Facemark bu dəfə 16000 insanın fikrini soruşdu
Təxminən 3 ay bundan öncə, aprel ayında Facemark olaraq çoxdandır hər kəsin müzakirə və mübahisə etdiyi bir mövzunu səsverməyə çıxarmaq qərarına gəldik. Mövzumuz radio kanalların reytinqi ilə bağlı idi. Belə ki, bir çoxlarımız bəzən ətrafımızın bizə təqdim etdiyi fikirləri dominant qəbul edib bu və ya digər radionun reytinqinin yüksək olduğunu düşünürdük. Sorğu məkanı olaraq təbii ki, facebooku seçdik. Nəticələri aşağıda Sizlərə təqdim edirik, böyük ehtimal nəticələr mənim kimi Sizlərdə də təəccüb doğuracaqdır.
- Sorğunun keçirildiyi vaxt – Aprel-may 2012
- Sorğunun əhatə dairəsi – 300 669 nəfər
- Sorğuda ümumi səs (like) sayı – 15909
- Sorğunun nəticələrini izləmək üçün yazılanlar – 654 nəfər
- Sorğuya ümumi şərh sayı – 420
- Sorğunu viral yayılması – 124 435 nəfər arasında
Artıq facebookun həyatımızn telefon kimi ayrılmaz bir parçasına çevrildiyini nəzərə alsaq, 300 min insanı əhatə edən (ümumi Azərbaycandan facebook istifadəçilərinin (823000 nəfər) 36.5%-i) 16000-ə yaxın insanın isə birbaşa səs verdiyi sorğunun nəticələrinin reallıqla uzlaşma faizinin yüksək olduğunu demək olar. Beləliklə, reytinqlər;
1. Burc fm (100.5) – 6489 səs / 40.7%
2. İctimai (90 fm) – 2019 səs / 12.7%
3. Azad Azərbaycan (106.3 fm) – 1522 səs / 9.5%
4. Azad Azərbaycan (106 fm) – 1449 səs / 9%
5. ANS ÇM (102 fm) – 1432 səs / 9%
6. Antenn (101 fm) – 1345 səs / 8.4%
7. Media Fm (105.5 fm) – 816 səs / 0.05%
8. Xəzər (103 fm) – 425 səs / 0.03%
9. Lider (107 fm) – 289 səs / 0.02%
10. Space (104 fm) – 123 səs / 0.007%
Ümumi səslərin yarıdan çoxu Burc və İctimai radionun payına düşür. Bu o deməkdir ki, Azərbaycan dilli auditoriya ( bu sözü yazmaqdan belə xoşlanmıram heç – p.s red) olaraq əsasən milli mahnıların dinləyiciləri daha çoxdur. Bu bir tərəfdən də sevindirici haldır. 3-cü yeri də 106.3 fm-in tutması ilə ilk 3 yeri milli mahnı dinləyicilərinin daha çox üstünlük təşkil etdiyi görünür. Media Fm-in Avropa + sonrası parlaması ilə bu kanalın reytinqinin çox yüksəldiyini deyirlər. Ən az reklam qiymətlərində və verilişlərindəki sponsor aktivliyinə görə də bu qənaətə gəlmək olar. Lakin son zamanlar elə Media Fm başda olmaqla radio kanalların az qala hamısında reklam əlindən musiqilərə az yer verilməsi və ya tərsinə desək, rekalma daha çox yer verilməsi, yeri gəldi-gəlmədi sponsorun tərifi və s. hallar dinləyiciləri yorur. Kanallar bu haqda düşünsələr, yaxşı olardı. Sorğuda 403 şərh yazılıb, şərhlərdə Araz fm-i də vurğulayanlar az olmadı, bu kanalın da son zamanlar müsbət mənada aktivləşdiyini hiss edirik.
Nəticənin təhlilini daha çox öz üzərinizə buraxıb sonda Azərbaycan radioları haqqında qısa məlumat vermək istərdim.
Radio Tarix:
Azərbaycan radiosu 1926-cı ildə “Danışır, Bakı” sədaları ilə yaranıb. 1957 və 2005-ci illərdə radio fərqli adlarla təşkilatlanıb. Azərbaycan radiosunun ilk azərbaycanlı kişi spikeri İsmayıl Əlibəyov, xanım spikeri isə Raya İmanzadə olmuşdur. Zaqafqaziyada ilk fm, Azərbaycanda isə ilk özəl radio ANS ÇM-dir. Çingiz Mustafayevin şərəfinə onun adını daşıyır. 28 may 1994-cü ildən fəaliyyətə başlayıb. Azad Azərbaycan radiosu isə 28 may 1996-cı ildə yaranıb. 1 iyun 1998-ci ildə yaranan Antenn fm-də isə əvvəllər “Amerikanın Səsi” radio verilişləri yayımlanırdı. 24 saat fəaliyyət göstərir. Space 2001, İctimai radio 2006, Media fm 2009, Burc fm 1998, Lider fm 1999, 106 fm 1999, Naxçıvan Səsi radiosu isə 2001-ci ildə yaranıb. Bundan başqa xarici radioların Azərbaycan bürosu kimi Azadlıq radiosu yayımlanır. Amerikanın Səsi və Avropa + yayımı isə dayandırılıb. Bundan başqa bir çox onlayn radiolar da mövcuddur ki, bunlara baku.fm, day.az/radio, ireli.az radio, mugam radio, radio mor, group fm (Xaçmaz), inradio.az və s. buraya daxildir.
Düşünürük ki, bu sorğu da bir çoxlarımıza faydalı ola biləcək. Şəxsən mən məhz bu sorğudan sonra Araz fm-i öz avtomobilimdə quraşdırdım və çox da məmnunam. Daha faydalı olmaq diləyilə yenə həmişəki kimi növbəti sorğularda görüşək deyirəm…
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun