Dəyişikliyin idarə edilməsi haqqında 22 qeyd

Dəyişikliyin idarə edilməsi haqqında 22 qeyd

Bu günlərdə İsak Adizesin “Dəyişikliklərin idarə edilməsi” kitabını oxudum. İlk dəfə kitabla 10 il əvvəl tanış olmuşdum. Səmimi etiraf edim ki, o zaman çox diqqətimi çəkməmişdi. İllər sonra təkrar yenilənmiş nəşrini oxuyandan sonra özüm üçün xeyli maraqlı nöqtələri kəşf etmiş oldum. Kitab bu gün də aktual olan şirkətlərdə dəyişiklik prosesinin düzgün idarə edilməsi və bu yolda meydana gələn problemləri dəqiqliklə işıqlandırır və həllər təklif edir.

500 səhifəlik kitabdan bəyəndiyim və praktikada çox qarşılaşdığım hissələrdən bəzi xülasələri qeyd şəklində öz şərhimlə aşağıda diqqətinizə çatdırmaq istərdim. Onu da deyim ki, qeydlər təkcə bizneslər üçün yox, həm də biznesi idarə edənlər, onların idarəetmə tərzləri, xarakteri və liderlik üslubları ilə bağlıdır. O adamlar üçün də bu kitabdan götürüləcək çox şey var.

Qeyd 1

Həyat standartı yüksək olduqca həyat keyfiyyəti aşağı olur

Burada əsas diqqət göstərilməli məqam rəhbər şəxslərin, eləcə də C level menecerlərin getdikcə artan əmək haqqıları fonunda standartları yüksəyə qalxdıqca həyat keyfiyyətlərinin aşağı düşməsinə, daha çox yüklənməsinə, həyatdan istədikləri qədər zövq ala bilməməsidir. Daim qaçaraqda olmaq, pul qazandıqca xərclərin ona nisbətdə daha artan tempdə getməsi həyat keyfiyyətinə ciddi təsir edir. Bir dəfə çox önəmli sahibkarların biri ilə söhbət edərkən çox-çox maraqlı bir cümlə dedi. Qeyd edim ki, bu sahibkar həm özü kifayət qədər zəngin, həm şirkətinin nüfuzu və maddi durumu yerində idi. Qayıtdı ki; “Vallah axırda belə başa düşdüm ki, mən qazanıram arvad-uşaq, qohum-əqrəba, bağban, köməkçi, qulluqçu yaşayır. İldə 10 gün harasa çıxanda yarıdan geri qayıdası oluram, yarısında da əlimdən telefon düşmür. Hamıya çatmağa çalışıram, təki hamı xoşbəxt olsun, mən yox”. Düşünürəm ki, bu problem indi bir çox adamda var. Bəlkə də standartları artan tempdə yüksəltməmək lazımdır?! Bilmirəm.

Qeyd 2

Problemi müəyyən etmək üçün özünüzdən nəyin dəyişdiyini soruşun. Nə parçalanıb?

İndiyə qədərki təcrübəmdə tək tərəfli problemə çox az rast gəlmişəm. Problem varsa, tərəflərin aidiyyatı və məsuliyyəti yalnız faiz dərəcəsi ilə fərqlənir. Problem olanda isə ən sürətli həll insanın özündən asılı olanları daha tez həll etmək imkanının olmasıdır. Qarşı tərəfə çox “effort” xərcləmək bəzən ən dəyərli resurs olan zaman itkisindən başqa bir şey olmur.

Qeyd 3

İnsanlar dəyişikliyə nifrət edir və ya dəyişikliyi heç nə dəyişmədiyi halda dəstəkləyir. Mən belə düşünürəm ki, onlar dəyişikliyin xeyrini ağrılarsız görmək istəyirlər

Ağrısız dəyişiklik olmur, olursa, o zaman o dəyişiklik demək deyil. Dəyişiklik komfort zonanı qorumaqla da mümkün deyil. Dəyişiklik hamı edən kimi etmək, hamının dincəldiyi kimi dincəlmək və ya işləməklə də olmur. Dəyişiklik ağrılıdır və bəzən sən tamamilə itirməyi və yenidən dirçəlməyi seçirsən. Mən özüm bir gündə komandanı tam yeniləmək qərarı verdim və etdim. Bu gün də aradan illər keçməsinə baxmayaraq o qərarımın çox doğru olduğunu düşünürəm. Sən dəyişməsən, gəlib dəyişdirəcəklər. Fərq isə onda olacaq ki, özün dəyişməsən, başqaları səni istədikləri kimi dəyişdirəcək. Bir şirkət dəyişmə prosesindədirsə, ona baş qaldıran ən sadiq adamı belə itirməyə hazır olmalıdır. Qərarda qətiyyət ən son işçiyə qədər hiss edilməli və ona hamı inanmalıdır. Ən kiçik geri dönüş belə ümumi prosesə inamı sarsıda bilər.

Qeyd 4

Pis qərarın icrası yaxşı qərarın icra edilməməsindən yaxşıdır

Bu “istənilən hərəkət hərəkətsizlikdən daha yaxşıdır” misalına uyğun gəlir. Bu gün şirkətlərdə ideya və qərarlar sarıdan problem daha azdır, nəinki onun icrasında. İcra xüsusi fokus, real işləmək (iclaslarda qəşəng danışmaq yox) tələb edir, kimlərisə yerindən oynatmaq tələb edir deyə əksərən icra prosesi ya ləngiyir, ya da tamamilə icra edilmir. Kitabda digər adını unutduğum müəllifin də maraqlı fikrini oxudum: “Menecmentin rolu elə bir mühit yaratmaqdır ki, burada ən çox arzuolunan istək ən böyük ehtimalla baş versin”.

Qeyd 5

Mənfəət məqsəd olmamalıdır, mənfəət məqsədin düzgün həyata keçirilməsinin nəticəsi olmalıdır

Qeyd 6

Dəyişikliyə səssiz etiraz edən “ölü kötüklər” haqqında

Ölü kötük dəyişikliyə fərqli münasibət bəsləyir. Siz ölü kötük menecerə “Gəlin Parisi Saxaraya köçürək” desəniz, o, “Sözsüz” deyəcək. Birbaşa müqavimət yoxdur. Bir il sonra siz ondan “Parisin Saxaraya köçürülməsi layihəsi nə yerdədir?” – deyə soruşsanız, o belə cavab verəcək: “Biz onu tədqiq edirdik. Bu, ilkin hesabatdır. Biz hələ də onun üzərində işləyirik”. Görürsünüz, o heç Saxaraya bir daş belə daşımayıb. Lakin Ölü kötük harasa bir daş daşımaq əvəzinə, vaxtının xeyli hissəsiniyalnız özünü qorumağa sərf edib.

Ölü kötükdən can qurtarmaq çox çətindir, çünki o, həmişə sizinlə razıdır və istənilən təyinatı qəbul edir. Onlar həmişə “hər şey qaydasındadır! Nə istəyirsiniz, buyurun! Sözsüz!” – deyir, lakin heç nə eləmir və bu məsələdə özlərini əla hiss edirlər. Bir kimsə işdən çıxarılanda Ölü kötük deyir: “Bilmirəm niyə qovublar. O ki heç nə etməmişdi”

Bu hissəyə şərh vermək lüzumsuzdur. Mənə elə gəlir ki, bu hissəni oxuyan hamı təcrübəsində ən azı 1 nəfər belə adama rast gəlib, bəlkə də indi də var. Onlarla uzaq yol getmək qətiyyən olmaz.

Qeyd 7

Zəif tərəflərinizi müəyyən edib onu tamamlayacaq adamları tapın və onlarla çalışın

Həqiqətən də insan birinci zəif tərəflərini müəyyən etməlidir və qəbul etməlidir ki, bu hissə onda yetərli deyil və məhz o hissəni qapaya biləcək əməkdaşları işə almalı, onlarla partnyorluq etməlidir. Bəzən görürsən ki, sahibkar deyir ki, “özüm kimi birini tapa bilmirəm”. Türklərdə yaxşı bir söz var ki, özü kimi işçi axtaran adam ömür boyu axtaracaq.

Qeyd 8

“Bir toplantıda hamı bir-biri ilə razıdırsa, heç kəs çox da düşünmür”

Nöqtə atışı deyə biləcəyim fikir. Əgər Siz də görsəniz ki, nə deyilirsə, hamı razılaşır, bilin ki, ən yaxşı halda yola verirlər, ən pis halda isə ümumiyyətlə bu haqda düşünmürlər və zamana yayırlar. Gedişatda onsuz haradasa qırılıb qalacaq düşünürlər deyə indi hər şeyə təsdiq verirlər. Yəni razı görüntüsünü verirlər, daxildə isə istədikləri kimi davranmağa davam edirlər.

Qeyd 9

İki eyni cür düşünən dostdan biri də bəsdir

Qeyd 10

Nəsə demək istəyənlər var, onları axtarın. Nəsə deməli olanlar. Onlardan kənar durun

Ən təhlükəli adam deyilməli olan yerdə deməyən, edilməli olan zamanda etməyən, susulmamalı olan hallarda susmağı seçənlərdir. Ədalət həqiqətən də tərəfsizlik demək deyil, haqqın tərəfini verməməkdir.

Qeyd 11

Sizi liderə çevirən nəyi və nə qədər bilməyiniz deyil, kim olmağınızdır. Bu sizin üslubunuz, mövqeyiniz və başqalarına münasibət tərzinizdir

Həqiqətən də işi yaxşı bilən yox, işi yaxşı idarə edənlər, ondan da daha önəmlisi tabeliyində olanları daha yaxşı idarə edənlər, öz üslubu, yanaşması ilə könüllü icranı təmin edənlər bugünkü zəmanənin liderləridir. Nə xoş onlara! Kitabdan buna dair başqa maraqlı fikir isə – “Nüfuz bir insanın səlahiyyət və hakimiyyətdən istifadə etmədən başqa adama nəsə etdirmək qabiliyyətidir, hüquq deyil. Səlahiyyət və hakimiyyət olmadan da idarə edə bilirsinizsə, lidersiz”.

Qeyd 12

Məsuliyyəyt – səlahiyyət – hakimiyyət – nüfuz

Əgər kiminsə işləri düz getmirsə, bu 4 şeyin onda olub-olmadığına və ya ona verilib-verilmədiyinə baxın. Başqa sözə ehtiyac olmayacaq.

Qeyd 13

Bürokratiya çox effektiv olmağa çalışdığına görə qeyri-səmərəlidir. Bürokratiya adamın dəqiqliklə yanlış olmağını təxminən düzgün olmaqdan üstün tutan mədəniyyətə malikdir

 

Qeyd 14

Gözlənilən mükafatı verməmək cəzadır

Kitabda digər maraqlı fikir isəözünə cəza verməyin yolu özünüzdən çox şey gözləməkdir. Xoşbəxtliyin yolu “ümidlər kəndi”ndən keçmir”dir. Gözlənilən mükafatı (fərqi yoxdur gözlənti hansı tərəfdən formalaşıb, səbəbi izah edilməyib və gözlənti olaraq qalıbsa) verməmək 0 nöqtəsi deyil yəni, mənfidir.

Qeyd 15

Müəyyən faktlar heç vaxt deyilməməlidir. Siz onları ucadan deyəndən sonra heç nəsiz qalırsız

Həqiqətən də bəzi şeylər dilə gətirilirsə, dəyərdən düşə bilir.  Gedişin də səssiz olanı daha təsirlidir.

Qeyd 16

Uğur, təkcə istedad deyil. Təkcə istedad uğur demək deyil. Nəticə hasil etmək üçün istedadınız böyük olduqca sizdə daxili intizam da böyük olmalıdır. Ayrıca daxili intizam bəhrəsizdir.

Qeyd 17

Dəyişiklik etməyin yolu əvvəlcə gerçəkliyi qəbul etməkdir. Məsələn, kök olduğunuzu qəbul etməyincə çəkinizi azaltmayacaqsınız

Qeyd 18

Ziddiyyəti konstruktiv və dağıdıcı edən qarşılıqlı etibar və ehtiramdır. Kiminləsə razı olmayanda nə ilə razı olmadığınızdan çox narazılığınızı necə ifadə etdiyinizə diqqət yetirin. İnsan bəzən bir çox problemli vəziyyətin səbəbini unudur, amma o problem zamanı gördüyü davranışı əsla unutmur

Deyərdim ki, son dövrlər dərs çıxardığım ən önəmli nüans bu olub. Dönüb geriyə baxanda səbəbini xatırladığım onlarla problemli situasiyada kaş ki, onu deməz, bunu eləməzdim demişəm. Kitabın ən yadda qalan hissəsi mənim üçün bu cümlədir.

Qeyd 19

Müstəmləkəçiliyin faciəsi müstəmləkəçilərin buradan götürüb apardıqları deyil, onların qoyub getdiyi və gücləndirdiyi mədəniyyət və sistemdir

Bir də bu prizmadan baxanda çox maraqlı mənzərə alınır. Biz adətən müstəmləkəçinin apardıqlarını hesablayırıq, amma onların “miras” qoyduqlarının zərəri apardıqlarından qat-qat çox olur.

Qeyd 20

Uğur içəridən gəlir. Biz daxilən güclüyüksə, kənar problemin öhdəsindən gələ bilir, ondan fürsət kimi istifadə edirik. Əgər biz daxilən zəifiksə, onda bizim üçün hər kənar imkan problem kimi dərk ediləcək

Qeyd 21

Vəziyyət ağır olduqca hamı daha sakit olmalıdır. Mən dünyanın bir çox baş icraçı direktorları ilə işləyərək aşkar etmişəm ki, onların arasında ən uğurluları mənim “ördək menecerlər” adlandırdıqlarımdır. Ördək suyun səthində üzəndə sakit görünür, halbuki suyun altında onun ayaqları bacardıqca böyük sürətlə avar çəkir. Ziddiyyətli situasiyalarla yaxşı menecer heç vaxt dağıdıcı, hörmətsiz şəkildə məşğul olmur

Bu termini çox bəyəndim – ördək menecerlər. Əslində bu davranış forması uğurludur. Mən özüm illərlə bunun əksini etmişəm, həmişə də zərərini görmüşəm. Türklər demiş nə olur-olsun, “asalet” pozulmamalıdır. 

Qeyd 22

Yaxşı insan olanı işə götürüb öyrətmək daha asandır, nəinki biliklini götürüb, yaxşı insan olmağı öyrətmək

Ümumiyyətlə, xaraktersiz adamın elmi başından aşsa da iş aşırda bilməz, onunla yol çıxmaq olmaz. İndi deyirlər ki, bəs GEN Z başqa cürdür, dəyərləri fərqlidir və s. Fərqi yoxdur mənə görə, insanın bir duruşu olmalıdır, hər dövrdə buna fərqli ad qoya bilərlər, amma mahiyyət dəyişmir. O olmayandan sonra kim olursan ol, olduğun yerdə sayacaqsan. Çalışın həqiqətən də yaxşı insanları seçmək birinci kriteriya olsun. Yaxşı insan anlayışı nə qədər mürrəkkəb olsa belə!

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 488 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Yaxşı insan olanı işə götürüb öyrətmək daha asandır, nəinki biliklini götürüb, yaxşı insan olmağı öyrətmək

Həmçinin oxuya bilərsiniz

Biznes 0 Comments

facemark.az 2022-ci ilin ilk 3 ayı üzrə hesabatı

Facemark sürətlə böyüməyə davam edir. Şəkildə 3 aylıq qısa hesabatımızdır. Ölkədə böyük biznes tədbirlərin təşkilatçılığı, partnyorluğu istiqamətində çox illik təcrübə artıq öz bəhrəsini verir. İl ərzində 11 yerli və beynəlxalq

Biznes 0 Comments

Azərbaycanda biznes forumların bugünü və gələcəyi

Heç kimə sirr deyil ki, Azərbaycanda biznes mühiti, iqtisadi münasibətlərə yanaşma əvvəlki kimi deyil. Daha doğrusu devalvasiyadan əvvəlki vəziyyətlə müqayisədə indi daha real və praktik mövqeyin olduğunu görürük. Bu təbii

Biznes 0 Comments

İşdə cəsarət

Universitetin 3-cü kursunda oxuyarkən Nurgün Holdinqə işə düzəlmişdim. Marketinq sahəsində ilk iş yerim idi. Hələ diplomumu almamışdım, funskional tabeliyimdə 26 nəfər müxtəlif ranqda adam var idi. Bir gün gəldilər ki,

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın