MMF2017-də nələrə fikir verməliyik

MMF2017-də nələrə fikir verməliyik

Dostlar, may ayı dediyimiz kimi bütövlükdə marketinq forumunun aktiv müzakirəsinin və gündəm olduğu aydır. İyun ayı isə biz hissə-hissə çıxışlardan video görüntüləri paylaşacağıq. Bu dəfə daha rahat-rahat izləyib şərhlər verə biləcəksiniz. Parallel olaraq video görüntülərin və sual-cavab hissələrinin internetə yerləşdirilməsi ilə yanaşı, biz həm də oktyabrda olacaq Digital Marketing Conference üçün hazırlıqlara start vermişik. Bundan öncəki bütün tədbirlərimizdə buraxdığımız səhvlər, etdiyimiz dəyişikliklər və sizlərin də fikirlərini nəzərə alaraq hər sonrakı tədbiri qüsursuz etməyə çalışırıq.

MMF2016 bu dəfə həqiqətən də əvvəlkindən xeyli fərqləndi. Həm keyfiyyət, həm də pozitiv şərhlər, şirkət və insanların marağı bizi daha da ruhlandırdı. Səhvlərimiz də təbii ki, var idi. Onlar üzərində forumdan elə 1-2 gün sonra oturub ətraflı təsisçilərlə müzakirələr apardıq.

Və biz qərara gəldik ki, MMF2017-də aşağıdakılara ciddi fikir verməliyik:

Spikerlərin seçimi qaydaları daha da sərtləşdirilməlidir – deyə düşünürük. Biz spikerlərin “long list”ini fevral ayından tuturuq. Özümüz üçün müəyyən etdiyimiz kriteriyalar əsasında spikerin keçmişi və potensialı, işlədiyi və gördüyü işlərin aktuallığı, mövzuya uyğunluğu seçimə təsir edir. Biz öncə də demişik ki, MMF-də çıxış edən spikerlər bugünün marketinqinin simasıdır. O pisdirsə, aşağı-yuxarı durum sektorda da eynidir. Biz bu il açıq desək, spikerlərin performanslarından razı qaldıq. Bir çoxları isə gözləntinin əksinə olaraq daha yaxşı çıxışlar etdilər. Aralarında mövzuya tam hakim ola bilməyən spikerlər də var idi. Və ya mövzuya hakim olub onu auditoriyaya çatdırmaqda çətinlik çəkən spikerlər də. Ona görə biz düşünürük ki, gələn dəfə spikerlərlə işi çox sərtləşdirməliyik. Onlarla forum öncəsi görüşləri ən az 2 dəfə artırmaq lazımdır. Spikerlərimiz belə onlarla digər şəxslərin arasından seçilir, amma təəssüf ki, deadline-lara onlar da əməl etmirlər bəzən. Təqdimatlar gec hazırlanır deyə üzərində daha diqqətlə işləmək olmur və nəticədə forumun keyfiyyətinə də təsir edir. Bizim forumun ən güclü silahı keyfiyyətli kontentdir, faydalı paylaşımdır. O paylaşımlar ki,  iştirakçılar onlardan nəsə öyrənib tətbiq edə bilərlər. Həqiqətən də bəzi dostlar elə bilir ki, spikerlik rahatdır. Amma bilən bilir ki, səhnə bir az fərqli olur, ən təcrübəli adam belə həyəcansız ötüşə bilmir. Hələ qarşındakı auditoriya sahənin biliciləri, intellektual şəxslərdirsə, daha məsuliyyətli olmaq məcburiyyətindəsən.

Müzakirə üçün daha çox vaxt ayırmalıyıq – deyə düşünürük. Bu ilki MMF-də buna cəhd etdik. Və gördük ki, izləyicilərə də sual-cavab, müzakirə hissəsi daha maraqlı gəlir. Spikerdən çıxışı zamanı ala bilmədiyi informasiyanı sual-cavab zamanı ala bilirik. Və belə olanda bütün zal o müzakirələrdən nəsə yeni bir şey öyrənir. Ona görə də inşallah gələn ilki forumda spiker sayını azaldıb, müzakirələrə daha çox yer vermək istəyirik. Biz gedişata görə çox rahat şəkildə formatımıza dəyişiklik edirik və burada qəbahət heç nə görmürük. Bunun sayəsində də hər cari forum öncəkindən müsbət mənada fərqlənir.

Danışan adamlara qətiyyən fikir verməməliyik – deyə düşünürük. Sizinlə maraqlı bir statistikanı paylaşım. Bu ilki forumda iştirak edənlərin çoxunu biz təşkilatçılar olaraq tanımırdıq. Hansı ki, məhz həmin adamlar pul verib bilet alıb həm də dolayı yolla foruma dəstək olmuşdular. Halbuki hesab edirdik ki, marketinq icması hamı bir-birini tanıyır, bu tədbirdə də bizim dost-tanışlarımız daha çox olacaq. Amma əksini gördük və sevindik. Çünki biz bir kəsim insanın fikrinə ciddi önəm verib enerjimizi boş yerə xərcləmişik. Hansı ki, o kəsim insanlar ancaq danışıb, ancaq tənqid edib. Maraqlıdır ki, tənqid edənlərin çoxu forumda iştirak etməyən adamlardır. Və hiss etdik ki, forumdan neqativ tvit atanlar olanda sanki onlara dünya bəxş edilir, sevinirlər. Biz onların bu sevincinə şərik olmağa hazırıq, amma anlamağa yox. Daha doğrusu buna cəhd də etmirik. Çünki başa düşdük ki, daha geniş düşünmək lazımdır. Bizim tanımadığımız n qədər adam var ki, onlar məmnuniyyətlə iştirak edib, əsaslı tənqid edib və həqiqətən də dəstək olmaq, sektoru inkişaf etdirmək haqqında düşünürlər. Biz məhz elə adamlar üçün daha da həvəslə işləməliyik. Hər il forum öncəsi və sonrası şou-biznes qalmaqallarına bənzər hadisələr olur və hər il də eyni məntiqlə. Heç olmasa bir az kreativ yanaşsalar özümüzə də maraqlı olardı. Yadınızdadırsa, loqo qalmaqalı forumun əvvəlində bir müddət müzakirə edildi. Forum özü sübut etdi ki, loqo falan boş şeydir. Bunu dərd etmək lazım deyil. Buna görə kin saxlamaq lazım deyil. Biz loqonu dəyişdik və çox da gözəl loqo oldu, amma yenə də hesab edirik ki, mmf2016-nın uğurunda heç kim demir ki, “loqoları da gözəl idi”. Heç kim demədi ki, bəs niyə yemək vermədiniz?! Axı forumu forum edən başqa şeylərdir. Görən göz pisi görmək istəyirsə, mütləq nəsə axtarıb tapacaq. Önəmli olan niyyətdir. Danışan bütün adamlara bu və ya digər sahədə “buyur, sən gəl düzünü göstər” dediyimiz sahələr çox olub. Təəssüflə qeyd edirəm ki, elə ondan sonra sanki “qurbağa gölünə daş atılıb”. Dostlar, həqiqətən də real iş görmək çox çətindir, zəhmət tələb edir, qurban tələb edir. Biz həm də bilirik ki, bizim yaxşı-pis etdiklərimiz çox adam istəsə bacarar, amma zəhmət çəkmək bir az əyləncəli deyil axı, danışmaq qədər asan deyil axı.

2 günlük forumda promo və biznes kitablar satılan zonalara geniş yer ayırmalıyıq – deyə düşünürük. Bu il bildiyiniz kimi forum günləri 5 kitab satışı oldu. Gözləmədiyimiz qədər geniş marağa səbəb oldu. 259 yerlik CinemaPlus-un forum keçirilən zalından 200-dən çox toplam kitab satıldı. Bu da onu göstərir ki, insanlar həmin gün tam marketinq, biznes havasında olurlar. Və onlar rahat şəkildə əldə edə biləcəkləri mühit olanda bunu mütləq dəyərləndirirlər. Ona görə də düşündük ki, gələcək forumda həm biznes, marketinq kitabları sayını, həm də  foruma özəl xüsusi promo məhsulları satışını həyata keçirək. Forumdan xatirə kimi insanların bunu sevərək qəbul edəcəyinə inanırıq. Bunun üçün də “community”, insanların bir-birilə daha çox söhbət etməsi və bunu edərkən də satış zonasına diqqət etməsi üçün daha çox vaxt vermək lazımdı. Mən şəxsən 1 ildir görmədiyim xeyli sayda adamı forumda gördüm. Vaxt çox olsaydı, bir az daha çox dərdləşmək olardı. Gələn foruma bunu mütləq nəzərə alacağıq.

Sertifikatların verilməsi və zala daxil olma prosedurunu daha da təkmilləşdirməliyik – deyə düşünürük. Etiraf etməliyik ki, bu 2 işdə forumlar vaxtı daha professional ola bilməmişik. Ya sertifikatların verilmə zamanını elan etmək yaddan çıxıb, ya çox adam sonradan onu əldə etmək üçün çətinlik çəkib və s. Bir də 2 gün ərzində girişin ancaq biletlə etibarlı olması məsələsi də bizi düşündürür. Promolar, sertifikatlar və giriş məsələlərinə mütləq yenidən baxmalıyıq. Əslində biz istəyirdik ki, girişi barkodlarla edək, hətta müzakirələr də apardıq, texniki cəhətdən mümkün olmadı. Hələ də sertifikatlarımızı necə ala bilərik deyirlərsə, deməli səhv bizdədir və bu düzəlməlidir.

Kəmiyyət deyil, keyfiyyət önəmlidir – deyə düşünürük. Bu il MMF2016-da 210-dan çox şirkətin nümayəndəsi iştirak edib. Düşünün 200 şirkət. 2 gün ərzində Azərbaycanın ən aktiv şirkətləri forumdan faydalanmaq adına iştirak edib. Biz bu məsuliyyəti dərk edirik və bunun üçün də kəmiyyətə deyil, keyfiyyətə üstünlük verməli olduğumuzu gözəl başa düşürük. Yəni MMF2016-da hər adam spiker ola bilməz, hər adam moderator ola bilməz, biz istəmirik ki, 30 manatı olan hər kəs gəlsin, əksinə forumun mahiyyətini başa düşən 100 nəfər gəlsin, nəinki 400 ümumi. Auditoriyanı daha keyfiyyətli etmək üçün də yollar axtarırıq. Çünki forumda da gördük ki, tvitter-dən lağ məqsədi üçün istifadə edən, özünü kiməsə göstərmək istəyən, ağıllı obrazına girən adamlar var. Bu adamları biz forumda görmək istəmirik. Eyni zamanda forumda sual vermə prosesini də təkmilləşdirməliyik ki, insanlar uzun suallar, çıxışlar etməsinlər. İctimai yerlərdə mövzudan kənara çıxmasınlar. Mən özüm də hər işdə kəmiyyətə vurğu etmənin qəti əleyhinəyəm. Kəmiyyət kütlədir, kütlə isə biratımlıq barıt kimidir. O bitdisə, izi də itir. Keyfiyyətli kontent isə 2 il sonra da, 10 il sonra da aktiv dinlənilir, oxunur, istifadə edilir və s. Çalışın gördüyünüz işlərdə keyfiyyəti kəmiyyətə qurban verməyin. Zatən bunu edənləri də, etməyənləri də Siz çox yaxşı görürsünüz. MMF də bu baxımdan il ərzində hazırlaşıb ildə bir dəfə etdiyimiz, amma marketinqin ən böyük hadisəsidir. Bütün bunlar Sizin iştirakınız və dəstəyinizlə olur. Yaxşı ki, varsınız.

Gələn dəfə daha faydalı olmaq diləyilə…

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

MMF2016 başa çatdı. Bütün uğur və qüsurlarımızı təhlil edərək MMF2017-də nələrə fikir verməliyik ondan yazdıq.

Həmçinin oxuya bilərsiniz

Araşdırma 0 Comments

Televiziya kanallarına hansı vasitələrlə baxırıq?!

Azərbaycanda TV kanallarla bağlı ara-sıra araşdırmalar Sizinlə paylaşıram. Xüsusən ANS-in yoxluğunda hazırda TV kanallarımızda maraqlı yerdəyişmələr, fərqliliklər olacağı aydın görünür. Amma nə olur-olsun dəyişməyən bir şey var ki, biz yenə

Marketinq 0 Comments

Statistikanın yanı…

Millətin yarısından soruşsan ki, statistika deyəndə ağlına nə gəlir, deyəcəklər ki, “astanovka”. Bəli, “statistikanın yanı” sərnişinlər, taksi və avtobus sürücüləri üçün ancaq dayanacaqdır. Halbuki, düzgün statistika biznes və cəmiyyət üçün

Reklam festivalları 0 Comments

MMF2014 biletləri artıq satışda!

Əziz dostlar, bildiyiniz kimi MMF2014-ə ciddi şəkildə hazırlıqlar gedir. Bu haqda daha ətraflı buradan oxuya bilərsiniz. Öncədən də dediyimiz kimi biletləri 01 maydan satışa çıxarmağı planlaşdırmışdıq. Dostlarımızdan olan devetname.az-ın da

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın