Çalışmaq, yoxsa işləmək?!

Çalışmaq, yoxsa işləmək?!

Çalışıb yaxşı işləməliyik. Davamlı istehlak edən cəmiyyətlərdə isə “çalışıb yaxşı işləməkdən daha çox ÇOX işləməliyik” fikrini aşılayırlar. Dünyada da belədir. Zaman-zaman çox “yaxşı”lar çox “çox”lara uduzub. Yaxşı TƏK olanda çoxdan azdır, yaxşılar BİR olanda çoxa taydır. Çalışanlar anı yaşaya bilir, ancaq işləyəndə isə maksimum yaxşı işlər görmək olur.
 
Ömür çalışmaq ilə işləmək arasındakı fərqə bərabərdir. Bu kimdəsə mənfidir, kimdəsə müsbət. İşimizdə çalışmaq payı işin özündən çox olanda zəfər, az olanda hədər olur.
 
İşləmək ilə çalışmaq eyni deyil. Nə məna olaraq, nə fel olaraq, nə də ki, elm olaraq. Öyüd-nəsihət verəndə və ya ruhlandıranda “çalış filan şeyi filan cür et” deyirik. Sanki çalışmaq könüllü, işləmək məcburidir. Çalışaraq işləməliyik ki, xoşbəxt olaq. Təkcə işləyib xoşbəxt olmağa çalışsaq, alınmayacaq.
Siz ancaq işləsəniz, kimlərsə yaxşı yaşayacaq. Bir dostum həmişə zarafatla deyirdi ki, “siz işləyin ki, biz yaxşı yaşayaq”. Amma çalışmaq elə deyil. Çalışanda düzəlməyən yeganə şey düzəlməsini istəmədiyimiz şeylərdir.
 
Çalışmaq lüksdür. İş ehtiyac.
 
Lüksün tərifini Chanel yaxşı verib – lüks ehtiyacın bitdiyi yerdən sonra başlayan növbəti ehtiyacdır. Çalışmaq da işin bitdiyi yerdən sonra gələn ehtiyacdır.
 
İş güc məsələsidir, çalışmaq iradə. İşin kökündə məcburiyyət var, çalışmağın kökündə istək. İşi tapşırırlar, aşırırlar, görürlər, amma çalışmağı bütün bunları edə-edə öyrənirlər.
 
İşin əqlisi olur, elmi olanı, fiziki olanı, ideal, hətta izafi olanı olur. Çalışmağın amma nə söz kimi, nə də həyatda önündə sifətə ehtiyacı yoxdur. Əksinə kökə ehtiyacı var. Kökündə isə zəhmət durur.
İnsan ancaq işləyəndə balans axtarır. Çalışanda isə balansa ehtiyacı olmur. İnsan çalışıram deyəndə hər şeyin özündən asılı olduğunu, işləyirəm deyəndə sanki özündən asılı olmayan bir prosesin içində olduğunu zənn edir.
 
İnsan çalışanda özü işləyir. İşləyəndə sanki başqası işlədir. Çalışmaq ömürboyu davam edən proses, işləmək isə nəticə üçün prosesə dözməkdir. Dözə bilməyənlərdə xroniki yorğunluq, tükənmişlik yaranır.
Səbrli olsanız, sonda sevdiyimiz işi tapana qədər işləyə bilərik. Səbrsiz olsaq, gördüyümüz işi sevməkdən başqa çıxış yolumuz qalmaz.
 
Bu gün işi ilə bağlı sualları olan hər kəs əminəm ki, çalışmaq ilə işləmək arasında bir yerdə var-gəl edir.
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Biznes 0 Comments

Müşahidə Şurası nədir və necə olmalıdır?

Niyə vacibdir? Bir neçə şirkət və ya şirkətlər qrupundan ibarət müəssisələrdə müşahidə şurasının olması vacibdir. Hətta müşahidə şurasının olması üçün mütləq bir neçə şirkət olmalıdır prinsipi olmaya da bilər. Çünki

Biznes 0 Comments

İşdə düz bilinən səhvlər – (video animasiya və səsləndirmə ilə)

Dəyərli Business Talks komandası və başda Kamran Tağıyev olmaqla təşəkkür edirəm ki, mənim bu yazımı video animasiya halında və səsləndirmə ilə birlikdə hazırlayıblar. Aşağıda Sizə həmin videonu təqdim edirəm; Facebook

Biznes 0 Comments

Şəkilsiz yazılar seriyası #3 – Keçmiş göstəricilərinə görə dəvət et, xarakterinə görə seç

İllərin təcrübəsindən sonra gəldiyim qənaət budur. Bir əməkdaşı işə alarkən və ya kimləsə müştərək hər-hansı bir iş görməyə başlarkən 2 cür seçim filtri olmalıdır. Birinci təbii ki, insanın indiyədək qazandığı

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın