Karantin düşüncələri

Karantin düşüncələri

Oxumağa kitab alanda əvvəlki vaxtlarımla müqayisədə daha çox seçici davranıram. Gəncliyimdə o qədər nə gəldi oxumuşam ki, indi onların siyahısına baxanda itirilən vaxta heyfim gəlir. Hərçənd ki, kitab oxumağa sərf edilən vaxt itki sayılmaz, amma yenə də əvəzində başqa daha faydalı nəsə oxumaq olardı.

Ədəbiyyat, tarix, biznes – həmişə getdiyim hər yerdə bu 3 istiqamət üzrə kitablar almışam. Kənar janrlarda isə yalnız və yalnız ciddi tövsiyyə olsa, oxuyuram. Son dəfə İstanbuldakı D&R-da qurdalananda əlimə Nebi Yıldızın “Yarın ola Hayrola” kitabı düşdü. İlk baxışdan “qorxma, dur ayağa, içindəki şiri oyat” tipli motivasiya kitabı təsiri bağışladı. Vərəqlədim və içində diqqətimi çəkən bir-neçə cümlə oldu deyə aldım. Sonra oxuyanda özüm üçün də bəzi açıq sualların cavabını tapdım desəm, yalan deməmiş olaram.

Bu yazıda Sizin üçün də faydalı olacağını düşündüyüm bəzi fikirləri paylaşmaq istəyirəm. Yazını kitabda yazılanların qısa özəti kimi də qəbul edə bilərsiniz. Daha doğrusu qara başlıqlar kitabdan, altındakı izahlar isə məndəndir. Həmişə biznesdən yazmayacağıq ki, bir dəfə də insan olaraq elə özümüzdən, ruh halımızdan, psixoloji tarazlığımızdan yazaq. Özümüzü yaxşı hiss etməsək, gördüyümüz iş də növündən asılı olmadan elə də yaxşı olmaz.

Unutma, ağaclar bütün yarpaqlarını tökməsə yaz gəlməz

Bəzən bizi üzən şeylərin nə vaxt bitəcəyini düşünürük. Biz öz məntiqimizlə gözləntiyə girdiyimiz üçün bizə nəyin xeyirli, nəyin ziyanlı olduğunu bilmirik. Vaxtı gəlməyən şeylərə görə üzülməyin, səbrli olun. Səbrin meyvəsi mütləq ki, dadlı olur. Sizi son zamanlar ancaq pis hadisələr müşayiət edirsə, panikaya qapılmaqdansa, bəzən axarına buraxmaq daha faydalıdır. Nəticəni dəyişə bilməyəcəksənsə, heç olmasa, sağlamlığına zərbə vurma.

İnsan dənizə düşdüyü üçün deyil, dənizdən çıxa bilmədiyi üçün boğular

Heç nədə ideal axtarmamalıyıq. İdeal olan yoxdur, onun dalınca qaçsaq, ömür bitəcək və ideal hesab etdiyimizin 50%-ni də tapa bilmədiyimizi görəcəyik. Əvəzində sahib olduqlarımızla “yola getməyə” çalışmalıyıq. Problemləri qəbul etmək, onu həll etməyin yarısıdır. Dənizə düşən adam bu düşüşü dərd etmək əvəzinə ondan necə çıxmağı düşünsə, kobud desək, üzsə, çıxacaq. Problemləri mühakimə etməyin, dəniz nümunəsində “üzüb çıxın” sonra yenə mühakimə edərsiz.

Gedən yenə gedəcək

Sizi tərk edən biri bir gün geri dönərsə, sizi sevdiyi üçün deyil, özünün hələ də sevildiyini bildiyi üçün dönər. Bu sevgidə də, dostluqda da, münasibətlərdə də belədir. Diqqət və sevgi çoxluğu insanı azdıra bilər, həqiqətdə olmadığı yerdə hiss etdirər. Ona elə gələr ki, hamı belə düşünür, hamı onu bu formada sevə bilər, sevməlidir. Sanki hamı onunla hesablaşmalıdır, özünün isə heç bir öhdəliyi yoxdur. Ümumiyyətlə, hər şeyin ifratı zərərli olduğu kimi diqqət və sevginin də ifratı sonda münasibətləri bitirə bilər. Aldığın qədər verməli, verdiyin qədər almalısan ki, gözləntilər bərabərləşməsə də, heç olmasa, bir-birinə yaxın olsun. İnsan insana güvənməlidir yox, insan insana güvən verməlidir.

Diqqət artıqlığından əziyyət çəkən insanlar ona bu diqqəti göstərən kəsləri itirəndən bir müddət sonra böyük bir boşluğa düşəndə əsl vəziyyətin necə olduğunu dərk edərlər. O boşluq isə onlarda sizin sevginizə aid əminlik yavaş-yavaş itməyə başlayanda daha çox əziyyət verər. Sizin sevginizdən əmin olduqlarından istənilən səhvi bağışlayacağınızı, istədəyi vaxt da sizin geri qayıdacağınızı yəqin edirlər adətən. Görəndə ki, yox, deyəsən bu adam ciddi-ciddi unutdu, getdi, gedir, üstəlik də bu müddətdə kimsə ona sizin qədər diqqət göstərmir və ya göstərilən diqqəti də sizinki ilə müqayisə edəndə zəif qaldığını görür – vəziyyət onda həmin adam üçün pisləşməyə başlayır. Qarşılaşdığı hər adamda müqayisə edəcək, əvvəlki dəyəri görmədikcə, daha da pis olacaqdır. Odur ki, əziz dostlar, təktərəfli münasibət olmur. Təkərlərin heç olmasa ikisi çəkməlidir ki, maşın getsin. Ancaq biri çəkirsə, o da gec-tez sıradan çıxacaq, yəni yorulacaq və çıxıb gedəcək. Sevgi bəlkə də tək-tük hadisələrdən ki, içinə eqo qatanda mütləq uduzursan. Bir şeyin dəyərini bilmək üçün onu mütləq itirməli deyilsiniz. Düzdür, itirəndə ən yaxşı şəkildə bilmək olur dəyərli idi ya yox? İsti-isti hiss edilmir çünki. Amma itirəndən sonra bilsəz belə, heç nə əvvəlki kimi olmaya bilər. Bu riskə getmək Sizi xoşbəxt edəcəksə, gedin. Sevginin qədrini hamı bilə bilməz. Sevgi 5 dəqiqə əlini tutub geri qalan 23 saat 55 dəqiqə bunun xoşbəxtliyini yaşamaqdır – deyir şair. Sevgi ayrılınca deyil, ayrılığa alışdıqda bitər.  

Özünüzə kiçik belə olsa, sürprizlər edin

Həyatımız boyu ətrafımızın istədiyi, bəyəndiyi, bəzən də məcbur etdiyi çox şeyi etmişik, onlar üçün yaşamışıq. Həyat qısa olduğu üçün heç olmasa bu həqiqəti başa düşdüyünüz andan etibarən özünüzə fərqli-fərqli zövqlər yaşadın, hədiyyələr edin. Ağlasığmaz, məntiqsiz görünən çox şeyi sırf daxilən sizi xoşbəxt edir deyə rahatlıqla etmək lazımdır. Deyək ki, biznesmensiniz, amma ömür boyu hansısa musiqi alətində ifa etməyi çox istəmisiz. Bu yaşdan sonra da etməyə utanırsız. Utanmayın edin, yaş artdıqca əvvəlki yaşlarınızda sizi xoşbəxt etdiyini hesab etdiyiniz çox şeyin, o cümlədən pulun daxili rahatlıq bəxş etmədiyini daha yaxşı başa düşəcəksiniz. Ürəyiniz istədiyi şeyləri sonraya saxlamayın, elə indi edin. Baxın görün nəyi edəndə, necə edəndə çox xoş olur sizə, həzz alırsınız? Onu gec də olsa tapın, tapdığınız an isə möhkəm yapışın. O Sizə bir çox problemləri “altdan almağa” kömək edəcəkdir. Əlinizdə olmayan şeylərə görə isə çox üzülməyin. Əlinizdə olmayan şeylər demək ki, əlinizdə deyil. Dərd etsəniz də, etməsəniz də nəticə eynidirsə, əlinizdə olanların heç olmasa qədrini bilin ki, rahat yaşayasınız. Hər işdə həqiqətən bir xeyir var. Xeyir bəzi şeylərin varlığında, bəzi şeylərin isə yoxluğundadır. İstədiyiniz şeylər uğrunda mübarizə aparmısınızsa, heç narahat olmağa dəyməz. Mübarizədən imtinadansa, savaşaraq uduzmaq daha yaxşıdır. Üstəlik qismətimizə razı olmayıb mümkünsüzlərin dalınca qaçsaq, yanılmaq ehtimalımız daha çoxdur.

Yaxşı insanlar hər şeydən öncə vicdanlarına uduzarlar

Yaxşı insan vicdanı qarşısında acizdir. Onun icazə vermədiyi heç nəyi etməz. Etsə də ömür boyu onun iztirabını içində çəkər. Yaxşı insanlara “saf” kəliməsini tez-tez işlədirlər. Onlar saf deyil, sadəcə xoş niyyətlidirlər. Onları aldatmaq asandır deyə düşünürsüz, amma əslində Siz onları aldatmırsız, onlar inanmaq istəyirlər. Yəni siz onları aldatmırsız, onlar sadəcə yaxşılıq etməyi seçirlər. Vicdanlı insanlar həyatdan həmişə qalib çıxmazlar, sonda tək də qala bilərlər. Amma olsun, təklik yaxşıdır, ən azından kiməsə güvənmək məcburiyyətin olmur. Vicdanlı ol, tək olsan da eybi yox.

Sizə yuxarıdan aşağı baxanlardan inciməyin, onlara pilləkan verən Sizsiniz

Qısası, əlinizdə böyütdüklərinizi, gözünüzdə böyütməyinizin nəticəsidir ki, onlar da sonra gəlib sizə yuxarıdan aşağı baxır. Bəzən etik olmasa da bəzi adamlar məcbur edir ki, etdiklərini başlarına vura-vura edəsən.

Zəif nöqtələrinizi paylaşmayın

İnsan öz zəif yerlərini yaxınları, doğmaları ilə paylaşır adətən. Həyat göstərir ki, bacardıqca bunları paylaşmamaq daha yaxşıdır. İnsanlar ilk fürsətdə Sizi elə zəif yerinizdən vuracaqlar. Dalaşanda oyuncağını geri istəyən uşaqlar kimi yaxınlarınız da ilk problemdə zərbənin siz göstərdiyiniz ünvanını müəyyən etməkdə çətinlik çəkməyəcək. Bəzən “xeyr” deməklə, qarşınızdakı insanın əsl üzünü də görmüş olarsınız. Nə olur-olsun dəyərlərinizdən türklər demiş “taviz” verməyəcəksiz. Onu etdiyiniz an ilk öncə özünüzün özünüzə hörmətiniz itəcək, sonra da qarşı tərəfin gözündə dəyər itirəcəksiniz. Sizi qəbul edən dəyərlərinizlə birgə ya edir, ya da etmir.

Facebook Comments

Editor review

Summary

Yaxşı insanlar hər şeydən öncə vicdanlarına uduzarlar

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Komikadze tələbələr

Əziz dostlar, ötən bloq yazılarımın birində, daha doğrusu ˝Heç mənə lazım da deyil˝ adlı bloqumda yazmışdım ki, artıq 2016-cı ildən ali məktəblərdə tədrisi dayandırıram. Daha doğrusu hələ bir müddətlik bu

Sərbəst 0 Comments

Səbrsizliklə gözlədiyim 7 hadisə

İlin sonu yaxınlaşanda adətən insanlar gələcək il üçün planlar qururlar. Mən heç vaxt bu işi nə dekabrda, nə də yanvar ayında etməmişəm. Etməyi də sevmirəm. Çünki o aylar elə aylardır

Sərbəst 0 Comments

Heç mənə lazım da deyil

2015-ci ilin iyulun 1-də, ilin tam ortasında etdiklərimiz, gördüklərimizə əsaslanaraq hardansa belə bir fikrə gəlmişdim ki, ˝Bəlkə biz düz eləmirik?!˝. Sonra bu tərəddüdlərimi bir yazı halına gətirdim. Əgər oxumamısınızsa, xahiş

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın