Yeni iş yerim – Daha tez-tez ˝Kontakt˝da olacağıq
Əziz dostlar, bildiyiniz kimi bu ilin oktyabr ayından İdeal parfumeriya və kosmetika mağazaları şəbəkəsindən ayrıldım. Bu haqda ətraflı oxumaq istəsəz, buradan oxuya bilərsiniz. Mənim üçün çox böyük mənəvi dəyəri olan şirkətdən ayrılmaq elə də asan olmasa da, həyat bizdən dəyişikliklərə operativ reaksiya verməyi tələb edir. O tələbi hiss etdinsə, mənə görə heç nəyə baxmadan yalnız inkişaf xəttini əsas götürməliyik.
Bu arada iş dəyişmək elə də asan deyilmiş, əzizlərim. Uzun illər öyrəşdiyin mühit, dostlar, iş sistemi və s. bir anda forma və mahiyyətini Sizin üçün dəyişir və təbii olaraq Siz bu prosesə o qədər də tez alışa bilmirsiniz. Məndə bu proses təxmini 20 gün getdi. Bu müddət ərzində həm dəyişikliyə alışmaq, həm yeni təklifləri dəyərləndirmək, üstəlik də 31 oktyabrda keçiriləcək Digital Marketing Conference tədbirinə hazırlıq vaxtın necə getdiyini hiss etdirmədi. Bu müddət ərzində bir çox təklifləri dəyərləndirərkən əmin oldum ki, mənim üçün şirkətin böyüklüyü, tarixi, satdığı məhsul və ya ˝kimin şirkəti˝ olması o qədər də maraqlı, cəlbedici gəlmir. Seçimdə ən vacib amil səmimi desəm, elə səmimiyyət və səmimi mühit, münasibətlərin daha dəyərli tutulduğu ortam əsas rol oynadı. Eyni zamanda mən dinamikanı daha çox sevirəm. Dinamik inkişaf xəttini əsas götürən şirkətlərdə iş çox olsa da, nəticələr əldə etdikdən sonra daha çox məmnuniyyət hiss edir insan.
Bütün bunları nəzərə alaraq seçimdə ˝Kontak Home˝şirkəti daha maraqlı gəldi. Fürsətdən istifadə edib təklif üçün dostumuz Kamrana təşəkkür edirəm. Xatırladım ki, Kamran bizim hamımızın yaxşı tanıdığı Teymur Paşanın da qrup yoldaşıdır. Ona görə də bu işə keçiddə paşamızın da rolunun az olmadığını demək lazımdır 🙂 Artıq bir neçə gündür ki, rəsmi olaraq bu şirkətdə marketinq direktoru vəzifəsinin icrasına başlamışam. Kontakt Home məlumat üçün bildirim ki, 2005-ci ildə ancaq telefon satan mağaza olaraq fəaliyyətə başlayıb. 2011-ci ildən isə məişət texnikası, rəqəmsal texnika satışını da əlavə edərək Kontakt Electronics kimi fəaliyyət göstərib. 2013-cü ildən isə daha bir yeni sahəyə – mebel sahəsində də fəaliyyətə başlayıb. Bu gün 13-ü Bakıda, 1-i Şəmkir, 1-i Sumqayıt və inşallah yaxında açılacaq Gəncə mağazası ilə 16 mağazadan ibarət şəbəkədir. Mebel də əlavə edildikdən sonra şirkət ˝Kontakt Home˝ olaraq adlanıb. Yaxın müddət üçün Bakıda və regionlarda sürətlə yayılmağı qarşısına məqsəd qoyduğuna görə hədəflər də yüksəkdir. Bu səbəbdən də marketinqi daha gücləndirərək brend dəyərinin artırılması məqsədəuyğun seçilib.
Bu gün daxili kreditləşmə sistemində ciddi uğurları olan şirkətdə dəyişiklik və yenilik üçün geniş meydan var. Mənim özüm üçün də tamamilə yeni və maraqlı sahədir. Düşünürəm ki, marketinqin imkanları mebel, mobil telefon və elektronika sahəsində daha genişdir və bu sahədə biz irəlidə çox yeniliklər edə biləcəyik. Rəqiblərimiz Music Gallery, Baku Electronics, İrşad Telekom və s. bir çox irili xırdalı şirkətlərdir. İrəlidə görüləcək xeyli işlər var. Komandamızla birgə çox tezliklə rəqiblərimizə baş ağrısı olmaqda iddialıyıq. İnanıram ki, qısa müddətdə Kontakt Home brend dəyərini beyinlərdə daha da gücləndirərək və parallel olaraq maraqlı satış kampaniyaları ilə müştərilərin seçimində üst sıralarda olacağıq. Bu an üçün şəxsən mənim üçün ən böyük hədəf şirkətin müştəri yönümlülük siyasətini daha da möhkəmləndirməkdir. 400 nəfərdən çox ümumi heyətlə bazarda öz sözümüzü demək üçün çalışacağıq.
Bax belə, əziz dostlar. Bu gündən Sizinlə yəqin ki, daha çox ˝Kontakt˝da olacağıq. Marketinq adına maraqlı yeniliklərimiz olduqca bloq vasitəsilə Sizinlə paylaşacam.
P.S. Bu arada hamınızı 31 oktyabr DMC-də gözləyirəm. ˝Bugünün Marketinqi˝kitabı məhz həmin gün rəsmi təqdim ediləcək. Bu haqda isə növbəti bloq yazımda ətralı məlumat verəcəm.
Növbəti dəfə daha faydalı olmaq ümidi ilə…
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Məsuliyyətsiz anonim kütlə
Bugünlərdə Ali-Nino və Unibank keysi gündəm idi. Hamı yazırdı. Ən çox da yaza bilməyənlər yazırdı. Facebookda dost sayının çox olması da bir iş deyil. Onsuz da gün ərzində xəbər lentini
Şəkilsiz yazılar seriyası #1 – CƏM EYNİ QALIRSA
İş həyatına təsir edən faktorların faiz nisbəti dəyişə bilər. Məsələn, deyək ki, 20% şəxsi vaxt, 50% əsas iş, 30% alternativ maraq dairəsi və ya ikinci bir iş tutur. Bu və
Mənim həyat fəlsəfəm: “O hər şeyi görür”
– “Gencliyimde ele bilirdim ki, heyat bir sevincdir. Boyudum ve gordum ki, heyat calishmaqdir. Calishdim ve gordum ki, Chalishma bir sevincdir” (Tomas Karlil) – “Ugurun sirri
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun