Yəhudilərə xas biznes qaydaları

Yəhudilərə xas biznes qaydaları

Moskvada sərgidə olarkən təbii ki, vaxt edib kitabxanalarını gəzmək imkanım oldu. Aldığım kitablardan biri də Mixail Abramoviçin “Yəhidələrə xas biznes – 67 qızıl qayda” adlı kitabı idi. Kitabı almamışdan öncə qısa rezumedən maraqlı gəldi. Düşündüm ki, içində praktik və ciddi biznes nəzəriyyələr, qaydalar olacaq. Amma kitabı bitirəndən sonra heç də qaydaların tam biznesə aid olmadığını gördüm. O zaman təbii olaraq sual yarana bilər ki, bəs bizneslə nə əlaqəsi var? Kitabda da yazır ki, yəhudilər biznesdə də dini rituallarına əməl edir, onların əmr etdiyi kimi yaşamağa çalışır və onu işlərində də tətbiq edirlər. Yəni kitab daha çox yəhudilərin bir şəxsiyyət kimi formalaşmasında rol oynayan dini qaydalarından bəhs edir.

Əsrlər boyu yəhudilərə müxtəlif peşələrlə məşğul olmaq imkanı verilmədiyindən (kitabın yazdığına görə) onların çoxu maliyyə sahəsinə yönəlib və kobud desək, pul işində çox irəli gediblər. Nəzərə alsaq ki, dünyanın ən varlıları arasında yəhudilər daha çoxdur, o zaman nəticədən irəli gələrək kitabda sadalanan qaydaların işlək olduğunu, biznesə də tətibiq imkanlarının olduğunu qəbul etməliyik.

Kitabda 67 qayda haqqında məlumat verilir. Əsasən izahlar dini (Tora) izahlar üzərinə və daha çox insanlar arası münasibətlərə aiddir. Amma kitabın iddiasına görə yəhudilər biznes həyatlarında da bu qaydalara mütləq əməl edirlər. Bu yazıda Sizinlə 67 qaydanın hər-biri deyil, seçib bəzilərini paylaşmaq istəyirəm. Başladıq;

  • Başqasının vaxtını oğurlama

Dünyanın ən böyük və ən bahalı oğurluğu – vaxt oğurluğudur. Vaxt oğurluğu elə bir şeydir ki, onu geri qaytarmaq olmur. Pul oğurlasan, mal-mülk oğurlasan, hardasa geri qaytara bilərsən tam şəkildə, amma vaxtı geri qaytarmaq olmur. Odur ki, həm vaxtınızın qədrini bilin, həm də kimsənin vaxtına girməyin. Bu kitabın ən bəyəndiyim hissəsi elə budur desəm, yanılmaram. Biznesdə də ən böyük kapital birinci insandırsa, ikinci, məncə, mütləq şəkildə vaxt resursudur. Düzgün zamanda, lazımlı yerdə, lazımı məhsul və xidməti təklif etmək üçün vaxtı düzgün idarə edə bilməlisən. Vaxtı düzgün idarə edənlər hər gələn təklifə (görüşək, danışaq, müzakirə edək, amma hamısı indi tipli) HƏ deyənlər yox, adətən YOX deyənlər (deyə bilənlər) olur. Görüş məsələsində də Toranın qaydalarına görə yazır ki, həmişə təyin edilmiş yerlərə vaxtından əvvəl gəlin. Özünüzü gözlədərək kimsənin vaxtına girməyin. Siz tez gəlsəniz vaxtınızı səmərəli istifadə üçün variantlar tapa bilərsiz, amma geciksəniz həm etik deyil, həm də sizin xarizmanızı ciddi zədələyir, eyni zamanda qarşı tərəfin vaxtını oğurlamış olursunuz.

  • Şagird müəllimi ilə həmişə razılaşırsa, müəllim inkişafdan dayanır

Burada isə biznes həyatında da keçərli olan “daha yaxşı”sı həmişə var prinsipi, obyektiv tənqid, alternativlər üzrə daim düşünmə kimi xüsusiyyətlər aşılanır. Yəni deyir ki, hər ideyanı olduğu kimi qəbul etmə, sorğula. Sorğuladıqca o fikri daha da təkmilləşdirəcəksən.

  • “Bəli” bəli deməkdir, “Xeyr” də xeyr

Burada çatdırılmaq istənən əsas mesaj odur ki, biznes həyatında da belə manupulyasiyaya çox meylli olmayın. Bəzi adamlar olur ki, bir saat danışır iclaslarda, amma bilmirsən ki, ortaya atılmış fikrə hə deyir ya yox deyir. Mövzunun ətrafına dolana-dolana durur. Bu haqda “bizim milli iclaslarımız” adlı yazıda da bəhs etmişəm. Səmimisinizsə, mövqe net ortaya qoyulmalıdır.

  • Yediyin qaba tüpürmə

Bunu əlavə şərhə, məncə, ehtiyac yoxdur. İstər şəxsi həyatda, istər biznesdə heç bir şəxs, qurum keçdiyi yolu, dünəni unutmamalıdır. Minnətdarlıq təkcə keçmişə dair deyil, həm indi, həm də gələcəyə dair olmalıdır. Sahib olduğunuz şeyləri ona sahib olmamışdan öncə arzuladığınız qədər sevin, onu sizə bəxş edənləri unutmayın. Vasitəçi olsalar belə, hörmətə layiqdirlər. Sənə edilən yaxşılığın əvəzini sən də eyni etdiyin yaxşılıqlarla çıxa bilərsən.

  • Taktik ol, amma siyasətçi olma

Açığı burada elə bil özləri də bir az siyasət işlədiblər. Yəni deyir ki, taktik olmaq, taktiki davranmaq siyasət deyil. Onların arasında da cizgini tutmaq çox çətindir.

  • Qarşılaşdığın adamları salamla

Burada bizneslə əlaqəli izah belədir ki, biznesdə heç kimlə münasibətləri korlamaq olmaz. Pozitiv olmaq, hər-kəslə normal münasibətlərdə olmaq həmişə faydalıdır. Onun Sizə nə zaman yaxşı mənada geri dönəcəyini proqnozlaşdıra bilməzsiniz, amma mütləq dönəcəkdir. Kitabda deyir ki, insan öz əhvalı pisdir deyə, başqasının əhvalını korlamağa haqqı yoxdur. Atalar sözü də işlədir ki, gülən adam, çörək verən adamdan daha xeyirlidir. Vermək istədiyi mesaj həm də neqativi paylaşmamaq, neqativ yaymamaqdır. Neqativ yayan insanları nə şəxsi həyatda, nə biznesdə sevmirlər.

  • Heç kimi günahlandırmaq üçün tələsməyin

Deyir, əgər çox yaxşı tanıdığınız bir adam gözləmədiyiniz bir hərəkət edibsə, onun haqqında fikrinizi həmən dəyişməyin, onu anlamağa çalışın, düşünün ki, onu nə vadar edə bilər belə bir addım atmağa? Məşhur bir sözdə deyildiyi kimi, “güvən o bunu etmək demək deyil, güvən – o bunu edibsə, bir bildiyi var deməkdir”. Xüsusən biznes sferasında şirkətlər və orada çalışan şəxslər biznes maraqları gərəyi fərqli addımlar ata bilər və bu addımlar həmişə “insani” olmaya bilər.

  • Deyəcək bir sözünüz yoxdursa, susun

Bir dəfə bloqlarımın birində bir insan kateqoriyası kimi GNY deyə bir qrup ayırmışdım – guya nəsə yazdı. İndi biznesdə də, cəmiyyətdə də susaraq danışan, danışaraq susan xeyli adam var. Deyilməli olan yerdə deyilməyən sözə bəlkə də haqq qazandırmaq olar, amma bəraət qazandırmaq olmaz. Əgər proseslərdən baş aça bilmirsinizsə, nəyin yaxşı, nəyin pis olduğunu ayırd edə bilmirsinizsə, ən yaxşısı o aralıqda şəxsiyyətinizi qorumaq üçün susun. Həzrət Əlinin də dediyi kimi “ya xeyir söylə, ya da sus”.

  • Bağışlaya biləcəyiniz qədər borc verin

Deyir kimisə itirmək istəyirsinizsə, borc verin. Bu söz elə belə deyilməyib. Çoxlu atalar sözləri də var – verib pis olmaqdansa, verməyib pis ol falan. Borclu münasibətləri həqiqətən də qəliz məsələdir. Çox hallarda borcun qaytarılma ərəflərində “dava” düşür. Kimisi yaxşılıq edib borc vermişdi, axırda yaxşılığını başa qaxır, kimisi də borc alır, amma mərifətli şəkildə qaytarmayıb borc verənin xoş niyyətindən istifadə edir. Ona görə kitabda deyir ki, borc verərkən çox diqqətli olun, verdinizsə, bağışlaya biləcəyiniz qədər borc verin ki, qayıtmasa, Sizi çox incitməsin.

  • Sizi zəif nöqtlərinizə yaxınlaşdıran hər şeydən uzaq durun

Kitabda yazır ki, əgər siz başqasının üzüm bağının yanından keçəndə üzüm dərib yeyə biləcəyinizi düşünürsünüzsə, yaxşısı oradan ümumiyyətlə keçməməyə çalışmaqdır. Biznes həyatımda əvvəl çalışdığım bir şirkətdə “nəyə görə kassada oğurluq edirlər” sualına bir mütəxəssis çox yaxşı cavab vermişdi. Sual əslində banal səslənə bilər, amma sualın məğzi onda idi ki, kassadan pul götürmək çox saf oğurluqdur, çox tez üzə çıxa bilir, insan bunu niyə etsin ki idi. Deməli, o mütəxəssis cavab verdi ki, əlinin altından çox sayda pul keçən hər kəs ona uzun müddət kənardan baxa bilmir, 10-nunu yiyəsinə verəndə düşünür ki, 1-i də mənim olsun, nə olacaq ki. Yəni nəfsi çəkir. Belə adamlar oğru deyil, sadəcə onları puldan uzaq tutmaq lazımdır.  Daha maraqlı bir məqam isə, insanların çətin anlarında (məsələn, çox acı bir şey baş veribsə, itki varsa və s.) onlara banal sözlər (narahat olma, zamanla keçəcək və s. tipli) deyib təsəlli etməyə çalışmayın. Əksinə susub yanında olsanız, daha çox yaxşılıq etmiş olarsınız. Bəzən sadəcə başını çiyinlərinizə qoyub sakitləşməsinə nail olmaq lazımdır. Bu ona daha faydalı olar.

  • İstəniləndən daha çox verin

Maraqlı bir ifadə ilə bu fikri izah ediblər – “əgər kifayət qədər vermək istəyirsizsə, daha artığını verin ki, kifayət etsin”. İzah da belədir ki, insanlar sizdən nəsə istəyirsə, böyük ehtimal ki, daha çoxuna ehtiyacları var, amma utanırlar. İmkan varsa, istəniləndən artıq vermək lazımdır.

Beləliklə, evdə daha çox qaldığımız bu günlərdə oxuduğum kitabdan maraqlı hesab etdiyim hissələri seçib paylaşdım. Ümdivaram oxuyanlar üçün faydalı ola biləcək ən az 1 cümlə var.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Dünyanın ən böyük və ən bahalı oğurluğu – vaxt oğurluğudur. Vaxt oğurluğu elə bir şeydir ki, onu geri qaytarmaq olmur. Pul oğurlasan, mal-mülk oğurlasan, hardasa geri qaytara bilərsən tam şəkildə, amma vaxtı geri qaytarmaq olmur.

Həmçinin oxuya bilərsiniz

Biznes 0 Comments

Şəkilsiz yazılar seriyası #3 – Keçmiş göstəricilərinə görə dəvət et, xarakterinə görə seç

İllərin təcrübəsindən sonra gəldiyim qənaət budur. Bir əməkdaşı işə alarkən və ya kimləsə müştərək hər-hansı bir iş görməyə başlarkən 2 cür seçim filtri olmalıdır. Birinci təbii ki, insanın indiyədək qazandığı

Biznes 0 Comments

2022-ci ildə online media

Kantar Media-nın dünyanın 25 ölkəsində 2022-ci il media trendləri barədə araşdırması çox maraqlıdır. 2021-ci ildən fərqli olaraq 2022-ci ildə influencer marketing 2-ci sıraya yüksələcək. Rusiyada Like Nastya youtube kanalının beynəlxalq

Biznes 0 Comments

Bizim milli müdirlərimiz

Marketinq bir az da yaradıcılıq deməkdir, empati deməkdir, bəzən müştərinin, bəzən də rəhbərin gözü ilə baxmalı olursan. Lazım gələndə hər hansı bir işi sifariş verdiyin agentliyin də adından çıxış etməli,

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın