Facemark.az mobil tətbiqi MMF2016-da
Əziz dostlar, bu gün foruma 2 gün qalmış Sizinlə 3 şad xəbəri bölüşmək istəyirəm. Bölüşmək deyəndə ki, söhbət edəcəyik. Bunların birincisi odur ki, bu gün biz 5 il sonra olsa da, facemark.az saytının mobil tətbiqini istifadəyə verdik. 2-ci yeniliyimiz bu gün biz həm də MMF2016-da ilk satışının həyata keçiriləcəyi “Böhrandan Yeni Dövrana” böhran marketinqinə aid kitabımızı çapdan götürdük. 3-cü və ən vacibi isə bu gün facemark.az ideyasının yaranmasının 5 ili tamam olur. Mən qısa olaraq Sizə bunların hər biri haqqında qısaca danışmaq istəyirəm.
1. Facemark.az mobil tətbiqi ilə forum günü spikerlərə sual verə biləcəksiniz
Hər MMF-də çalışırıq ki, fərqli yeniliklərimiz olsun. Əgər keçən il İlkin Manafovun kitabını təqdim etmişdiksə, bu il MMF günlərində düz 4 kitab satışa təqdim ediləcək. Bu haqda bir az sonra. Deməli, biz dostlarımız İNNAB-ın (Nahid bəyə xüsusi təşəkkür) dəstəyi ilə uzun aradan sonra nəhayət ki, saytımızın mobil tətbiqini də hazırladıq. Düzdür bir-sıra səhvlər var, amma yaxın günlərdə onların hamısı aradan qaldırılacaq.
Mobil tətbiq hələlik ancaq android platformalı telefonlarda aktivdir. Yəni PlayMarket-dən “facemark.az” yazsanız, rahatca yükləyə bilərsiniz.
Tətbiqin nə kimi üstünlükləri var?
- Tətbiq avtomatik olaraq facemark.az saytı ilə əlaqələndirilib. Yəni sayta əlavə edilən istənilən yazı həmin an tətbiqdə də görünür. Yaxında istəsəniz yeni əlavə olunmalarla bağlı ekrana bildiriş də alacaqsınız. Hazırda iş gedir.
- Aşağıdakı şəkillərdən gördüyünüz kimi 7 bölməmiz var. Menyudan Siz Marketing AİR, Facemark.tv, Milli Marketinq Forumu, Rəqəmsal Marketinq Konfransı, Konsultasiya, Haqqımızda və Əlaqə bölmələrini görə bilərsiniz. Məsələn, facemark.tv bölməsinə girməklə bu sayta ayrıca daxil olmadan bütün videoları izləyə bilərsiniz. Marketing AİR bölməsində elə telefondanca qeydiyyatdan keçə bilərsiniz. Konsultasiya bölməsindən Sizi maraqlandıran sualları qeyd edə bilərsiniz.
- Yuxarıdakılar yan menyulardır. Əsas tətbiqin içində isə saytda olan normal bölmələr və müvafiq olaraq yazılar yer alır. Oxumaq da, keçidlər də çox rahatdır.
- Yan menyulardan Milli Marketinq Forumu-na keçsəniz rahat şəkildə forumla əlaqədar hər şeyi görə bilərsiniz. Buradan həm forumun proqramı ilə tanış ola bilərsiniz, həm spikerlərlə ayrıca tanış olmaq imkanınız var. Üstəlik də vacib bir yenilik odur ki, Siz forum günü tətbiqi yükləyib spikerlərə sual verə bilərsiniz. Moderator bu sualları cəmləşdirib spikerə təqdim edəcəkdir.
Mobil tətbiqdə forum zamanı spikerə sualı necə vermək olar?
Bunun üçün app-da MMF bölməsinə, oradan da spikerlər bölməsinə keçirsiniz. İstədiyiniz spikeri seçib aşağıdakı şəkildə qırmızı fonun içində mesaj qutusuna klikləməklə sualınızı yaza bilərsiniz. Sualları indi də, forum zamanı spiker çıxış etdikcə və bitirdikdən sonra da verə bilərsiniz. Mütləq istifadə edin, heç kimin sualı cavabsız qalmasın. Super xəbərdir. Bu tətbiqimiz haqqında.
2. Forumun kitabı – Böhrandan Yeni Dövrana satışda olacaq
Kitabda nələr var, nələr yox ətraflı burada yazmışıq. Sadəcə qısa olaraq bildirim ki, forum günü 4 kitab satışı üçün stendlər qurulacaq. Siz Anar Bayramovun “Biznes nə istəyir?”, İlkin Manafovun “360 dərəcə brendinq” kitabları ilə yanaşı bu il ilk dəfə oxuculara təqdim olunan Pərviz Əzimovun “Rəqəmsal Marketinq Bələdçisi” və bəndənizin kitabını əldə edə biləcəksiniz. Sözün həqiqi mənasında 2 bütöv gün CinemaPlus kinoteatrında marketinq havası əsəcək. Təxmini 300-dən çox adamın aktiv iştirakı gözlənilir. Bu gün artıq kitabı çapdan da götürdük. Ümidvaram ki, forumumuzun konseptinə uyğun olaraq forumdan sonra kitabı oxuyub daha faydalı məlumatlar ala biləcəksiniz. Təxminən 31 maya qədər isə şəhərimizin istənilən kitab mağazasından bu kitabı əldə edə bilərsiniz. Üstəlik, istəsəniz ünvana çatdırılma da mümkün olacaq. (Eyni qiymətə)
P.S. Əziz dostlar, Sizə bir sirr də açım. Bu kitabın çap xərcini qürur hissi ilə deyirəm ki, 7 aylıq universitet maaşım və əlavə olaraq “Bugünün marketinqi” kitabının son aydakı satışlarından əldə olunan məbləği cəmləyərək ödəmişəm. Təxminən 2 gün öncə UNEC-dən maaş kartımı aldım və heç düşünmədən bir başa bu kitab üçün verdim. Bu hissi izah etmək çətindir, amma qısa deyim ki, qürur və sevinc dolu qarışıq nəsə bir şeydir. Forumda “Bugünün Marketinqi” kitabından son qalan 20 kitabımı da satışa çıxaracam və bununla o kitabın satışı bitmiş olacaq. Kim deyirsə ki, kitablar satılmır, yerli müəlliflər oxunmur, inanmayın. Biz hələ roman, şer, populyar mətn yazmırıq, tematik yazılan kitablar da satılırmış demək ki. O gün Akadem Kitab əlavə 20 ədəd istədi, amma verə bilmədim. Halbuki ilk dəfə mən özüm kitabı aparanda ironiya ilə yanaşmışdı. Yoldan dönmək olmaz, əzmli olmaq lazımdır. Heç kim çəkilən zəhməti yerə vuracaq qədər güclü deyil. Bu da belə.
3. Facemark.az isə 5 ili geridə qoydu
Bu isə mənim üçün ən vacib xəbərdir. Hər sətrində, hər bölməsində, boş zamanlarımın yeganə əyləncəsi, zövq aldığım işim olub – Facemark. 5 il öncə minbir çətinliklə ideyanı reallaşdırmaq üçün yola çıxdım. Bu haqda əvvəl də yazmışam. İndi çox gözəl xatırlayıram, lent kimi keçir gözümün önündən. O zaman mən əmək haqqımdan da xeyli yüksək xərcə hissə-hissə olsa da girərək proyekti tək çiynimə aldım. Məhz 5 il öncə bu gün ilk cızma qaralarımı kağıza töküb qətiyyətlə nə olur-olsun bu saytı açmalıyam dedim və açdım. 5 ildir ki, facemark bir gün belə dayanmadan xəbərlər hazırlayıb yerləşdirir, sayı 100-ü keçən tədbirlərin təşkilatçılığında yaxından iştirak edir, ölkə səviyyəsində bir çox ilklərə də imza atıb. 5 il ərzində artıq 30-dan çox beynəlxalq festivalın Azərbaycan üzrə media partnyoru olmuşuq. Əgər soruşsanız ki, bu işi necə çatdırmaq olur, deyim – zəhmət və özündən başqa insanlara da faydalı olmaq, təmənnasız olmaq. Bəli, 5 il. 5 ildir ki, Facemark.az bir çox marketerin yetişməsində rol oynayıb, bu gün də oynamaqdadır. Bu gün Facemark.az-da yerli marketerlərimizdən 40-a qədərinin yazıları mütəmadi olaraq dərc edilir. İrəlidə saytın dizaynın yenilənməsi var. İnşallah maksimum bacardıqca bu işi sona qədər davam etdirəcəyik. Sevinirəm ki, bu gün Facemark.az hamınındır, onun ölkə daxilində və xaricində kifayət qədər dəstəkçisi, təmənnasız inkişafı üçün iş görən dostları var. Buradan onların hamısına təşəkkür edirəm.
Bu yol asan qət edilməyib. İlk vaxtlar agentliklərin çoxu bizə yazı göndərmək istəmirdi. Rəqibin düzgün olmayan siyasətinə uyub ehtiyatlı davranırdılar. Amma biz bundan vaz keçmədik. Daha da inkişaf etdik, ölkə xaricinə çıxdıq. Boğaziçi Universitetinə 4 il dalbadal 30 nəfərə qədər illik adamlar göndərdik. Bugün çox tanınımış marketer dostlarımız o qruplarda iştirak edib. Ölkənin ilk məntiq olimpiadasını, ilk forumunu və s. tədbirlərin əsas dəstəkçisi, təşkilatçısı ola bildi. Biz bu gün də yerli şirkətlərimizin xəbərlərini təmənnasız paylaşırıq, amma açıq deyim ki, əməkdaşlıq etmək istəməyənlər üçün də çox narahat deyilik. Fəxrlə deyə bilərəm ki, facemark bu gün brenddir. Baxmayaraq ki, bu yolda, bu əziyyətli günlərdə bir çoxları bizi yarıyolda qoydu, biri maddi, biri mənəvi ziyan vurdu. Kimsə bir yerə qədər Facemark-dan istifadə edib sonra imtina etdi və s. Bunların hər birini normal qəbul edirəm şəxsən. Bunları heç vaxt düşünməyib, Facemark. Bu müddətə geri çevrilən əlimizi dəfələrlə yenidən uzatdıq, yenə uzadacağıq. İnşallah, gücümüz və nəfəsimiz çatdığı qədər də bu yoldan çəkildi yoxdur. Facemark mənim həyatımda mənə milyonlardan daha dəyərli olan dostlar qazandırıb.
Ən azı buna görə təşəkkürlər sənə – Facemark. Səni Sevirəm!!!
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Avtostop vs Sema Abiyeva – top 2 youtube kanalının təhlili
Socialbakerslə ortaq əməkdaşlığım çərçivəsində ilk araşdırma bloq yazımı ölkəmizin 4 məşhur bankının facebook səhifəsinin təhlili ilə başladım. Bu gün isə 2-ci belə araşdırmamı Sizə təqdim edirəm. Bu dəfə facebook fan
Son 3 aya əsasən 4 böyük bankın facebook fan səhifə təhlili! Kim neçəncidir?!
Ötən bloqumda yazdığım kimi Socialbakerslə əməkdaşlığım çərçivəsində aylıq mütəmadi olaraq Azərbaycan və xarici şirkətlərin sosial media aktivliyini müqayisə edəcəm. Məqsəd həmin şirkətlərin öz fəaliyyətini təhlil edib səhvlərini düzəltməsi, güclü tərəflərini
Keyfiyyətli yerli təlimlər əvəzsizdir
Ötən ay yenə Sat Group ilə Şamaxı Şərədil oteldə təlimimiz var idi. Bu dəfə isə satış direktorları, satış nümayəndələri üçün idi. Təlimdən olduqca böyük zövq aldım. Auditoriya səninlə birgə müzakirələrdə
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun