70 milyonluq Azərbaycan reklam bazarında kimin nə qədər payı var?!

70 milyonluq Azərbaycan reklam bazarında kimin nə qədər payı var?!

Nəhayət, araşdırmamızın ən maraqlı hissəsinə, Azərbaycan bazarı ilə əlaqədar hissəsinə çatdıq. Bundan öncə dünya bazarı ilə əlaqədar yazını kimsə oxumayıbsa, buyurub oxuya bilər – Azərbaycanda və dünyada reklam bazarı tendensiyaları.

Yazının hazırlanmasında bir bloqer olaraq çox əziyyət çəkdim. Amma marketoloqlara vacibliyinin nə qədər böyük olduğunu bildiyimdən maksimum əlimdən gələni etdim ki, bu sahədə olan məlumat qıtlığı və yalan informasiyaların qarşısını alım. Ötən yazıda qeyd etdiyim kimi yaxşı olardı ki, bu infoları bazar ilə mütəmadi olaraq AGB Nielsen paylaşsın, bunu onlar bütün dünyada edirlər, amma nədənsə, Azərbaycanda etmək istəmirlər. Səbəb də bilinmədiyinə görə təbii olaraq insanın ağlına yaxşı heç nə gəlmir. Ona görə də öz kanallarım vasitəsilə məlumat əldə etdim. İnanır və əminəm ki, aşağıda oxuyacağınız məlumatlar 95% dəqiqliklə real statistik mənzərədir.

AGB-nin ölçdüyü və ölçmədiyi kanallar?!

Keçək mətləbə. Azərbaycanda AGB-nin ölçdüyü 6 TV kanal və 12 radio kanal var. Tv kanallara Atv, ANS, Xəzər, Lider, Space, İTV, radio kanallara isə 90 fm, media fm, 102, 106, 106.3, 104, 103, 100.5, antenn fm, radio lider, araz, avto fm daxildir. Onu deyim ki, Aztv AGB ilə ölçülmür, daha doğrusu icazə vermir. Radiolardan isə son dönəm Media FM və Antenn Fm AGB-dən imtina edib və ya tərsinə. Qısa düzəliş edim ki, AGB radio kanalları monitorinq edir, ölçmür. Monitorinq yəni müştəri (agentlik) istəsə bəlli vaxtda bəlli radio kanalda hansı saatlarda hansı reklamların getdiyini öyrənə bilər. İstənilən halda Aztv-ni başa düşmək olar, amma media fm kimi kənardan hamının çox qulaq asdığı kanal təəssüratı oyadan media fm-in bu addımı alqışlanan deyil. Yadınızdadırsa, o vaxt mən radio kanalların reytinqini fb-də sorğu şəklində etmişdim. (Oxumayanlar üçün – http://hunaltay.com/azrbaycan-radio-kanallarnn-reytinqi/) O zaman belə gözlənilənin əksinə olaraq Media FM ön sıralarda olmamışdı. (10 kanal arasında 7-ci olmuşdu) Nə isə bu öz işləridir, istənilən halda düzgün məlumat alma hamının haqqıdır.

Azərbaycan televiziya kanalları və onların reklam dövriyyəsi

TV kanalların 2015-ci il toplam reklam dövriyyəsi 39-40 milyon manat arasında dəyişib. 2015-ci ildə tv-lərimizdə toplam 900-ə yaxın şirkətin və ya xidmətin 2000-ə yaxın məhsulunun tv reklamı verilib.

Faiz etibarilə reklam cəlbi bölgüsü isə aşağıdakı kimidir.

s/n TV kanal % nisbətilə reklam cəlbi
1 ATV 37%
2 Xəzər 26%
3 ANS 20%
4 SPACE 11%
5 LİDER 3%
6 İTV 2%

Televiziyada reklam verənlər arasında birinci yeri Procter, sonrakı yerləri isə Schvarzkopf, Coca-Cola, Mars, Kraft foods, Unilever, Reckitt-Benckiser, Bakcell, Delloro, Azerfon, Azersun Holding tutur.

Azərbaycan radio kanalları və onların reklam dövriyyəsi

Radio kanalların 2015-ci il üzrə toplam dövriyyəsi təxmini 4.5-5 milyon manatdır. Burada Antenn fm və media fm-in son dönəm monitorinq olunmadığını nəzərə alaraq dövriyyəni aralıqla verdim. 2015-ci ildə radio kanallarımızda təxmini 500-ə yaxın şirkətin və ya xidmətin 1000-dən çox məhsulunun reklamı verilib.

s/n Kanallar %-lə reklam cəlbi
1 Radio 106.3 FM 23,7%
2 Radio 102 FM 17,5%
3 Radio Burc 16,7%
4 Radio 106 FM 11,9%
5 Radio Araz FM 10,2%
6 Radio 103 FM 8,9%
7 Radio Avto FM 5,0%
8 Radio Media FM 3,2%
9 Radio Antenn FM 1,2%
10 Radio 104 FM 0,9%
11 Radio 90 FM 0,5%
12 Radio Lider 0,3%

Radioda reklam verənlər arasında isə birinci yeri FAB, sonrakı yerləri isə ardıcıl olaraq Xətai klinikası, Mətanət A, Kapital Bank, Azercell, Vital, Coca-Cola, ATV+, Mr.Fix, Bank of Baku, Azerfon, Kaspi Təhsil Mərkəzi, Music Gallery, Bakcell, Yeni Həyat, Soliton, Unibank, Baku Electronics, Azersun Holding tutur.

Azərbaycanda internet reklamı bazarı və dövriyyəsi

Bu sektor üzrə məlumatları ölkənin ən məşhur internet satış evlərindən biri olan New-Media şirkətinin İcraçı Direktoru Rasim Davudovdan aldım. Əldə etdiyimiz məlumata görə 2015-ci il internet reklam bazarı dövriyyəsi 6 milyon manat civarıdır. Təxmini real reklam cəlb edə bilən 60-a yaxın veb sayt var. Reklam növləri bölgüsünə görə 1-ci yeri veb-banner, 2-ci yeri context reklam, 3-cü yeri isə video reklam formatı tutur. Onu da qeyd edək ki, video format 2014-cü il ilə müqayisədə 30%-ə qədər payını artırıb. Digər maraqlı məlumat isə təxmini 6 milyonluq internet reklam bazarı dövriyyəsinin təkcə 2.5-3 milyon manatının facebook, google, instagram reklamlarına xərclənməsidir. Həqiqətən də çox ciddi rəqəmdir. İnternetdə reklamverənlər arasında 1-ci yeri mobil operatorlar, 2-ci yer bank, 3-cü yeri isə avtomobil sektoru tutur.

Outdoor bazarı haqqında isə təxmini məlumatlar belə almaq mümkün olmadı. Reklam məcraları içərisində ən qara bazar demək olar ki, bu bazardır. Digər reklam növlərindən olan metro reklamları da 2015-ci ildə Baku2015 oyunlarına görə təsirini mənfi yöndən aldı. Eyni zamanda avtobus reklamı da eyni əziyyəti çəkdi. Ümumilikdə isə ekspertlər bütün növ reklam məcralarını nəzərə alanda Azərbaycanda reklam bazarının 70 milyon manatı ötmədiyini bildirirlər.

Ümidvaram bu məlumatlar marketerlərimizə faydalı olacaq. Növbəti araşdırmalarda görüşmək ümidilə.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

70 milyonluq Azərbaycan reklam bazarının 2015-ci il bölgüsünü apardıq. Kim hansı sahədə liderdir, hansı kanallar hansı faizlə irəlidədir bilmək istəyirsinizsə, oxuyun.

Həmçinin oxuya bilərsiniz

Brendinq 0 Comments

Fil Agentliyi olaraq rebrendinq etdik

2017-ci ildən fəaliyyət göstərən, təsisçisi olduğum Fil Agentliyinin 5 yaşı tamam olur. 5 ildir ki, ölkəmizdə bir çox markalarla yüzlərlə iş görən agentliyimizi 5 il aradan sonra rebrendinq etdik. Artıq

Araşdırma 0 Comments

Azərbaycanda kobrend kartlar niyə uğursuz olur?

Azərbaycanda bir dönəm var idi ki, o ərəfədə bazara xeyli sayda yeni kobrend kartlar çıxmışdı. Bu gün onların çox böyük hissəsi ya daha işlək deyil, ya da donmuş vəziyyətdədir. Kobrend

Marketinq 0 Comments

Networking – kimə yaxın, kimə uzaq olaq?!

Networking – haqqında qısa deməli olsaq, o əlaqələri dəyərə çevirmək alətidir. Networking əlaqələrdən formalaşan çevrənizdir. Ona görə də elə Networking sözünü kobud mənada çevrə sözü ilə əvəz edə bilərik. Bu yazıda Azərbaycanda Networking

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın