Həqiqəti Enrikinin qucağında axtaranlar
Məktəbdə oxuyurdum. Allahdan bir az dəcəl məktəbimiz var idi. Direktor son sinif uşaqları ilə bacarmırdı deyə tez-tez polis çağırırdı. Biz də onda 8-9-da oxuyardıq. Günlərin bir günü yenə polis məktəbin həyətinə gəldi və əvvəlcədən nişan verilmiş 4-5 nəfəri məktəbin həyətindəcə kəmərlərindən qaldırıb apardılar. Sonra öyrəndim ki, kəmərdən qaldıranda insan hərəkət edə bilmir. Allahına qurban olum, metoda bax 🙂 Deməli, bu tutulan uşaqlar da adətən 1-2 saat qalıb qayıdırdılar. Amma bu dəfə məktəbə səs yayıldı ki, bəs aparılan uşaqlardan birinə polis maşının içində polis bir şillə vurub. Uşaqlar da bunu deyib gülürdülər. Sonradan məsələnin məğzi məlum oldu. Deməli, post patrul 4-5 nəfəri tutur maşına mindirəndə (o vaxt 07 idi deyəsən) arxada yer olmur, polislər də 2 nəfərdir, yəni qabaq da dolu olduğuna görə bu uşaqlardan birini yumşaq desək ortada “ruçnoyun üstündə” oturdurlar. O vaxt da hələ Rastrapoviç məktəbimizə gəlməmişdi deyə yolları zadı da asfaltlamamışdılar. Yol kələ-kötür, yer də ki, məlum məsələdir ki, narahat. Bu qardaş da yol gedə-gedə bir neçə dəfə gileylənir ki, bəs yerim narahatdır. Axırda polis dözmür və buna bir şillə vurur ki, səsini kəs. Bu vaxt arxada oturanlar başlayırlar gülməyə. Şillə vurulan da pərt şəkildə gülənlərə “adam kişi olar niyə gülürsüz, gülməli nə var” falan iradını bildirir və başqa da heç nə demir. Təbii ki, sonra o uşaqları da danışdırmır. Qısası bu söhbət məktəbdə “yaxşı oğlanlar”ın arasında mövzu olur ki, bəs filankəsin duxu çatıb polisə bir söz deyə bilmir, şilləni vuran o, amma bizdən güldüyümüzə görə inciyir.
İndi bizim sosial medianı, facebook qəhrəmanlarını mən bu hadisəyə bənzədirəm. “Ruçnoyun üstündə otuzdurana bir söz deyə bilmir, buna gülənə xod gedir”. Bəlli sərhəddi keçə bilmirlər, amma hər dəfə də bir mövzu tapıb zəhərlərini ora yönəldirlər. Bekar it öz … ilə oynayan kimi bir tip adamlar var ki, həftənin gündəmi bir az gecikəndə qaşınırlar. Mövzu yoxdur deyə çox narahat olurlar. Əlbəttə onlar istəyərdi ki, hamının gördüyü, bildiyi çatışmazlıqlardan yazsınlar, danışsınlar. Belə olan halda çox maraq çəkərdilər, amma bunun bədəli bir az ağır ola bilər, cəsarət tələb edir deyə riskə getmirlər. Bunu edə bilənlərə də çox acıqlıdılar bu arada. Nəisə bu başqa mövzudur. Bu bazar mən bir iki gündəm olmuş məsələnin mətbəxinə nəzər salmaq istəyirəm.
Müğənni Vasifin Stefano Ricci kəməri, Türkiyənin uduzması, Formula 1 və Enrikinin qucağına tullanan qız. Bunlar xüsusi seçildilər. Əvvəlcə bir az ümumiləşdirib sonra hər birinə aid fikirlərimi paylaşacam.
Facebookda çox nadir hallarda ümumi lenti yoxlayıram kim nə yazıb deyə. Vaxt itkisindən başqa bir şey deyil. Qoyasan boş-boş danışalar, türklər də bizə, ya da biz elə onlara oxşamışıq. Biz bitdi demədən bitməz – yox bir hamam. Elə qəşəng də bitdi ki. Bitdi də, 3-ü hələ girdi də. Türk mediası indi 2 yerə bölünmüş vəziyyətdədir. Biri deyir ki, onlara verilən pul burunlarından gəlsin, boğazdan yuxarı danışa-danışa oynadıqlarına bax. Digəri də deyir ki, elə deməyin, onlar ay-ulduz altında, bayraq fonunda oynayırlar, bizə kənardan baxırlar, onlar bizimdir, zəif oynasalar da sahib çıxmalıyıq. Qısa desək, bu kəsim iddia edir ki, Sizin onlardan hesab soruşmaq ixtiyarınız yoxdur. Amma böyük qism də mənə görə haqlı olaraq ölkə əhalisinin əksərinin aylıq maaşı 1200-1300 tl-ni keçməyən türkiyədə yağ-bal içində yaşadılan futbolçular və qurumun cavab verməli olduğunu düşünür. Çünki o pullar vətəndaşlardan gəlir. Azərbaycanda da bu məğlubiyyətdən qəzəblənən kütlə Terimdə, Türk Futbol Qurumunun rəhbərində ağız-üz qoymadı daha. Amma burunlarının ucunda Azərbaycanda komanda meydana pul çatışmamazlığı səbəbindən 9 oyunçu ilə çıxır heç nə demirlər və ya deyə bilmirlər. Qarşı tərəf də elə bir hazır startda durub – kim nə desə həmən anti-milli ünsür damğası almağa hazır olmalıdır.
Eyni vəziyyət Vasifin kəmər söhbətində oldu. Hərdən mənə elə gəlir ki, bizlə əməlli-başlı kənardan məzə tuturlar. Deməli, bu söhbətdə arasında ictimai xadimdən tutmuş adi vətəndaşına qədər hamı yıxdı-sürüdü. Mən şəxsən Vasifin hərəkətinin səhv olduğunu düşünürəm, amma onu tənqid edənlərin də bir o qədər qeyri-səmimi olduğuna əminəm. Radioda hətta bir aparıcı öz aləmində başladı lağ etməyə instagram söhbətinə. Gözəl insanlar, ədalət sərf edəndə susmaq deyil, haqqın tərəfini verməməkdir. Evi başına uçan, haqqı tapdalanan, məmur özbaşınalığı hansı ki, bunu hər dəfə elə prezident özü də tənqid edir, cəzalandırır və s. bunlardan heç kim danışmır. Əvəzində o yığılmış enerjini balaca bir boşluq tapan kimi boşaldırlar ora. MMF2016-da bu sualı tanınmış şəxslərdən birinə də verdim ki, “vətəndaş mövqeyini ictimai şəxslər niyə çox hallarda nümayiş etdirmir, axı onları da o yerə həmin vətəndaş gətirib” Düzdü, aldığım cavab da pis deyildi – dərinə getmirəm. Maraqlı olsa, yazarsız deyərəm nə dedi. Kiməsə lağ etməmişdən qabaq özünüzə mütləq baxın. Seymur Baycan demiş jek müdirinin qapısında saatlarla gözləyən adam svetaforda 1 dəq səbr eləmir.
Formula 1 də bu ərəfələrin gündəmidir. Socarın Euro2016 sponsorluğu kimi Formula 1 və ona çəkilən xərclər, üstəlik 5 il dalbadal keçirilmə məcburiyyəti, növbəti 5 il isə imtina edilərsə 100 milyon cərimə ödənməsi məsələsi hamını narahat edir. Mən başa düşürəm ki, bu qərarlar neftin kefinin kök vaxtları verilib. İndi isə sadəcə imtina etmək rəsmi olaraq çətindir, bəlkə də ayıbdır. Amma əziz dostlar, kimsə durub deyirsə ki, formula 1 ilin günün bu vaxtı nəyimizə lazımdı, Socar niyə 100 milyon verir Euro2016 sponsorluğuna, bizim bu qədər çətinliyimiz qala-qala və s. onlar düşmən deyil. Xarici qara qüvvə, anti-milli ünsür, hökümətini, millətini sevməyən insan deyil, hələ paxıl heç deyil. Dövlətin gəlirləri vətəndaşlardan toplanan vergilərlə əldə edilir, o neft də xalqın sərvətidir. Vətəndaş normal olaraq hər şeyin haqqını sora bilər. Bunu edənə müxalifətçi damğası vurmaqla özünüzü kənardan sabunlamağa ehtiyac yoxdur. Bilən bilir zatən. Normal hüquq dövlətində iqtidar onu iqtidar etmiş xalq ilə bu cür təmaslarda olur, demirəm ki, həmişə xalq iradlarında haqlı olur, amma fərq etməz o istənilən halda ən yaxşı xidmətə, həyata, güzərana layiqdir. O gün İTV-də bir verilişə baxıram, qonaqlardan biri rəsmən bu proyekti tənqid edən hamını erməni adlandırdı. Niyə axı?!
Son olaraq da bu “Enrikinin qucağına tullanan qız” məsələsinə gələk. İndicə google-da “qucağına tullanan qız” yazdım 2000-ə yaxın mənbə çıxdı. Az qala bütün xəbər saytları bu haqda yazıb. Xəbər saytlarını açırsan qulağının dibində hansısa kiçik çaplı məmurun hamıya bəlli özbaşınalığından bir cümlə yoxdur, Enrikinin qucağı bunlar üçün gündəm olub. Sanki bütün olanların günahkarı o qızın Enrikinin qucağına tullanması olub. Allahından da qız italyan çıxdı. Azərbaycanlı olsaydı, bir həftə hələ mövzu uzanacaqdı. Tutaq ki, Azərbaycanlı idi o qız, nə olsun ki. Özləri min oyundan çıxır, amma məsələ ümumiyə gələndə – qeyrət dağarcığına çevirilirlər. Mən əminəm ki, o qeyrət davası döyənlərin çoxu elə formula1-də qəşəng hesab etdiyi qızlara söz atıblar, əl atıblar nə bilim nə, bu amma sayılmır. Amma o, xarici müğənninin qucağına tullandısa bitdi.
Ümumiyyətlə, fikir vermişəm bir neçə məsələ arada fasilə yaranan kimi sanki qəsdən ortaya atılır və baş qarışdırılır – sünni-şiə, az sektor-rus sektor, milli mentalitet. Bunlar elə mövzulardır ki, hamı özünü bu haqda nəsə demək məcburiyyətində hiss edir. Universitetdə oxuyanda Makiavellinin Siyasət Elminin Əsasları kitabını oxumuşdum. Orda yazırdı ki, istənilən münaqişənin maddi əsasını münaqişə vəziyyəti təşkil edir. Lakin bu vəziyyətdə katalizator rolunu insident oynayır. Yəni münaqişə = münaqişə vəziyyəti + insident. İnsident olmasa, proses münaqişə vəziyyətində qalır. Qaldıqca da o əlavə əsəb və stres verir. Görünür kimlərəsə insidentlərin qabağını almaqla prosesi münaqişə vəziyyətində saxlamaq sərf edir. Ən az başımız qarışır, fikrimiz yayınır axı.
Allah köməyimiz olsun.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Həyat müəllimlərim
Hər bir insanın həyatında kəskin dönüş nöqtələri olur. Həmin anda mütləq şəkildə vasitə və ya vasitəçi qismində nələrsə, kimlərsə çıxır və insana bir ömür boyu durduqca dəyəri artan xidmət göstərmiş
Şillə
Dostlar, həftəsonundan istifadə edib bu dəfə sərbəst yazı yazmaq istəyirəm. Sərbəst mövzular ləzzətli olur, ürəyin istəyən kimi yazırsan, yetər ki, yazanda ədalət hissini itirməyəsən. Fərqi yoxdur tərifləyirsən, ya tənqid edirsən.
Həyata “teymurvari” baxış
Əziz oxucular, marketer Məhərrəm bu dəfə Sizə tam fərqli bir mövzuda xitab edəcək. Əslində fərqli deyil, məzmun eynidir, forma fərqli. İstər marketoloq olun, istər mənim dostum Anar kimi sok satın,
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun