Reinhard Gehlen – Qərbi Almaniya kəşfiyyatının ulduzu

Reinhard Gehlen – Qərbi Almaniya kəşfiyyatının ulduzu

«Soyuq müharibə»nin bitməsinə qədər iki blok – Qərbi və Şərqi Almaniya – arasında misli görülməmiş kəşfiyyat mübarizəsi gedirdi. Qərbi Almaniya öz kəşfiyyatını Qərbin sayəsində təkmilləşdirir, Şərqi Almaniya kəşfiyyatı isə SSRİ KQB-sinin yedəyində gedirdi.

Belə ki, CIA-nın formalaşmağa başladığı dövrdə Almaniyada da vacib kəşfiyyat quruculuğu işləri gedirdi. II Dünya müharibəsinə damğasını vurmuş sabiq alman zabiti bu dəfə «Soyuq müharibə»nin ulduzuna çevrilməyə hazırlaşırdı. Kəşfiyyat aləminin ustadlarından sayılan alman zabiti Reinhard Gehlen III Reich imperatorluğunun söküntüləri arasından salamat çıxmağı bacaran «Gehlen əfsanəsi»ni yaradacaqdı. Sabiq nasist zabiti və federal alman kəşfiyyatının qurucusu Gehlen, eyni zamanda «Soyuq müharibə»nin ilk siqnallarını verənlərdən idi.

1902-ci ildə rəssam bir zabitin ailəsində, Almaniyanın Erfurt kəndində anadan olan Gehlen zabit məktəbini bitirindən sonra, 1921-ci ildə topçu bölüyünə qoşulur. 1942-ci ildə Rusiyadakı alman qüvvələrinin kəşfiyyat şefi təyin olunur. Rəhbəri Adolf Heusingerin rəğbətini qazanmış, Heusinger onun haqqında «professional casus ola bilər» demişdi (müharibədən sonra Gehlen Qərbi Alman Kəşfiyyatında ona vəzifə verəcəkdi). Müharibə illərində Gehlenin təşkilatı SS və SD-dən müstəqil və gizli fəaliyyət göstərir, rus partizanları və orduları haqqında vacib məlumatlar toplayırdı. Gehlen əsas diqqəti sovet zabitlərinə yönəltmişdi. O, sadəcə vəzifələrdə çalışanları deyil, həm də gələcəkdə vəzifəyə gələ biləcək sovet zabitlərinin dosyelərini araşdırır, qurduğu sistem sayəsində sovet kodları və şifrələri mütəmadi olaraq deşifrə edilirdi.

Gehlenin bir özəlliyi də alman mənşəli rusları casus kimi sistemə cəlb etməsiydi. Rus kimi görünən, ana dili rusca olan, amma daxilən «alman» olan adamlar Rusiyanın əsas şəhərlərinə, Baltik ölkələrinə, Polşa kimi nasist işğalı altındakı ərazilərə yerləşdirilirdi. Onun qurduğu sistemin topladığı məlumatların həqiqət olma ehtimalı demək olar ki, 100%-ə yaxın idi. Hətta bu bilgilər Stalinqrad müharibəsində həlledici rol oynamışdı. Ancaq bu nailiyyətlərinə rəğmən Hitlerin ondan heç xoşu gəlmirdi. Gehlen Şərq cəbhəsindəki alman qüvvələrinin şefi olaraq Hitlerə mübaliğəli deyil, gerçəkliyə söykənən hesabatlar göndərirdi. 1942-ci ildə «Rusların təslim olmağa niyyətləri yoxdur, ölənə qədər savaşacaqlar. Stalinqradı da bizə vermək fikirləri yoxdur» məzmunlu raportunu buna misal kimi göstərmək olar.

1945-ci ildə generallığadək yüksələn Gehlen uzaqgörənliyi, analiz qabiliyyəti ilə müharibəni uduzduqlarını anlayırdı. O, hesab edirdi ki, alman kəşfiyyatının simvollarından olan nümunəvi zabit, admiral Vilhelm Canarisin vəzifədən çıxarılması, Hitlerin ən böyük səhvi idi. Həm də o vaxtlar müxalif olduqlarından şübhələndiyi beş min alman zabitinin edam edilməsini də tələb edirdi Hitler və ölkəni uçuruma aparırdı. Əvvəllər də Gehlen-ə xəbərdarlıq edilmişdi ki, «raportlarına bədbinlik hakimdir, ehtiyatlı ol». Ona bu xəbərdarlığı çatdıran Hitlerin generallarına «bu adama güvənmək olmaz» deyən Gehlen, 1945-ci ilin aprelində vəzifəsindən kənarlaşdırıldı.

Lakin o, Hitlerin ehtimal etdiyindən də zəkalı adam idi. Yıxılan Almaniyanın külləri arasından «müharibə sonrası dövrün professional kəşfiyyatçısı» olmağı planlaşdırırdı. Rus liderləri, taktikaları və kəşfiyyat qaydaları haqqında malik olduğu məlumatlar, müttəfiqlərin olduqca xeyrinə ola bilərdi. Bundan ötrü o, əlindəki bütün kəşfiyyat məlumatlarını mikrofilmlərə çəkir və adamlarının da köməkliyi ilə, 50 qutudan ibarət arxivi Bayerndəki Spitrinq gölü yaxınlığındakı bir mağarada basdırır. Bu əməliyyatından sonra da, adamları ilə birlikdə Amerikaya təslim olur.

«Amerikalılara xəzinə təklif etdi»

Gehlen Amerikan Əks Kəşfiyyat Korpusu (Counter Intelligence Corps – CIC) tərəfindən dindirilir. Sovetlərlə bağlı gələcəkdə Qərb dünyası üçün vacib ola biləcək məlumatlarının olduğunu bildirsə də, «Soyuq müharibə»nin nəfəsini hələ duymayan CIC zabitləri, onun danışdıqlarına ciddi yanaşmırdılar. Dindirənlərin ortaq qənaəti belə olmuşdu ki, Gehlen «dəyərsiz bir müharibə əsiridir».

Bir neçə gün sonra onu digər əsirlərlə bir yerdə, kartof torbaları kimi yük maşınlarına doldurub, Wiesebadendəki həbsxanaya aparırlar. CIC sənədlərinə görə Gehlen buradan Oberursel düşərgəsinə göndərilmiş, 1944-cü ildə Parisi azad edən ABŞ hərbi kəşfiyyatı generallardan Edvin L. Sibertlə görüşmüşdü. Gehlen Sibertə Stalinin əsla Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumıniya, Macarıstan və Baltik ölkələrini rahat buraxmayacağını, Almaniyada isə kommunizmi yaymaq üçün əlindən gələni edəcəyini bildirmişdi. Hətta, Stalinin bu fikrindən daşınması ehtimalı bir yana, bu ideyaları uğrunda Qərblə müharibə edə biləcəyini də iddia etmişdi.

General Sibert eşitdiklərindən çox təsirlənir və bu öncəgörmədə 50 il davam edəcək olan «Soyuq müharibə»nin ilk addımlarını duyurdu. Daha doğrusu «Soyuq müharibə» haqqında düşünən, bu təhlükəni duyan ilk adam idi. Gehlenə qulaq asdıqdan sonra geenral Sibert Gehlenə belə demişdi: «Ruslar haqqında çox şey bilirsiniz, general».

Hətta Gehlen Sibertə danışdıqlarını sübut edə biləcəyini də deyir. Yazdığı 129 səhifəlik raport rusların hərbi və siyasi hədəflərini açıq-aşkar nümayiş etdirirdi. Basdırdığı 50 qutunu da mağaradan gətirirlər. Bir sözlə, Gehlen, amerikalılara xəzinə bağışlayırdı – SSRİ hərbi qüvvələrinin quruluşu, yerləşməsi, gücü, silah-sursatı haqqında yüzlərlə sənədlə yanaşı dəmiryollarını, hava limanlarını, silah fabriklərinin yerlərini göstərən hava fotoşəkilləri, Qızılordu və Sovet xalqının müxtəlif təbəqələrinin əhvalını, sosial quruluşunu göstərən sənədlər amerikalıları heyrətləndirmiş və gözlərini açmışdı. Sibert və tabeliyindəki general Valter Bedell Smith gördüklərindən o qədər təsirlənmişdilər ki, Gehlenin öz kəşfiyyat təşkilatını qurmasına və Qərbə işləməsinə yaşıl işıq yandırılmasını təmin etdilər.

Çox keçmədi ki, Gehlen və sabiq nasist zabiti olan dostları Heinz Herre, Albert Scholler, Horst Hiemenz və Konrad Stephanus ABŞ-a göndərildilər. Gehlen və komandası OSS direktoru Villiam J.Donovan və OSS Avropa nümayəndəsi Allen Dulles (daha sonra CIA rəhbəri olacaq) ilə görüşürlər. Gəldikləri yekun nəticə belə olur: «SSRİ dünya sülhünü təhdid edən nəhəng qüvvədir».

Sonrakı hadisələr Gehlenin proqnozlarını doğrultdu. Amerika 1945-ci ildə silahlanmağı dayandırsa da, SSRİ 6 milyonluq ordunu, 50 000 tankı və 20 000 təyyarəni hazır saxlayırdı. Silahlanmanı dayandırmağa və Şərqi Avropadan çıxmağa heç niyyəti yox idi.

«Gehlen Org» (Federal Alman Kəşfiyyat Xidməti) qurulur

1946-cı ilin fevralında Avropaya qayıdan Gehlen Sibertin «xeyir-duasıyla» kəşfiyyat təşkilatını qurur və SSRİ-yə qarşı mübarizəyə girişir. İlk zamanlarda ABŞ öz keçmiş müttəfiqini hədəf alan casusluq fəaliyyətlərinə o qədər də isti yanaşmırdı. Sovetin İranın şimalını işğal etməsindən sonra hər şeyi başa düşürlər və Gehlenə tam kartblanş verirlər.

Öz adını daşıyan kəşfiyyat xidməti «Gehlen Organisation» 7 milyon dollar büdcəylə, Şərqi Almaniyanın Sovet işğalı altındakı torpaqlarında fəaliyyətə başlayır. Gehlenin Pullachdakı qərargahı on minlərlə könüllü casusdan gələn məlumatları analiz edirdi. Bəs bu qədər casus hardan yığılmışdı?

Təbii ki, sabiq nasistlər arasından. Gehlenin adamları cəza müddətləri bitmiş alman əsgərləri ilə bir-bir görüşür, ruslara simpatiyası olanları siyahıdan silir, Qərbə sadiq qalacaqlarına inandıqları və ruslarla bağlı məlumatlı olanları agent kimi qeydə alırdılar. Gehlenin həmçinin Rusiya, Polşa, Baltik ölkələri, Rumıniya, Bolqarıstan, Albaniya, Çexoslovakiya və xüsusilə Şərqi Almaniyada minlərlə agenti vardı. Amerikan qanadları altında fəaliyyət göstərən «Gehlen Org» Federal Almaniya Respublikası qurulandan sonra, dövlətin bir institutuna çevrildi. Təşkilat əməkdaşları arasında qısaca «Org» adlanan qurumun rəsmi adı Federal Kəşfiyyat Xidməti idi. 1956-cı ildə BND (Bundesnachrichtendienst) adlandırıldı.

Gehlenin əməliyyatları əsasən Şərqi Alman Müdafiə Nazirliyini və Kommunist Siyasi Polisini (SSD) hədəf alırdı. SSD-nin başında kini ilə məşhur, alman kommunisti Erust Wollweber dayanmışdı. Gehlenin SSD-yə istiqamətlənmiş kəşfiyyat hücumları Wollweberi elə hirsləndirmişdi ki, rəqibini «ölü, ya da diri» gətirənə bir milyon mark vəd etmişdi. Nifrətinin səbəblərindən biri, Gehlenin Valter Gramsch adlı agentini Wollweberin şəxsi katiblərinin arasına sızdırmağı bacarması idi.

Gehlen əlbəttə ki, boş yerə «tarixin ən bacarıqlı casus şefi» adlandırılmamışdı. Onun tabeliyində Şərqi Almaniyada yüksək vəzifələrə sıza bilmiş casuslar vardı. Məsələn, bunlardan biri, kommunistlərin kəşfiyyat idarəsində işləyən zabit Siegfried Dombrowski idi. Əvvəl də adını çəkdiyimiz Walter Gramsch Şərqi Alman Dənizçilik Nazirliyinin limanlar və yükləmə bölməsinin rəhbəriydi. Bir az da qabağa gedib, Şərqi Almaniya baş nazirinin köməkçilərindən Hermann Kastneri də göstərə bilərik. O da Gehlenin adamlarından biri idi və «Helwig» kod adı ilə işləyirdi. Beləcə, Gehlen Şərqi Almaniyanın nazirlər kabinetindəki toplantılarından xəbərdar olurdu. «Gehlen Org» 20 ildən artıq müddətdə kommunist bloka zərbələr endirdi, KQB-nin sui-qəsd qrupunu ifşa etdi. Uzun illər ən yüksək səviyyədə keçirilən iclasların dinlənilməsinə, Şərqi alman kabinetinin az qala hər hərəkətinin izlənilməsinə imkan yaradan dahiyanə «Berlin Tuneli» ideyasını gerçəkləşdirmək üçün CİA-ya kömək etdi.

Kəşfiyyat incisi: Berlin Tuneli

Əlbəttə ki, Gehlen bu şöhrətinə havayıdan nail olmamışdı. Başında min bir kəşfiyyat fəndləri olan Gehlenin ən dahiyanə planı sayılan Berlin Tuneli, iki blok arasında böhrana səbəb olmuşdu. Qayıdaq «Soyuq müharibə»nin davam etdiyi 1954-cü ilə.

Gehlen CIA rəhbəri Allen Dulles-ə zəng edərək SSRİ ilə Şərqi Almaniya arasındakı gizli xəbərləşməni dinləməyin mümkün olduğunu bildirir. Qərbi alman agentlərindən biri, Berlinin amerikan sektoruna aid hissəsində, yerin 6 metr altından SSRİ ilə Şərqi Almaniyanın rabitəsini təmin edən xəttin planını əldə edir. Eisenhoverin də icazəsini alan Dulles o saat Amerika ordusundan bir istehkam taboruna Qərbi Almaniyadan Şərqə uzanacaq 300 metrlik bir tunel qazmağı tapşırır.

Tunelin divarları və yeri betonla örtülür, xüsusi havalandırma sistemi qurulur. Tunelin şərq istiqamətindəki hissəsində amerikan ordusunun Dinləmə xidməti tərəfindən bir aparat quraşdırılır, kommunistlərin basdırdığı bütün əlaqə xətlərinə qoşulur. Beləliklə CIA, Şərqi Berlinlə SSRİ arasındakı bütün məlumat mübadiləsini, SSRİ səfirliyindən göndərilən və qəbul edilən sənədləri, danışıqları, eyni zamanda tunelin yerləşdiyi Zossen bölgəsindəki sovet qərargahlarından aparılan bütün xəbərləşməni nəzarətə götürür. Tunel Qərb üçün ən vacib kəşfiyyat vasitələrindən, ümumiyyətlə əməliyyatlardan biri kimi tarixə düşür. 1955-56-cı illərdə kommunistlərin bütün hərbi və siyasi fəaliyyəti Qərbin demək olar ki, ovcunun içində idi.

Hər şeyi korlayan, bu tunel haqqında xəbər tutan İngilis kəşfiyyat xidməti olur. İngilis agenti olduğu halda ruslara işləyən George Blake Kremli dərhal xəbərdar edir və ruslar, vaxt itirmədən tunelin şərq hissəsinədək əlaqə xəttni sıradan çıxartırlar. CIA çox pərt vəziyyətdə qalır. Ən maraqlısı isə odur ki, tunel haqda məlumatı sovetlərə ötürən «köstəbək», ingilis kəşfiyyat xidmətinə yerləşdirilmiş başqa bir «köstəbək» tərəfindən ifşa olunur. Sovet lideri Nikita Xruşovun Kommunist Partiyası üzvləri qarşısında etdiyi və Stalini lənətlədiyi çıxışın mətnini də CIA-ya Gehlenin adamları çatdırmışdı. Gehlen 1967-ci ildə Orta Şərqdə baş verən «Altı günlük müharibə»ni də öncədən bilmişdi.

Ancaq onun uğursuzluqları da olurdu, məsələn Berlin Divarının inşa ediləcəyini Qərbə vaxtında xəbər verə bilməmişdi (öz xatirələrində isə Gehlen yazır ki, SSRİ-nin Şərqdən Qərbə qaçanlara mane olmaq üçün bir tədbir görəcəyini, hətta inşaat materialları yığdıqlarını CIA-ya bildiribmiş). Həmçinin, kadrlarından biri Hans-Joachim Geyer-in 1953-cü ildə Şərqə iltica etməsi, Gehlen-in adamlarından bir çoxunun ifşa oması və edam edilməsi ilə nəticələnir.

1950-60-cı illərdəki əməliyyatları ilə Gehlen, Avropanın ən güclü adamına çevrilmişdi. Onun agentləri Amerika, İngiltərə, Fransa, Orta Şərqdə işləyir, Misir kəşfiyyatı və İsrailin «Mossad»ı ilə əməkdaşlıq edirdilər.

Əfsanəni bitirən əfsanə

1963-cü ildə böyük bir şok yaşandı – 10 ildən artıq müddət Gehlen üçün işləmiş Heinz Telfenin əslində, Şərqi Almaniyanın usta casusu sayılan Markus Wolf-un adamı olduğu üzə çıxdı. Kəşfiyyat oyunlarında əxlaqa yer yoxdur – əfsanəyə çevrilmiş Markus Wolf, bir başqa alman əfsanəsi Gehleni beləcə bitirir. Yeri gəlmişkən Telfe skandalı, o dövrün Federal Kansleri Konrad Adenauerin karyerasını məhv edir. Gehlenin ən böyük tərəfdarı olan və onu «istəkli generalım» adlandıran Adenauer, istefa etməyə məcbur qalır.

Bu hadisədən sonra 5 il daha vəzifədə qalan Gehlenin prestiji artıq yerlə bir olmuşdu. 1968-ci ildə təqaüdə çıxan Gehlen öz yerini general Gerhard Wesselə verir. 11 il sonra, 1979-cü ildə, dünyasını dəyişir.

Facebook Comments

Editor review

Summary

«Soyuq müharibə»nin bitməsinə qədər iki blok – Qərbi və Şərqi Almaniya – arasında misli görülməmiş kəşfiyyat mübarizəsi gedirdi. Qərbi Almaniya öz kəşfiyyatını Qərbin sayəsində təkmilləşdirir, Şərqi Almaniya kəşfiyyatı isə SSRİ KQB-sinin yedəyində gedirdi.

Həmçinin oxuya bilərsiniz

MƏXFİLƏR 0 Comments

Ruslara atom bombasının sirrini verən qadın

35 il KQB-yə xidmət etmiş Melita Norwood (1912-2005) XX əsrin ən uzun müddət fəaliyyət göstərən casusu kimi tanınır. Kimliyi yaşlandıqdan sonra üzə çıxınca həyatının qalan hissəsini Londondakı evində ev dustaqlığında

MƏXFİLƏR 0 Comments

Kəşfiyyatın Maradonası – Markus Volf

Əvvəlki yazıda Qərbi Almaniyanın Kəşfiyyat Xidməti haqqında məlumat vermişdik. Ancaq ikiyə bölünmüş Almaniyanın Şərqində də boş durmurdular. Vətəndaşı addım-addım izləmək lazım gələndə xarici kəşfiyyat qədər daxili kəşfiyyat üsulları ilə məşhurlaşan

MƏXFİLƏR 0 Comments

Nüvə silahının casus tarixçəsi

Düz 74 il öncə, 16 iyul 1945-ci ildə bəşər tarixində ilk dəfə atom bombası ABŞ-da Alamogordo (Nyu Meksiko) çölündə sınaqdan keçirildi. Bu yazıda II Dünya Müharibəsi dövründə Almaniya, SSRİ, ABŞ

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın