Təhsilimiz hara gedir?
Dediklərimiz yox, etdiklərimiz haqqında
Neçə vaxtdır ki, bu haqda yazı yazmaq istəyirdim. Qismət bu günə imiş. Son baş verən bir neçə hadisəni də nəzərə alaraq Sizə bu dəfə təhsil sistemimizdə ancaq gördüklərimdən, birbaşa və dolayı iştirakçısı olduğum məqamlardan yazacam. Aşağıda 7 istiqamət üzrə müsabət və mənfi dəyərləndirmələr etməyə çalışacam.
# Qafqaz Universiteti bir addım öndə
Səhv xatırlamıramsa, 1 il öncə olardı ki, yaxın dostların dəvəti ilə Qafqaz Universitetinə getmişdik. Universitetin rektoru Ahmet Saniç Azərbaycanda müxtəlif sektorlarda çalışan marketinq və reklam mütəxəssislərini görüşə dəvət etmişdi. Mən də bu görüşə Renat bəy və Xəzər Tv-dən Gökhan bəyin dəvəti ilə qatılmışdım. Ondan öncə Qafqazda çox olmuşdum, amma bu dəfə ətraflı məlumat ala-ala tanış olmaq imkanım oldu. Sonda isə səmimi bir ortamda rektorla görüşdük. Tam səmimi deyim ki, o zamanadək gördüyüm ən sadə və səmimi adamlardan idi Ahmet bəy. Marketoloqları yığmaqda məqsəd isə təhsilə dəstək çərçivəsində və onun da içərisində Qafqaz olmaqla universitetə tələbə cəlb etməyin, reklam kommunikasiyasını necə düzgün qurmağı müzakirə etmək idi. İlk dəfə idi ki, belə halla rastlaşırdım. Bir universitet rektoru reklam və marketinq mütəxəssisləri ilə problemlərini bölüşür, etdikləri işləri paylaşır və çıxış yolları haqqında bizdən məsləhətlər istəyirdi. Olduqca təqdirəlayiq hal idi. 10-dan çox bu sferada çalışan adamlar hərəsi üzərinə bir işi götürməyə, dəstək olmağa məmnuniyyətlə razı olmuşdu. Hətta o vaxt yeganə universitet idi ki, ayırca marketinq departamenti var idi. Digər universitetlərə örnək ola biləcək sistem qurulmuşdu. Düşünürəm ki, universitetlərimiz bu tip əməkdaşlıqları sıxlaşdırmalıdırlar ki, həm bizneslə, həm də reallıqla iç-içə olsunlar. Təəssüf ki, bugün özəl universitetlər var ki, dövlət universitetlərini çox-çox geridə qoyur.
Bu il yayda Təhsil Nazirliyinin maraqli bir pilot proqramında da iştirak etdim. Yavər bəyin dəvəti ilə Zərifə Əliyeva adına liseydə bu dəfə məktəblilərlə görüşdük. Məqsəd isə məktəblilərə artıq universitet imtahanlarına girməmiş seçdikləri istiqamət üzrə hansı iş imkanlarının ola biləcəyini izah etmək və elə bu sahədən mütəxəssislərlə şagirdləri görüşdürmək idi. Şəxsən mən marketinq nə olduğunu 2-ci kursda bilmişəm. Ona qədər isə ən yaxşı halda adını eşitdiyim ixtisas menecment idi. Soruşanda da deyirdim menecer olacam. Amma elə şagird vaxtı biri çıxıb məni nələr gözlədiyini izah etsəydi daha yaxşı olardı. Düzdür, çox şükür ki, təsadüf də olsa, marketinqə düşdüm, amma hamının bəxti belə gətirmir. Çox tarix oxuyan dostlarım vardı ki, universiteti bitirib iqtisadiyyat üzrə işə girdilər. Şagirdlərin elə məktəb zamanında maarifləndirilməsi, daha doğrusu şagirdlərdən daha çox valideynlərin maarifləndirilməsi çox vacibdir. Əksərən valideynlər özləri doğru bildiklərini və ya uşaqlıq arzularını elə öz uşaqlarının üzərində tətbiq etməyə çalışırlar. Mən bu görüşdə slaydımı məktəbin müxtəlif fənlərini daha yaxşı oxuyanların iqtisadiyyatı və onun içində də marketinqi seçərlərsə, hansı sahələrdə çalışa biləcəkləri üzərində qurmuşdum. Xatırlayıram ki, həmin görüşdən sonra bir neçə müəllimə yaxınlaşıb övladlarının bu il məktəbi bitirəcəyini və onların da marketoloq olmasını istədiklərini demişdi. Maraqlı bir məsələ var ki, nədənsə marketinqlə o qədər də tanış olmayan orta və yaşı nəsil elə bilir ki, böyük şirkətlərdə marketinqdə çalışmaq üçün mütləq kiminsə adamı olmaq, kiminsə tapşırması lazımdır. Sovetdən qalma stereotip deyərdim buna. Sonra bu pilot proyektin davam edib-etmədiyini bilmədim. Amma etmirsə, düşünürəm ki, mütləq şəkildə bu istiqamətə güc verilməlidir. Bu sistem gələcəkdə oxuduğu sahədə işləməyən minlərlə gənci xilas etmiş olar.
# Turizm universiteti – niyyət yaxşıdır, icra səhv
Keçən il həm də bir semestr Turizm Universitetində marketinq bölməsində marketinq araşdırmaları üzrə dərs demək imkanım oldu. İlk öncə Marketinq kafedrasına gənc və marketinqi anlayan birinin gətirilməsi ümid verici idi. Hiss olunurdu ki, universitetdə bizneslə qaynayıb-qarışmağa doğru addımlar atılır. Məsələn, otellərlə qənaətbəxş əlaqələr yaradılmışdı. Tələbələr praktika keçə bilirdi. Bir semestr ərzində tələblərlə maraqlı mövzularda söhbətləşmək imkanımız oldu. Əvvəla ilin günün bu vaxtı dərsliklərdən əziyyət çəkirdilər. Universitetin maddi-texniki bazası da qənaətbəxş deyildi. Xaricdə, elə türkiyədəki universitetlərdə olarkən, insan əsl tələbə mühitində olduğunu hiss edir. Təəssüf ki, bizim universitetlərdə bunu hiss etmək həmişə mümkün olmur. Yəqin ancaq bizdə universitetə bitişik vulkanizasiya ola bilər. Bu universitetdə xoşuma gələn digər cəhət isə müxtəlif sektorlarda çalışan gənc mütəxəssislərin öz təcrübələrini bölüşmələri üçün universitetə yarımştat dəvət edilməsi idi. Bəyənmədiyim xüsusiyyət isə tələbələrin 3-cü kursa gəlib marketinq haqqında zəif təsəvvürə malik olması, rəhbərliyin kifayət qədər ciddi yanaşmaması idi. Məsələn, mən 4 ay ərzində jurnal və qeydiyyat işləri aparmadım, amma bunu məndən heç istəyən də olmadı. Bir sözlə, tələbələr kefdə idi. Amma real praktika qarışıq dərslərimizin az da olsa, faydalı olduğuna ümidvaram. Bu universitetə diqqətin artırılması vacibdir, turizm sektoru üçün kadrları məhz bu universitet təmin etməlidir. Amma bu gün bunun öhdəsindən nə qədər uğurla gəlməsini ölçməkdə çətinlik çəkirəm.
# SABAH tədris sistemi məyus etdi
Bu haqda yəqin ki, eşitmisiniz. Mən də yaxın dostum vasitəsilə tanış oldum, hətta iştirak etmək imkanı qazandım. XİQ haqqında daha öncə məlumatım var idi, bunun XİQ-in kütləvi forması sayanlar da var. Amma gördüklərimdən sonra XİQ-in daha keyfiyyətli və faydalı olduğunu düşünürəm. Əvvəla ondan başlayım ki, məqsədin özündə bir yanlışlıq var. Təsəvvür edin ki, bir universitetdə hər qrupdan ən yaxşı oxuyanlar bir yerə yığışır və onlara ən yaxşı müəllimlər dərs deyir. Şəxsən düşünürəm ki, bu o qrupa düşməyən tələbə və müəllimlərə haqsızlıqdır. Çünki kriteriyalarda nə qədər ədalətli ola biləcəyimiz özü də şübhəlidir axı. Hər qrupda faktdır ki, 3-4 nəfər daha yaxşı oxuyan olur, onlar da qrupdan çıxsa, yerdə qalanlar ümumiyyətlə o ab-havadan uzaqlaşmış olurlar. Ola bilər səhv düşünürəm, səhv düşünmək belə demokratik haqqımdır 🙂 Təbii olaraq marketinq üzrə tədris üçün sənədlərimi vermişdim. Müsahibə prosesini detallı şərh etməkdə çətinlik çəkirəm, çünki proses kökündən səhv idi. Birinci ona görə ki, məndən müsahibə götürənlərdən marketinqdən anlayışı olan yox idi. Hətta iqtisadiyyat bölməsində adam olmadığı üçün məni humanitar sahə üzrə bölməyə yönləndirdilər ki, get onlar səni “yoxlayacaq”. Humanitar sahənin adamları da təbii olaraq məni “niyə Cola ayrandan məşhurdur” sualını verərək “yoxlamalı idi” 🙂 Ora sənəd verənlər CV-lərini öncə göndərməli idilər, maraqlı olarsa, müsahibəyə dəvət edirdilər. Məni də dəvət etmişdilər, amma intervyu edənlər bir dəfə də CV-yə baxmamışdılar. Buna 100% əminəm. Baxsaydılar, dəfələrlə “hansı elmi nəşrləriniz var” soruşmazdılar. Ən önəmlisi isə hələ müsahibəni başlamamışdan mənə qarşı “hücüm mövqeyində” olmalarını heç başa düşmədim. Qardaş, istəmirdiniz çağırmayın da, özünüzün də mənim də vaxtımı niyə alırsınız ki 🙂 Daha sonra öyrəndim ki, marketinq üzrə tədris haqqını marketinqlə yaxından uzaqdan əlaqəsi olub, amma çox cüzi olan biri qazanıb. Mən indi o qruplarda olan ən yaxşı tələbələrin marketinq biliklərinə sadəcə ümid etmək istəyirəm. Düşünürəm ki, total olaraq bütün istiqamətlər üzrə bu prosesə başlamaq səhv idi, çünki buna nə attestasiya potensialı, nə də müəllim ehtiyatı imkan verirdi. Ən böyük çatışmazlıq isə ümumiyyətlə işin icra mexanizmindəki qüsurlar idi. Qısası SABAH-ın sabahına o qədər də ümidli deyiləm. Ümidvaram ki, yaxın zamanlarda səhvləri aradan qaldırıb faydalı bir platformaya çevrilərlər.
# ADİU Marketinq Klubu – Təkcə qaranlığa söymürük, bir şam da özümüz yandırırıq
Yuxarıda yazdıqlarımı oxuyanlar ola bilsin ki, düşünərlər ki, tənqid edəcəyinizə, istəklərinizi yerinə yetirə biləcəyiniz platforma axtaracağınıza bunu özünüz yaradın. Haqlıdırlar əslində. Amma biz də təkcə qaranlığa söyənlərdən deyilik. Məsələn ötən mövsüm əsasını hələ 2007-ci ildə qoyduğumuz Marketinq Klubunu yenidən bərpa etdik. İqtisad Universitetində Marketinq Kafedrası ilə birgə 3 ay ərzində biznesin müxtəlif sahələrində çalışan mütəxəssisləri tələbələrlə görüşdürdük. Klubun ayrıca təşkilati komandası, ayrıca facebook səhifəsi belə yarandı. Hətta Klubun üzvləri MMF2014-də könüllülər olaraq yaxından iştirak edərək marketinq sahəsində önəmli tədbirin bir parçasına çevrildilər. Təsəvvür edin ki, Klubun hər bir tədbiri elan edilirdi öncədən, tədbir vaxtı isə müxtəlif qruplardan onlarla tələbələr könüllü şəkildə qoşulurdular. Həqiqətən də praktikadan bol bir seminar, təlim tələbələr üçün çox vacibdir. Universitetlərin zənnimcə hər biri belə praktik klublar yaratmalıdır. Bunu etmək üçün rəsmiyyətə falan ehtiyac da yoxdur, yetər ki, istəyin. Biz ən dəyərli vaxtımızı bu işə sərf edirdik və qətiyyən heyfslənmirik, çünki faydalı olduğumuza, düzgün işlər gördüyümüzə inanırıq. Bu gün marketinqdə bu kimi addımlar olmasa, çətin ki, arzuladığımız hədəflərə çata bilək. Bu il Marketinq Klubu hətta ADİU rektorunun da diqqətini çəkib və onun daha da təkmilləşdirilməsini şəxsən görüşümdə mənə bildirdi. Nəticə olaraq onu deyim ki, 20-dən çox tələbənin yayda müxtəlif şirkətlərdə təcrübə keçməsinə nail ola bildik. Şəxsən mən tələbə ikən özüm pul verməyə hazır idim ki, məni normal şirkətə praktikaya göndərsinlər. Hətta yayda praktikada olan tələbələrdən hazırda qalıb daimi işləyənləri belə var. Bu özlüyündə artıq nailiyyətdir. Hətta bu il ADİU-da marketinq və kommunikasiyalar şöbəsinin yaranması və qısa müddətdə görülən işlər də sevindiricidir. Ümidvaram ki, iqtisadiyyat sahəsi üzrə ən böyük təhsil ocağı ADİU tezliklə avropa standartlarına uyğun tədris sistemini qura biləcəkdir.
# Bu il həm dissertant, həm də müəllim olduq
Marketinq şəxsən mənim üçün təkcə ixtisas deyil, həm də həyat tərzidir. İşimi də nəzərə alaraq, böyük həvəslə bu il dissertant olmaq üçün sənədlərimi ADİU-na verdim və qəbul oldum. İnşallah yaxın 2-3 il içində qismət olarsa, müdafiə etməyi planlaşdırıram. Bu prosesin özündə son zamanlar aparılan şəffaflıq isə məni müsbət mənada təəccübləndirdi. Belə ki, 2003-2011-ci illərdə ADİU ilə daim əlaqədə olmuşam, amma rektorun üzbəüz sifətini ilk dəfə idi ki, görürdüm. Ədalət müəllimin bu qədər sadə və səmimi biri olduğunu təsəvvür belə etmirdim. Yalandan tərifə nifrət edirəm, amma gördüklərimi deməmək səhv olardı. Təsəvvür edin görüdüyümüz və görmək istədiyimiz şeyləri sadaladıqca rektor təcili tapşırıqlar verərək bir an öncə işə başlamağı tapşırdı. Hətta Boğaziçi Universiteti ilə əməkdaşlığımızı bildikdən sonra bu il ora göndərilən tələbələrin bütün xərclərini öz üzərlərinə götürə biləcəklərini dedi. Praktika imkanları barədə maraqlandı və s. Açığı bu istək və səy olduqca sevindiricidir. 6 il İqtisadda oxumuşam, amma heç vaxt indiki qədər cəhdlərin edildiyini görmədim. Konkret olaraq yeni nəfər gətirmə iddiası açıq-aşkar hiss olunur. Və elə onun nəticəsidir ki, bu il dissertant ola-ola marketinq kafedrası 5 qrup-da mənə marketinqdən dərs demə imkanı verdi. 250 saatlıq dərs yükü ilə inşallah yanvar ayından tələbələrlə görüşəcəyik. Hələləlik qrupların hamısı Ümumi İqtisadiyyat bölməsinin tələbələridir. Şəxsən faydalı ola bilmək üçün çox çalışacağıma tələbləri əmin etmək istərdim. İnanıram ki, çox çəkməyəcək ki, bizdən sonrakı nəsil marketerlərimizin səsi daha yüksəklərdən gələcək.
# Və Marketing AİR – heç nə, sadəcə go, go, go…
Bu haqda çox danışmağa ehtiyac yoxdur, məncə. Azərbaycanda ilk praktiki marketinq təlimi ona görə sevilmir ki, o İLK-dir, nə bilim ƏN-dir və s. Bunlar əslində boş şeydir. Ona görə sevilir ki, işin içində sonsuz zəhmət, 0 təmənna və dərin istək, paylaşma sevgisi var. Bəli, biz ilk dəfə az bildiklərimizi dostlarımızla paylaşdıq. Real praktik insanlarla məzunlarımızı görüşdürdük, onlarla birgə öyrəndik. Univeristetdəki marketinq təhsilinin ən böyük çatışmazlığı onun praktikliyidir. İş yerlərində isə çətinlik onun sistemliliyi, əhatəliliyidir. Marketing AİR aradakı bu boşluğu doldurmaq üçün yaranmışdı. Və artıq 3 il ərzində 5 dəfə uzunmüddətli təlim, 250-dən çox məzun reallıqdır. Bu gün marketinq icmasının həm də ən aktiv üzvləridir marketing air iştirakçıları. Böyük-böyük proyektləri çox uğurla idarə edirlər. Çünki işin kökündə marketinq havası, paylaşmaq istəyi var. Sizin biliyiniz ancaq özünüzə faydalıdırsa, onun heç kimə, uzun müddətdə isə heç özünüzə də xeyri yoxdur. AİR-də biz insanları biliklərini paylaşmağa, öz aralarında daha çox əlaqə və ünsiyyətdə olmağa səslədik. Təsadüfi deyil ki, bu gün onların səsi xeyli yüksəklərdən gəlir və gələcək. Dünyanın heç bir ləzzəti şəxsən mənə AİR məzunlarının uğuru qədər maraqlı ola bilməz. Çox az payımız bu uğurda varsa, xoşbəxtik. Həm də ona görə sevinirik ki, AİR-dən sonra neçə-neçə yeni cərəyanlar, yeni bloqlar, yeni təlimlər yarandı. Bunlar məhz marketinqi inkişaf etdirir, onu daha güclü edir və sonda ölkəmizə faydalı olur. Bu gün marketerlərin bəlkədə digər heç bir sahədə olmayan 5200-dən çox üzvü olan bir platforması var. Yaxşı-pis onlarla müzakirə və diskkusiyalar gedir, insanlar faydalanır. Son 2 ildə 10-dan çox böyük tədbirlər təşkil etmişik. Elə növbəti tədbirimiz də 10 yanvar 2015-ci ildə Ramada Şıxov otelində baş tutacaq. Siz də gəlin, özümüzük, qıraq adam yoxdur 🙂
Əziz oxucular, şəxsim və dostlarım adına 2014-ün hesabatı da deyə bilərəm. Məqsədimiz bəlli, ona gedən yolumuz bəlli, bizimlə birgə addımlayan dostlarımız bəlli. Bundan sonra sadəcə bu ana qədərki olanlarçün Allaha şükr edib, bundan sonrakı günləri marketinq adına uğurlu etməsini və bizim də bu uğurda az da olsa, payımızın olmasını Allahdan diləyirəm. Topuğumuza dəyən və atılan daşlar bizi Sizlə birlikdə daha güclü edir.
Gələn dəfə daha faydalı olmaq ümidi ilə…
Facebook Comments
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
20 il öncəyə həftəsonu ziyarətim
Bu gün bazar günüdür. Çoxdandır ki, etmək istədiyim, lakin heç cür risk edib o qədər külliyatın içinə girmək istəmədiyim bir işim var idi. Nəhayət bu gün 20 ildən də qədim
Həyat müəllimlərim
Hər bir insanın həyatında kəskin dönüş nöqtələri olur. Həmin anda mütləq şəkildə vasitə və ya vasitəçi qismində nələrsə, kimlərsə çıxır və insana bir ömür boyu durduqca dəyəri artan xidmət göstərmiş
Teymur paşama aid 44 ˝hikmətli kəlam˝
Əziz dostlar, bu dəfə bloqumda belə bir yenilik etmək istədim. 2008-ci ildən facebooku aktiv istifadə edirəm və ogün-bugün xeyli sayda aktivliklər etmişik. Dünən təhlükəsizlik üçün bütün fb arxivini yükləyəndə bu
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun