Həyat mənə dedi ki…
Hər şey istədiyim kimi olsun istəyirdim. Həyat mənə dedi ki, qələtini elə otur oturduğun yerdə. Hər istədiyin kimi olsa idi bu dünya maraqlı olmazdı. Bir də öyrətdi ki, xəyallarla reallıq arasındakı incə xətti ayırmağı bacarmaq lazımdır. Çox şey istəyə bilərsən, amma hər istədiyin olsa, əldə etdiklərinin həzzini yaşamağa ya ömrün, ya da səhhətin imkan verməz.
Həyat mənə dedi ki, özünü çox da bir şey zənn etmə. Bar verdikcə başını aşağı əyəcəksən. Təvazökarlıq ağacı önündə baş əyməsən ilk səhvində kiminsə hüzurunda baş əyməyə məcbur ola bilərsən. Bir də “bar vermədən” burnu yuxarı gəzənlər var. Həyat onlara heç rəhmli davranmaz. Gözləmədikləri anda, gözləmədikləri yerdə və gözləmədikləri şəxslərdən həyatın tərs şilləsini qəbul edərlər. Bu cür adamların bu cür şillədən sonra özlərini toxdadıb yenidən relsə düşdüklərini hələ görməmişəm və ya mümkündür, amma çətindir.
Həyat mənə dedi ki, heç kimdən verdiyindən artığını gözləmə. Gözləntin yaranırsa, verdiyin varmı deyə düşün. Ümumiyyətlə çalış, gözləntisiz yaşayasan. Gözlənti sıfır, məyusluq sıfır, stress sıfır. Hərdən elə şeylər olur ki, istər-istəməz maddi və ya mənəvi gözləntin yaranır və qarşılanmır. Bu halda üzülmək ancaq sənə ziyan verər, zatən gözləntinizi doğrultmayan adam vicdan əzabı çəkməz, vicdanı olsa gözləntinizi doğruldardı axı.
Həyat mənə dedi ki, yola çıxdıqlarını yolda tapdıqlarına dəyişənlərdən qorx və uzaq ol. Mühakimə etməyin belələrini. Bir şeyi mühakimə etmək davamlı olaraq nəyin düz, nəyin səhv olduğu haqda düşünməkdir. Bu isə insanı yorur, üzür, əhvalınızı korlayır. Bu faktla üz-üzə qalanda bizdən öncəki babalarımızın keçdiyi həyat təcrübəsi göstərir ki, silmək ən düzgün addımdır. Silmək o deməkdir ki, düşünmürsən həmin hadisə və şəxslər haqqında. Qərar verir və silirsən. Bir daha geri qaytarmamaq şərtilə shift+delete. Çörəyi dizinin üstündə olanlar yox, gözünün üstündə gəzdirənlərlə dostluq edəcəksən dedi həyat, göstərdi həyat amma biz insanoğlu düzəlmədik ki, düzəlmədik.
Həyat mənə dedi ki, bəzi şeylər var ki, onların yeganə dərmanı zamandır. Siz nə qədər desəniz də səhv yoldasan, düz eləmirsən, qəlb qırırsan və s. xeyri yoxdu. O baş mütləq daşa dəyməlidir. Zamana buraxıb insanın öz səhvini özünün başa düşməsini müşahidə etmək lazımdır. Kaş o gün bir çox şeylər üçün gec olmayaydı.
Həyat mənə dedi ki, oturub-durduğun, belini söykəyib, başını qoyduğun adamları düzgün seçəcəksən. Adam var salam vermək də olmaz, adam var salam verib uzaqlaşmaq, kiməsə salam verib hal-əhval etmək, kimlərisə salamdan sonra oturub çaya dəvət etmək olar. Bəzi az adamlar da var ki, onları evə də dəvət edə, sirlərini bölüşə, dəyərlərini də əmanət edə bilərsən. Damara görə qan yəni. Dost bir-birini tamamlayan, təmənna üzərində qurulmayan, biri zəifləyəndə o biri üstə çıxmaq əvəzinə əlindən tutub dartan, “yolu keçənə kimi dayı deyilməyəcək” adamdır. Dost səhvin və düzün də, yaxşı və pis günün də dostu olur. Aldığım qədər verməliyəm, verdiyim qədər almalıyam deyirsənsə dost ola bilməzsiniz. Bu dostluq deyil, müvəqqəti narahatçılıqdır, ilk döngədə qoyub getməkdir.
Həyat mənə dedi ki, mən bir tərəziyəm. Bəzən yol göstərmirəm, amma tərəzim həmişə işləkdir. Ağıllı adamlar azca şübhə etdikləri bir şey olsa, həyat tərəzisinə qoyub nəticəni gözləri ilə görmək istəyir adətən. İnsanlara etdiklərini tərəziyə qoyub dartmalarına, müqayisə etmələrinə və nəticəni özlərinin çıxarmasına şərait yaradıram. Həyat tərəzisi gözümüzdəki tərəzi kimi deyil. Gözəyarı ifadəsi var, tam da düz deyil deməkdir. Göz tərəzisi də tam düz ola bilməz, gözünüzlə gördüyünüz hər şey tam da o deyil, görmədiyiniz nələrsə də yoxdur demək deyil.
Həyat mənə dedi ki, dadmadığın, arzuladığın şeylər uzaqdan şirin gələ bilər. Amma həqiqət fərqli də ola bilir. Nəyisə iki qat artırmaq üçün 2 dəfədən çox əmək sərf edir, zəhmət çəkirik. Amma 2 dəfə artırdığımız heç nə bizi 2 qat xoşbəxt etmir. Maksimum 1,3-1,5. Burda da təbiətə uduzuruq 😊 Çox işlədib az verir. Bəlkə də normalı budur, biz acgözlük edirik, həyat başa salır, biz başa düşmək istəmirik ki, “ay adam, gözün doysun”.
Həyat mənə dedi ki, hər şeyin öz vaxtı var, hər şey öz vaxtında gözəldir. Əldə etdiklərimizlə deyil, imtina etdiklərimizlə böyüyürük. O vaxt bitəndə lent kimi əldə etdiklərinlə imtina etdiklərin üz-üzə gələr. “Dəydimi?” -deyə düşünər, bəzən də düşünməyə belə imkan etmədən köçüb gedərsən. O tərəfdə isə həyat heç nə demir, susur. Susmaq isə ən böyük cəzadan da daha ağır cəzadır. Susub gedənlərdən bu dünyada da, o dünyada da qorxmaq lazımdır.
Editor review
Summary
Həyat mənə dedi ki, yola çıxdıqlarını yolda tapdıqlarına dəyişənlərdən qorx və uzaq ol.
Həmçinin oxuya bilərsiniz
Həyatımızdakı reklamlar
Reklam nədir? Hamımıza tanış olan bu kəlimə marketinq termini olub mənası hər-hansı məhsul və ya xidməti hədəf kütləsinin diqqətinə çatdırmaq üçün müxtəlif üsullardan istifadəyə əsaslanan tanıtım fəaliyyətidir. Reklamların çox müxtəlif
Sən də bir kişi olmadın – rubrikası
Bir-neçə il öncə facebook profilimdə ara-sıra məlumatlar paylaşdığım bir rubrika açmışdım. Adı “Sən də bir kişi olmadın” idi. Rubrikanın “qonaqları” adətən Azərbaycan tarixində mənfi xüsusiyyətləri ilə iz salan şəxslər olurdu.
Sietl Overleyk. Dövrümüzün ziddiyyəti.
“Dövrümüzün ziddiyyəti” essesi Sietl Overleyk Xristian Kilsəsinin (Seattle Overlake Christian Church) keçmiş pastoru Dr. Bob Murhed (Bob Moorhead) tərəfindən yazılmış və 1995-ci ildə “Məqamında deyilən sözlər” kitabında nəşr olunmuşdur. “Dövrümüzn
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun