Bəlkə biz düz eləmirik?

Bəlkə biz düz eləmirik?

Bu yaxınlarda nə hikmətdisə radioda Namiq Qaraçuxurlunun “Bəlkə mən düz eləmirəm”lə başlayan məşhur meyxanası gedirdi. Meyxananın adı yadımda deyil, amma elə özümü biləndən adı yadımda “bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram” qalıb. Zarafat deyil, uşaq vaxtı məhlədə əzbərləyib ona-buna deyirdilər bu mahnını. Əl-qərəz bir an bu meyxanaya qulaq asanda beynimdə transformasiya getdi və mən onu sevgi mövzusundan marketinqə transformasiya edəsi oldum. Görəsən biz marketinq adına nələri düz etmirik? Hətta bu haqda bloq yazacağımı və başlığı da belə qoyacağımı ilk İlkin və Anara deyəndə də çox bəyəndilər. Ona görə də mən bloqu yazıb ardını gətirmələri üçün digər aktiv blogger dostlarıma ötürəcəm. Yazının sonunda pası kimə ötürəcəyimi qeyd edəcəm.

Keçək mətləbə. Bu yazıda mən Sizə içimizdə “şübhə” olan 8 məsələni yazacam və Sizdən də o məsələlərdə düz edib-etmədiyimizi soruşacam.

1. Bəlkə biz düz eləmirik hər il marketinq forumu keçiririk?

Açığı bu sualı bir neçə dəfə yaxın dost-tanış verib. O ərəfələrdə təbii ki, əks arqument gətirmişik. Amma gəlin düşünək. Bəlkə həqiqətən lazım deyil? Biz ki, onu Kann səviyyəsində, Red Apple, KİAF, PİAF səviyyəsində etmiriksə, jurilər və tamaşaçılarımız o səviyyədə deyilsə, spikerlərimiz professional deyilsə, etməmək daha düzgündür? Niyə bu qədər əziyyət çəkirik?! Bəlkə elə xaricilərin etdiyini edib onlara oxşatsaq bəs edər? Nə düşünürsünüz? Zəif, amma özümüzün forumumuzun olması bizə gələcək üçün nə vəd edir?

2. Bəlkə biz düz eləmirik tez-tez müxtəlif bəhanələrlə yığışırıq?

2009-cu ildən bəri marketerlər olaraq neçə dəfə toplaşdığımızı artıq unutmuşam. Say kifayət qədər çoxdur. Yeni il olsun, Novruz olsun, Ramazan olsun hər dəfə bir səbəblə marketerlər olaraq bir araya gəlirik. Elə sonuncusu təxminən 1 həftə sonra olacaq. Artıq 5-ci dəfə olacaq ki, biz marketerlər olaraq Ramazan ayına özəl olaraq “Gəlin girİFTAR olaq” sloqanı ətrafında “Sürmə” restoranında yığışacağıq. Formatlar müxtəlif olub, amma hər dəfə də sektordan fərqli insanlarla tanış olmuşuq, bəlkə də qohumlarımızı o qədər görməmişik, nəinki marketer həmkarlarımızı. Bu axı nəyə lazımdır? Bəlkə biz düz eləmirik heç bu işlərə vaxt ayırmaqla? Nə olur ki, hamı yığışanda? Yığışıb danışıb dağılışırıq da? Bunun kimə faydası olur Sizcə? Və ya nəyə faydası olur? Komyuniti deyirik zad deyirik, nəyə lazımdır ki, o?!

3. Bəlkə düz eləmirik heç təlimlər falan edirik?

Son 4-5 ildi ki, ölkədə marketinqə aid bir xeyli təlimlər yaranıb, uğurlu olanlar da çoxdur. Başqaları haqqında deməyə haqqım yoxdur, amma özümüzdən desəm, marketing air-i artıq 6 dəfə etmişik, 300-dən çox məzun var. Bu gün onların səsi çox yüksəklərdən gəlir. Yadıma ilk AİR gəlir. Eyni dərsi 2 dəfə və də üstəlik 90 nəfərə deyən günlər vardı. Bilirsiniz ki, bunlar biznes proyektlər deyir, madiyyat çəkilən zəhmətə dəymir. Bəs onda biz niyə edirik ki, bunu? Biz və bizim digər dostlarımız elə rahat oturub menecerliyini edə bilməzlər? Ordan-burdan yeni texnologiya ilə tanış olub, işdə o mühitin içində olub, ancaq özünü düşünüb və daim da “bu bizik, bizdə belədi, düzələn deyilik” deyin yola vermək daha rahat deyil? Nəyimizə lazımdı ki, özümüzü it leşi kimi yorub, sonra hər yerindən durandan “ağıl dərsi” alaq? İldə bir-iki dəfə özümüz şirkət “şotuna” xaricilərin təliminə gedə bilmərik ki? Yerli təlimçilərə doğurdanmı ehtiyac var ki?

4. Bəlkə düz eləmirik kitab yazıb çap edirik?

Marketinq hər gün dəyişən sahədir. Dünyada o qədər “quru”lar dura-dura ölkənin ən quru regionlarından olan Yevlaxlı İlkin Manafovun  kitab yazması nə qədər vacibdir? Bəlkə biz düz eləmirik “360 dərəcə” bu kitaba dəstək oluruq? Bəlkə heç Manafov özü də düz eləmir kitab yazmaqla? Nəyə lazımdır? Xaricilərdən onsuz oxuyub kopyalayırıq da. Gərək özümüz yazaq? Bəlkə Rəhman Əhmədov, Anar Bayramov da səhv edib kitab yazıblar. Onsuz da oxuyan yoxdur axı?! Bəlkə Anar Bayramov səhv edir yenə oturub menecment haqqında kitab yazır? Bəlkə lazım deyil heç 2011-ci ildən bu tərəfə facemark.az-da yazısı çıxan yazarların bütün yazılarını toplayıb kitab halına salmaq? Kimə lazımdır bu? Oxuyuruqmu bir-birimizi? Faydası olurmu?!

5. Bəlkə düz eləmirik bloq yazırıq, bloq yazmağa səsləyirik?

Bu gün 4-5 il öncə ilə müqayisədə daha çox blogerlərimiz var. İlham Ali Yusif, Samir Kərimov, Cəbrayıl Vəliyev, Anar Bayramov, İlkin Manafov, Namiq Bayramov, İslam Rzayev, Babək, Murad, Vaqif, Səfər, Müşfiq və adını üzrlü olaraq indi unuda biləcəyim digər dostlarımız yazaraq nə qazanır, nə qazandırır axı? Kim üçün yazır? Yazıb pulmu qazanırlar? Paylaşırıq deyib əziyyət çəkirlər, paylaşdıqları lazımlıdırmı? Var da Set Qodin, Maykl Hayt və nə bilim daha kimlər. Onları oxusaq bəs eləmir. Türkiyə, Rusiya, Avropalı marketer blogerlərdən yaxşımı yazırıq ki? Yazdıqlarımız yerli bazara nə qazandırır? Niyə blogerliyi təşfiq edirik və ya etmək lazımdır? Yazılanlara rahat-rahat “mız qoymaq” varkən, niyə “mız obyekti” olmağa bu qədər rahat razılaşırıq? Heç düşündünüzmü?!

6. Bəlkə düz eləmirik marketinq qrupları yaradıb idarə etməyə çalışırıq?

Bu gün sayı 10 000-ə yaxınlaşan Marketinq Azərbaycan qrupu var. Hər yerdə yekə-yekə genəlirik ki, Azərbaycan biznes mühitində çalışan 10 000-ə yaxın menecer və bir qism tələbəni bir araya yığa bilmişik, kimi desən qrupda tapmaq olur, nə bilim qrupdan xeyli yeni tanışlıqlar əldə edib pul qazanan n qədər adam var, işini dəyişən, daha yaxşı maaşlı işə qrup sayəsində keçən adamlar var və s. Bəlkə biz düz eləmirik ki, 10 nəfərdən çox işi-gücü olan adam işdən sonra gecə-gündüz deməyib qrupu daha faydalı etmək üçün adminlər qrupu yaradıb müzakirələr edirik. Axı biz burdan heç nə qazanmırıq? O zaman türklər demiş “bu kavqa nəyə?” Pul qazananın müəllim, müəllimin ac olduğu bir mühitdə bu marketinq iməcliyi kimə faydalıdır? Bəlkə biz düz eləmirik elə 10 000 adamı bir araya yığıb sonra da onların haqlı suallarına “nə edək daha çox faydalı olaq” deyə cavab tapmağa çalışırıq?

7. Bəlkə düz eləmirik universitetlərdə dərs deyirik?

Öz adıma sevinirəm ki, bu gün universitetlərdə kifayət qədər marketer həmkarım dərs deyir, özü də yüksək səviyyədə. Onlardan biri kimi son semestrdə 4 ay 250 saatlıq yükə 350-400 azn əmək haqqı yazılıb. Dəyərmi? Saatı 2 manatdan da aşağı gəlir. İndi saatı 2 manata adamın üzünə də “tüpürmürlər” vallah. Bəs niyə o zaman bu dostlarımız yenə də usanmadan və həvəslə müəllimlik edirlər? İşdən sonra ev-eşiklə maraqlanmaq, dj Fateh demiş “tiramisu ilə profiterol” arasında seçim etmək varkən, maşınla çatmayacağını bilib metro ilə dərsə tələsmək kimə nə verir? Allahını sevən cavab versin, lütfən 🙂

8. Bəlkə düz eləmirik atışıb marketinq verilişləri çəkirik?

2012-ci ildə FMR TV quruldu, bu günə qədər çox sayılmasa da, 100-ə yaxın veriliş çəkmişik. O çəkilişlərdə olanlar, iştirak edənlər, qonaq olanlar və ən əsas da onu çəkən şirkətlər özü bilir ki, bu proses hansı zəhmətlər hesabına başa gəlib. Nəticədə professional olmayan aparıcılıq, xeyli əsaslı tənqid, obyektiv olmama ittihamı və çəkiliş keyfiyyətindən narazılıq. Hamısında haqq var. Ciddi deyirəm. Bəlkə biz onda düz eləmirik ki, gözləyib-gözləyib ən yaxşısını etmək varkən, ala başına kül başına verilişlər çəkirik. Var da xarici kanallar, oturub onlara baxsaq, onları paylaşsaq pismi olar? Bir iki yerli keys bilirik deyə, insanlarla “genosid-genosid”mi oynamalıyıq?

Məndən bu qədər. Deyir, “əyriyə yer yoxdu düz aləmində, əyri də düz gedir öz aləmində”. İndi görəsən düz kimdi, əyri kimdi? və ya biz kimik? Bəlkə düz eləmirik ki…. Nəysə, özümü çox yormadan estafeti digər bloqer dostlarıma verirəm. Siz də yazın görək biz nəyi düz eləmirik ay İlkin Manafov, İlham Ali Yusif, Namiq Bayramov, Anar Bayramov, Samir Kərimov, Cəbrayıl Vəliyev. Mən hələlik 6 nəfərə ötürdüm. O dostlar da həvəsləri olsa, digər dostlara ötürsünlər, bizdə oxuyaq aydınlanaq.

P.S. Ürəyinizi buz kimi saxlayın, yazının müəllif hüquqları qorunmur, əksinə vəhşicəsinə pozulur. Gələn dəfə daha faydalı olmaq ümidi ilə…

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Açığı bu sualı bir neçə dəfə yaxın dost-tanış verib. O ərəfələrdə təbii ki, əks arqument gətirmişik. Amma gəlin düşünək. Bəlkə həqiqətən lazım deyil?

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Manafovun doğum gününə özəl

Bu gün dostumuz İlkin Manafovun ad günüdür. Bu yazıda istəyirəm Sizlərə bir az Onu daha yaxından tanıdım. Həm də fürsətdən istifadə edib ad gününü təbrik edim. Bu arada hələ oxumamış

Sərbəst 0 Comments

Əsgərlikdə “yaxşı fırlanan oğlanın” gündəliyi

#istəyirəm səhər açılmamış qanım it qanına dönsün. Dəlləyə gedim ki, başımı qırx. O da soruşsun ki, nə əcəb, deyim “əsgərliyə gedirəm, saldıra bilmədim, dədəm pulu kimə veribsə, əclaf 1 ay

Sərbəst 0 Comments

Teymur paşama aid 44 ˝hikmətli kəlam˝

Əziz dostlar, bu dəfə bloqumda belə bir yenilik etmək istədim. 2008-ci ildən facebooku aktiv istifadə edirəm və ogün-bugün xeyli sayda aktivliklər etmişik. Dünən təhlükəsizlik üçün bütün fb arxivini yükləyəndə bu

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın