Etirazın yerdəyişməsindən yaranan qəhrəmanlar

Ласковый май” qrupu ilə tanışlığım hərbi xidmət illərimə təsadüf edir. Bekarçılıqdan az qala bir-birinə dəyəndə səs çıxardan hər şeyə qulaq asırdıq deyə zövqümüz də tamam korlanmışdı. Elə o ərəfələrdə necə oldusa, Yuri Şatunovun “Belie Rozi” mahnısını dinlədim, mahnıdan daha çox millətin özünü kəsib-doğraması, göz yaşları, SSRİ-nin ən böyük stadionlarını bir gündə doldurması, milyonluq fanat ordusu diqqətimi çox çəkmişdi. Adamın üstündə Allah var, mahnı da pis deyildi. Bunu ona görə deyirəm ki, o dövrün professional müğənnilərinin hamısı deyirdi ki, onların musiqiləri çox bayağıdır. Qrup haqqında bir-iki dəfə internetdən də oxumuşdum ki, konsert vermə üzrə SSRİ rekordu uşaq evindən çıxan bu qrupa aid idi. Elə o vaxtdan həmişə fikirləşirdim ki, görəsən, bu adamların stilistikasında, yanaşmalarında fərqli olan nədir axı?!

2-3 gün idi ki, sosial şəbəkələrdən uzaq idim. Öyrəşmədiyim situasiya olsa da, nəticədən məmnunam. Birinci ona görə ki, xeyli beynim sakitləşdi, özümlə tək qala bildim, daha çox düşünə bildim. İkinci də ona görə ki, çoxdandır beynimdə fırlanan bir məsələni özüm üçün aydınlaşdırmağa vaxt tapa bildim. Bu 2 gündə fürsət bilib qrup və onun ən tanınmış üzvü Yuri Şatunov haqqında verilişlərə, qrup barədə sənədli filmlərə baxdım. Şatunovun və qrup üzvlərinin yazılı və video müsahibələri ilə tanış oldum. Sayını itimişəm, amma yəqin ki, 10-dan çox veriliş izlədim. Hesab edirəm ki, həmin materialları izləyəndən sonra kobud səslənsə də “həqiqət” mənə aydın oldu. Özüm üçün gəldiyim qənaəti açıqlamamışdan öncə qrup haqqında oxucular üçün maraqlı ola biləcək bəzi faktları paylaşmaq istəyirəm. Öz aləmimdə axtarıb tapdığım “həqiqət” dövrümüzlə də səsləşir deyə yazıb bölüşməyin faydalı ola biləcəyini düşünürəm.

Ласковый май» qrupu aralarında ən məşhur üzvləri Yuri Şatunovun da olduğu kimsəsiz uşaq evində yaşayan bir neçə nəfərin iştirakı ilə bəstəkar Sergey Kuznetsov tərəfindən yaradılıb. Daha sonralar Kuznetsov içki aludəçisi olduğu üçün uzaqlaşıb (və ya uzaqlaşdırılıb) və qrupa rəhbərliyi Andrey Razin edib. Qrupun ən böyük nailiyyətləri də məhz Razinin adı ilə bağlıdır. 1986-cı ildə yaranan qrup SSRİ tarixində 2500 konsert ilə o dövrə qədərki bütün rekordları qırıb. Ona qədər isə rekord Alla Puqaçovada olub. Sonralar Alla Puqaçova uşaq evindən çıxan 4-5 nəfərin “sehri” ilə tanış olmaq üçün onları hətta evinə də dəvət edib, şəxsən tanış olub. Qrup o qədər məşhur olub ki, eyni anda 3-4 yerdə başqa-başqa adamlarla, amma Şatunovun səsi ilə konsertlər veriblər. Təsəvvür edin ki, SSRİ dönəminə xas olmayan konsertlərdən milyonlarla pul yığılıb. Ölkənin ən prestijli müğənnilərinin konsertlərinə satılan biletdən 10 dəfə daha çox bilet satılıb, bilet qiymətləri bir-neçə dəfə baha olub, qonorarlar isə ölkə ortalamasından 100 dəfəyə qədər fərq edib. SSRİ-nin dörd bir tərəfinə günlərlə davam edən qastrollarda yığılan pullar o qədər çox olub ki, hətta onu yanlarında daşımamaq üçün bir yerə basdırıb lazım olduqca götürüb istifadə ediblər. Və bütün bunları 4-5 uşaq nəfər evindən çıxan şəxs və bir prodüsser edib.

İzlədiyim bütün verilişlərdə suallar demək olar ki, bu istiqamətdə idi – “necə belə kortəbii şəkildə yığılan bir qrup bütün ölkədə bir anda partlayış edə bildi?” Bu suala cavab əslində çox mətləbləri aydın edir. Ümumiyyətlə bütün proseslərə həmin dövrün şərtlərini yaxşı bildiyimiz halda düzgün qiymət vermək olar. Gəlin görək o dövrdə, yəni 1980-90-cı illərin SSRİ-sində vəziyyət necə idi. Ölkədə iqtisadi baxımından o qədər də xoş olmayan vəziyyət, siyasi qeyri-stabillik, həmçinin uzun illərdən bəri davam edən güclü nəzarətin verdiyi “bezmişlik” var idi. Bu sözü bilmədim başqa cür necə yazım. Yəni demək istəyirəm ki, hansısa yolla qərb mədəniyyəti ilə tanış olan SSRİ vətəndaşları başa düşürdülər ki, əslində alternativ nə qədər gözəl janrlar var, nə qədər gözəl musiqilər var və s. Bu istəklərini, həmin mədəni yeniliklərə rəğbətlərini də gizlətmirdilər. Siyasi, iqtisadi cəhətdən qərbin üstünlüyünü etiraf etmək, ona can atmağa çox adam ürək eləməsə də, amma mədəni sahədə insanlar nisbətən daha tələbkar idi. Qadağalara görə davranmaq istəmir, uzun davam edən məhdudiyyətlər səbəbindən hökümətə qarşı inamsızlıq, loru dildə desək “acığa düşmə” meyli hiss edilirdi. O vaxtın bütün mədəni hadisələri, şəxsləri və s. bu qəbildən olan yeniliklər dövlətin “bədii şurası”ndan keçirdi deyə mədəni sferada da monoton ab-hava yaratmışdı. Mahnının sözləri, janr, musiqiçinin həyat tərzi, seçimi və nəhayət mədəni tədbirlər bir filtrdən keçirdi. Xalqın daxilində də narazılıq olduğu üçün deyə bilərik ki, onlar narazı olduqları tərəfin təqdim etdiyi hər şeyə müxalif idilər.

Məşhurluğa gedən yollardan biri də məsələn, televiziyaya çıxmaq idi. Amma hamı çıxa bilməzdi. Xalq özü də bilirdi ki, hamı çıxa bilməz, kimsə çıxırsa, deməli hansısa yolla o maneələri aşa bilib. Alternativ hər şey insanların içində yığılmış narazılığı ifadə üçün fürsət idi. Xalq birbaşa mənbəyə etiraz edə bilməsə də bir yolunu tapıb birbaşa mənbəni qıcıqlandıran hər şeyi dəstəkləyirdi. Kobud desək işə gedəndə bir moda, evdə isə başqa moda keçirdi. İşdə ayrı adam, evdə ayrı adam idilər. Hamı görürdü, bilirdi, amma uca səslə demək olmazdı. Digər mədəni sahələrdə də belə idi. Xalq yazıçısı, şairi, müğənnisi, aktrisası, incəsənət xadimi adını almaq dövlətin təsdiqini (rəğbətini) almaq demək idi. Amma sadə camaat da bilirdi ki, bir nəfər ad alıbsa, min nəfərin də haqqı tapdalanıb, adı filankəs almalıykən filankəs hansısa yolla əldə edib və s.

Əlqərəz şəffaf olmayan mühitdə sonu gecikdirmək, problemi ötürmək, müvəqqəti qələbələr aktual olur. Təki məndən ötsün, kimdə partlayır partlasın. Başından düz olmayan şeyi də uzun müddət dirənib düz kimi təqdim etmək də olmur. Bir yerdə mütləq o həqiqət özünə cığır tapıb çıxır və onda yalan üzərində qurulanlar sap kimi sökülməyə başlayır.

Yuxarıda sadalanan hadisələr və onu törədən səbəblərin fonunda “Ласковый май” qrupunu xalq özünə daha yaxın hiss edirdi. Uşaq evindən çıxmış gənclər, xalqın içindən çıxmış, kasıb, kimsəsiz. Məsələn, bilirdilər ki, onları heç kim televiziyaya buraxmır. Bunu bilib daha çox dəstəkləyirdilər, konsertlərinə daha çox bilet alırdılar. Təsəvvür edin, vağzallarda kasetləri kopyalayıb yayırdılar ki, yoldan keçənlər eşitsin tanısın. Xalq hər şeyi görürdü. Arada gəzən söhbətlər sürətlə yayılırdı. Bilirdilər ki, məsələn, Razin qrupu televiziyaya çıxarmaq üçün özünü yalandan Qarbaçovun qohumu ya dostu kimi təqdim etmişdi və ancaq bundan sonra istəyinə nail olmuşdu. Belə olanda xalq nə düşünəcək? Əmin olurdular ki, yuxarıda da yazdığım kimi hər adam televiziyaya çıxa bilməz, kimsə “yuxarılardan” təsdiq etməlidir. Həmin təsdiq edilənləri də bir müddət sonra xalq öz yanında görmədiyindən özlərindən hesab etmirdilər, qıcıq yaranırdı. Qrupun mahnı sözləri də senzuradan keçmirdi, nə istədilər yazıb oxuyurdular, özü də o dövrün qərb pop janrında. Həm də buna görə çox sevilirdilər. Mötəbər məclislərdə heç kim cürət edib deməsə də, amma hamı bilirdi ki, SSRİ-də hər şey olmasa da, çox şey yalan üzərində qurulub. Ay nə bilim, ən gözəl, firavan ölkə buradır, başqa yerlərdə insanlar geyim, çörək tapmır. Amma həqiqətdə “importniy” mallar üçün günlərlə növbələrə durur, gizlin yolla əldə etmək üçün dəridən qabıqdan çıxırdılar. Qərb tərzi diskotekaların ölkədə təzə-təzə məşhurlaşmağa başladığı vaxtda yuxarılarda bu janr ciddi qəbul edilmir, meydan da verilmirdi. Ona görə də demək olar ki, rəsmi dairələrin zövqü ilə artıq xalqın zövqü üst-üstə düşmürdü.

Uzun sözün qısası, adıçəkilən qrup da zamana uyğun ciddi tələbatın düz üstündə oturmuşdu. Həm də bunu edən ilklərdən biri, bəlkə də birincisi idi. Ona görə sürətlə varlandılar, sürətlə milyonların sevimlisinə çevrilə bildilər. Onu da qeyd edim ki, doğru zamanda doğru yerdə olmaq ifadəsi elə bu qrup üçün ideal təsvir sayıla bilər. Yəni onlar hamıdan yaxşı oxumurdular, hamıdan çox bacarıqlı deyildilər, professional deyildilər, amma azad idilər, sərbəst istədiklərini oxuyurdular, dəbdəbəli mövzulara, keçmiş zamana aid mövzulara toxunmurdular. Bunu hətta qrupun ən məşhur üzvü Yuri Şatunov da müsahibələrində etiraf edir ki, “bəli, şansımız da gətirdi demək olar”. Əslində buna şans da demək olmazdı, kütlənin tələbatını düzgün görüb onu təmin etmək idi məsələnin mahiyyəti. 92-ci ildən sonra qrup dağıldı. Bilirsiniz niyə? Ona görə ki, artıq onları təkrarlayan, onlardan daha yaxşıları və s. çıxdı. Ölkədə azadlıqlar təmin olundu. Bax o anda artıq əvvəlki şan-şöhrəti qoruyub saxlamaq mümkün olmadı. Alternativlər yaranmışdı. Aradan 10-20 il keçəndən sonra da Şatunov konsertlər verir, yeni mahnılar yazır, amma heç biri “Belie Rozi” qədər sevilmir. Möhtəşəmlik mahnıda deyildi. Mahnının sirri onu dinləyəndə o dövrə gedən, boz mühitin içində o həzzi ilk dəfə yaşayan insanların onlara bunu yaşadanlara hörməti idi. Deyir insanlar keçmişə qayıtmağı, nostalgiyanı sevir, amma keçmişin hər anına yox, ancaq xoş anlarına. Qrupun mahnıları da SSRİ kimi boz mühitdə yaşayan insanların tək-tük xoş anları idi.

Şatunov son illərdə Monakoda ən bahalı klipini belə çəkdirib, amma gündəm ola bilmədi. Yəqin ki, başa düşmür və ya hələ də qəbul etmək istəmir ki, əvvəlki məşhurluq mümkün olan şey deyil. Zaman o zaman deyil. Rus xalqının tələbi Monako sahillərində çiçək-böcəkdən oxumaq deyil. Özü də etiraf edir ki, ondan hər yerdə “Belie Rozi” mahnısını tələb etmələrindən yorulub. Artur Konan Doyl da “Baskerivillərin iti” ilə məşhurlaşır, amma sonradan nə yazsa da bu əsəri qədər məşhur olmur. Yazıçı bu hadisədən olduqca pis psixoloji travma alır.

Gələk indi özümüzə. Youtube-da heç kimin tanımadığı müğənnilər dövlətin fəxri adlar verdiyi müğənnilərdən dəfələrlə çox sevilir, daha çox baxış alır. Ənənəvi mediada ənənəvi olaraq eyni simaları görməkdən xalq da yorulub. Fərqli şeylər istəyirlər. Nə qədər çıxıb güldən, bülbüldən, yardan, əğyardan oxumaq olar. Bugündən, bugünlə səsləşən sıravi hadisələrdən oxusun istəyirlər. İstər mədəni həyatda, istər sosial-iqtisadi, gündəlik məişət məsələlərinə kimi hər sahədə özlərinə yaxın bilmədikləri heç nə, heç kim sevilmir xalq tərəfindən. Əvəzində isə yarım-yamalaq geyimlə, bəsit səs effektləri ilə, sözü professional yazılmasa da reallığa uyğun yazılmış mahnılar camaat arasında sevilir. Kütlə ona onu olduğu kimi göstərənləri sevir. İndi sosial şəbəkələr sayəsində maskalanmaq da uzun müddət mümkün olmur. Gec-tez mavi ekranın ulduzlarının hansısa hərəkəti ilə özlərini biabır etməsini insanlar əvvəlki ilə müqayisədə daha tez öyrənirlər. Üzeyir Mehdizadəni uzun müddət əlləri çatan hər yerdə lağa qoydular, meyxanaçıları efirə buraxmaq düz deyil dedilər və s. Amma bir müddət sonra, məsələn, gördülər ki, Talıb Tale milyon baxış alır heç bir kütləvi informasiya vasitəsində yayılmayan mahnısı ilə. Sonra qəbullanma prosesi başladı və indi onların, yəni bugünkü məşhurların bir çoxu televiziyaya belə demək olarsa, youtube-dan gəlib. Məsələn, mən əsgərlikdə olanda, yəni 2007-ci ildə Şəbnəm Tovuzlu ara müğənnisi sayılırdı. Görəndə ki, kimsə ona qulaq asır lağ edirdilər küçədə falan. İndi baxıram ki, televiziyadan düşmür.

Təbii ki, reytinq xatirinə sosial şəbəkələrdən, youtube-dan məşhurlaşanlara böyük kütləvi informasiya kanallarını açanda da aralarında alaq otları da keçir içəri. Burda qızıl ortanı tutmaq çox çətindir. Ən düzgünü işin başından xalqın əsl tələbini düzgün müəyyən etmək və qarşılamaq olmalı idi. Sözümün canı odur ki, qəhrəmanları zamanın tələbinə uyğun qiymətləndirmək lazımdır. Situasiya həmin an hansısa bir formatı tələb edirsə, onu ilk edən qəhrəman olacaq. İlk edən deyəndə, onu hamı etməyib, etməyə qorxanda sən edirsənsə, avtomatik qəhrəman olursan. Məsələn, ara-sıra eşidirəm ki, filan reper filan mahnısına görə tutuldu. İnanın ki, ətrafımda olan çox adamdan da eşidirəm ki, o adam tutulana qədər onu heç kim tanımırdı. Tutulan kimi hamı axtarır görür nə oxuyub ki, nə deyib ki, tutublar. Beləcə, sistem özü də istəmədən kimisə məşhurlaşdıra bilir. Bəlkə də başını buraxsaydılar gündəm də olmayacaqdı. Bir şey həqiqətdir ki, qadağalar artıqca ona müqavimət də artır, tərsini etməyə istək də. Tərsini edənlər isə həmin dövrün tələbindən irəli gələrək istər layiq olsun, istər yox qəhrəmana çevrilə bilir. Xalq mütləq qəhrəman axtarışındadırsa, onu tapır. Şatunov nümunəsində də insanlar Şatunovdan daha çox içərilərindəki etiraz eqosunu sığallamaq üçün onu maddi və mənəvi hər cür dəstəkləyirdilər. Aradan illər keçir, amma kütlənin davranışı gördüyünüz kimi dəyişmir. Bir balaca müşahidə eləsək, müqayisə edə bilsək, hər şeyi aydın görə, öz adı ilə çağıra bilərik.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Əlqərəz şəffaf olmayan mühitdə sonu gecikdirmək, problemi ötürmək, müvəqqəti qələbələr aktual olur. Təki məndən ötsün, kimdə partlayır partlasın. Başından düz olmayan şeyi də uzun müddət dirənib düz kimi təqdim etmək də olmur. Bir yerdə mütləq o həqiqət özünə cığır tapıb çıxır və onda yalan üzərində qurulanlar sap kimi sökülməyə başlayır.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

“Tüpürüb getmişlərin” gündəliyi

#istəyirəm 4-5 il Bakıda birtəhər başımı girələyim, sonra da bir yolunu tapıb gedim xaricə. Ordan da hər gün “Siz orda necə yaşayırsız voobşe? Orda hələ də filan adətlər qalıb? Ahaaha”, “Düzələn

Sərbəst 0 Comments

Teymur Paşanın tətil gündəliyi (Satirik yumor janrında hekayə)

#İstəyirəm payız gəlməmiş mən də bütün “ağ adam”lar kimi istirahətə gedim, amma anidən müdir dəyişikliyi bütün planlarımın içinə gül əksin. Öz-özümə deyinə-deyinə iş yoldaşım Ramilə votsapdan yazım ki, “kələ, plan

Sərbəst 0 Comments

Niyə belədir?!

Vaxt və pul. Bunlar ikisi eyni anda bitməməlidir Bir insanda bunların ikisi də eyni vaxtda bitirsə, faciədir. Nə səhvlərini düzəltməyə zamanın var, nədəki, o səhvləri ört-basdır etmək üçün pulun. Ətrafa

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın