Həyat mənə dedi ki…

Həyat mənə dedi ki…

Hər şey istədiyim kimi olsun istəyirdim. Həyat mənə dedi ki, qələtini elə otur oturduğun yerdə. Hər istədiyin kimi olsa idi bu dünya maraqlı olmazdı. Bir də öyrətdi ki, xəyallarla reallıq arasındakı incə xətti ayırmağı bacarmaq lazımdır. Çox şey istəyə bilərsən, amma hər istədiyin olsa, əldə etdiklərinin həzzini yaşamağa ya ömrün, ya da səhhətin imkan verməz.

Həyat mənə dedi ki, özünü çox da bir şey zənn etmə. Bar verdikcə başını aşağı əyəcəksən. Təvazökarlıq ağacı önündə baş əyməsən ilk səhvində kiminsə hüzurunda baş əyməyə məcbur ola bilərsən. Bir də “bar vermədən” burnu yuxarı gəzənlər var. Həyat onlara heç rəhmli davranmaz. Gözləmədikləri anda, gözləmədikləri yerdə və gözləmədikləri şəxslərdən həyatın tərs şilləsini qəbul edərlər. Bu cür adamların bu cür şillədən sonra özlərini toxdadıb yenidən relsə düşdüklərini hələ görməmişəm və ya mümkündür, amma çətindir.

Həyat mənə dedi ki, heç kimdən verdiyindən artığını gözləmə. Gözləntin yaranırsa, verdiyin varmı deyə düşün. Ümumiyyətlə çalış, gözləntisiz yaşayasan. Gözlənti sıfır, məyusluq sıfır, stress sıfır. Hərdən elə şeylər olur ki, istər-istəməz maddi və ya mənəvi gözləntin yaranır və qarşılanmır. Bu halda üzülmək ancaq sənə ziyan verər, zatən gözləntinizi doğrultmayan adam vicdan əzabı çəkməz, vicdanı olsa gözləntinizi doğruldardı axı.

Həyat mənə dedi ki, yola çıxdıqlarını yolda tapdıqlarına dəyişənlərdən qorx və uzaq ol. Mühakimə etməyin belələrini. Bir şeyi mühakimə etmək davamlı olaraq nəyin düz, nəyin səhv olduğu haqda düşünməkdir. Bu isə insanı yorur, üzür, əhvalınızı korlayır. Bu faktla üz-üzə qalanda bizdən öncəki babalarımızın keçdiyi həyat təcrübəsi göstərir ki, silmək ən düzgün addımdır. Silmək o deməkdir ki, düşünmürsən həmin hadisə və şəxslər haqqında. Qərar verir və silirsən. Bir daha geri qaytarmamaq şərtilə shift+delete. Çörəyi dizinin üstündə olanlar yox, gözünün üstündə gəzdirənlərlə dostluq edəcəksən dedi həyat, göstərdi həyat amma biz insanoğlu düzəlmədik ki, düzəlmədik.

Həyat mənə dedi ki, bəzi şeylər var ki, onların yeganə dərmanı zamandır. Siz nə qədər desəniz də səhv yoldasan, düz eləmirsən, qəlb qırırsan və s. xeyri yoxdu. O baş mütləq daşa dəyməlidir. Zamana buraxıb insanın öz səhvini özünün başa düşməsini müşahidə etmək lazımdır. Kaş o gün bir çox şeylər üçün gec olmayaydı.

Həyat mənə dedi ki, oturub-durduğun, belini söykəyib, başını qoyduğun adamları düzgün seçəcəksən. Adam var salam vermək də olmaz, adam var salam verib uzaqlaşmaq, kiməsə salam verib hal-əhval etmək, kimlərisə salamdan sonra oturub çaya dəvət etmək olar. Bəzi az adamlar da var ki, onları evə də dəvət edə, sirlərini bölüşə, dəyərlərini də əmanət edə bilərsən. Damara görə qan yəni. Dost bir-birini tamamlayan, təmənna üzərində qurulmayan, biri zəifləyəndə o biri üstə çıxmaq əvəzinə əlindən tutub dartan, “yolu keçənə kimi dayı deyilməyəcək” adamdır. Dost səhvin və düzün də, yaxşı və pis günün də dostu olur. Aldığım qədər verməliyəm, verdiyim qədər almalıyam deyirsənsə dost ola bilməzsiniz. Bu dostluq deyil, müvəqqəti narahatçılıqdır, ilk döngədə qoyub getməkdir.

Həyat mənə dedi ki, mən bir tərəziyəm. Bəzən yol göstərmirəm, amma tərəzim həmişə işləkdir. Ağıllı adamlar azca şübhə etdikləri bir şey olsa, həyat tərəzisinə qoyub nəticəni gözləri ilə görmək istəyir adətən. İnsanlara etdiklərini tərəziyə qoyub dartmalarına, müqayisə etmələrinə və nəticəni özlərinin çıxarmasına şərait yaradıram. Həyat tərəzisi gözümüzdəki tərəzi kimi deyil. Gözəyarı ifadəsi var, tam da düz deyil deməkdir. Göz tərəzisi də tam düz ola bilməz, gözünüzlə gördüyünüz hər şey tam da o deyil, görmədiyiniz nələrsə də yoxdur demək deyil.

Həyat mənə dedi ki, dadmadığın, arzuladığın şeylər uzaqdan şirin gələ bilər. Amma həqiqət fərqli də ola bilir. Nəyisə iki qat artırmaq üçün 2 dəfədən çox əmək sərf edir, zəhmət çəkirik. Amma 2 dəfə artırdığımız heç nə bizi 2 qat xoşbəxt etmir. Maksimum 1,3-1,5. Burda da təbiətə uduzuruq 😊 Çox işlədib az verir. Bəlkə də normalı budur, biz acgözlük edirik, həyat başa salır, biz başa düşmək istəmirik ki, “ay adam,  gözün doysun”.

Həyat mənə dedi ki, hər şeyin öz vaxtı var, hər şey öz vaxtında gözəldir. Əldə etdiklərimizlə deyil, imtina etdiklərimizlə böyüyürük.  O vaxt bitəndə lent kimi əldə etdiklərinlə imtina etdiklərin üz-üzə gələr. “Dəydimi?” -deyə düşünər, bəzən də düşünməyə belə imkan etmədən köçüb gedərsən. O tərəfdə isə həyat heç nə demir, susur. Susmaq isə ən böyük cəzadan da daha ağır cəzadır. Susub gedənlərdən bu dünyada da, o dünyada da qorxmaq lazımdır.

Facebook Comments

Editor review

Summary

Həyat mənə dedi ki, yola çıxdıqlarını yolda tapdıqlarına dəyişənlərdən qorx və uzaq ol.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

2020 görmüş 2021 haqqında

2020 fərqli oldu. Fərqli olmaq ifadəsini gözlənilən kimi olmamaq, əvvəlki illərə bənzəməmək sözü ilə də əvəz edə bilərik. İnsana hər ötən il nələrisə öyrətməlidir. Yaşanan hər şey təcrübədir. Təcrübənin isə

Sərbəst 0 Comments

Teymur Paşanın tətil gündəliyi (Satirik yumor janrında hekayə)

#İstəyirəm payız gəlməmiş mən də bütün “ağ adam”lar kimi istirahətə gedim, amma anidən müdir dəyişikliyi bütün planlarımın içinə gül əksin. Öz-özümə deyinə-deyinə iş yoldaşım Ramilə votsapdan yazım ki, “kələ, plan

Sərbəst 0 Comments

Teymur Paşanın Gündəliyi

İstəyirəm ən yaxın dostum Teymur Paşanın 2002-ci ildən başlayraq 18 il ərzində ildə 3-4 dəfə xatırlatdığı “nə vaxt yığışırıq” təklifinin reallaşma məclisində olum. Mən buna məclis deyim, siz qonaqlıq deyin, sxodka deyin,

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın