Avropanın gecikən Kayzeni – 80/20 prinsipi

Yəqin ki, bir çoxunuz 80/20 qanunu haqqında eşitmisiniz və ya oxumusunuz. Bu yaxınlarda bir kitab aldım. Riçard Koçun “80/20 qanunu” adlı bu kitabında əsas mövzu elə bu haqda idi. Fasilələrlə bir həftə idi ki, oxuyurdum və sonda yazarın kitabın ən başda dediyi bir fikrinin doğru olduğuna şahid oldum. O, kitabın əvvəlində 80/20 prinsipinə aid bir çox örnəklər verir və onlardan biri də bu idi ki, “hətta Sizin oxuduğunuz bu kitabın da Sizə faydalı olan hissələri ümumi kitabın 20%-də yazılıb”. Kitabı bitirəndən sonra əminliklə deyə bilərəm ki, həqiqətən də o boyda kitabın elə faydalı hissəsi maksimum 20%-dir. Daha zəhmət çəkib sonadək oxuduğuma görə Sizə məhz seçdiyim o 20% hissə haqqında öz fikirlərimi də əlavə edib yazmaq istəyirəm.
80/20-nin tarixi
Bu prinsip ilk dəfə 1897-ci ildə Pareto tərəfindən kəşf edilib. Pareto o zaman üçün hesab edirdi ki, dünyadakı insanların 20%-i sərvətin 80%-nə sahibdir. Bir çox iqtisadi göstəriciləri də tədqiq edəndən sonra 80/20 prinsipinin ümumən doğru olduğunu və insanların bu prinsipi öyrənib düzgün istifadə etməklə işlərinin keyfiyyətini artıra biləcəyini düşünürdü. Daha sonra bir çox alimlər bu prinsipə uyğun nümunələri bir xeyli artırdılar. Onlardan bəziləri hətta çox gülməlidir. Az qala bütün həyatı 80/20 qanuna tabe edirlər. Mənim məqsədim o xırdalıqlara getmək deyil, sadəcə 80/20-nin arxasında duran gerçəkliyi diqqətə çatdırmaqdır. Əgər bir cümlə ilə 80/20 nədir sualına cavab istəsəniz, deyə bilərəm ki, 80/20 insanın öz pulu, enerjisi, zəkasından maksimum istifadə göstəricisidir. Bu prinsip tərəfdarları hesab edirlər ki, satılan məhsulların 20%-i gəlirlərin 80%-ni verir, o cümlədən müştərilərin yalnız 20%-i gəlirlərin 80%-ni verir, insanlar 20% vaxtlarını sərf edib gəlirlərin 80%-ni qazanır, ümumi paltarlarının 20%-ni günün 80%-də istifadə edirlər kimi məzəli olanları da var. Əslində məntiq olaraq yaponların kayzen prinsipinə oxşardır. Bu haqda “Allaha inanmayan Allahın Yaponları” adlı yazımı oxuya bilərsiniz. Yaponların Kayzen sistemi hər şeyin daha yaxşısının həmişə var olduğunu iddia edir. Burada da insanlara ancaq onlara nəticə verən amillərə vurğu edib onlar üzərində işləmək tövsiyyə olunur. Elə olacağı halda insan daha az əmək sərf edib daha çox qazanc qazana bilər deyirlər. Məsələn, deyirlər ki, insan gün ərzində sərf etdiyi əməyin 20%-i ona daha çox qazanc gətirir. Önəmli olan o 20%-lik dilimi müəyyən edib onun üzərində işləməkdir. Əslində heç də düşünməyin ki, bu prinsip mütləq şəkildə 80/20 üzərində qurulub və cəm 80+20=100 olmalıdır. Bu 75/25, 15/85 və s. digər hallarda da mümkündür. Əsas olan burda sırf rəqəm bərabərliyi deyil, prinsipin məntiqidir.
Zaman boldur, sadəcə biz onu xırda pul kimi tez xərcləyirik.
Pul qazanmaq zaman tələb edir, amma zaman qazanmaq üçün pul yetərli deyil. Biz insanlar həyatımız boyu 2 şeyi həmişə səhv salırıq. Zaman və pul qarşılığını və xoşbəxtliklə pul anlayışını. Ömrümüzün ilk yarısı pula sahib olmaq üçün bütün zamanımızı sərf edirik, ikinci yarısı isə qazandığımız bütün pullardan hər hansı bir məsələdə zaman qazanmaq üçün rahatca imtina edirik. Maraqlı paradoksdur, elə deyilmi? Və ya qarşımıza hədəf qoyuruq ki, ən varlı insan olacağıq. Ən varlı olduqdan sonra isə dünyanın ən bədbəxt insanı kimi özünü hiss edən milyarderlər gördük. Demək ki, məqsəd pul qazanmaq yox, xoşbəxt olmaq olmalıdır. Xoşbəxt olmaq üçün isə həm də çox pul qazanmaq lazımdır. Ancaq belə düşünəndə insan mənəvi olaraq özünü doymuş hesab edə bilər. Əksi olsaydı, dünyanın ən xoşbəxt insanları ən varlı insanlar olardı. Bu kitabdan anladım ki, əgər zamanımızın 20%-ni daha yaxşı istifadə etsək, zaman sıxlığı yaşamarıq. Siz də günlük iş qrafikinizə nəzər yetirin, görəcəksiniz ki, ən məhsuldar işlədiyiniz zaman günlük iş yükünüzün 20%-dən çox deyil.
80/20 prinsipindən necə və haralarda istifadə edə bilərik?
1950-90-cı illər keyfiyyət dövrü kimi xatırlanır. 80/20 prinsipinə görə müştəri şikayətlərinin 80%-i səbəblərin 20%-i həll edilincə ortadan qalxar. Bu o deməkdir ki, müştəriləri 80% narazı salan şey hər dəfə təkrarlanan 20% səbəbdir. Bunu bilərək biz, işimizdə keyfiyyəti artıra bilərik. Həmişə təkrarlanan problemləri ən azı həll edərsək, bir çox vacib işlərin də öhdəsindən gəlmiş olarıq. Bu nüansa ilk diqqət yetirən şirkətlərdən biri də IBM olmuşdur. 
Keyfiyyət dövrü daha sonra öz yerini bilgi dövrünə buraxdı. Müəyyən olundu ki, insanların ən çox istifadə etdikləri detal zamanlarının 80%-ni alır. Apple ilk olaraq bunun fərqinə varıb həll təklif edən şirkət oldu. Daha bir maraqlı məqam. 80/20 prinsipinə görə satışın artması deyil, qazancın artması əsas kriteriya olmalıdır. Bəzi böyük şirkətlər isə satışın artmasını kriteriya kimi götürürlər ki, dəqiq maliyyə analizi aparılsa, onların bir çoxunun daha az qazandığı aydın olar. Məhz buna görə də Riçard Koç öz kitabında şirkətləri “rəqabət dilimləri” yaratmağa dəvət edir. 
Rəqabət dilimləri nədir? Bu Sizin şirkəti rəqibləriniz qarşısında güclü edən və ya edə biləcək rəqabət amilləridir. Siz ilk növbədə rəqabət dilimlərini tam sadalamalı, müəyyən etməli, daha sonra o dilimlərin rəqabətqabiliyyətliliyini təhlil etməli, ancaq bundan sonra qərar verməlisiniz. Ümumi qazancınızın 5-20% aralığını təşkil edən məhsul və xidmətlər üzərində ciddi düşünməlisiniz. Yazar təklif edir ki, onlardan, yəni 5-20%-lik qazanc payı olan məhsul və xidmətlərdən hansının böyümə şansı varsa, saxlanılmalı, belə şansı olmayanları isə ən yaxşı halda rəqibə satmalı və ya ümumən dövriyyədən çıxarmaq lazımdır. Bu qayda ilə tam da razı deyiləm, amma rəqibə satmaq ideyası pis deyil. Məncə indi rəqib şirkətlər bir-birilərinə aid olan şeyləri əldə etməkdən məmnunluq duyurlar, get-gedə ulduzu sönməkdə olan bir xidmətinizi, məhsulunuzu satsanız uduzmazsınız. 
Həmçinin digər maraqlı məqam isə az gəlirli məhsul üçün qiymət siyasətidir. Yazar təklif edir ki, az gəlirli məhsulunuzun qiymətini yüksək qoyun. Əslində bu özü ayrılıqda maraqlı keysdir. Hardasa razılaşmaq olar. Xatırladım ki, az gəlirli məhsul deyərkən marjası az olan deyil, ümumi qazanc portfelində payı az olan məhsulu nəzərdə tuturam. Get-gedə insanlara da ehtiyac azalır. Buna hazır olmaq lazımdır. Qısacası, gəlirimizin çoxunu hansı sahədən qazanırıqsa, ora diqqət etməliyik. Həddən çox böyüklük deyil, həddən çox qarışıqlıq problem yaradır. Sadə daha gözəldir. Şirkətlər böyüdükcə qarışıq xərclər yaradıb israf edirlər. 80/20 prinsipinə görə həm də işçilərin 20%-i şirkətin gəlirlərinin 80%-ni qazandırıq. Ona görə də 20%-lik o işçilərə bütün yatırımların 80%-i qoyulmalıdır. Yəni onlara daha çox xərcləməklə əslində gəlirlərinizi daha çox artırmış olarsınız. 80/20 prinsipi göstərir ki, insan özünü daha dar sahədə, rəqabətin daha az olduğu sahədə professionallaşdırmalı, orta işə sərf edilən zamandan daha çox işləməlidir ki, zirvədə ola və orada qala bilsin. Çarlz Handinin məşhur hipotezi var – Dünyada işləyən insanların işləmə vaxtları get-gedə artdıqca, iş imkanları da get-gedə azalmaqdadır. Ona görə də zamanınızı əlavə şeylərə sərf etməyin. Sizə faydalı ola biləcək işlərin üzərinə gedin. Ətrafınız çalışın ki, özünüzdən daha ağıllı adamlar olsun, onlarla oturub-durun.
Xoşbəxt olmanın sirri, Sizi xoşbəxt etməyən şeylərdən uzaq durmaqdır.
Bir çoxlarımız iş həyatımızda karyera ilə bağlı fərqli-fərqli xəyallar qururuq. Bəzilərimiz ya iş həyatında çox qabağa gedirik, bəzilərimiz isə ailəyə daha ağırlıq veririk. Amma iş-ailə cizgisində ortada qalmaq hər adama nəsib olmur.Yazar hesab edir ki, Aristotelin fikri burada əsas olmalıdır. Yəni Aristotel yuxarıda da dediyimiz kimi düşünür ki, insan həyatının məqsədi xoşbəxt olmaqdır. İşə güc verib ailənizi, dəyərlərinizi itirəcəksinizsə və ya zədələyəcəksinizsə, o zaman “uğura dur deyin”. Çünki sonunda o uğur da Sizi xoşbəxt etməyə bilər. Mənə görə həqiqətən də bu belədir. Bu yaxınlarda istirahət etdiyim ölkədə bir nəfərlə tanış oldum. Həmin adam Özbəkistanda çox önəmli mövqeyi, bir sözlə hər şeyi olan, heç nəyə ehtiyacı olmayan biri idi. Amma ilk danışıqlardan sonra sanki özü dərdini açılırmışcasına “xoşbəxt deyiləm” dedi, sahib olduqlarım məni xoşbəxt etmir deyə bildirdi. Demək ki, mənəvi rahatlıq daha önəmlidir. Bu həyatda minimum 20% səbəb var ki, sizin bütün xoşbəxtliyinizin 80%-i bundan asılıdır.
Yazıya Avropanın gecikən Kayzeni adını verdim. Niyə? Çünki avropadan daha öncə şərqdə, konkret desək Yaponiyada bu prinsipə oxşar Kayzen prinsipi var idi. Daha sonra qərb də bunu öz üzərində hiss etməyə başladı və 80/20-ni bu hissə ad olaraq verdi, işində hər yerdə tətbiq etdi. İslamda isə bütün bunların hamısı çox gözəl şəkildə ifadə olunub. Təəssüf ki, uzun müddət biz İslamı, Quranı ancaq söz olaraq əzbərləyib mənasını dərk etməmişik. Yəqin ki, dərk edən 20% insan olub ki, onlar da 80% çoxluğa qalib gələ bilməyiblər.
Növbəti dəfə daha faydalı olmaq diləyi ilə…
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Biznes 0 Comments

Forumlar Azərbaycan üçün niyə çox faydalıdır?

Dostlar, bir neçə gündür ki, İstanbuldayam. Burada olanda ən çox kitab mağazalarında vaxt keçirməyi sevirəm. D&R-da düz bir bütöv günümü keçirdim, 15 kitab aldımsa, 2-ni də fürsətdən istifadə edib orada

Biznes 0 Comments

”Əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda müzakirə

Baker Tilly şirkətinin HR meneceri Təranə Qurbanova ilə birlikdə ”Əmək münasibətlərinin tənzimlənməsi” mövzusu müzakirə etdik. Facebook Comments

Biznes 0 Comments

Şəkilsiz yazılar seriyası #12 – 2023-cü il iqtisadi proqnozları

The Economist 2023-cü il proqnozları üzrə maraqlı qısa icmalını dərc edib. Maraqlı olan bəzi məlumatları Sizinlə də bölüşüm. – 2022-ci ildə dünyada yeni avtomobil satışı ötən illə müqayisədə 1% artıb,

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın