoxdur. Hüseyn Dəryanın ilk klipi bizim məhləmizdə çəkilmişdi. Uşaq idik, yolun kənarından kameralara falan həsədlə baxırdıq. O rəhmətə gedəndə, sanki o xatirələr də itib gedir. Sözlə yaradıcı şəkildə oynaya bilən adamlar azdı. Onlardan biri də Aydın idi. Onun musiqiyə aid qəzəlini cümlə-cümlə dəftərimə yazmışdım o vaxt. “Tanrı vermiş bəşərə zövqü-səfa müsiqini, mənəvi adə qida, qəlbə ziya musiqini”.

Əziz insanlar, xüsusən istedalı insanlar. İstedadınız Sizi məşhur edəndə, Sizi zəngin edəndə onun parıltısına çox aldanmayın. Zirvədə qalmaq çətindir, zirvədə simanı qorumaq da çətindir. Çox istedadlı insanlarımız özlərini məhv etdilər. Çox cılız səhvlər buraxdılar, dərk edəndə isə gec oldu. Həyat bizə görün nə qədər örnəklər verir. Gərək elə Siz də öləsiniz ki, dərk edəsiz?! İstedadlı insanlar dünyadan gedəndə təkcə özlərinə ziyan eləmirlər, həm də cəmiyyəti şikəst qoyurlar, dala salırlar. Bu dünyada hərə öz seçdiyi yola uyğun missiyasını dərk edib ona maksimum sadiq qalmalıdır. Yarı yolda qoymaq olmaz. Öz günahınızdan yarı yolda qoyub gedirsinizsə, cəmiyyət Sizə həm sevdiyi üçün acıyacaq, həm də qəlbində qəzəbli olacaq.

Bəli, insan ölməmişdən qabaq xatirələri ölür. “Ölmədən ölməyi bacarmaq” isə hər adama qismət olmur. Ölüm haqqdır. Haqq isə təəssüf ki, ədalətli!

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Yaş elə bir həddə çatır ki, sən özün artıq kiminsə uşaqlıq xatirəsi olursan.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Yazılan qalır. Facebookda yazdığım 90 status

Ötən bloqların birində hamımızın sevimlisi Teymur Paşaya aid statusları bir yazıda cəmləmişdim. İstəsəniz buradan oxuya bilərsiniz. Bu dəfə isə istədim 2011-ci ildən bu tərəfə öz facebook profilimdə yazdığım bəzi statusları

Sərbəst 0 Comments

Bir xoşbəxtliyi tapanda sorğulamayın, bir də qərarı verəndə. Son işimi qısa müddət sonra tərk etmə səbəblərim haqqında!

Əziz dostlar, bu gün ətrafımızda xeyli maraqlı hadisələr baş verir. Gündəmi özünüz də izləyirsiniz. İndi də internet ölkə üzrə yox idi, bəlkə elə indi də yoxdur. Ona görə bloqu indi

Sərbəst 0 Comments

Həyatımızdakı reklamlar

Reklam nədir? Hamımıza tanış olan bu kəlimə marketinq termini olub mənası hər-hansı məhsul və ya xidməti hədəf kütləsinin diqqətinə çatdırmaq üçün müxtəlif üsullardan istifadəyə əsaslanan tanıtım fəaliyyətidir. Reklamların çox müxtəlif

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın