Teymurun dünyası
Bir dəfə cəmiyyətin sosial-iqtisadi məsələləri, həci-müğənni münasibətləri, dindar-dinsiz söhbətləri edirdik. Qayıtdım ki, “paşam, hardansa oxumuşdum ki, problemləri deyənlər məşhur olur, onu həll edənlər isə qəhrəman. Sən hansındansan? Nə rəngdəsən ümumiyyətlə bu mövzularda?”. O gözəlim göy gözlərini uzaqda bir yerlərə zilləyib məlun-məlun ətrafı süzdü, əlindəki yandıranı 2-3 dəfə fırladıb yandırmağa çalışdı (yandıra bilmədi), salfetkadan samalyot düzəldib stolun üstündə o tərəf-bu tərəfə uşaq kimi sürəndən sonra dedi ki, “Seçim etməmək də bir seçimdir, mən yaşamağı seçirəm”.
Bu arada dəyərləri oxucularımıza bildirmki, paşamızın nəfsinin rəngi gözünə vurub göm-göy olub neçə vaxtdır. Özünü dərk edəndən “göy” həvəskarıdır, bütün problemlərin həllini göydə görür. Hətta bulvarda WC-dən çıxanda hövlanak şəkildə ona yaxınlaşan müxbirin “deyirlər siz bütün problemlərin həllini göydə görürsünüz. Bununla gizli şəkildə deyəsən ilahi qüvvəyə inandığınızı demək istəmiz, deyilmi? – sualına da əlini üstünə silə-silə çox maraqlı cavab vermişdi – “qızım, sənə hansı tərəfdən sərf edirsə o tərəfdən bax”. O gündən artıq özüm üçün də yəqin etdim ki, paşa hər-hansı bir rəng olsaydı, göy olardı. Yer-göy onun əməllərini əli üzündə izləyib göm-göy olardı.
Bilirsiniz ki, paşa darvinizmə inanır. Arada uca Zevsə də gizlin-gizlin səsləndiyinin şahidi olmuşam, amma ümumən Darvinistdir. Heç yadımdan çıxmaz, ortaq bir dostumuz buna yamanca atmışdı. Əsəbi şəkildə mənə zəng vurub həmin dostumuzun dalınca deyinirdi. Məni inandırmağa çalışırdı ki, dostunu göstər kimsən deyimi səhvdir. Dostunun dostunu göstər deyim kimsən deməliyik hamımız. Bununla da söhbəti mənə fırlatdığını hiss edirdim. Andırmağa çalışırdı ki, gətir qaytar səni də, o dostumuzu da bağışlayım. Gördü mənə bu fənd keçmir, telefonda qayıtdı ki, “Bilirsən Rafq mən bütün varlığımla inanıram ki, bütün insanlar meymundan əmələ gəlib. Amma o dostumuz 100% əminəm ki, meymun yox, tülküdən əmələ gəlib”. Bununla darvinizmə şəkk gətirdiyinin fərqində olmasa da, mən o saat bu anı əbədiləşdirib səhər bütün qəzet manşetlərinə çıxmağına səbəb olmuşdum. Yaxşılıq deyil ki, əlimizdən gəlməsin.
Zaman-zaman paşamızın iç dünyası ilə sizi fərqli-fərqli yazılar vasitəsilə tanış etmişəm. Kobud desək içalatı ilə tanışsız. Orta statistik azərbaycanlı qədər təvazökar olsa da, mən ona orta artistik azərbaycanlı deyərdim. Nədir orta artistik azərbaycanlı?! Məsələn, o adamlar qadağan olunmuş mövzuların maksimum həndəvərindən keçər, yuxarı səviyyədə reaksiya olduqdan həmən sonra illərdir bunu istəyir, arzulayırmış kimi davranarlar. Orta artistik azərbaycanlı öz həyatını yaşamır, daim müqayisədədir. Özünün ən yaxşı versiyası olmaq yerinə başqalarına bənzəmək, onlar kimi olmaq istədiyi üçün ömrü müqayisələrlə keçir, yaşadığı anın dəyərini hiss edə bilmir. Orta artistik azərbaycanlının öz balaca dünyası var. Ofis işçisidirsə, həyat ona kiçik ofis pəncərəsindən küçəyə açılan gözəl instagramlıq şəkil kimi görünür. Evində qaçaqaçdadır, həmişə nəyəsə çatmaq istəyir, harasa tələsir, tələsdiyi yerə çatanda isə məqsədsiz olduğundan niyə tələsdiyini başa düşmədən növbəti marafona hazırlaşır. Bəlkə də bir az haqsızlıq edirəm paşamıza, amma ümumən türklər demiş genəlləmə etsəm özüdür ki, var.
Paşamızın həyata baxışları heç kimə sirr deyil. Onu gündəlik statuslarından da izləyir və bezirsiniz deyə, çox da geniş təsvirə ehtiyac duymuram. Maraqlı olsa, “Həyata Teymurvari baxış” yazımı oxuyarsız. Mən Sizi bu dəfə onun dostluq dünyasına səyahətə aparmaq istəyirəm. Ətrafında hər dərədən, hər koldan, hər bostandan min cür adam var desəm yanılmaram. Hələ də təəccüblənirəm ki, onların hamısı ilə söhbəti necə alınır. Sözün açığı bu xüsusiyyətinə görə ona qibtə etmək olar. Bu adam uşaqla uşaq, böyüklə böyük, vorla vor, oxumuşla oxumuş, lgbt fəali onun dilində, feministlə onun tərzində danışa bilir. Elə bil uşaq vaxtı Şərəfə meşələrində hər cür qurd-quşun dilini öyrədiblər. Onun ətrafında üzdə dost görünüb arxada hər cür əclaflığa haqq qazandıran, sözünü udan, çeynəyən və axırda da sözünə tüpürən adamdan tutmuş bu kirli dünyanın kirindən zərrə qədər də pay almamış saf insanlara kimi çox bəndə var. Hamımız üçün adiləşən “gün ərzində hər cür şərəfsizliyə qucaq açıb, axşam marketdə halal kolbasa axtaran adam” tiplərindən tutmuş, dostluq, dəyərlər haqqında danışmadan onu realda göstərən hər cür insan paşamızın trayektoriyasında fırlanmaqdadır. Söz vaxtını çəkər (indi çəkməsin) bir dəfə olar hardasa 10-15 il əvvəl APİ LENİN-də Paşanın “Vermişəm düşərsən” kitabının xanım tələbələrin iştirakı ilə təqdimatı idi. Sual-cavab hissəsində 2 xanım qız əlini qaldırıb sual vermək istədi. Paşa uzun-uzun qızları süzəndən sonra qımışa-qımışa ona ən yaxın masada əyləşən xanıma “buyur qızım, mənə bir az sual ver” dedi və başı ilə şəxsi mühafizəçisi Kamran Abbasova alt çənəsini bir az yuxarı qaldırıb başını sağa orta sürətlə hərəkət etdirərək işarə verdi. Mesajı göydə tutan Kamran, sual verəni görməsə də işarədən koordinatları dəqiq müəyyən edib hövlanak xanıma yaxınlaşaraq dəsmalın arasından mikrofonu çıxardı. Xanım qız Sizə Nizami Rəmzinin sözləri ilə verirəm sualımı “İstəyirdim soruşam pərvərdigardan, görəsən dünyaya nöş gəlib insan” sualını demişdi ki, zala sükut çökdü. Paşa, sualı gözləmirdi ki, bir az müyəssər oldu, qabağındakı stəkanı su içmək üçün götürsə də su olmadığını görüb stəkanın dibində qalan bir-iki damla ilə dilini yaşladı və qəmgin sifət alaraq əli ilə qol saatını auditoriyaya tərəf tutub uca səslə “a qızım, yadında saxla – TEMPUS FUGİT” demişdi ki, bütün zal ayağa qalxaraq Bravo, bravo deyə alqışlamağa başladı. Mühafizəçi Kamran “çox yaşa Teymur Paşa” deyə-deyə tez quqlda sözü axtarışa verdi ki, necə reaksiya verəcəyini bilsin. Biləndə ki, mənası “zaman uçur” deməkdi, bilmədi ki, nə etsə, yerinə düşər.
Dostlar, paşamız haqqında xatirələr gördüyünüz kimi bitmək-tükənmək bilmir. O gün Qud Finans şirkətini təsis etməyə Teymuru işə götürəndən sonra peşman olan II Vüsal, el arasında Vüsal Gülərüz kimi tanınan, təkcə tanınmayan həm də sevilən dostumuzla oturmuşduq. Daha doğrusu 160 manat depozit qoyub 3-müz də restoranda bir otaqda qonaqları gözləyirdik. Vaxt gedir vədə keçir, amma qonaqlar gəlmək bilmirdi ki, bilmirdi. Vaqeədən pərt olmuş olmalıydı ki, paşa qayıtdı ki, dostlar, dəvət edilən yerə gəlməyən adamı bir sözlə necə ifadə edərdiz?! Yuxusu gözündən tökülən, gözləməkdən bezən Vüsalın bu dəm elə bil başına qaynar su tökdülər, əlindəki qəzeti yumrulayıb paşanın almacıq sümüyündən nətər şappıldatdısa, telefon əlindən yerə düşdü. Deyə bilərsiniz ki, Gülərüz Vüsal necə qıydı paşamıza, o dağlar maralına. Amma bilməyənlər üçün deyim ki, türklər demiş Vüsal paşamızın müstekbel müdiri oluyor. Belə şeylər də müdir-işçi arasında olur, normaldır. Onu deyirdim axı, zərbənin təsirindən ayılmışdı ki, saat kimi istedadı ilə “Vüsal, sənə heç nə demirəm, birinci Allaha tapşırıram, ikinci də İbn Sinanın bu sözlərini sənə itahf edirəm – Hirs qaraciyəri, kədər ağciyəri, üzüntü mədəni, qorxu isə böyrəyi yorar. Bunlar bədəndə artdıqca və davamlı olduqca xəstəliklər yaranır”. Mən şokda idim, o basabasda bu sözü harasından çıxartdı axı. Bax bu xüsusiyyətlərinə görə zənn edirəm ki, xalq, geniş ictimaiyyət onu çox sevir.
Siz onun bütün kitabları ilə tanışsınız. Mən mətbuat xidmətinin rəhbəri kimi ara-sıra həmin kitabların adı və onun yazılma müstəvisi haqqında məlumat verirəm. Bu yazıda indiyə qədər adını çəkmədiyim bir kitabı haqqında sizə məlumat vermək istəyirəm. Əslində kitab çox uzun və qalın olmalı idi, sadəcə 2 A4-dən o tərəfə getmədi deyə elə orada da bitirdi. Nə qədər dedim, izah etməyə çalışdım ki, paşam 2 A4-lük kitab dünyada analoqu yoxdur e, belə olmaz. Tutdu durdu ki, analoqu olmayan o qədər şeyimiz var ki, 2 A4-lük kitab niyə olmasın. Düzdü, arada içəndə həmin kitabı xatırlayır və etiraf edirdi ki, əslində o mövzuda yazacaq elə də çox şeyi yoxdur. Bir dəfə geniş ictimaiyyətlə görüşlərin birində ucundan qulağından sızdırdım ki, bəs camaat paşamızın yeni kitabı var, amma hələ elan etmək istəmir, deyir ki, mövcud konyuktura bu kitab üçün münbit mühit deyil. Onda güc-bəla ilə adını deməsə de, belə bir bənzətmə etdi; Necə ki, latın dili min illərdir yaşayır, amma bugün elə bir xalq yoxdur. Bu kitabın mövzusu da elə bilin ki, min ildir var, amma özü yoxdur. Onu deyirdim axı, sonuncu dəfə dostumuzun toyunda nə qədər içmişdisə, əlinə davulu alıb düşdü ortaya, uzaqdan mənə baxa-baxa “ayə, sən o kitabın adını soruşurdun elə? Onda eşit – “Vicdan? Mən Pas”. Elə bunu deyib, heç reaksiyamı da gözləmədən davulu alıb əlinə düşdü ortaya. Mən onun daxili mərməhətsiz ruhuna yaxşı bələd olduğum üçün bilirəm ki, içki məclisləri onun özü ilə müharibəsi üçün əla yerdir. O belə məclislərdə bu və ya digər səbəblərdən özünü məcbur etdiyi hər şeyi ədəbi dildə desək, çıxarıb süzür badəyə və içir. Həyatda uda bilmədiklərini bu yolla udduğunu zənn edib bir az rahatlayır. Sizə aşağıda həmin görüşdən olan çox qısa kadrı da qoyuram ki, özünüz gözlərinizlə görəsiz. Arada mənə yazırlar ki, bəs çox şişirdirsiz, biz inanmırıq elə şey olar. Bu da sübut. Mən onun haqqımda yazdığı hər statusa “paşa məndən əl çək, sənin məndə çoxlu kasetin var” deyəndə çoxları inanmırdı. Bu da qoy o adamlar üçün kiçik spoyler olsun.
Yazar haqqında
Editor review
Summary
O gündən artıq özüm üçün də yəqin etdim ki, paşa hər-hansı bir rəng olsaydı, göy olardı. Yer-göy onun əməllərini əli üzündə izləyib göm-göy olardı.
Həmçinin oxuya bilərsiniz
Cəlbedici başlıq fəlsəfəm 2
Ötən yazıda mənim üçün dəyərli olan fikirlərin bəzilərini “cəlbecidi başlıqlarla” təqdim etdim. Yazını 2 hissəyə böldüm ki, uzun-uzadı oxuyub yorulmayasınız, həm də “həzm etmək” asan olsun. Çox uzatmadan keçək növbəti
İlkin Manafov Məhərrəmin qonağıdır
www.ilkinmanafov.com Bu gün qonağımız var. O, hamımızın yaxşı tanıdığı ən aktiv marketoloq bloggerlərdən olan İlkin Manafovdur. İlkin, bir çox marketoloq dostların şəxsi bloqlarına qonaq olur. Bu gün də növbə Məhərrəmindir.
Bəlkə biz düz eləmirik?
Bu yaxınlarda nə hikmətdisə radioda Namiq Qaraçuxurlunun “Bəlkə mən düz eləmirəm”lə başlayan məşhur meyxanası gedirdi. Meyxananın adı yadımda deyil, amma elə özümü biləndən adı yadımda “bəlkə mən düz eləmirəm, sənə
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun