Avtostop – zəhmətin təcəssümü

2010-cu ildən avtomobil idarə edirəm. Məni tanıyanlar bilir ki, haqqımı israrla müdafiə etməyi sevirəm. Təbii ki, haqqımı bilirəmsə, öyrənmişəmsə. Bakıda avtomobil idarə etmək nə deməkdir bunu məndən daha yaxşı bilərsiniz. Məsələn, Bakıda elə küçələr, elə “povorot”lar, elə “kruq”lar var ki, hesab edirəm ki, DYP sürücülük vəsiqəsini o yollardan düzgün keçənlərə rahatlıqla verə bilər. DYP əməkdaşları isə bir başqa. Amma insaf naminə demək lazımdır ki, son 2-3 ildə xeyli irəliləyiş var. Birinə elə bu gün şahid oldum. Evakuator avtomobili apararkən 4 tərəfdən şəklini çəkirdi. Bilən bilir ki, əvvəllər belə şey olmurdu. 1-2 həftə öncə isə evakuasiya ilə bağlı bir problem yaşamışdım. Uzun danışıb Sizi yormaq istəmirəm. Şikayətimi 902-yə bildirdim, səhəri gün zəng elədilər, problemi öyrəndilər və təklifi qeyd etdilər. Əgər telefonun qarşı tərəfindəki yoldaş məni yola vermirdisə, hətta “çox gözəl təklifdir, biz mütləq bunu gündəmə gətirəcəyik” də dedi. Əl-qərəz inkişaf var.

Və bugünkü bloq yazımda yuxarıda dediyim faktorlar üzrə inkişafda heç də az rolu olmayan AVTOSTOP layihəsindən danışmaq istəyirəm. Biz Azərbaycanlılar nəhayət ki, uğurlu olana “sən uğurlusan, bacarırsan” deməyi bacarmalıyıq. Zəhməti hesabına bir yerlərə gələnlərin haqqını verib ən az təşəkkür etməliyik. Bu yazını da ən minimum təşəkkür yazısı hesab etmək olar. Hələ təzə avtomobil idarə edərkən 105.5 fm-də demək olar ki, Dj Tural-ın təqdimatında özünün də dediyi kimi Azərbaycanın ən böyük avtomobil maarifçilik hərəkatının öndəri olan “Avtostop” verilişinə qulaq asırdım. Xeyli şey öyrənmişdim, polis qanunsuz saxlayanda çox hallarda da öyrəndiklərim işimə yarayırdı. Avtostop daha sonra 106.3 fm-də bu dəfə daha böyük layihə ilə qarşımıza çıxdı. Hər qulaq asdıqca, mən tam səmimi deyim ki, aparıcı Tural Yusifovun əzminə, paylaşmaq, bilgiləndirmək istəyinə və təbii ki, savadına heyran olurdum. Xüsusən də “hardan desəniz, ordan deyəcəm” tipli iddialı mesajları həm xoş gəlirdi, həm də uğurlu marketinq addımı idi. Camaatın içində çox olan biri kimi də deyə bilərəm ki, xalq arasında da müsbət qarşılanan, hörmət edilən, haqqında xoş söz deyilən personaj idi.

Turalla ilk görüşümüz isə təsadüfən marketerlərin iftar görüşündə səhv etmirəmsə, 2013-cü ildə olmuşdu. O zaman gecə yarıyadək Mehman Hüseynovun da iştirakı ilə xeyli söhbətləşmişdik. Sonra qismət elə gətirdi ki, biz MMF2014 ərəfəsində onu spiker kimi dəvət etdik və O, sağ olsun, faydalı çıxışı ilə yadda qaldı. Ondan sonra da demək olar ki, marketerlərin əksər görüşlərində aktiv iştirak edir.

Bu yazını isə Avtostop jurnalının artıq 3 sayını oxuyandan sonra yazmaq qərarına gəldim. ANS ÇM, 105.5 fm, 106.3 fm radio layihələr, böyük fan kütləsi, izləyicisi bol youtube kanalı, qısa nömrələrdən ibarət məlumat-zəng mərkəzi, bir aralar hətta verilişin tv versiyası ilə daim hərəkət görmüşəm. Veb saytları isə artıq bir az daha yenilənib və sürücü üçün həyati əhəmiyyətli məlumatları özündə birləşdirir. İstər Android, istərsə də İOS sistemtləri üçün mobil tətbiqləri də öz yerində. Bütün bunlar isə bir şeyi deməyə əsas verir. Əziz sürücü, fərqi yoxdur sənin internetə çıxışın var ya yoxdur, fərq etmir ali təhsillisən, ya deyilsən, fərq etmir sürücülük vəsiqəsini pulla almısan, ya almamısan, AVTOSTOP istənilən tip sürücü üçün əlçatandır. Bəhanə üçün azca da olsa yer qalmayıb. Ona görə ki,

  • Mənim telefondan, internetdən başım çıxmır, vaxtım yoxdur deyən sürücü həftə içi hər gün bəlli saatda ən az 2 saat radioda verilişi dinləyə bilər.
  • Deyək ki, verilişi dinləyə bilmədiniz. Hətta internet haqqında anlayışı ancaq youtube (meyxanalar orda olur adətən), skype (rusiyadakı tanışlarla danışmaq üçün istifadə edənlər) və whatsapp-la (sms-ə pul xərcləməmək üçün istifadə edənlər) kifayətlənirsə, o zaman youtube kanalına abunə ola bilərsiniz.
  • Keçək cavanlara. Həyata smartfonunun, ayfonunun ekranlarından baxan, həyatının olmazsa-olmazı telefon olan gənclər belə deyə bilməz ki, bizə əlçatan deyil. Mobil tətbiqlərini Appstore, PlayMarket-dən yüklə izlə.
  • Həftədə bir dəfə hamının ən az marketə işi düşür. Gir marketdən jurnalı al. P.S. Bu arada dünən Rahat Marketdən 3-cü sayını almaq istədim, yoxdur dedilər.
  • Təcili nəsə öyrənmək istəyirsənsə, 65155, 8155 qısa nömrəsinə sualını ver, mesajını yaz, cavabını al.
  • Sənə hansısa formatda ərizə, müraciət, şikayət etmək lazımdırsa, gir sayta nümunələri yüklə. Yolda “təkərə düşdün” problem deyil, gir sayta nə lazımdırsa, öyrən. Vəsiqəni itirdin, tapdın, yenə fərq eləmir.
  • Cəriməni öyrənmək istəyirsən, texniki baxışdan keçmək istəyirsən, gömrük rüsumunu öyrənmək istəyirsən, nə bilim sığorta haqqında məlumat almaq istəyirsən – AL da qardaş və ya bacı.

Yuxarıdakılar bədahətən ağlımda qalanlardır. Nələrisə unutmuşamsa, üzrlü hesab edin. İndi isə keçək jurnalla bağlı bəzi tənqidi və bəyənilən məqamlara:

  • Jurnalın ilk saylarında “Yolunu kəsmişəmsə, zəng et”, “Aparmadan öncə zəng et” (evakuatorlar yəqin ki, heç vaxt bunu etməyəcəklər) stikerləri çox-çox əla idi. Hətta işdə iş yoldaşım stolumun üstündə görüb rəngli printerdə bir neçə nüsxəsini çıxartdı ki, tez-tez lazım olur.
  • Jurnala əlavə olaraq piyadalar üçün işıq qaytarıcıların olması fikri əladır.
  • Jurnalın son üz qabığında sosial reklamın olması əladır.
  • Jurnalda iç səhifələrdə Avtostop reklamı var. Yaxşı olardı ki, təkcə Avtostop yazılmasın. Avtostop.tv/az və s. nə varsa domen yazılsın. Bunu facemark məsələsində yaşamışam. Daha sonra hər yerdə facemark.az olaraq qeyd etdirirəm.
  • Jurnalın ölçüsü istifdəyə rahat deyil. Bir az balacalaşıb, kağızı bir az da yüngülləşsə, daha praktik olar.
  • Jurnalın içində eyni reklam 2 ayrı səhifədə var. Bu da olmasa, daha yaxşı olar.

Yadımda qalanlar bu qədər. Sonda bir daha təşkilatçıların hamısına təşəkkür etmək istəyirəm. Təkbaşına, heç bir dövlət təşkilatı, dəstəyi olmadan da nəsə etmək olar demək ki. Yetər ki, istək olsun. Mən arzu edirəm ki, bu tip proyetklər həm də biznes baxımından o qədər rentabelli olsun ki, gələcəkdə yerli brend kimi kitablara keys olaraq düşsün. Bu yolda hər kəsə uğurlar. Bu yol maarifçilik yoludur.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Marketinq 0 Comments

Marketinqdə keçərli olan hərb strategiyaları (II hissə)

Bu yazının əvvəlki hissəsini buradan oxuya bilərsiniz. Qısa bildirim ki, marketinqdə hərbidən keçən strategiyalar haqqında danışırıq. 5-i haqqında ötən yazıda danışdıq. İndi isə keçək növbətilərinə. İctimai qınaq, ictimai dəstək bütün

Brendinq 0 Comments

“Qorxu” üzərindən gözəllik satan brendlər – Helena Rubinstein və Elizabeth Arden

“Brendin tarixi motivasiyadır” rubrikasından ilk yazı Dünyanın ən gəlirli və cazibəli sektorlarından biri də gözəllik sektorudur. Bu elə bir sektordur ki, insanlar alış qərarını məntiqdən daha çox hissi olaraq verirlər.

Brendinq 0 Comments

Marketinqdə keçərli olan hərb strategiyaları (I hissə)

Hamımız bilirik ki, marketinqin kökü hərb elmi ilə sıx bağlıdır. Minillər boyunca dünyanın gördüyü minlərlə müharibədə elə bir o qədər də qalib gəlmə strategiyaları var. Müharibə həm də sağ qalmaq

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın